Annotasiya
“Get bir gözətçi qoy” (ingiliscə “Go Set a Watchman”)- 2015-ci ildə işıq üzü görən bu kitab müəllifin debüt romanı sayılan “Əbabili öldürmək” əsərinin ardıdır.
Əsərdə 20 il sonra baş verən hadisələrdən bəhs edilir. Artıq iyirmi altı yaşı olan Cin Luiza qarşısına çıxan bir çox problemlərlə mübarizə aparır, atası Attikusun cəmiyyətə və sistemə qarşı münasibətini anlamağa, həmçinin doğulub böyüdüyü Meykomb mahalına qarşı duyduğu əsl hissləri dərk etməyə çalışır.
Əsərin adı peyğəmbər İşayanın kitabındakı şeirdən götürülüb.
Karandaşın izi ilə
Qatarlar dəyişir, konduktorlar isə yox.
***
Demək olar ki, onu sevirəm. Yox, belə olmur: ya sevirsən, ya sevmirsən. Bu dünyada yalnız məhəbbəti heç nə ilə səhv sala bilməzsən. Əlbəttə, o müxtəlif cür olur, ancaq ya olur, ya da olmur.
***
Çünki miss Aleksandra özünə əziyyət vermədən yaşayanlardan idi: Cin Luizanın fikrincə, hisslərə və bağlılığa görə haqq-hesab olunsaydı, o biri dünyada bibisi qeydiyyat piştaxtasında bir balaca ləngiyər və təzminat tələb edərdi.
***
Cin Luiza gülümsədi. Atası iddia edirdi ki, hüquq kollecinin məzununa hüququ öyrənmək üçün daha beş il lazımdır: iki il iqtisadiyyatı öyrənməyə, iki il Alabamada qəbul olunmuş kassasiya müraciətinin qaydalarını mənimsəməyə, bir il də Bibliya və Şekspiri təkrar oxumağa.
***
– O nə qədər sevimli olur olsun, ondakı plebeyliyi nə gizlətmək olur, nə də təmizləmək. Bəlkə fikir verməmisən, amma o tort yeyəndə barmaqlarını yalayır. Bu plebeylikdir. Ağzını tutmadan öskürməyi diqqətini çəkmir? Bu da plebeylikdir. Bəs bilirsən ki, universitetdə bir qızla pis davranıb? Bu da eyni şeydir. Bəs heç diqqət yetirmisən? Ətrafda heç kimin olmadığını düşünəndə burnunu qurdalayır. Bu da plebeylikdir…
– Bu, plebeylik deyil, kişi başlanğıcıdır.
***
Finçlərin qapı zəngi mistik xüsusiyyətə malik idi. Zəngi basan şəxsin əhval-ruhiyyəsi barədə məlumat verməyi bacarırdı.
***
– Nədir, yoxsa qadını necə tələyə salmaq lazım gəldiyini bilmirsən? Qadın istəyir ki, sevgilisi hökmlü, özündən razı olsun və eyni zamanda uzaq olsun. Qadın onun yanında özünü aciz hiss etməlidir. Əlbəttə, bunların hamısını eyni vaxtda edə bilərsə. Ələlxüsus qadın dağları yara və çayları məcrasından döndərə bilirsə və sevgilisi bu faktdan xəbərdardırsa. Heç vaxt onun qarşısında şübhələrini göstərmə və heç bir vəchlə onu başa düşmədiyini etiraf etmə.
***
– Bu gün peyğəmbər İşayanın kitabında iyirmi birinci fəsilin altıncı şeirini təhlil edəcəyik:
Zira Allah mənə belə buyurdu:
Get, bir gözətçi qoy; qoy o gördüklərini nəql etsin.
***
Attikusu üç sözlə xarakterizə etmək lazım gəlsəydi, bu üç söz “yumor”, “vicdan” və “səbir” olardı. Xarakteristikanı bir cümləyə kimi genişlətmək də olardı: Meykomb mahalı və ətrafından bəxtə-bəxt istənilən bir sakini götür və ondan Attikus Finç haqda nə düşündüyünü soruş, çox ehtimal, həmin şəxsin cavabı belə olacaqdı: “Kaş Allah hamıya belə bir dost qismət etsin”.
Bunun sirri sadə idi, elə sadə idi ki, öhdəsindən gəlmək çox çətin idi: öz məişət qaydalarına uyğun yaşamağa çalışan o azsaylı insanlardan fərqli olaraq, Attikus öz qaydalarına hökmən, başdan ayağa riayət edirdi, özü də özünü təhlil etmədən, ehtişam və daxili ixtilaf olmadan. Özü ilə təklikdə necə idi isə, insanlar arasında da eynilə o cür idi. Bu qaydalar Əhdi-Cədiddə yazılmışdı və Attikusu tanıyanların ona bəslədiyi hörmət və sədaqət bu qaydalara riayət etmənin mükafatı idi. Onu düşmənləri də sevirdi, çünki Attikus onları düşmən hesab etmirdi. Pulu çox deyildi, lakin uşaqları ondan varlı insan tanımırdı.
***
O yalnız deyildi, çünki həyatında ən böyük əxlaqi güc – Attikusun sevgisi ona dəstək və dayaq olurdu. Cin Luiza heç vaxt onda şübhə etmirdi, heç vaxt bu barədə düşünmürdü və hətta hiss etmirdi ki, hər vacib qərardan öncə özündən asılı olmayaraq beynindən belə bir fikir keçir: “Attikus olsa, nə edərdi?”; başa düşmürdü ki, inadına və ayaqlarının üstündə möhkəm durmağına görə atasına borcludur; onda olan ən yaxşı, ən layiqli şeylərin təməlini atası qoymuşdu; və bilmirdi ki, atasına səcdə edir.
***
Onun mərhəməti sərhəd tanımırdı; daxili dünyası firavan və rahat idi.
***
– Özünü yaxşı hiss etmirsən?
Bir dəqiqə də olsun daha dözə bilməyəcək.
– Hə, bibi. Belə bir şəraitdə özünü pis hiss edən istənilən cənublu tərbiyəli ağ qız kimi aparacam.
– Yəni?
– Yatacam.
***
Axı həmişə belə olmayıb, Allaha and olsun ki, həmişə belə olmayıb! O vaxt insanlar nədənsə bir-birilərinə inanırdılar – səbəbi isə yadımda deyil.
***
– Hester, tarix ilə maraqlanırsan?
– Nə? Hə, yox əşi, sadəcə Billdən eşitdiklərimi təkrarlayıram. O deyir ki, Şimalda hər şeyə nəzarət edən qaralar Qandinin taktikasını tətbiq etməyə çalışırlar. Bunun nə olduğunu sən özün də yaxşı başa düşürsən.
– Təəssüf ki, yox. Nədir ki?
– Bu kommunizmdir.
***
Əlbəttə, tarixin gedişatında bəzi insanlar onları digər insanlarla bağlayan siyasi bağları qırırsa, – sözsüz, həmin insanlar kommunistdirlər.
***
Nyu Yorkda necədir? Nyu Yorkda? İndi sizə deyərəm, Nyu Yorkda necədir. Nyu Yorkun hər şeyə cavabı var. YMCA-a (Gənclərin Xristian Assosiasiyası), Anqlofonlar İttifaqına, “Karnegi-hol”a, Yeni Sosial Tədqiqatlar məktəbinə get və istədiyin suala cavab tapacaqsan. Şəhər şüarlarla, “izmlər”lə və səlis cavablarla yaşayır.
***
Sizin ani cavablarınıza, metrodakı şüarlarınıza dözmürəm. Ən çox isə özünüzü apara bilməməyinizə. Siz özünüzü apara bilmirsiniz və heç vaxt da apara bilməməsiniz.
***
Uşaqlıqdan mənə öyrədiblər ki, bəxti daha az gətirənlərin qarşısında öz məziyyətlərimdən – istəyir ağıl olsun, istəyir var-dövlət yaxud da sosial mövqe – sui-istifadə etməyim. Bu, istisnasız hamıya aid idi, nəinki qaralara. Mənə başa salmışdılar ki, özünü başqa cür aparmaq nifrətə layiqdir. Məni belə qaradərili qadın və ağ kişi tərbiyə etmişdi.
***
Düşmənlərini lənətləyə bilərsən, ancaq yaxşısı budur ki, onları tanıyasan.
***
Sonra Meykombda geyəcəyi paltarları əyninə keçirdi. Boz şalvar, qolsuz qara köynək, ağ corab və ağ mokasinlər. Və bibisi ilə görüşmək üçün hələ dörd saatlıq yol gedəcəyinə baxmayaraq, onun necə donquldadığını eşitdi.
***
Sadəcə çox qorxuram ki, uyğun olmayan insana ərə getsəm, buna bənzər cəncələ düşərəm…Yəni, mənə uyğun olmayan. Axı mən də başqa qadınlar kimi səhv edəcəm – o isə rekord vaxt göstərib məni həyasız ifritəyə çevirəcək.
***
– Müəllifi tanımıram, – bunu söyləməklə kitabı əbədi lənətlədi.
***
Bilirsən, insanın doğulması çox pis işdir. Natəmiz, dəhşət ağrılı, bəzən riskli. Həmişə qanlı. Mədəniyyətin doğuluşu da elə olur.
***
Bu mənim üçün ağlasığmaz bir müəmmadır: düz yüz il qaralara insan olmadıqlarını təlqin etdikdən sonra onlar insana xas olan cizgilərini necə qoruyub saxlaya bilirlər?
***
Nəzakətli cavab nümayiş etdirilən qəzəbdən təsirlidir.
***
– Nyu Yorkdan bezməmisən?
– Yox.
– Bu iki həftə ərzində mənə fəaliyyət azadlığı ver və mən elə edəcəm ki, sən ora qayıtmaq istəməyəcəksən.
– Bunu əxlaqsız təklif kimi başa düşmək lazımdır?
– Yalnız elə başa düşmək lazımdır.
– Onda cəhənnəm ol.
***
Məhkəmə qapılarının ağzında onu öpmək hüququna malik olan insanın adı Henri Klinton idi. Uşaqlıq dostu, qardaşının yaxın yoldaşı və bu öpüşlər davam etsə, gələcək əri. Kimi istəyirsən sev, ancaq özümüzkülərlə evlən – bu tələbi o, instinktiv şəkildə qəbul edirdi.
***
İnsan sənə “Bu həqiqətdir” deyir və sən ona inanırsan, sonra bunun həqiqət olmadığını aşkar edirsən, dərin peşmanlıq hissi keçirdikdən sonra qəti qərara gəlirsən ki, bir də həmin insanın tələsinə düşməyəcəksən.
Yox əgər səni həyatı boyu doğrulara uyğun şəkildə yaşamış bir insan aldadırsa və sən özün də bu doğrulara möhkəm inanırsansa, – sən nəinki inanmamağı öyrənirsən; sən heç nə ilə qalırsan. Bəlkə elə buna görə mən dəli oluram.
***
Düzdür, mən koram. Gözlərim bağlı yaşamışam. Heç ağlıma da gəlməyib ki, insanın qəlbinə nəzər salım, yalnız üzünə baxmışam. Dünən kilsədə dedilər: “Get bir gözətçi qoy”. Mənə də gözətçi qoymaq lazımdır. Gözətçi və bələdçi. Əlimdən tutsun və hər saat nə gördüyünü desin.
Desin ki, bu adam sözlərlə bunu dedi, amma bunu nəzərdə tutdu, ortadan xətt çəksin və göstərsin ki, burdakı bu ədalətdir, ordakı o, sonra da fərqini izah etsin. Çıxsın və ucadan elan etsin: bir insanın başına iyirmi altı il ard-arda oyun açmaq olmaz, hətta bu çox gülməli alınsa belə.
***
– Cin Luiza, biz kim olmuşuq? İndi kimik? Bu dünyada ən çox nəyə, kimə oxşayırıq?
– Sadəcə insan olduğumuzu düşünürdüm. Ümumiyyətlə isə bilmirəm.
***
Zaman axdığı kimi tarix də daim təkrarlanır. Ancaq insan elə yaradılıb ki, tarixdən başqa hər şeydən dərs çıxarır.
***
– Cek əmi, sən sadəcə qoca abırsızsan.
– Lənət şeytana, abırsız hardan çıxdı?! Düzdür, qocayam, ancaq hələ ağlımı itirməmişəm. Paternalizmə və böyük dozalarda dövlətə inanmıram. Yeri gəlmişkən, sənin atan da bu fikirdədir…
– Əgər indi desən ki, istənilən hakimiyyət mənəviyyatı pozur, mütləq hakimiyyət isə mütləq şəkildə mənəviyyatı pozur, onda qəhvəni üzünə tökəcəm.
– Bir şeydən ehtiyat edirəm – bu ölkədə hökumət bir gün elə qorxunc güc əldə edəcək ki, kiçik insan sadəcə ayaqlar altında əziləcək və burada yaşamaq əhəmiyyət kəsb etməyəcək. Bizim Amerikanı yerdə qalan yorğun dünyadan fərqləndirən yalnız bir şey var: burada insan ağlı ilə istədiyi yerə çata, yaxud istəsə cəhənnəmin yolunu tuta bilər, özü də birinci yol ikincidən elə də uzun olmayacaq.
***
– Melburn qeyd edib ki, hökumətin cəmi-cümlətanı iki vəzifəsi var: cinayətlərin qarşısını almaq və müqavilədə göstərilmiş öhdəliklərin yerinə yetirilməsini təmin etmək. Bir halda ki, istəmədən iyirminci əsrdə yaşamaq məcburiyyətindəyəm, öz növbəmdə üçüncü vəzifəni əlavə edərdim: cəmiyyəti müdafiə ilə təmin etmək.
– Çox qarışıq bəyanatdır.
– Olduqca. Dəhşət çox azadlıq verir.
***
– Cin Luiza, insana qoşalülə tuşlananda, o əlinin altında olan hər şeydən – daş, dəyənək, vətəndaş şurasından yapışır.
***
Cəhənnəm əbədi soyuqluqdur. Onun günahı nə idi ki, ömrünün sonuna kimi darıxdığı və həsrət çəkdiyi insanlara doğru yol açmalı, bu gündə olmadan uzaq keçmişə gizli basqınlar etməli idi? Mən onların canından, qanındanam, köklərim bu torpaqdadır, mənim evim buradadır. Ancaq belə çıxır ki, qanım başqa qandır, torpağın heç vecinə deyil, hansı köklər ondan yapışıb, mən isə yadlar arasında yadam.
***
– Bill onun başını doldurub…
– Nə ilə?
– Katoliklər, kommunistlər və bir də Allah bilir hansı zibillərlə… Ağlı tamam qarışıb…
– Eh, əzizim, – Henri güldü. – Bəli, Bill onun üçün pəncərədə yeganə işıqdır. Bill dünyanı fırladır. Bilin ağzından çıxan hər kəlmə Quran ayəsidir. Bill onun kişisidir, o Billi sevir.
– Bu “sevmək” deməkdir?
– Əsasən.
– Yəni öz kişində əriyib həll olmalısan? – Cin Luiza dedi.
– Hardasa, – Henri dedi.
– Belə olduğu təqdirdə, çox güman, mən ərə getməyəcəm.
***
və bu aptekdə onun qəlbini qırır.
***
– Sən… Lənətə gələsən, sən müharibədə olmusan, başa düşürəm, ora dəhşətlidir, ancaq sən onu keçmisən, sən ki müharibədən keçmisən! Və evə qayıtmısan ki, bütün ömrün boyu Meykombdan qorxasan! Meykombdan, Alabama ştatından! İlahi!..
***
– Henri, sən özün-özünlə necə yola gedirsən?
– Asan. Hərdən sadəcə öz fikirlərini nümayiş etdirməmək kifayət edir.
– Henk, biz səninlə fərqli qütblərdəyik. Mən çox az şey bilirəm, ancaq bir şeyi dəqiq bilirəm. Mən səninlə yola gedə bilməyəcəm. Mən ikiüzlü bir insanla yaşaya bilmərəm.
Arxasında xoş tembrli kişi səsi dedi:
– Başa düşmürəm, niyə. Başqaları kimi ikiüzlülərin də bu dünyada yaşamaq haqqı var.
Cin Luiza çevrildi və baxışları atası ilə toqquşdu: şlyapa çəkilib boynun arxasına salınmışdı, qaşları yuxarı dartılmışdı, dodaqlarında təbəssüm var idi.
***
– Əzizim, ev təsərrüfatı üçün arvadlarına əskik pul verən ərlərin dükançıya əskik pul vermək heç ağıllarına gəlməz. Öz vicdanını yazı stolunun gizli gözündə saxlamaq insanlara xas vərdişdir. Onlar bəzi məsələlərdə dürüst ola, digər məsələlərdə isə özləri özlərini axmaq yerinə qoya bilərlər.
***
– Bəli… Deyirəm ki… Deyirəm ki, dövlət işlərindən, iqtisadiyyatdan başım çıxmır, düzünə qalsa, heç maraqlı da deyil, ancaq bir şeyi dəqiq bilirəm: mənim, bu ölkənin kiçik vətəndaşı üçün federal hökumət başdan-ayağa kədərli dəhlizlər və qapı arxasında uzun gözləmələrdir. Daha çox şeyimiz olduqca, daha çox gözləyirik və gözləməkdən daha çox yoruluruq. Bax bu şəkillərdəki kif basmış qoca mühafizəkarlar bunu başa düşürdülər, ancaq indi lazım olduğu qaydada, qanun layihəsini Konqressdən, ştatların qanunverici iclarından keçirmək yerinə, hər şeyi düzəltməyə çalışan bizlər sadəcə onlara yeni dəhlizlər tikməyə icazə verdik… və bu dəhlizlərdə sonsuzadək gözləməli olacağıq.
***
– Cin Luiza, bu həyasızlıq deyil, bu həqiqəti bəzəksiz şəkildə sənə göstərmək cəhdidir. Həqiqətən olan şeyi görmək lazımdır. Bir də olması gərəkənləri.
– Onda niyə hələ dizlərində oturduğum vaxt həqiqətləri mənə göstərmədin? Niyə ehtiyatsızcasına mənə tarix kitablarını oxudun, səninçün əhəmiyyətli olduğunu sandığım şeylər haqqında niyə danışdın? Niyə başa salmadın ki, bütün bunlar “Yalnız ağlar üçün” yazılı darvazanın arxasındadır?
***
– Ceffersonla demokratlar arasında yalnız bir oxşar cəhət var: demokratlar Ceffersonun portretlərini öz banketlərində divardan asırlar. Cefferson hesab edirdi ki, vətəndaş olmaq hüququnu belə asanlıqla verib almaq olmaz. İnsan onu özü qazanmalıdır. Ceffersonun fikrincə, seçki hüququ insana yalnız insan olduğu üçün təqdim olunmur. Bu azdır, həm də məsuliyyətli insan olmalısan. Seçmək və seçilmiş olmaq “yaşa və başqalarının yaşayışına mane olma” iqtisadi modeli zamanı insan tərəfindən əldə edilmiş qiymətsiz üstünlükdür.
***
– Belə, sən ceffersonçusan, ancaq demokrat deyilsən.
– Elə Ceffersonun özü kimi.
***
Sən nizam-intizamı sevirsən. Həmin iş o nizamı pozurdu. Sən də xaosdan nizam-intizam yaratdın.
***
– Attikus, bunu sənə artıq demişəm və daha min dəfə də təkrar edəcəm: gənc dostlarına xəbərdarlıq et ki, onlar BİZİM HƏYAT TƏRZİMİZİ qoruyub saxlamaq istəyirlərsə, qoy bilsinlər, bu onların evlərindən başlayır. Məktəbdən, kilsədən yox, evlərindən.
***
– Mənə etdiklərinə görə səni heç vaxt bağışlamayacam. Sən məni satdın və aldatdın, evimdən məhrum etdin, indi səhradayam. Daha Meykomba aid deyiləm, başqa bir yerdə isə evim ola bilməz.
***
Niyə sən ədalətlə ədliyyənin, haqla hüququn arasındakı fərqi mənə izah etməmisən? Niyə?
***
Aman Tanrım… Yeri gəlmişkən, Tanrıdan danışaq… Niyə mənə izah etməmişdin ki, insanları irqə bölən Tanrıdır? Qara irqi Afrikaya yerləşdirib ki, missionerlər ora gedib yerli camaata desinlər: guya İsa onları sevir, ancaq Afrikada qalmaqlarını əmr edir. Onları bura gətirmək bağışlanılmaz səhvdir, ona görə bütün bunlarda onlar günahkardır. İsa bütün bəşəriyyəti sevir, lakin bəşəriyyət müxtəlif qruplardan ibarətdir. Bu qruplar arasında isə cürbəcür hasarlar və çəpərlər var. Və Tanrı buyurur ki, istənilən insan istədiyi yerə gedə bilər, ancaq bu istədiyi yer hasara kimi olmalıdır.
***
– Onların ümid etməyə haqqı var. Sən isə bunu inkar edirsən. Attikus, başı, əli, ayağı olan hər bir insan dünyaya qəlbində ümidlə gəlir. Heç bir konstitusiyada bu barədə yazılmayıb. Mən bunu bir dəfə qulağımın ucu ilə kilsədə eşitmişəm. Bəli, onların əksəriyyəti sadə insanlardır, ancaq buna baxmayaraq, insandırlar, heyvan deyillər… Biz isə onların beyinlərinə yeridirik ki, düzdür, İsa onları sevir, amma elə də çox yox. Sən də məqsədinə çatmaq üçün dəhşətli vasitələrə əl atırsan. Sənin fikrincə bu vasitələr çoxluğun xeyrinədir. Məqsədin çox nəcib ola bilər – çox güman, mən də ona inanıram, – lakin Attikus, insanları əşya kimi istifadə etmək olmaz. Belə etmək olmaz. Hitler də, Rusiyadakı quldur dəstəsi də hərdən öz ölkələri üçün yaxşı işlər görürdülər, ancaq bununla yanaşı on milyonlarla insanı qırırdılar…
– Hitler? – Attikus gülümsündü.
– Sən də onlardan yaxşı deyilsən. Heç bir qram da olsun. Sadəcə onlar bədənləri parça-parça edirdilər, sən isə ürəkləri şikəst qoyursan.
***
– Bilirəm. Yavaş-yavaş hərəkət etmək lazımdır, Attikus. Çox gözəl başa düşürəm. Ancaq onu da bilirəm ki, nəticədə getdiyimiz yerə gəlib çıxacağıq.
***
– Attikus, səni nə vaxtsa alçaldıblar? Bilirsən bu necə olur? Sən allah yenə başlama ki, onlar uşaqdırlar və belə bir şey hiss etmirlər: mən də uşaq olmuşam, ancaq hər şeyi hiss edirdim. Yəqin böyük uşaqlar da hiss edir. Attikus, əsl, yaxşı təhqirdən adama elə gəlir ki, onun kimi rəzil biri cəmiyyət içində yaşaya bilməz.
***
Mən isə səni sevirəm. Öz işindir.
Attikus bu sözləri deməsəydi, bəlkə, o yaşaya bilərdi. Attikus vicdanla mübarizə aparsaydı, Cin Luiza onun sözlərini elə onun üzünə də çırpardı, ancaq civəni tuta, onu əlində saxlaya bilməzsən.
***
– Cin Luiza, hər bir insan adadır, hər bir insan özü öz vicdanının gözətçisidir. Kollektiv vicdan yoxdur.
***
– … sən isə xanım qız, bu dünyaya öz vicdanınla gəldin. Və həyatın hansısa bir kəsiyində onu atanın vicdanı ilə örtdün. Böyüdün, özün də bunun fərqinə varmadan atanı Tanrı ilə eyniləşdirdin. Sən heç vaxt onda sadəcə insan görməmisən. İnsani qəlbi və insani zəif cəhətləri olan insan… Etiraf edirəm ki, Attikusa belə baxmaq elə də asan deyil: o demək olar ki, səhv etmir, ancaq “demək olar ki” “tamamilə” demək deyil. O da bizlər kimi səhv edir. Sən də emosional həssas idin, çünki hər şeydə ona arxayın idin, bütün suallarına ondan cavab alaraq elə güman edirdin ki, sən də istənilən suala onun kimi cavab verərdin. Və görəndə ki, o özünün – sənin – vicdanına zidd şeylər edir, sözün əsl mənasında dözmədin. Fiziki cəhətdən pis oldun. Həyat sənin üçün cəhənnəmə çevrildi. Ondan asılı olmayan bir həyata başlamaq üçün ya sən özünü öldürməli idin, ya da o, səni.
***
*
Hərdən yaşamaq üçün bir balaca öldürmək lazımdır.
***
– Bir də bunu yadda saxla: arxaya boylanıb dünən və ya on il əvvəl necə olduğumuzu görmək çox asandır. İndinin özündə kim olduğumuzu görmək çətindir. Bunun öhdəsindən gəlsən, hər şeyin öhdəsindən gələcəksən.
***
– Cin Luiza, sən rəngləri ayıra bilmirsən. Həmişə belə olmusan, belə də qalacaqsan. Sən insanlar arasındakı fərqi yalnız onların əqidələri, ağıllarının kəskinliyi, xarakterləri və sair buna bənzər şeylərdə görürsən. Sən insanlara irq kimi baxmaq məcburiyyətində qalmamısan. Bizim dövrümüzdə irq ən mühüm mövzudur. Ancaq sən indi də irqi düşünə bilmirsən. Sən yalnız insanları görürsən.
***
İyrənc “mövhumat” və təmiz “inam” sözünün oxşar cəhətləri çoxdur, həm birinci, həm ikinci ağılın bitdiyi yerdən başlanğıc götürür.
***
– Yaxşı, Melburndan yerinə düşən sitat gətirməyimə icazə vermirsənsə, onda öz sözlərimlə deyəcəm: Cin Luiza, dostların səhv edəndə sənə ehtiyacları olur. Onlar haqlı olanda sən onlara lazım deyilsən.
***
– “Müdriklik” deyilən şey səndə yoxdur…
– Mən isə elə hesab edirdim ki, möminlik müdrikliyin müjdəçisidir.
– Bu elə eyni şeydir. İtaət.
***
İlahi, gör nə qədər şey öyrəndim… İstəmirdim, dünyamı narahat etsinlər və onu mənim üçün toxunulmaz saxlamağa çalışan insanı məhv etmək, ona oxşar hamını əzmək istəyirdim. Məncə bu, təyyarə kimidir – onlar müqavimətdir, biz yük və biz birlikdə onu havaya qaldırırıq. Bizim kimilər çox olarsa, təyyarə önə, onlar kimilər çox olarsa, təyyarə arxaya əyilər. Bütün məsələ tarazlıqdadır. Mən ona üstün gələ bilmərəm, mən onunla birləşə bilmərəm…
Tərcümə: Lamiyə Göycəyeva