Annotasiya
“Eşq” (türkcə “Aşk”) – Türkiyənin məşhur yazıçılarından biri olan Elif Şafakın “Eşq” romanı eşqin axtarışı, həqiqətləri və kəşfi üzərinə yazılmış mükəmməl bir əsərdir. Yazıçı Mövlananın Eşq Şəriəti konsepsiyasından yola çıxaraq dini məlumatlar ilə sevgini birləşdirib oxuculara fərqli bir təcrübə yaşadır. Müəllif əsərdə sevgi haqqında danışarkən amerikalı bir ev qadını Ellanın hekayəsindən istifadə edir.
Karandaşın izi ilə
EŞQin adlandırılmağa və müəyyənliyə ehtiyacı yoxdur.
Azad dünyadı eşq
Ya düz ortasında, mərkəzindəsən,
Ya da eşiyində, həsrətində
***
Evlilikdə sevgidən və şəhvətdən daha vacib olan şeylər var idi: qarşılıqlı xoş niyyət, nəvaziş, bir-birini başa düşmək, hörmət və səbr kimi… Və təbii ki hər evlilikdə var olan başqa bir keyfiyyət: bağışlaya bilmək!
***
Nə də olsa Ella belə biri idi, heç zaman sonları qəbul edə bilmirdi; istərsə bir zaman kəsiyi, istərsə köhnəlmiş bir adət, istərsə çoxdan tükənmiş bir münasibət olsun, ölümü tanımaqda aciz idi. Heç cür sonluqlarla üzləşə bilmirdi, görməzdən gəldiyi o son burnunun ucuna dirənəndə belə.
***
Səndən çox fərqli biri ilə evlənmək demək olar ki, qumar oynamaqdır.
***
Bunu beyninə birdəfəlik yerləşdir, bir qadın aşiq olduğu bir kişi ilə evlənməz. Baxdı ki, bıçaq sümüyə dirənib, gələcəyi üçün bir seçim etməlidir, o zaman yaxşı bir ata və yaxşı ər olacağını təxmin etdiyi, arxasını söykəyə biləcəyi kişini seçər. Başa düşdün? Yoxsa, eşq dediyin, bu gün var olub, sabah yox olan şirin bir hissdən ibarətdir.
***
Əslində ər-arvad – hər ikisi də hər zaman olduğu kimi ən yaxşı bacardıqları şeyi edirdilər: başa düşmək istəmirdilər.
***
Kainatın da eynilə bizimki kimi incə bir ürəyi və mütəmadi bir ürək döyüntüsü var idi.
***
Doğurdan e, səssizliyə qulaq asmaq olarmı?
***
Birini öldürdüyün zaman, mütləq ondan sənə bir şeylər keçir: bir sima, bir qoxu, bir nəfəs… bir ah, bir lənət, bir səs…
***
Mənim bildiyimə görə, bu dünyada demək olar ki, hər kəsin dəftərini bağlamaq istədiyi ən az bir insan var.
***
Allah belə, müqəddəs nizamını qurarkən, can alma işində Əzraili özünə naib təyin etməyibmi? Beləliklə, insanlar başlarına hansı fəlakət gəlsə, Əzraildən biliblər. Əcəl mələyini lənətləyib, ondan çəkiniblər. Bunun nəticəsində də Onun adına xələl gəlməyib. Deyə bilərsiniz ki, ədalətlidirmi, rəvadırmı bu Əzrailə? Onsuz da bu dünya elə də ədalətli bir yer sayılmaz, elə deyilmi?
***
Allahı pisləyən, əslində, özünü pisləyər.
***
Birinci qanun: Allahı hansı kəlmələrlə ifadə etdiyimiz, özümüzü necə gördüyümüzə güzgü tutur. Əgər Allah deyildiyində ağla ilk öncə qorxulacaq, utanılacaq bir varlıq gəlirsə, deməli sən də qorxu və utanc içindəsən. Yox əgər, Allah deyildiyində ilk əvvəl sevgi, mərhəmət və şəfqət başa düşürsənsə, deməli, səndə də bu xüsusiyyətlərdən bolluca var.
***
Verəcək sonsuz sevgisi olduğu halda ondan sevgi tələb edən heç kim yox idi.
***
Bəşər övladı nədənsə başa düşmədiyini pisləməyə meyillidir.
***
Canımı sıxan ölüm deyil. Hərçənd ölümü bir son olaraq görmürəm. Həm də inanıram ki, hamının ölümü öz rəngindədir.
***
İkinci qanun: Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Yol göstərənin həmişə ürəyin olsun, çiyinlərinin üstündəki başın yox. Nəfsini bilənlərdən ol, silənlərdən yox!
***
Kim oluruqsa olaq, dünyanın harasında yaşayırıqsa yaşayaq, lap dərinlərdə bir yerdə hamımız bir əksiklik duyğusu daşıyırıq. Elə bil ki, əsaslı bir şeyimizi itirmişik və geri almaqdan qorxuruq. Nəyin əksik olduğunu bilənimiz isə həqiqətən də çox azdır.
***
Sözün azaldığı yerdə yazı kafi idi.
***
Üçüncü qanun: Quran dörd səviyyədə oxuna bilər. İlk səviyyə xarici mənadır. Sonrakı daxili mənadır. Üçüncü daxilinin daxilisidir. Dördüncü səviyyə o qədər dərindir ki, izah etməyə kəlimələr yetməz.
***
Biz kəlimələrə yox, niyyətə baxırıq. Əgər kəlimələrə fikir versəydik, yer üzündə insan qalmazdı.
***
İnsan sevdiklərinin yaxşılığını istədiyi üçün onlara müdaxilə etmədən dura bilmir, əslində isə bunun bir faydasını da görmür.
***
Hər kəs yuxu görür. Xatırlamaya bilərsən, o başqa. Amma bu o demək deyil ki, sən onu görmürsən.
***
Dördüncü qanun: Kainatdakı hər zərrədə Allahın təcəssümünü tapa bilərsən, çünki O məsciddə, kilsədə, sinaqoqda deyil, hər an hər yerdədir. Allahı görüb yaşayan olmadığı kimi, Onu görüb ölən də yoxdur. Kim Onu taparsa, sonsuzadək Onda qalar.
***
Bircə dəfə olsa belə qanunları pozmaq möhtəşəm bir hiss idi.
***
Amma nə qədər gizlətsə də, sədaqətsizliyin özünəməxsus bir qoxusu var idi və Ella bu qoxunu tanıyırdı.
***
“Təzə bişmiş çörək qədər bir kişini evinə bağlayan başqa bir şey ola bilməz” qayınanası demişdi. “Nəbadə dükandan çörək alasan. Öz çörəyini özün bişir. Görəcəksən, necə möcüzələr yaradacaq!”
***
Beşinci qanun: Ağlın kimyası ilə eşqin kimyası başqadır. Ağıl təmkinlidir. Addımlarını qorxa-qorxa atır. “Nəbadə özünü” deyə tənbeh edir. Halbuki eşq elə deyil. Onun tək dediyi “Burax özünü, təslim ol!”
Ağıl asanlıqla yıxılmaz. Eşq isə özünü usandırır, yorğun düşür. Halbuki xəzinələr və cəvahiratlar dağıntılar arasında olur. Nə varsa yorğun düşmüş bir qəlbdə var!
***
Altıncı qanun: Bu dünyadakı qarşıdurma, ittiham və müsibətlərin çoxu dildən qaynaqlanır. Sən sən ol, kəlimələrə çox da fikir vermə. Eşq dünyasında dil onsuz da hökmünü itirir. Aşiq dilsiz olur.
***
Yeddinci qanun: Bu həyatda tək başına öz dünyanda qalaraq, sadəcə öz səsini dinləyərək, həqiqəti kəşf edə bilməzsən. Özünü ancaq bir başqa insanın aynasında tam olaraq görə bilərsən.
***
Səkkizinci qanun: Başına nə gəlirsə gəlsin, bədbinliyə qapılma. Bütün qapılar bağlansa belə, sonda O sənə heç kəsin bilmədiyi bir cığır açar. Sən indi görə bilməsən də, dar keçidlər arxasında saysız cənnət bağçaları var. Şükr et! İstədiyini əldə etdikdən sonra şükr etmək asandır. Sufi arzusu həyata keçməyəndə də şükr edə biləndir.
***
Doqquzuncu qanun: Səbr etmək eləcə durub gözləmək deyil, uzaqgörən olmaq deməkdir. Səbr nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təxəyyül edə bilməkdir. Allah aşiqləri səbri gülməşəkər kimi dadlı-dadlı əmər, həzm edər. Və bilərlər ki, göydəki ayın bötüvləşməsi üçün zamana ehityac var.
***
Həyatında sevgi olmağını arzu etdi. Sevgi onun ayağına gəlmirsə, o sevginin ayağına gedəcəkdi.
***
Mənim bildiyimə görə, sevgidən uzaqlaşanlar üçün narahat olmağa dəyərdi, sevgiyə bütün həvəsilə qaçanlara görə yox.
***
Onuncu qanun: Hansı səmtə gedirsən get, şimal, cənub, qərb, şərq – çıxdığın hər səfəri daxilinə səyahət olaraq düşün! Daxilinə səyahət edən insan sonunda dünyanı dolaşar.
***
On birinci qanun: Mamaça bilir ki, sancı çəkmədən doğum olmaz, ananın uşaqlıq yolundan uşağa yol açılmaz. Səndən yeni və təmiz bir “sən” zühur edə bilməsi üçün çətinliklərə, sancılara hazır olmalısan.
***
On ikinci qanun: Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu, istəsə də, istəməsə də təpədən dırnağadək dəyişir. Bu yollara baş vurub dəyişməyən yoxdur.
***
On üçüncü qanun: Bu dünyada göy üzündəki ulduzlardan daha çox falçı, şeyx var. Həqiqi mürşid səni öz daxilinə baxmağa və nəfsini aşıb daxilindəki gözəllikləri bir-bir kəşf etməyə yönləndirir. Daha ona heyran olmağa yox.
***
Bir başqasının etiqadının möhkəmliyini sınamaq biz insanlara aid deyil. Bu Allahdan rol oğurlamaq olardı. Qulun imanını ölçmək qul haqqı deyil, bilmirsən?
***
Elə ki bir məkanla sağollaşıram, sanki bir parçamı da orada qoyuram.
***
Bir anın doğulması üçün ondan əvvəlki anın ölməyi lazımdır.
***
Oxumaq, işləmək və başqalarına işıq tutmaq qulun Allah qarşısındakı borcudur.
***
On dördüncü qanun: Haqqın önünə çıxardığı dəyişiklərə qarşı çıxmaq əvəzinə təslim ol. İcazə ver, həyat sənə baxmadan yox, səninlə bərabər davam etsin. Şəraitim pozular, həyatım alt-üst olar deyə narahat olma, hardan bilirsən həyatının altının üstündən daha yaxşı olmayacağını?
***
Qurani-Kərim deyir ki, Biz insanı ən gözəl formada yaratdıq. İnsan uludur. Qiymətlidir. Nə əzikdir, nə də aciz. Onsuz da Allahın doxsan doqquz adı içində iflas yoxdur.
***
On beşinci qanun: Allah daxildə və xaricdə hər an hamımızı tamamlamaqla, bütövləşdirməklə məşğuldur. Tək-tək hər birimiz tamamlanmamış sənət əsəriyik. Yaşadığımız hər hadisə, başımıza gələn hər çətinlik əksiklərimizi yox etmək üçün qurulub. Rəbb nöqsanlarımızla ayrı-ayrılıqda məşğul olur, çünki bəşəriyyət deyilən əsər qüsursuzluğu hədəf götürüb.
***
On altıncı qanun: Allah qüsursuz olduğu üçün onu sevmək asandır. Çətin olan səhvləri və doğruları ilə fani insanları sevməkdir. Unutma ki, adam bir şeyi ancaq sevdiyi ölçüdə görür. Deməli, həqiqətən də qucaqlaşmadan qarşındakını, Yaradandan ötrü yaradılanı sevmədən də, nə layiqlisi ilə bilə bilərsən, nə də sevə.
***
On yeddinci qanun: Əsas kirlilik xaricdə deyil daxildə, görünüşün altında deyil qəlbdə olur. Ondan başqa hər ləkə nə qədər pis görünürsə görünsün, yuyulduğu anda təmizlənir, su ilə paklanır. Yuyulmaqla təmizlənməyən tək pislik qəlblərdə pas bağlamış həsəd və mənfi niyyətlərdir.
***
İstər fahişə ol, istər bakirə, istər etibarını itirmiş, istər ən etibarlı adam, Allahı tapma arzusu hamımızın qəlbində dərinlərdə bir yerdə gizlidir.
***
Tək bildiyim şey budur: bu dünyada bir çox insan başqalarının səfalətindən bəhrələnir.
***
Anam həmişə deyərdi ki, doğru yerdə, ancaq doğru olmayan bir məkanda dünyaya göz açdın.
***
Unutmayın, Allah heç bir şeyi boşuna yaratmayıb. Tək bir zərrənin belə bu ilahi nizamda öz yeri var.
***
Həqiqi mömin, yanındakı çılpaq olsa belə, haramın fərqində olmaz.
***
Halbuki, Ellanın Davidə sual verməməsinin bir səbəbi var idi: cavablarla nə edəciyini bilmirdi! Nə edəcəyini bilmədiyi bir məlumat hansı işinə yarayacaqdı ki? Bilmək istəmədiyin şeyləri nə qədər az bilsən, qəlbin o qədər az inciyər. O qədər az yaralanarsan. Bir tərəfdən baxanda əslində cəhalət o qədər də pis bir şey deyildi.
***
Ya eşqi öyrət mənə, ya da onun yoxluğuna kədərlənməməyi.
***
Niyə bilmirəm, amma bəzi kişilər həm fahişələrlə yatmaqdan əl çəkmir, həm də onlara nifrət edir.
***
On doqquzuncu qanun: Başqalarından hörmət, diqqət və sevgi gözləyirsənsə, ilk əvvəl sıra ilə bunları özünə borclusan. Özünü sevməyən birinin sevilməyi mümkün deyil. Sən özünü sevdiyin təqdirdə dünya sənə tikan yollasa da, sev. Bu o deməkdir ki, çox yaxında gül yollayacaq.
***
İyirminci qanun: Yolun harda sona çatacağını düşünmək faydasız bir cəhddən ibarətdir. Sən sadəcə atacağın ilk addımı düşünməyə məhkumsan. Davamı onsuz da, öz-özlüyündən gələcək.
***
İyirmi birinci qanun: Hamımız fərqli simalarda yaradıldıq. Əgər Allah hamının eyni olmağını istəsəydi, heç şübhəsiz ki, elə edərdi. Fərqliliklərə hörmət etməmək, öz doğrularını başlqalarına təlqin etmək, Allahın müqəddəs nizamına hörmətsizlik etmək deməkdir.
***
İyirmi ikinci qanun: Həqiqi Allah aşiqi bir içki məclisinə girsə, ora onun üçün namazgah olar. Amma əyyaş eyni namazgaha girsə, ora onun üçün içki məclisi olar. Bu həyatda nə ediriksə edək, fərq yaradan niyyətimizdir, surətimizlə davranışlarımız yox.
***
İyirmi üçüncü qanun: Yaşadığımız həyat əlimizə güclə verilmiş rəngarəng oyuncaqdan ibarətdir. Kimsə oyuncağı o qədər ciddi qəbul edir ki, onun üçün ağlayır. Kimsə əlinə alar almaz bir az oynadıqdan sonra qırıb atır. Ya həddindən artıq qiymət verərik, ya da qiymət bilmərik.
Həddindən artıqdan uzaq dur. Sufi nə ifratdır, nə də əksikdir. Sufi daima ortadadır…
***
Onsuz da qadınlar təbiətləri etibarilə hər şeylə maraqlanandırlar. Əllərində deyil.
***
İnsan sonunu bildiyi bir kitabı hər dəfəsində eyni maraqla oxuyarmı?
***
Bilmirdim. Öyrəndim. Deməli, bu həyatda bir kişi ilə eyni damın altında yaşayıb, eyni yatağı paylaşıb, yenə də ona həsrət qalmaq mümkün imiş. Deməli, sadəcə uzaqdakılara həsrət qalmazmış insan. Ən yaxınındakı üçün də çox gözəl darıxa bilərmiş.
***
İyirmi dördüncü qanun: Madam insan əşrəfi-məxluqatdır, yəni varlıqların ən şərəflisidir, atdığı hər addımda Allahın yer üzündəki xəlifəsi olduğunu yadına salaraq, buna yaraşacaq tərzdə hərəkət etməlidir. İnsan yoxsul olsa, böhtana məruz qalsa, həbsxanaya düşsə, hətta əsir olsa belə, yenə də başı dik, gözü tox, ürəyi təmiz bir xəlifə kimi davranmaqdan əl çəkməməlidir.
***
İyirmi beşinci qanun: cənnəti və cəhənnəmi gələcəkdə axtarma. İkisi da bu an burada mövcuddur. Nə zaman birini çıxarsız, qarşılıqsız sevməyi bacarsaq, cənnətdəyik əslində. Nə vaxt ki, biriylə dava etsək, nifrətə, həsədə və kinə qapılsaq, birbaşa cəhənnəmdəyik.
***
Eşq yer üzündəki ən qədim və ən dayanaqlı adətdir.
***
İyirmi altıncı qanun: Kainat bir vücud, tək varlıqdır. Hər şey və hər kəs görünməz iplərlə bir-birinə bağlıdır. Nəbadə, heç kəsin ahını alma, bir başqasının, ələlxüsus səndən zəif olan birinin canını incitmə. Unutma ki, dünyanın o biri ucundakı bir insanın kədəri, bütün insanlığı bədbəxt edə bilir. Və bir insanın səadəti, hər kəsin üzünü güldürə bilir.
***
İyirmi yeddinci qanun: Bu dünya bir dağ kimidir, ona necə səslənsən o da sənə səsləri elə əks etdirər. Ağzından xeyirli bir kəlmə çıxsa, xeyirli söz əks-səda verər. Şər çıxsa, sənə şər qayıdar.
Eləysə kim ki, sənin haqqında şər danışır, sən o insan haqqında qırx gün qırx gecə sadəcə gözəl sözlər danış. Qırx günün sonunda görəcəksən ki, hər şey dəyişmiş olacaq. Sənin könlün dəyişərsə, dünya dəyişər.
***
İyirmi səkkizinci qanun: Keçmiş zehnimizi ələ keçirən dumandan ibarətdir. Gələcək isə bir xəyal pərdəsidir. Nə gələcəyimiz bizə aydın ola bilər, nə də keçmişimizi dəyişə bilərik. Sufi daima bu anın həqiqətini yaşayar.
***
İyirmi doqquzuncu qanun: Qismət həyatımızın qabaqcadan yazılmış olması demək deyil. Bu səbəbdən, “nə edək, qismətimiz belədir” deyib boynunu bükmək cəhalət göstəricisidir. Qismət yolun sonunu yox, yol ayrıclarının göstəricisidir. Güzəran bəllidir, amma bütün döngələr yolçuya aiddir. Eləysə nə həyatının hakimisən, nə də həyat qarşısında çarəsizsən.
***
Əgər insanları cəhənnəmlə qorxudub, cənnətlə təşviq etməsəydi, insanlıq cığırından çıxar, dünya acınacaqlı bir yer olardı. Qorxudulmağa da, mükafatlandırılmağa da ehtiyacımız var.
***
İnsan ziyandadır, peşmanlıqdadır, qeybətdən əl çəkməz. Amma tək bir şəxs haqqında danışılan hər pis söz, xüsusilə, yalan, şər və böhtan, mütləq dönüb dolaşar və sahibinə artıqlamasıyla qayıdar. Həm də heç gözləmədiyi bir anda, gözləmədiyi bir yerdən.
***
Otuzuncu qanun: Sufi elə biridir ki, başqaları tərəfindən qınansa, ayıblansa, dedi-qodusu edilsə, hətta iftiraya məruz qalsa, o ağzını açıb heç kəs haqqında bir kəlimə pis söz deməz.
Sufi qüsur görməz. Qüsurları örtər.
***
Allah sevgisi xaricində hər şeyi bir göz qırpımında silib atmaq, özümüzü ayrı və mühüm bir varlıq hesab etmək xəstəliyindən xilas olmağımız lazımdır.
***
Otuz birinci qanun: Haqqa yaxınlaşa bilmək üçün məxmər kimi bir qəlbə sahib olmaq lazımdır. Hər insan bu və ya digər şəkildə yumşaq davranmağı öyrənir. Kimisi bir qəza keçirir, kimisi ölümcül bir xəstəlik, kimisi ayrılıq acısı çəkir, kimisi maddi itki verir. Hamımız qəlbdəki qatılıqları yox etməyə fürsət verən hadisələr yaşayarıq. Amma kimimiz bundakı hikməti başa düşüb yumşalır, kimimiz isə heyf ki, daha da sərtləşirik.
***
Otuz ikinci qanun: Aranızdakı bütün pərdələri tək-tək qaldır ki, Allaha saf bir eşqlə bağlana biləsən. Qanunların olsun, amma onları başqalarını özündən uzaqlaşdırmaq ya da mühakimə etmək üçün istifadə etmə. Ələxsüsus, bütlərdən uzaq dur, dost. Və heç vaxt öz doğrularını bütləşdirmə! İnancın böyük olsun, amma inancınla böyüklük eləmə!
***
İnsan elə qəliz bir varlıqdır ki, özünə cənnəti də yaşadar, cəhənnəmi də.
***
Vacib olan budur: baxanın kor olması günəşin işığına xələl gətirməz! Həmçinin insanlar arasındakı davadan Allah təsirlənməz.
***
Otuz üçüncü qanun: Bu dünyada hər kəs bir şey olmağa çalışarkən, sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın boş bir qabdan fərqi olmamalıdır. Necə ki həmin qabı müvazinətdə tutan çölündəki biçim yox, daxilindəki boşluqdur, insanı da ayaqda tutan mənlik hissi deyil, heçlik şüurudur.
***
Hər həqiqi eşq, gözlənilməz dönüşlərə yol açır. Eşq bir çevriliş deməkdir. Xüsusən eşqdən əvvəl və sonra eyni insan olaraq qalmışıqsa, yetəri qədər sevməmişik deməkdir. Birini sevirsənsə, onun üçün edə biləcəyin ən mənalı şey dəyişməkdir!
***
Eşqin olduğu yerdə tez və ya gec ayrılıq olur.
***
Uzunmüddətli evliliklərin belə bir faydası vardı. Artıq tək kəlimə belə kəsmədən baxışları ilə dava edə bilirdilər.
***
Otuz dördüncü qanun: Haqqa təslim olmaq nə zəiflik, nə də tənbəllik deməkdir. Tam əksi, belə bir təslimiyyət son dərəcə güclü olmağın göstəricisidir. Təslim olan insan bulanıq və burulğanlı sularda yox, əmin bir məkanda üzür.
***
Aşiq olduqları kişiləri sevgilərilə dəyişdirə biləcəklərini düşünmək biz qadınlara məxsus qədim bir adət imiş.
***
Həyatda elə qəribə səhvlər var ki, gözünün önündə cərəyan edərkən nə qarışa bilirsən, nə də durdura.
***
Otuz beşinci qanun: Bu həyatda ancaq təzadlarla irəliləyə bilərik. Mömin içindəki minkirlə tanış olmalı, Allaha inanmayan adam isə daxilindəki inananla. İnsani-kamil mərtəbəsinə çatana qədər insan addım-addım irəliləyir. Və ancaq təzadları kəşf edə bildiyi ölçüdə kamilləşir.
***
Diqqət et, kişinin qəlbinə gedən yol, qadını özündən uzaqlaşdıran yol olmasın. Onu özünə çəkmək istəyərkən, sən özünə yad olma.
***
“Sənə gələcək vəd edə bilmərəm” nə deməkdir? Nə qədər də duyğusuz bir ifadədir bu. Yəni bir kişi ancaq bu qədər ruhsuz bir cümlə qura bilərdi.
***
Otuz altıncı qanun: Hiylədən, tələdən narahat olma. Əgər biri sənə tələ qurmaq, zərər vermək istəyirsə, Allah da onlara tələ qurur. Çüxur qazanlar o çüxura özləri düşür. Bu sistem qarşılıqlı əsasa görə işləyir. Nə bir zərrə xeyir qarşılıqsız qalır, nə də bir zərrə şər.
Onun xəbəri olmadan yarpaq da tərpənməz. Sən sadəcə buna inan!
***
Otuz yeddinci qanun: Allah tükü qırx yerə bölərək həssaslıqla işləyən bir saat ustasıdır. O qədər dəqiqdir ki, onun sayəsində hər şey öz vaxtında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olmaq zamanı vardır, bir də ölmək.
***
Otuz səkkizinci qanun: “Yaşadığım həyatı dəyişdirməyə, özümü nəyəsə çevirməyə hazırammı?” deyə soruşmaq üçün heç vaxt gec deyil. Neçə yaşında oluruqsa olaq, başımıza nə gəlirsə gəlsin, tamamilə yenilənmək mümkündür.
Tək bir gün belə bir öncəkinin tipik təkrarıdırsa, çox heyf. Hər an, hər nəfəsdə yenilənməliyik. Yepyeni bir həyata doğulmaq üçün ölmədən əvvəl ölmək lazımdır.
***
Sevdiyin birini itirəndə bir parçan onunla birgə itir.
***
Ayrıseçkilik edib insanı insandan üstün tutmaq biz qullara məxsusdur, Allaha yox.
***
Otuz doqquzuncu qanun: Hissələr mütəmadi olaraq dəyişsə də bütün eynidir. Bu dünyadan gedən hər oğru üçün bir oğru daha doğular. Ölən hər dürüst insanın yerini bir başqa dürüst insan tutar. Həm də bütün heç bir zaman pozulmaz, hər şey yerli-yerində qalar, mərkəzində… həm də bir gündən o biri günə heç bir şey eyni olmaz.
Ölən hər sufi üçün bir sufi daha doğular.
***
Deməli bir qadın bir kişinin ruhuna aşiq olursa, onun xəstə vücudunu da eyni dərəcədə sevib arzulaya bilərmiş.
***
Qırxıncı qanun: Eşqsiz keçən bir ömür faydasız yaşanmışdır. Görəsən, ilahi eşqin arxasıncamı qaçım, yoxsa dünyəvi eşqinmi, səmavi və ya cismani eşqinmi deyə soruşma! Ayrı-seçkilikdən ayrı-seçkilik doğar. Eşqin adlandırılmağa və müəyyənliyə ehtiyacı yoxdur.
Azad dünyadı eşq. Ya düz ortasında, mərkəzindəsən, ya da eşiyində, həsrətində.
Tərcümə: Jalə Əsədova