Annotasiya
“O bura gələcək” (türkcə “O adam buraya gelecek”) – Keçmiş sevgilisini biyabır etmək üçün açdığı bloqu və Twitter hesabı ilə məşhur olan Pukka ləqəbli Selen İşıkın sayca beşinci olan bu romanı da digər əsərləri kimi gündəlik şəklində yazılıb. Əsərdə kompleksləri ilə yaşayan gənc qızın həyəcanlarından, qorxularından, istəklərindən bəhs edilir. Kitabın oxucuların marağına səbəb olan tərəfi hər şeyin gülməli şəkildə qələmə alınmasıdır.
Karandaşın izi ilə
Düzünü desəm, özümü tanıyandan bəri gündəlik tuturam. Çünki bu həyatda ən qorxduğum şey unutmaq, unudulmaqdır. Bir də hörümçəkdən qorxuram. Hətta balaca iyrənc həşəratların hamısından. Qapı deşiyindən də baxa bilmirəm. Mənə elə gəlir ki, kimsə tüfənglə ordan mənə atəş açacaq, ya da deşikdən gözümə şiş batıracaq. Təbii ki, dənizdən də çox qorxuram. İzmirlələrin üz qarasıyam, su boyumu keçdiyi yerlərdə üzə bilmirəm. Ayaqlarım yerə dəyməlidir! Gözəllik salonunda qaşlarımı iplə aldırarkən qorxuram ki, qadının əlindən ip çıxacaq və bütün kipriyimi qopardacaq. Bir şey də var: ofisiant iskender kababın üstünə kərə yağı tökəndə səhvən üstümə tökəcəyindən və məni yandıracağından da qorxuram. Uzun sözün qısası, gün gəlib Alzheymer olsam, bu yazdıqlarımı oxuyub əbəs yerə yaşamadığımı görmək istəyirəm.
***
“Pukka evlənir, Pukka və uşağı, Pukka və doğuş çəkiləri, Pukka qaynanası ilə mübarizə aparır, Pukka və “altın günü” tədbirləri, Pukkanın uşaqları böyüyür, Pukka menopauzada, Pukka gəlininə qarşı, Pukka nəvəsini görəcəkmi, Pukka axirətə hazırlaşır…” Yəni, məndən bəhs edən sənədli filmi özüm hazırlayıram.
***
Mənim bu vecsiz həyatımı oxuyub, hətta üstəlik məni sevdinizsə, çox təşəkkür edirəm. Mənim özümü sevməklə bağlı böyük problemim var, başqa biri tərəfindən sevilmək mənə qeyri-mümkün görünür. Nə bilim, düşünürəm ki, hər gün bu bədənin içində yaşayan mənəm, sevsəm, özüm sevərdim.
***
Xoşbəxtəm, sevilirəm, sevirəm, üstəlik on beş kilo arıqlamışam.
***
Bir də bu qızın son dərəcə özünü ifadə etmə problemi var. O, bunu xaricdə yaşadığı ilə əlaqələndirir, mən isə mal olmağı ilə.
***
İki ay sonra isə ilk tanış olduqları kafedə evlənmə təklifi eləyib.
İki ayda bunu necə bacarırlar?! Mən ikinci ayda hələ oğlanın anasının adını yeni öyrənirəm.
***
Depressiya dediyin elə bir şeydir ki, günlərlə çimmək istəmirsən. Saçlarının dibinin rənglənmə vaxtı çatır, amma bu sənin vecinə olmur. Tüklərinə əhəmiyyət vermirsən. Onsuz da tüklərim sarıdır deyirsən. Soyuducunun qarşısında bardaş qurub oturursan, nə yeyəcəyini fikirləşərkən ağlamağa başlayırsan. Heç kimlə danışmaq istəmirsən. O zəng eləsin deyə telefonunu sıx-sıx əlində tutursan, o da zəng eləmir. İnsanlar səni narahat edir, özün özünü narahat edirsən. Davamlı günahlandırmaq üçün kimisə axtarırsan. Tapa bilməyəndə öz ipini özün çəkirsən. Xanım qız, depressiya budur.
***
Oriqami kursuna gedib eşq əzabından necə xilas olmaq olar? Mən bu oriqami kursunu şəhər əfsanəsi bilirdim. Fikirləşirdim ki, bir insan kağızdan quş düzəltmək üçün niyə kursa getsin ki? Düzəltdiyin şeyləri bəzək əşyası kimi istifadə edə bilməyəcəksən. Bir şey ki kağızdır. Kiməsə hədiyyə versən, elə biləcək atasına söyürsən. Nədir, nədir, bir fəlsəfəsi var. Bu uzaq şərqlilər də hər poxu “fəlsəfəsi var” deyib yaxşıca sırıyırlar.
***
Özünü sevmək. Sanki məndən biri də var kimi, necə sevim?
***
PMS. Yəni, premenstrual sindrom; menstruasiyadan öncəki dövr. Məncə bu dövr qadınlara “həyatdan çox zövq aldın, indi dayan və bir az düşün” olaraq verilib.
***
Halbuki inanılmayacaq dərəcədə həssassan, əsəbisən, acsan və özünü yük maşınının təkərinə oxşadırsan.
***
Bu mənim miladımdır. Həyatımda ilk dəfə bir münasibəti həqiqətən məntiqli qərar verib bitirirəm. Kaş liseydə olardım. Bir rəfiqəmi yollayar və tapşırardım belə bir şey desin: “Pukka universitetə hazırlaşdığı üçün ona çətindir, ona görə səndən ayrılmaq istəyir”. Böyük olmaq çox darıxdırıcı bir şeydir. Qərarlarını özün verməyin azmış kimi özün də həyata keçirirsən.
***
Onsuz da qarşı tərəfin telefonunu qurdalayıb xoşbəxt halda çıxanı heç görməmişəm.
***
Xarakterin, işin, hobbilərin nə qədər fərqli olursa olsun, bir yerdə işləyirsənsə, həmişə eyni qəlibə girirsən.
***
Digər tərəfdən də Alişanın niyə qadın verilişləri aparması haqda düşünürəm.
***
Onsuz da Çağla Şikelin evdar xanım potensialı yoxdur. Mənim elə qapı qonşum olsa, üzrlü hesab edin, amma gedib gəlib zəhərləyərdim.
***
” 🙂 Aaa çox sevindim, xeyirli olsun. Ümidvaram, çox gözəl həyatın olar. Amma sən o həyatın da ağzına pox qoyarsan, guya nəyi poxlamamısan ki? Rəzil, donuz, göt hərif”.
Yaxşı başlamışdım, ancaq sonra özümü saxlaya bilmədim. Bu da olmadı.
“Kimdir o bəxtəvər? ;))) Əzizim, çox sevindim… İnşallah gecə boynunu kəsər, hətta sürətini ala bilməz, ananın da boynunu kəsər”.
***
Romantik filmlərdə belə vəziyyət necə gözəl göstərilir. Oğlan karton kağıza gözəl sözlər yazır, qızın qapısında gözləyir. Sonra qaçaraq hava limanına gedir, elə fikirləşir ki, vaxtında çatmayacaq. Qızla birlikdə getdikləri yeri bəzəyir. Olmasa, intihar edir. Bir də real həyata bax. Ünvanı yollayırsan, oturub gəlməsini gözləyirsən. Qarşındakından tək istədiyin “birinci addımı o atsın”.
***
Hər tərəfimdən tül fışqırır. Doğrudan, mən niyə ziyafət libası geyindim ki? Allah üzümə baxıb, heç olmasa saçlarım qısadır, bir az müasir görünürəm. Təbii, saç ustası saçlarımı qabartmayıbsa.
Bir də baxdım. Tarix müəllimimə oxşayıram, 90-cı illərə görə müasirəm.
***
Əsəbimdən bütün evi təmizlədim. Sanki bütün hirsimi evdən alacaqdım. Sobanı təmizləyərkən, elə bildim qarşımda Erik var, danış ki danışasan. Yeri gəldi, döşəmə çubuğunu Ceri elədim. Toz əskisini Pekmez. Ankaralını tualet fırçası kimi xəyal etdim, bütün tualeti onunla təmizlədim.
***
Yaxşı, mən də xoşbəxtəm. Amma bir ay içində balıqlarımı öldürməkdən ziyadə başıma elə də böyük bir iş gəlməyib.
***
Həyatı bu qədər sevmək nəyə lazımdır? Mütləq sevmək. Hamını sevməyə çalışmaq. Nədənsə bu mənə çox yaltaqcasına bir hərəkət kimi gəlir. Hamını sevməsəm, başıma gələn hər hadisədə boşluqlarımı sevgi ilə doldurmasam?! Əslində indi-indi başa düşürəm. Bir müddət sonra sevməyə heç kimi tapmırsan, içində olan şeyi təbiəti, otu, həşəratı, heç biri yoxdursa, özünü sevməyə xərcləyirsən.
***
Başqa birini tanımaq əyləncəli və həyəcanlıdır. Özünü tanıma müddəti isə təəssüflər olsun ki, belə olmur. Özünlə üzləşmək daha çox əzab verir. Keçmişində baş verənləri yenidən düşünmək məcburiyyətində qalırsan, bu dəfə yaşadıqlarına daha yetkin üçüncü şəxs kimi baxırsan. Tənqid edəndə daha amansız olursan.Başqasını tanıyanda, xoşuna gəlməyən bir şey olduqda ondan imtina etmək haqqına sahibsən, amma eyni şeyi özün üçün edə bilmirsən. Əvəzində özünü dəyişdirmək üçün əlləşirsən.
***
Varlı olmaq üçün aldığım kitablar da işə yaramadı. Hamısı marketinqə aid kitablar çıxdı. Bütün zəngləri cavablandırın, hamı ilə yemək yeyin, heç kimin adını yaddan çıxarmayın. Və sair, və ilaxır. Hamı ilə yemək yesəm, adım gəzəyənə çıxar.
***
Türk milləti tərk edən ananı deyil, tərk edən atanı sevir.
***
Allahım, xahiş edirəm, mənə doğru yolu göstər. Qudurmuşam? Dalım qalxıb? Qalxıbsa, sıfır zərərlə, dalımı endirə bilsən, sevinərəm.
***
Həyatım evlənən dostlarıma qızıl taxmaqla keçir.
***
Bəzən düşünürəm ki, bəzi qadınlar sadəcə başqa qızlara məsləhət verib, onları nəzakətli şəkildə alçaltmaq üçün evləniblər.
***
– Arabesk sevirsən.
– Çox xahiş edirəm, mənə demə ki, insanları musiqi zövqünə görə kateqoriyalara ayırırsan.
– Nə aidiyyatı var?! Sadəcə qəribə gəldi.
– Arabesk bu cəmiyyətin damarıdır, arabesk bizim adət-ənənəmizdir, bizi biz edən şeydir. Bundan utanmaq ölkənə, millətinə edəcəyin ən böyük şərəfsizlikdir.
– Şərəfsizlikdir? Ağır olmadımı?
– Əlbəttə, şərəfsizlikdir. Bu ölkə torpaqlarını necə əldə edib? Heç bilirsən? Arabesk bizi birləşdirən, bizi ölkə edən, türklüyümüzün işarəsidir.
– Qurtuluş savaşında Cengiz Kurtoğlu var idi? Səhv anlama, amma bir az mənasız gəldi.
– Əsl mənasız olan şey sizə musiqi deyə sırıdıqları şeydir. Millətinin keçmişindən utanan insan özündən də utanmalıdır.
– Bəs bayaq musiqi zövqünə görə mühakimə etməkdən danışırdın?! Bəlkə arxa oturacaqda Devlet Bahçeli oturub, mənim xəbərim yoxdur?
***
Seks varlıq səbəbimizdir. Nəslimizi davam etdirmək üçün tək yoldur. Dünyanın ən çox zövq verən şeyi olmasına baxmayaraq, qadınların sanki zövq vermirmiş kimi davrandığı, hətta varlığını rədd etmə mərhələsinə qədər gəldiyi, haqqında ən az danışılan, ən çox şey bilinən prosesdir. Yemək yemək, su içmək qədər əhəmiyyətliykən, sanki zərərli bir şeymiş kimi təqdim edilən, iyrəncliklə yoğrulub mədə bulandırıcı bir fəaliyyət kimi göstərilən vəziyyətdir. Seks hamımızın etdiyi və ya bir gün mütləq edəcəyi bir şeydir…
İki insan arasında normal hesab edilməli bu əlaqənin bu cür alçaldılması sizə də qəribə gəlmirmi? Xüsusilə biz qadınlar tərəfindən. Kişilərə görə hava xoşdur: “Məni hormonlarım idarə edir”, “Mən kişiyəm, danışa bilərəm”, “Tədqiqat aparıblar, biz hər yeddi saniyədə bir seks haqda düşünürük, Allah bizi belə yaradıb” deyərək işin içindən çıxırlar. Bəs biz?
Oğraş, bizi guya başqası yaradıb?! Madam o işi bizlə edəcəksiniz, niyə mən pis oluram? Onsuz da harda yaraşıqlı, yaxşı xasiyyətli oğlan var, hamısı geydir. Madam bu mövzunun iki həmsöhbəti var, bizim niyə danışmaq haqqımız yoxdur?
***
Həyat nə qəribədir. Bir gün baxırsan ki, hər şey keçib gedib. Nə düzəltmək üçün zaman qalıb, nə də korlamaq üçün.
***
“Hər şeydə bir xeyir var” cümləsi mənə həmişə mənasız gəlib. Adətən bu cümləni mənə ağrıdan başqa heç bir şey hiss etmədiyim vaxtlarda dedikləri üçün heç bir şəkildə təsəlli etməzdi.
***
Məncə, eşq zədələnən eqonu təmir etməyə çalışmaqdır.
***
Görəsən on il sonra necə olacam? Hələ də ər axtaracamsa, and içirəm, özümə yazığım gəlməz, damarlarımı kəsərəm.
***
Yəqin birini bağışlamaq belə bir şeydir. Çünki artıq əlindən başqa şey gəlmir. Düşmən olmaq üçün çox gecikmisiniz.
***
Bu arada sizdən balaca bir istəyim olacaq. Cəsədimi makiyaj edin, “Elie Saab”ın son kolleksiyasından uçuşan tüllü bir paltar geyindirin.
***
Gözəllik salonuna gedirəm deyə saçım Gökselin saçlarına oxşayır, əynimdə idman kostyumu var. Qaçış üçün çölə çıxan Muazzez Abacı kimiyəm.
***
Xəyalları olmasını sevirəm. Həmişə daha çox şey istəməsini sevirəm.
***
Keçmiş sevgililərimin başqa bir ortaq xüsusiyyəti evləndikləri zaman Atatürk yaxalı kəpənək qalstuk taxmalarıdır.
***
Hal-hazırda xoşbəxtəm. Və bilirəm onu görəndə, “Görəsən budur?” deyil, “Bax budur!” deyəcəm. Və bilirəm ki, o əvvəl-axır it kimi bura gələcək!
***
Daxili orqanlarının belə qıdıqlandığını hiss etdiyin, qarnını ağrıdan, amma qəribə bir şəkildə zövq aldığın ağrı olur ha… Ağlına gəldiyi an gülümsədiyin. Hər hekayənə, hər cümlənə, hər sözünə əlavə etmək ehtiyacı duyduğun. Maşın nömrələrində belə adlarınızın baş hərflərini yan-yana görəndə içinin xoş olduğu an. “Zəng edimmi?”, “Bəlkə bezdirirəm?”, “Çoxmu oldu?”, “Azmı oldu?” deyə təlaşa qapıldığın. Daha həzin mahnıları sevdiyin. Çarpayıda yatarkən tavanın buludlardan ibarət olduğunu gördüyün. Bazar günləri çimdikdən sonra yumuşaldıcının ətri gələn yataq dəstinə yatmaq kimi. Yeni aldığın qələm qutusunu məktəbə apardığın o səhər kimi. Boş dərsdən sonra bədən tərbiyəsi dərsinin gəldiyi gün kimi. Axşam altıda açıq körpü tıxacı kimi. Sanki kainatın tək vəzifəsi bu imiş kimi; həyatın, varlığın, varlığımın tək məqsədi bu imiş kimi.
Tərcümə: Lamiyə Göycəyeva