Annotasiya
“Qadınsız kişilər” (yaponca “「女のいない男たち」”) – Kitab altı hekayədən ibarətdir. Hekayələrin hər birində sevdiyi qadını itirən kişilərdən bəhs edilir. Əsərə “Maşınımı sür”, “Dünən”, “Şəhrizad” və “Qadınsız kişilər” kimi novellalar daxildir.
Qəhrəmanlardan hər biri öz qadınını başa düşməyə, bağışlamağa və daha çox sevməyə çalışır. Kişilər nə qədər çox səy göstərirlərsə, qadınlar onlardan bir o qədər çox uzaqlaşır. Bu da dərin qəlb yaralarına səbəb olur. Kişilər artıq mənəvi tarazlıqlarını qoruyub saxlaya bilmir, özlərini itirir və özünüməhv yolunda irəliləyirlər.
Karandaşın izi ilə
Yəqin, “heç nə bilməsəydim, nə qədər yaxşı olardı” deyə düşündüyünüz vaxtlar olub. Ancaq nə olursa olsun, onun əsas düşüncəsi bilməyin bilməməkdən daha yaxşı olduğu idi. Nə qədər şiddətli bir ağrıya səbəb olursa olsun, mən bunları bilmək məcburiyyətindəyəm. Çünki insan ancaq həqiqəti bilməklə güclənir.
***
– Rola girərkən başqa biri ola bilirdim. Rolum sona çatanda yenə özümə qayıdırdım. Bax, bu əyləncəli gəlmişdi mənə.
– Başqa biri ola bilmək əyləncəli bir şeydir?
– Yenidən özünə qayıda biləcəksənsə, hə.
– Bəs özünə qayıtmağı istəmədiyin vaxtlar olub?
– İnsanın özündən başqa qayıda biləcəyi bir yer var ki?
***
Kafukiyə görə əyyaşlar iki qrupa ayrılırdı: birincilər, özünə bir şey qatmaq üçün içmək məcburiyyəti hiss edənlər idi. İkinci isə, içkinin özündən bir şeylər götürməsini istədiklərinə görə içənlər idi.
***
Qadınların nə fikirləşdiyini bütünlüklə başa düşməyiniz qeyri-mümkündür, elə deyilmi? Demək istədiyim bu idi. Qarşınızdakı qadın kim olursa olsun, bu dəyişmir.
***
Dünən
Sabahdan əvvəlki iki gün
İki gün əvvəlkinin sabahıdır.
***
Nəticədə danışdığımız dil bir insan olaraq bizi biz edirdi.
***
Ən əsası bir dəfə ayrılıb öz yolumuzla getməyə başlasaq və bir-birimizə ehtiyac duyduğumuzu başa düşdüyümüz halda, həmin nöqtədə yenidən bir araya gəlsək, bu daha yaxşı olmazmı?
***
– Belə səninçün çətin olmurmu?
– Belə?
– Yaxın zamana qədər iki nəfər ikən, birdən birə tək qalmaq.
– Bəzən.
– Amma gənckən belə tənha və çətin anları təcrübədən keçirməkdə fayda var. Səncə də elə deyilmi? Müdrikləşmə müddətinin bir hissəsi olaraq.
– Sən belə düşünürsən?
– Bir ağac böyüyüb güclənmək üçün sərt bir qış keçirməlidir. Həmişə ilıq və durğun iqlim olarsa, böyümə halqası da əmələ gəlməz, elə deyilmi?
***
Şübhəsiz, insanlar çətin günlərdən də keçməlidir. Təbii ki, bu günlərin nə vaxt sona çatacağını bilsək, daha yaxşı olar.
***
İnsan nə axtardığını bilməyəndə, axtarış çox çətin bir işə çevrilir.
***
Görünüşü nə dərəcədə mükəmməl olursa olsun, danışacaq bir mövzu tapa bilməyən, özünə aid düşüncələri olmayan bir qadın Tokaya cəlbedici gəlmirdi. Nəticədə ağıl əməliyyatla artırıla biləcək bir şey deyildi.
***
Alicənab kişi ödədiyi vergi və yatdığı qadınlar haqqında danışmaz.
***
– Üzr istəyirəm, axmaqlıq etdim.
– Biri üçün ağlamaq axmaqlıq etmək demək deyil. Xüsusən də bu itirdiyiniz vacib biridirsə.
***
Bütün qadınların yalan danışmaq mövzusunda anadangəlmə xüsusi bir istedada, sanki bunu mümkün edə bilən tabesiz bir orqana sahib olduqlarına inanırdı.
***
Olan olmuşdu. Həyatı boyunca nə uğur qazanmış, nə də bir şey yaratmışdı. Xoşbəxt edə bildiyi biri olmamışdı, özü daxil. Xoşbəxtliyin nə olduğundan, nə məna daşıdığından belə əmin deyildi. Ağrı, inciklik, xəyalların puç olması, əl çəkmək kimi duyğuların heç birini dərk edə bilmirdi. Əlindən gələn tək şey dərinlik və ağırlığını itirmiş ürəyini uçub bir yerlərə getməsin deyə onu bərk bağlayacağı bir yer tapa bilmək idi.
***
Bədənim qaralıb və daha sərt biri olmuşam. Saqqalım gurlaşıb, artıq məcaz ilə təşbehi bir-birindən ayıra biləcək vəziyyətdəyəm.
***
Sanki görüş gününü səhv salmışdıq. Zaman və məkan uyğun idi. Amma gün fərqli idi.
***
M-in ölüm xəbərini eşidəndə özümü dünyanın ən tənha ikinci kişisi kimi hiss etdim. Şübhəm yox idi ki, dünyanın ən tənha birinci kişisi onun əri idi. Sıramı ona vermişdim.
***
Bir gün qəfildən sən də qadınsız kişilərdən olacaqsan. O gün ən xırda bir xəbərdarlıq, ən kiçik bir ipucu vermədən, öncədən xəbərdalıq etmədən və ya ürəyinə dammadan, qapını döymədən, öskürərək xəbər vermədən, heç gözləmədiyin bir anda səni tapacaq. Bir tini döndüyündə, əslində çoxdan ora çatmış olduğunu başa düşəcəksən, amma geriyə qayıtmaq mümkün olmayacaq. O tini bir dəfə dönərkən ora artıq sənin üçün mümkün olan tək dünya olacaq. O dünyada sən qadınsız kişilərdən biri olaraq yad ediləcəksən. Qadınsız kişilərdən olmağın nə qədər məyusedici, nə qədər ürək sızladan bir şey olduğunu ancaq qadınsız kişilər başa düşə bilər.
***
Sən açıq rəngli İran xalçasısan, yalnızlıq isə Bordo şərabının çıxmayan ləkəsi.
***
Qadınsız kişilərdən biri olmaq çox asandır. Əvvəlcə bir qadına bütün qəlbinizlə aşiq olun, sonra o çıxıb getsin. Vəssalam.
***
Qadınsız kişilər üçün dünya çox geniş, kəskin və ağır bir struktur. Eynilə ayın görünməyən üzü kimi.
***
Bir qadını itirmək belə bir şeydir. Və elə bir vaxt gəlir ki, bir qadını itirmək bütün qadınları itirmək mənasına gəlir. Bizlər beləcə qadınsız kişilərə dönürük.
***
– İlanbalığı su bitkilərinin arasında yaşayır, onların arasında gizlənir. Üzərindən alabalıq keçəndə astaca yuxarı qalxır və ağzını balığın qarnına dayayır. Zəli kimi yapışdığı alabalıqla simbioz həyat tərzinə başlayır. Sormaq üçün istifadə etdiyi ağzında üzərində dişlər olan dili var. Dilini əyə kimi istifadə edib balığın qarnında dəlik açır və onu asta-asta yeyir.
– Hmmm, onda ilanbalığı olmaq istəməzdim.
– Roma İmperatorluğu dövründə bir çox yerə ilanbalığı hovuzu quraşdırılmışdı, əmrlərə tabe olmayan qullar diri-diri bu hovuzlara atılır, onlara yem olurlarmış.
Roma İmperatorluğu dövründə qul da olmaq istəməzdim, deyə düşündüm.
***
Əvvəlki həyatının hər detalını xatırlaya bilməzsən. Hər hansı bir anı xatırlaya bilərsən. Kiçik bir dəlikdən divarın o biri yanını bir anlığa görmək kimi. Ordakı mənzərənin sadəcə bir nöqtəsini görə bilərsən.
***
Ana bətnindəki körpənin vəziyyəti də eynilə belədir. Məlumdur ki, orada bir düşüncə var, amma onu yer üzərindəki dillə anlatmaq qeyri-mümkündür. Haqsızam?
***
Quru torpağın yağış suyunu əmməsi kimi son dərəcə təbii bir şəkildə yalnızlığın və səssizliyin kefini çıxarırdı.
***
Barın içinə göz gəzdirib dedi:
– Bura əla yerdir. Səssiz, təmiz və sakit. Eynilə sən.
Sonra bir müddət səssizlik oldu. Kino belə hesab etdi ki, arvadı daha sonra bunları demək istəyirdi: “Amma burada ürəyimi titrədən bir şey yoxdur”.
***
Səninlə mənim münasibətim ən başından bəri səhv dəliyə iliklənmiş düymə kimi idi.
***
Bəli, qeyri-müəyyənlik deyilən şey nəticədə iki uc nöqtə arasındakı boşluğu qucaqlamaq deyilmi?
***
Qaranlığın kökləri yer altından istədiyi yerə qədər uzana, səbirlə gözləyib zəif yerini tapınca sərt qayanı parçalaya bilirdi.
***
Gözünü açanda Qreqor Zamzaya çevrildiyini başa düşdü.
***
Qəribə deyilmi? Dünya yerlə bir edilərkən kilid qırılmasını dərd edən, üstəlik onu təmir edən insanlar var. Qəribə gəlir. Sən də mənim kimi düşünmürsən?
Bəlkə də belə daha yaxşıdır, doğru olan budur. Dünya dağılarkən insanlar belə incə işlər görür, yorulmadan əmək sərf edir və beləcə havalanmaqdan özlərini qoruya bilirlər.
***
Gerçək olmayan şeyləri yazmaq ayın o biri üzündə görüşmək üçün birisi ilə sözləşməyə oxşayır.
***
Dünyanın ən yalnız kişisi olmaq necə bir şeydir? Xəyal edirəm. Dünyanın ən yalnız ikinci kişisi… bunun nə demək olduğunu onsuz da bilirəm. Amma dünyanın ən yalnız kişisi olmaq necə bir şeydir, bax, onu bilmirəm. Dünyanın ən yalnız kişisi ilə ikinci ən yalnız kişi arasında dərin bir uçurum var. Mütləq. Sadəcə dərin deyil, eyni zamanda qorxunc genişlikdə bir uçurum. Bir ucundan digərinə atlamaqla bu uçurumu keçmək mümkün deyil; bura o qədər genişdir ki… bir ucundan digərinə uçarkən gücü tükənib yarı yolda uçurumun dibinə düşən quşların cəsədlərindən yüksək bir dağ əmələ gətirəcək qədər genişdir.
***
Bir dəfə qadınsız kişi oldunmu, o yalnızlığın rəngi bütün dərinə hopur. Açıq rəngli kilimin üzərinə düşən qırmızı şərab ləkəsi kimi. Ev işlərindən nə qədər başın çıxırsa çıxsın, o ləkəni təmizləmək çox əziyyət tələb edən bir işdir. Kilimin rəngi zaman keçdikcə bir az solsa da, sən son nəfəsini verənədək o ləkə olduğu yerdə qalacaq. Bir ləkə olaraq xüsusiyyət qazanacaq, bəzən bir ləkə olaraq ictimai ifadə haqqına sahib olacaq.
Tərcümə: Aynur Axundova