Annotasiya
“Mənim uzaq günəşim” (ingiliscə “My Sunshine Away”) – Romandakı hadisələr isti yay günlərində piknikləri, ədviyyatlı xərçəng qazanları və ehtiraslı futbol azarkeşləri ilə tanınan Baton-Ruj yaxınlığında cərəyan edir. 1989-cu ilin yayında 15 yaşlı Lindi Simpson dəhşətli cinayət hadisəsinin əsas qurbanına çevrilməklə bu cənnət məkanın qaranlıq tərəflərinə şahid olur.
Əsər ailə dəyərləri, yaddaşın gücü və bağışlamaq qabiliyyəti haqqındadır.
Karandaşın izi ilə
Bir çevrilişi həyata keçirmək o çevrilişi ifadə edən kəliməni bilib bilməməyindən asılı deyil.
***
Bilirəm, bunu başa düşmək bir xeyli çətindir, amma bəzən bunun kimi ağrılı-acılı hadisələr baş verə bilər. Bu, kəşf etmə müddətinin bir hissəsidir. Bu, bəşəriyyətin geniş üfüqləri kəşf etmək üçün aldığı risklərin bir parçasıdır. Gələcək qorxaqların deyil, cəsurlarındır.
***
O vaxtlar bacarıqlı və hər şeylə maraqlanan balaca bir uşaq idi. Və tək səhvi bunu ifadə etməsi oldu.
***
Əgər “isti deyil, nəmişlik pis təsir edir” deyənlərdənsinizsə, deməli, əsl istini başqa yerdə yaşayırsınız.
***
Əslində “zorlama” kəliməsinin altında böyük bir ədalətsizlik yatdığını bilirdim. Təbii ki, bilirdim, axmaq deyildim.
***
Bu gün burda özümü sadəcə məsum göstərməyə çalışıram.
Hamımız eyni şeyi etmirikmi?
***
Məncə atalar qanadlı məxluqlardır.
***
Ondan heç nə gözləmirdim, halbuki ondan çox şey gözləyirdim.
***
Belə insanları çarmıxa çəkmək çox asandır. Əgər xəyallarının puç olmasına görə hər uşaq atasından bu yolla intiqam almaq istəsəydi, zənn edirəm ki, dünyada əlli yaşdan yuxarı çox az kişi qalardı. Elə olsaydı, bu ölkəyə kim rəhbərlik edərdi?! Elə olsaydı biz kimi günahkar hesab edərdik?!
***
Salam, “sperma donorum” deməli idim, ya da salam, “ruh atam”.
***
– Görəsən, ağılsız idi?
Məntiqli bir sual idi. Amma ümumilikdə heç kim atasını düşünüb belə bir sual verməzdi.
***
Başqa bir seçimin olmaması insana qəribə güc verir.
***
Şeytan detallarda gizli idi.
***
– Bax oğlum, – dedi. – Bu vəziyyətin cansıxıcı olduğunu bilirəm, amma ananı həqiqətən çox hirsləndirmisən.
– Bilirəm, – deyə cavab verdim. – Artıq mənə güvənmir.
– Qadınlar belədir, – dedi atam. – Aranı düzəltmək hər zaman vaxt alır.
– Kaş ki, o axmaq qutunu qıfıllayardım, kaş anam otağıma heç girməyəydi.
– Bunu ona demişəm, oğlan uşaqlarının gizli şeyləri olmalıdır. Bu mütləqdir. O qız Lindi olmasaydı, bu iş bu qədər böyüməzdi.
– Mən onu incitmək istəmədim, – dedim.
Atam güldü:
– Heç bir kişi qəsdən bir qadını incitmir. Ona görə dostuna bunu edən bir kişi deyil, heyvandır. Başa düşürsən, eləmi? Sən bir kişisən, aranızdakı fərq budur.
Atamın dediyi bu sözlər barəsində uzun müddət düşündüm. Bir tərəfim ona inanmağı çox istəyirdi.
– Nə demək istəyirsən, – deyə soruşdum. – Yəni, bir kişi qadını fərqinə varmadan incidir?
– Eynən!
***
Gülüşü mənə hər şeyin mavi səma qədər açıq olduğu uşaqlıq xatirələrini xatırladırdı.
***
Qarşılığını görmədiyin bir sevgiyə, sevgiliyə dözmək qədər pis bir şey ola bilməzdi.
***
Övladlarımın necə geyindiyini vecimə almıram, Reyçl. Üstünüzdə nə olursa olsun, siz mənim üçün bir mələksiz.
***
Uşaqlıq özümüzdən başqa bir şey düşünmədiyimiz, gülməli bir dövrdür.
***
Anam qocaldıqca uşaqlaşdı. Və hər uşaq kimi birinci özünü düşünməyə başladı.
***
Görəsən həqiqətən həyatımızı balaca möcuzələrə borcluyuq? Möcüzənin balacası ola bilərmi?
***
Əgər kiçik xətaların səni incitməyinə icazə versən, həyatda çox çətinlik çəkəcəksən.
***
Və sən…
Əgər qızına onu sevdiyini demək istəsən, bunun mənasını dərk edərək de.
Tərcümə: Aynur Axundova