Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Didye van Kovelar “Özündən çıxmış”

didye-van-kovelar-ozunden-cixmis-didier-van-kowelart-hors-de-moi-out-of-my-head-kkoAnnotasiya

“Özündən çıxmış” (fransızca “Hors de moi”) – fransız yazıçısı, tənqidçisi, ssenaristi, bir çox ədəbi mükafatların, o cümlədən Qonkur mükafatının laureatı Didye van Koveların bu romanı müəllifin bestselleri siyahısındadır. Komadan ayılan Martin bütün sənədlərinin, işinin, evinin, bir sözlə, həyatının başqası tərəfindən oğurlandığını görür və başa düşür ki, heç kim, hətta həyat yoldaşı da ona inanmır. Belə olduğu təqdirdə Martin özünün kim olduğunu sübuta yetirməyə çalışır.

2011-ci ildə əsər əsasında lentə alınmış “Naməlum” filmi 61-ci Berlin kinofestivalının müsabiqədənkənar proqramında iştirak edib. Ekran işində baş rolları Liam Nison və Dayan Krüger canlandırıb.

 

Karandaşın izi ilə

– Konyak? Marka konyakımız var, ili də yaxşıdır, təzə gətirmişik, istəmirsiniz?
Kobudcasına cavab verirəm ki, konyakın üstündə il qeyd olunmur. Təbəssümü dodaqlarındaca donub qalır. Onunla qəsdi-qərəzliyim yoxdur, ancaq bu cür yalan məndə qarşısıalınmaz qəzəbə səbəb olur. Gözlərindən oxuyuram: daha bir gəlmə, ləhcə ilə danışır, ancaq başqaları kimi o da, mənə, fransıza konyak seçmək öyrədir.

– Sadəcə koka-kola gətirin.
– Konyaka gəldikdə isə diqqətinizə çatdırım ki, Bordo apellyasiya məhkəməsi ilə ekspert müqaviləsi olduğu təqdirdə istehsalçı 1970-ci ildən sonra buraxılan konyakın üstündə ili qeyd edə bilər. Hətta 1970-ci ildən əvvəl buraxılanın da. Təbii, əgər həmin konyak karbon-14 üzrə istehsal olunubsa.
– Bağışlayın, onda konyakla koka-kola verin.

***

Büründüyü tankəleyhinə zirehində qəfildən deşik açılmış mələk.

***

– Adınız?
– Martin.
– Qadın adı kimi?
– Yox, “Martin” kimi tələffüz edilir, ancaq…
– Fransızca “Marten” olacaq.
– Elədir.
– Fəaliyyətiniz?
– Botanik.
Hərf-hərf deməyə başlayıram ki, polis sözümü ağzımda kəsir, botanikin nə olduğunu yaxşı bilir, bu bitkidir:
– Qısacası, bağban, – deyə tərcümə edir.
– Yox. Yel universitetində laboratoriyaya rəhbərlik edirəm, hazırda isə Aqronom Tədqiqatlar Milli İnstitutunda biogenetika şöbəsində işləyirəm.

***

İnsan absurda necə də tez qapılır!

***

Ətrafdakıların ən mənasız davranışları təkrarlanırsa, onlarda belə bir məntiq ortalığa çıxır.

***

Başqalarının da problemləri var. Və onların həll edilməsi üçün lazım olduğundan daha çox güc tələb olunur, – bu bir az insanı sakitləşdirir.

***

O da mənim kimi tənha uşaqdır, yəqin o da arzularla böyüyüb. Arzusunu qoruyub saxlasa da, onu hələ də həyata keçirə bilməyib, ona görə həyat onu sındırmayıb.

***

Qulağıma pıçıldayır:
– Allah xətrinə, subtitrlərsiz. Belə daha maraqlıdır.

***

Öz həyat hekayəni yad bir insanın ağzından eşitmək. Bu elə bir hissdir ki, sanki bildiyim, duyduğum hər şey su kimi məndən axıb başqa insana tökülür. Məndən daha yaxşı, daha parlaq, daha yeni insana. Şərabı da qrafinə belə tökürlər, butulkanın dibində isə sadəcə bulanıq çöküntü qalır.

***

– Götürək elə sizdən yarım ay əvvəl baş verən maraqlı bir hadisəni: gənc oğlan komadan ayılanda bütün əqli qabiliyyətləri yerində idi, bircə yaddaşından sosial etiket silinmişdi. Əgər kimsə ona baş çəkməyə gəlib, gec gedirdisə, gənc oğlan qonağın çıxıb getməyini istəyirdi. Əgər kimdənsə tər iyi gəlirdisə, gənc bunu yüksək səslə bildirirdi. Eybəcər insanın çatışmazlıqlarını göstərirdi. Bir sözlə, ağlında nə idisə, dilində də o idi. Buna görə onun ailəsində dəhşətli dramlar yaşanırdı. Və gəncin başına yeritmək olmurdu ki, cəmiyyətin bir üzvü olan insan daim yalan danışmaq məcburiyyətindədir. O bunu cəfəng, yolverilməz, hətta nalayiq təklif hesab edirdi. Sanki insanların gözü qarşısında şalvarını çıxarıb işəmək təklif olunurdu. Yəni nəinki mədəniyyət qatı silinmişdi, bundan sonra yaranan boşluğu məntiq doldurmuşdu.

***

Səndən imtina edildiyində bu izsiz ötüşmür. Səni rədd etmələri, mövcudluğunu şübhə altına almaları və kim bilir, nələrdə təqsirli bilmələri səni zalım edir, içindəki nifrəti, yalquzaq qəzəbini oyandırır. Onları inandırmaq üçün bütün vasitələri – səmimilik, ağlın dəlilləri, səriştəlik, sarı simlər – bunların hamısını tükətmişəm. Təkcə güc işlətmək qalıb.

***

Sanki özüm olmaq haqqını əlimdən almaları cəmiyyətin insanı sosial rol çərçivəsinə salmaq üçün ona sırıdığı bütün maneələri, dəyərləri, qaydaları aradan qaldırır. Artıq heç bir çərçivə, oriyentir bilmirəm, mənim üçün qanun yazılmayıb. Çünki məni qəbul etmirlər. Çünki məni görmürlər.

***

Qurşağadək çılpaq şəkildə soyunub-geyinmə otağının güzgüsündə özümə oxşayırdım – şəhərli kimi geyinən meşə sakini, çimmiş, üzünü qırxmış, saçlarını düzəltmiş, mədəni və pasterizə olunmuş; meşəqıran meqapolisdə. Xizək məşqçisi də qarsız eynilə bu cür görünür: öz mühitindən uzaqda çirkin, maraqsız və sönük.

***

– Martin, sizin əla sənətiniz var. Deyin görüm, siz həqiqətən ağaclarla danışa bilirsiniz? Onlar sizə cavab verirlər?
– Özü də necə.
– Hansı yolla?
– Müxtəlif yolla, ağacın növündən asılıdır.
– Sizə həsəd aparıram. İnsan cinsinin nümayəndələri elə bir cür olur.
– Mən susa bilərəm.

***

– Həkim, siz reinkarnasiyaya inanırsınızmı?
– Yəni? Siz keçmiş həyatlar barəsində nəzəriyyəni nəzərdə tutursunuz? Guya dünyaya gələn bütün körpələrin hamısı bir vaxtlar yaşayıblar? Guya vicdanla yaşamasan, növbəti həyatında bədbəxt, yoxsul və xəstə olacaqsan? Yox, inanmıram. Bu özünütəlqindən başqa bir şey deyil.
– Planetin üçdə ikisi inanır.
– Planetin üçdə ikisi aclıq çəkir. Bu ki aclığa haqq qazandırmır.

***

– Bilirsinizmi, laboratoriya siçanlarının beyinlərinin doxsan faizi çıxarılsa belə onlar labirintdə yolu tapırlar.
– Bunun mənə nə aidiyyatı var ki?

***

Əlimdə bircə gözlərimi sevindirmək qalıb. Rəng və yaddaş…

***

Qəribədir, belə çıxır ki, əgər səni indiki zamandan çıxarıb atıblarsa, keçmiş bundan yalnız cavanlaşır.

***

Bilirəm, o biri, başqası niyə həqiqi deyil. Bu onun üzündən, sərbəstliyindən, soyuqqanlılığından görünürdü. O utanmırdı, qızların həqarətli baxışlarını öz üzərində hiss etmirdi. Ondan heç vaxt qızardılmış kartof iyi gəlməyib. Başa düşürəm ki, bu dəlil gözlədiyim sübutlarla müqayisədə heç nədir, lakin mənə ən çox təsir edən məhz odur. Onda çatışmayan budur – UTANC. Bağlı pərdələr arxasında Lizlə çıxardığı hoqqalardan daha çox buna görə ona nifrət edirəm. Onun saxta mal olmağı dərd yarıdır, ən pisi odur ki, keyfiyyətsiz saxta maldır.

***

Sual budur ki, mənim varlığımın üstündən xətt çəkmək, həyatım barəsində faktları silmək, bütün dünyanın gözü qarşısındə məni məhv etmək, özü də iki nüsxədə məhv etmək kimə lazım idi?

***

Ya da sadəcə laqeydlik və rutinə görə bəzi şeylər unudulur. Gec-tez bizim hamımız bu laqeydlik və rutinin qurbanı oluruq. Hətta ehtirası ilə bunlardan özünü sığortalı hesab edənlər belə.

***

Belə həyatdan xoşum gəlir; dəqiq, sıx və qapalı; kiçik gündəlik dramların və gərginliklərin məcmusu, heç bir perspektiv və yalan vədlər olmadan. Bir tədris rübündən o biri tədris rübünə, bir maaşdan o biri maaşa kimi. Kütlə içərisində tənhalıq, qapalı məkanda kilometrlər, hava limanlarında gözləmələr, sərnişinlər və boş daşımalar. İş qrafikindən uşaqlar üçün oğurlanan saatlar, əlacsız fədakarlıq, məhkumluq.

***

– Müriel, həmişə sübut etmək olar ki, sən elə sənsən.

***

– Həyat elədir ki, nəfəsini dərməyə vaxtın olmur. Bəlkə belə daha yaxşıdır. “Çinzano” içəcəksən?

***

– Bu yaddaş deyilən şey zibil şeydir. Xəstəxanada gözlərini açanda fikirləşirdim ki, amneziyada olacaqsan və bəxtinin gətirdiyi üçün sənə paxıllığım tuturdu.

***

Mən onu qayğısız, şux və zərif gördüm. Həmişə belə olub, sadəcə həyat ona nəfəs almağa imkan verməyib. O, həm oyuncaqlarını, həm də özünü sındıran ərköyün uşaq deyil, sevgi ilə şəfa tapan yaralı qadındır.

***

Səmimi şəkildə etiraz edirəm. Son üç gündə etdiyim kimi. Yalnız bircə fərqlə, indi səmimiliyim inam oyadır. Çünki mən onu nəzarətdə saxlayıram.

***

Hazırda əhəmiyyət daşıyan yeganə şey saxta sənədlərlə yaşadığımız əsl həyatdır.

***

Vacib olan elədiyim pisliklər deyil, eləyə biləcəyim yaxşılıqlardır.

 

Tərcümə: Lamiyə Göycəyeva

2 (40%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram