Annotasiya
“Məni döşəmə yaşmağının arxasında basdırın…” (rusca “Похороните меня за плинтусом”) – Pavel Sanayevin 1994-cü ildə qələmə aldığı avtobioqrafik povestidir. İlk dəfə 1996-cı ildə “Oktyabr” jurnalında çap olunub. Elə həmin ildə jurnalın mükafatına layiq görülüb və Buker mükafatına namizədliyi irəli sürülüb.
Povest nənəsi və babası ilə yaşayan doqquz yaşlı Saşa Savelyevin dilindən nəql olunur. Birinci ərindən boşanan, qeyri-rəsmi əyyaş rəssam ilə yaşayan qızına nəvəsinin tərbiyəsini etibar etməyən nənənin “zalım məhəbbəti”, “sərhədsiz qayğısı” Saşanı çox vaxt bezdirir, o xoşbəxtliyi anası ilə görüşlərdə, azadlığı isə nənəsinin olmadığı hər yerdə görür.
Rejissor Sergey Snejkin 2009-cu ildə əsər əsasında eyniadlı film çəkib.
Karandaşın izi ilə
Həmişə elə düşünürdüm ki, ad günü bayramdır, yaşın buna heç bir aidiyyatı yoxdur. Sən demə, tam əksi imiş. Bayramın ad gününə heç bir aidiyyatı yox imiş.
***
Zəncirli karuselə də minə bilmədim. Nənəm deyirdi ki, mən kəmərlərdən çıxa və hər hansı bir ananın qucağına düşə bilərəm. Bilmədim hansı ananı deyirdi, amma yüz faiz öz anamı demirdi.
***
Cəhdin tələb olunduğu hər yerdə istək ölürdü.
***
Sərbəstliyi inkişaf etdirmək yalnız maddi asılılıq olmadan mümkündür.
***
Anamdan xahiş edəcəm ki, məni evdə döşəmə yaşmağının arxasında basdırsın. Orada qurd, qaranlıq olmayacaq. Anam düz yanımda gəzəcək, yarıqdan ona baxacam və bu, qəbiristanlıqda basdırılmaq kimi qorxulu olmayacaq.
***
Çox paxıl idim və mənim edə bilmədiklərimi edə bilənlərə dəhşət həsəd aparırdım. Heç nə edə bilmədiyimə görə paxıllıq üçün kifayət qədər çox səbəbim var idi.
***
Qırılanı düzəltmək, itəni tapmaq olardı. Zibil borusuna atılanı isə yalnız xatırlamaq və ya unutmaq olardı.
***
Su şırıltı ilə vannaya dolurdu. Vannanın içində plastik termometr üzürdü. Çiməndə termometr 37,5-i göstərməli idi. Niyə məhz belə olduğunu dəqiq bilmirdim. Eşitmişdim ki, belə bir temperaturda bir tropik yosun var, o çox yaxşı çoxalır. Ancaq mən yosuna oxşamırdım, hələ çoxalmağa heç hazırlaşmırdım.
***
Ağlına axmaq fikir gəlibsə nə etmək lazımdır? Onu tez bir zamanda ağıllı fikirlə əvəzləmək lazımdır.
***
İradəli ol, qətiyyətlə de: “Nənəm icazə vermir!”
***
Hər şeydən müalicə alırdım, amma hər şeydən xəstə deyildim…
***
Mənim anlayışımda dava qışqırıqdan böyük bir şey idi. Qışqırıq norma, dava isə istisna idi.
***
Bayram qurtardı, həyat başladı.
***
Nənəm həyatım idi, anam nadir baş verən bayram. Bayramın öz qayda-qanunları var idi, həyatın öz.
***
Həsəd heyranlığa keçirdi, heyranlıq öz növbəsində qorxu ilə əvəz olunurdu.
***
Xoşbəxtlik həyat ola bilməzdi. Və həyat heç vaxt icazə verməzdi ki, xoşbəxtlik öz qayda-qanunlarını müəyyən etsin.
***
Anam mənə heç nə hədiyyə etməsəydi, onu yenə sevərdimmi?
Demək olar hər şeyimi anam almışdı. Ancaq onu bu hədiyyələrinə görə sevmirdim. Hədiyyələri isə o aldığı üçün sevirdim.
***
Niyə yatıb, artıq hər şey yerinə yetirildikdən sonra durmaq olmaz?
***
Hərdən yuxuya gedəndə heç olmasa bir günü anamla keçirməyi arzulayırdım. Bunun necə olduğunu bilmək və yadda saxlamaq üçün; heç olmasa bir dəfə yanımda xoşbəxtlik yuxuya getmək və oyananda xoşbəxtliyi yenə yanımda qarşılamaq. Ancaq belə bir şeyin olması qeyri-mümkün idi və bu barədə arzulara dalmaq axmaqlıq olardı. Yanımda həm səhər, həm axşam həyat var idi, xoşbəxtliyi isə yalnız gözləmək, ona bir neçə dəqiqəlik toxunmaq və anamın arxasınca qapı çırpılan kimi yenidən ona məhəl qoymamaq olardı.
***
Hamı tapdalaya bilər, sən isə bağışla.
***
Onu qucaqlamaq və bütün gücümlə ona sarılmaq istəyirdim. Bunu etdim, amma istək yenə də qaldı.
***
İlk iş olaraq nənəm camaşırxanadan soyadımın yazıldığı yarlıqlar sifariş etdi və bütün əşyalarıma tikməyə başladı ki, sanatoriyadakı baxıcılar və tibb bacıları babamın alın təri, nənəmin əziyyəti ilə aldığı kolqotka və köynəkləri öz iyli uşaqlarına aparmasınlar.
***
Nədir, Moskvada istedadlı əyyaşlar az idi?
***
İstəmirəm! Axşam yatmağa uzanıram – Allaha şükür, gün bitdi. Səhər oyanıram – yenə yaşamaq lazımdır.
***
Heç vaxt. Bu sözlər gözlərimin önündə od tutub yandı, öz dəhşətli mənası ilə gözlərimi yandırdı və göz yaşlarım dayanmadan axmağa başladı. “Heç vaxt” sözünə müqavimət göstərmək mümkün deyildi.
***
Kim başqasının kədərini eşitmək istəyər ki? Hamı eqoistdir, xainlər ətrafımızı basıb.
***
Nə qədər deyinirəm, fərqi yoxdur: az al, amma yaxşı şey al. Yox, öz bildiyini edir! Bapbalaca kartof alır, amma altı kilo. Armudlar daş kimidir, ancaq on kilo. Bütün ömrü boyu bir prinsip üzrə yaşayıb: pox olsun, çox olsun!
***
Bir şeydə üstünlük məni hər şeydə sakitləşdirirdi.
***
Əllərimi bir də yudum və qəti şəkildə əmin oldum ki, nənəmin bu gün kefi yoxdur. Buna səbəb “iyli kaftar” idi. Bu da nənəmin dilində babam demək idi.
***
İnteryerimizin ən maraqlı detalları iki soyuducu idi. Birində “iyli kaftar”ın balıq ovuna götürdüyü qida və konservlər saxlanılırdı. O biri həkimlər üçün nəzərdə tutulmuş şokolad konfetləri və konservləri ilə dolu idi. Nənəm yaxşı konfetləri və kürünü homeopatlar və professorlara, bir az pis konfetləri və qızılbalıq konservlərini poliklinikadakı müalicə həkimlərinə, şokoladları və şprotları məndən analiz üçün qan götürən laborant qızlara verirdi.
***
Söyüşlərin sayı ölçü hissimin yoxluğu ilə əlaqəli deyil, öz həyatımı daha dəqiq göstərmək istəyindən doğur.
***
Mənə elə gəlirdi ki, onla danışanda sözlər onu qucaqlamağa qoymur; qucaqlayanda – ona az baxdığım üçün təşvişə düşürdüm; baxmaq üçün kənarlaşırdımsa – qucaqlaya bilməyəcəyim üçün narahat olurdum.
***
– Siz sadistləri öz evimdə görmək istəmirəm! Balıqçılar… Əsl cəlladsınız! Öldürmək ehtirası sizə rahatlıq vermir, bilmirsiz, onu hara dürtəsiniz. İnsanı öldürməkdən qorxursunuz, ona görə balıqları məhv edirsiniz. Balıq ovunu da sizin kimi qorxaqlar uydurub tapıb.
– Axı özün də balıq yeyirsən! – babam nənəmi pərt elədi.
***
– Çox istidir.
– Belə lazımdır.
– Niyə heç kimə belə lazım deyil, mənə isə lazımdır? – bu sualı nənəmə çox verirdim.
– Axı heç kim sənin kimi çürümür. Artıq iylənirsən. Hiss edirsən?
Hiss etmirdim.
***
Çobanyastığı zəhərli mikroorqanizmləri yuyub aparanda tale haqqında düşünürdüm. “Götürək elə gülləri, – deyə düşünür və fikirlərimin əhəmiyyətindən zövq alırdım. – Çobanyastığı. Onlar çəmənlikdə bitə bilərdi, onlarla “sevir, sevmir” falına baxa bilərdilər, bunun yerinə nə oldu? Nənəmin tez-tez haqqında danışdığı tale, qismət bax budur. Görəsən məni nə gözləyir?”
***
– Ana! – qorxaraq ona qısıldım. – Mənə söz ver. Söz ver ki, birdən ölsəm, məni evdə döşəmə yaşmağının arxasında basdıracaqsan.
– Nə?
– Öz otağında döşəmə yaşmağının arxasında basdır məni. Həmişə səni görmək istəyirəm. Mən qəbiristanlıqlardan qorxuram! Söz verirsən?
Ancaq anam cavab vermədi, yalnız məni özünə sıxaraq ağladı. Çöldə qar yağırdı.
Qar köhnə qəbiristanlığın xaçlarına yağırdı. Qəbirqazanlar adətləri üzrə bellə torpağı tökürdülər. Və belə dərin görünən çalanın belə tez dolması qəribə gəlirdi. Nənəmi basdırırdıq – anam ağlayırdı, babam ağlayırdı, mən isə qorxa-qorxa anama sıxılmışdım.
Tərcümə: Lamiyə Göycəyeva