Annotasiya
“Sükanı belə saxla, Civs” (ingiliscə: “Carry on, Jeeves) – XX əsr İngilis ədəbiyyatının ən görkəmli yumorit-yazıçılarından biri olan Pelam Qrenvill Vudhaus eyni zamanda nasir, dramaturq və komedioqrafdır. Yazıçının əsərləri ona Britaniya imperiyası ordenini qazandırıb. İncə ingilis yumorunu sevən hər bir kəs Vudhaus qəhrəmanlarını çox yaxşı tanıyır, lakin onun yaradıcılığında xüsusi yeri, əlbəttə, Civs və Vuster cütlüyü tutur.
Hekayələr toplusunda tez-tez çətin vəziyyətə düşən zadəgan cənab Vuster və daim onun köməyinə çatan kamerdiner Civsin əyləncəli sərgüzəştlərindən danışılır.
Karandaşın izi ilə
Aqata bibi nə istəyir istəsin, siz onu edəcəksiniz. Öz təcrübəmdən bilirəm. Yox əgər etməsəniz, sonra başınızə qaşıyacaqsınız ki, görəsən keçmişdə xalq ispan inkvizisiyasının gözündən düşəndə niyə bu qədər narahat olurdu?
***
Nyu York Amerika sahillərində yerləşən böyük şəhərdir. Gəmidən düşdünmü, artıq Nyu Yorkdasan, daha heç bir yerə getmək lazım deyil.
***
Nəticədə Nyu Yorkda olmuş başqa insanlarla da danışdım. Bu şəhər onlara da eyni cür təsir edib. Çox güman, havasında nəsə xüsusi, həyəcanlandırıcı bir şey var. Yəqin, ozon, ya da fosfatlardandır. Belə demək mümkündürsə, azadlıq hissi. O qanınıza işləyir, gümrahlandırır, başınıza yeridir ki, həqiqətən də
Tanrı göy üzündə,
Yer üzündə tam sakitlikdir.
Və səhər tezdən ayağınıza fərqli corablar geyinsəniz də, bunun heç bir əhəmiyyəti olmur.
***
Görsən ki, bax o qapıdan əlli yeddi buxağı olan gombul kişi çıxır, tez onu tut. Çünki o Eyb olacaq. Eyb qalxdığı hər növbəti pilləni yeni buxaqla qeyd edən iş adamlarındadır.
***
– Yadında, Bristol yolunda sənə bir paket bulka almışdım?
– Hə, amma…
– Bəs Portsmunda sənə vetçinalı buterbrod gətirməyim?
– Co!
– Bəs Birmingemdə zirəli kökə? Bütün bunlar səncə nə demək idi? Aydın məsələ idi ki, səni sevirdim.
***
Ümumiyyətlə, portret janrının öz incəliyi var. Bunu dəqiq bilirəm: kimsə sizə portret sifariş etdikdən sonra portret çəkirsiniz, ancaq bir yığın portret çəkməlisiniz ki, kimsə gəlib nəsə sifariş etsin. Yeni başlayan şöhrətpərəst rəssam üçün ağır deməsək də, çətin şərtdir.
***
Müşahidələrimə əsasən deyə bilərəm ki, Amerika sənayesinin tipik kapitanı qeyri-iş saatlarında sözün əsl mənasında heç bir iş görmür. Pişiyi küçəyə buraxdıqdan və gecə kontorun qapılarını bağladıqdan sonra dərhal qış yuxusuna gedir. Və yuxudan yalnız ona görə oyanır ki, yenidən Amerika sənayesinin sükanının arxasına keçsin.
***
O, “Amerika quşları” adlı kitab yazıb. İndi də “Daha bir dəfə Amerika quşları haqqında” adlı başqa bir kitab üzərində işləyir.
***
Bilmirəm niyə – yəqin psixoanalizin korifeyləri daha yaxşı bilər – ancaq dayılar və bibilərin bir sinif kimi heç bir səhnədən xoşu gəlmir. İstəyir bu səhnə opera, dram və yaxud başqa səhnə olsun. Bu onlar üçün boğaza ilişib qalmış sümük kimidir.
***
Niyə belə bir kədərdə insanın gözünü qabar etməliyəm ki? Şəfqətimi ona telepatik yollarla göndərəcəm.
***
Mən optimistəm. Həmişə də optimist olmuşam. Yaşımın üstünə yaş gəldikcə görürəm ki, Şekspir və onun kimi başqa şairlər aşağıdakı fikirləri iddia edərkən necə haqlı imişlər: gecə ən çox gün çıxmamışdan öncə qaranlıq olur, qara buludun aydın tərəfi var və ümumiyyətlə, heç vaxt harda tapdığını, harda itirdiyini bilmək olmur.
***
Razılaşın, əgər sizi bibinizin şərəfinə Rokmeteller adlandırıblarsa, məncə, bunun özü pul kompensasiyası tələb edir.
***
Nyu York həyatı məni öldürəcək. Altı milyon ikiayaqlı ilə eyni havanı udmaq! Bütün gün pencək və bərk yaxalıqlarda gəzmək! Bütün gün… İlahi pərvərdigara! Axı hər axşam şam yeməyi üçün əynimi dəyişməli olacam. Dəhşət!
***
Köhnə sınaqdan çıxmış vasitə!
– Bir fincan çay istəmirsiniz?
– Çay? – o sözü elə tələffüz etdi ki, sanki ömrü boyu bu içki barədə heç nə eşitməyib.
– Yoldan gəlmisiniz, bir stəkan çay ən yaxşı şeydir, – deyirəm. – Yorğunluğunuzu necə lazımdır götürəcək! Sizi yaxşı silkələyəcək. Yəni, gümrah edəcək. Gedim Civsə deyim.
***
Bilirsiniz, insanın başına bəla gəlirsə, buna sevinməlidir deyən şair və filosoflarla, deyəsən, razılaşmalı olacağam. Ümumiyyətlə, əzab-əziyyət vasitəsilə təmizlənmə barədə çox şey yazılıb. Guya o insanı daha səbirli və mərhəmətli edir. Əgər bu kədəri özün yaşamısansa, başqa kədərli insanları da daha yaxşı başa düşməyə başlayırsan.
***
– Civs, həyatda ən yaxşı şey öz evində olmaqdır, düzdür?
***
– Cəfəngiyyatdır!
– Çox yaxşı, ser.
– Əzizim, mükəmməl bir axmaqlıq.
– Necə məsləhətdir, ser.
Birdən elə hiss etdim ki, sanki pilləkənla bir addım yuxarı atmışam, pillələr isə artıq qurtarıb. Necə deyərlər, tamamilə döyüş əzmində idim, ancaq döyüşməyə adam yox idi.
– Belə. Lap yaxşı.
– Bəli, ser.
***
Ser, ayaqları şişdiyi üçün uzun illər əziyyət çəkən bibim var idi. Sonra “Uokinşounun möhtəşəm maz”ından istifadə etməyə başladı. Və maz ona o qədər kömək oldu ki, bibim qəzetə məktub yolladı. Qəzedə onun xəstəliyi haqqında məqalə yazdılar, ayaqlarının “əvvəl” və “sonra” başlıqlı şəkillərini qoydular. Özü də “əvvəl”dəki şəkillər elə iyrənc idi ki, adam baxa bilmirdi. Elə həmin anda mən başa düşdüm ki, insanlar məşhur olmaq istəyir, məşhurluğun növünün isə fərqi yoxdur. Bundan başqa, ser, əgər psixologiyanı öyrənmək imkanınız olubsa, çox güman eşitmisiniz – ən hörmətəlayiq yaşlı cənablar istəyirlər ki, insanlar onların cavanlıqla necə diribaş olduqlarını bilsinlər.
***
– Ser, Nitsşe xoşunuza gəlməyəcəkdi. Bu qeyri-sağlam mütaliədir.
– Rədd olun!
– Çox yaxşı, ser.
***
– Yeri gəlmişkən, Civs. Damalı kostyumuma gəlincə…
– Bəli, ser?
– O doğrudan da pisdir?
– Deyərdim ki, bir balaca qəribədir.
– Lakin bir çoxları yaxınlaşıb dərzimin soyadını soruşur.
– Şübhəsiz, onun xidmətlərindən istifadə etməmək üçün, ser.
***
Bir dəfə mənə rədd edilmiş aşiq haqqında danışmışdılar. Qız onu rədd etmişdi. O da xaricə yollanmışdı. İki aydan sonra qız teleqramm göndərmişdi: “Qayıt. Müriel”. O oturmuşdu ki, cavab yazsın, birdən görmüşdü ki, qızın soyadını xatırlaya bilmir. Buna görə teleqramma heç cavab verməmişdi və sonrakı həyatı şad-xürrəm davam etmişdi.
***
– O boğulanda onu xilas etməlisən.
– Axı mən üzə bilmirəm.
***
Düz sözümdür, arxamca bu gombul uşağı sürüyə-sürüyə yorucu səyahətə çıxmamışdan əvvəl uşağı valideynlərinə qaytarmağın necə əziyyətli bir iş olduğunu təsəvvür belə etmirdim.
***
İndi isə yalnız “Dəniz istirahəti”ni tapmaq qalırdı. “Dəniz üfüqü”, “Dəniz mənzərəsi”, “Dəniz küləyi”, “Dəniz daxması”, “Dəniz bunqalosu”, “Dəniz sığınacağı” və “Dəniz malikanəsi”nə baş çəkdikdən sonra, nəhayət, “Dəniz istirahəti”ni tapdım.
***
– Ümumiyyətlə, – dedim, – uşaq evə isti və rahatlıq gətirir. Razısanmı?
Elə bu dəm Yekəqarın süd fincanını düz Freddinin şalvarının üstünə dağıtdı. Freddi əynini dəyişib qayıtdıqdan sonra artıq sualıma müsbət cavab vermək iqtidarında deyildi.
***
– “Dözəy xaya, sən əmini seviysən?” – kifayət qədər aydın səslənmir. Nəsə başqa şey lazım…
– Ser, öz variantımı təklif edə bilərəm?
– Eşidirəm.
– Sadəcə iki sözdən ibarət cümlə təklif edərdim: “Freddini öp”. Bu həm qısadır, həm yaxşı yadda qalır, həm də, deyərdim ki, fəaliyyətə sövq edir.
***
Deməli olduğum hər şeyi dedim. Mənə elə gəlirdi ki, bu yerdə rolumla bağlı belə bir müəllif qeydi dayanırdı: “Sakitcə gedir”.
***
İddia etməyəcəm, amma məncə bunu deyən Şekspir idi, ya da onun kimi ağıllılardan biri: hər şeyin əla olduğunu hiss etməyə macal tapmamış, baxırsan ki, tale arxadan əlində qurğuşun borusunun bir hissəsi ilə sənə yaxınlaşır.
***
Səhər yeməyinə kimi mənlə zarafat edilməsindən nifrət edirəm.
***
Əziz dostum ser Rocer Kremorn isə Amerikada cəmi iki həftə qalmaqla “Amerika içəridən” adlı kitab yazmışdı.
***
Bu xatirələrə sahib olmaq üçün yeganə şansımdır və mən bu şansı əlimdən qaçırmayacağam.
***
Məncə ventilyatora soyutma yumurta atan uşaq üzərinə lazımsız diqqət cəlb edir.
***
Bikki məndən borc almağı xoşlamırdı. O həmişə deyirdi ki, dostluq müqəddəs şeydir və onun dostlarını yolmamaq kimi bir prinsipi var idi.
***
– İnandırım sizi, bezmişəm. Bu axmaq yeknəsəqlikdən adam özünü də axmaq hiss edir.
Etiraf edim ki, onun bu sözləri məndə müəyyən narahatlığa səbəb oldu. Əvvəl xidmət göstərdiyim bir neçə cənabdan da belə fikirlər eşitmişəm və bu, demək olar ki, dəyişilməz şəkildə o deməkdir ki, onlar evlilik haqqında düşünürlər.
***
Təcrübəm isə göstərir ki, arvad giriş qapısından içəri girən kimi sabiq subay kişinin kamerdineri arxa qapıdan çölə çıxır.
***
– Civs, bu qızlar məzəli varlıqlardır.
– Tamamilə doğrudur, ser.
– Hərçənd təsəvvür etmək çətin deyil – başqalarına yorucu gələ bilərlər. Belə hmm…
– Belə çox sayda, ser?
– Bəli. Sayları çox olanda bir balaca yorucu olurlar.
***
– O teatr işçisidir. Ya da nəsə buna bənzər bir şey.
– Buna bənzər şey nə deməkdir?
– Bilirsən, rəssamlara modellik edən, maneken, – belə bir şey. Bir az pul yığıb iş axtarmaq üçün Amerikaya yollanıb. Özü haqqında hər şeyi mənə danışıb. Atasının Klapemdə süd dükanı var. Bəlkə də Kriklvudda. İkisindən biri, ya süd dükanı, ya da ayaqqabı mağazası, bunu dəqiq yadımda saxladım.
– Bəli, qarışdırmaq mümkün deyil.
– Sadəcə istəyirəm başa düşəsən ki, onun yaxşı, sağlam burjua kökləri var. İstənilən kişi belə arvadla qürur duyar.
– Kimin arvadıdır?
– Hələlik heç kimin. İstərdim mənim olsun, ancaq onu itirmişəm.
***
– Berti, dostum. Allah xatirinə, nəyi demək istədiyim və nəyi demək istəmədiyimlə bağlı mənə məsləhət vermə.
***
Bilmirəm, sizin başınıza qəzetdə məktəb dostunuzla, bir ehtiyatsız addım atmış olsaydınız sizin özünüzün həmişəlik evli olacağınız qadınla nişan xəbərini oxumaq qismət olubmu? İnsan özünü elə hiss edir ki, sanki, necə deyim… Uşaqlıq dostu ilə cəngəllikdə gəzməyə çıxan insan, yəqin, özünü belə hiss edə bilər. Cəngəllikdə gəzirlər və birdən qarşılarına pələng, ya yaquar, ya da başqa bir heyvan çıxır, o, son anda ağaca dırmaşmağa macal tapır, aşağı baxır, dostu isə vəhşinin yırtıcı çənəsində sıxılıb yox olur.
***
On altı tennis setində və bir neçə qolf oyununda sizi cırıq-cırıq edən bu zərif məxluq sonra gümrah şəkildə nahar yeməyinə təşrif buyurur və onunla Freyd barəsində intellektual söhbət aparacağınızı gözləyir. Onunla daha bir həftə nişanlı qalsaydım, psixiatr atasının xəstələrinin sayı daha bir nəfər artacaqdı.
***
Adətən, ötən axşam ağlına gələn parlaq fikir səhərin ilk şüalarında bütün parıltısını itirir.
***
Ser Roderik mən tərəfə bir balaca qaşını qaldırdı. Dərhal başa düşdüm ki, mənim yerim zibil qabındadır və gərək ordan heç çıxmazdım.
***
Həyatda elə məqamalar olur ki, sözə ehtiyac qalmır. Mən Biffiyə baxdım, Biffi mənə baxdı. Qarşılıqlı anlayış ürəklərimizi birləşdirdi.
– ?
– !
***
İddia edirəm, gözəl bir qadını şüşənin arxasına yerləşdirsələr, o, gözəlliyinin əhəmiyyətli bir hissəsini itirir.
***
Polis əməkdaşından hadisələrə romantik baxış tələb etmək olmaz.
***
Burda Civsə çəpəki baxdım. Yandan insana kəskin baxış atmaq çətin olsa da, bunun öhdəsindən gəldim.
***
– Bu planın nəyi xoşuna gəlmir?
– Alınmayacaq. Əgər bibin bizim təsərrüfat müdirəmizi işə götürsə, gərək özününkünü işdən çıxara.
– Və?
– Onda onu sevən sürücü də işdən çıxacaq.
– Bibimi sevən?
– Yox, təsərrüfat müdirəsini. Məlum oldu ki, bibinin əri başqa sürücüləri sürücü yerinə qoymur, bu ən diqqətlisidir.
İndi biz nə edək? Heç təsəvvürümə belə gətirməzdim ki, qulluqçuların həyatı, indi necə deyirlər, seksual komplekslərlə bu qədər zəngindir. Cütlüklər hər yeri basıb, elə bil vodevil nümunəsidir!
***
– Şübhəsiz, siz mənim anamı xatırlayırsınız? – Eksponat A-nı göstərən professor kədərli şəkildə soruşdu.
– E-e-e, hm-m-m! – üzümdə xoşbəxt təbəssüm yaratmağa çalışaraq cavab verdim.
– Və xalamı, – professor sanki həyat daha da zülmət bir yerə çevrilirmişcəsinə nəfəs aldı.
***
– Civs, nə edək?
– Fikirləşmək lazımdır, ser.
– Sən fikirləş. Mənə lazım deyil.
***
Allah onun qədim, ziyalı ruhundan razı olsun.
***
Pırtlaşıq qaşların altından baxan gözlər və keçəl kəllə üstünüzə yeriyirsə, geriyə çəkilmək üçün strateji dəmiryol xəttinin hələ inşa edilmədiyini hiss etmək heç də xoş deyil.
***
Tezliklə qarşımda orta ölçülü bağ evi gördüm. Malikanənin yaxşı qulluq görmüş bağçası, sanki tozsoranla təmizlənmiş kolluqların arasından qövs boyu salınmış çınqıllı enli giriş yolu var idi. Qısacası, bu ev ilk baxışdan insanın beynində belə fikir oyadırdı: “Burada kiminsə bibisi yaşayır”.
***
Əgər hər bir ingilis gənci polisin qarnına yumruq atsaydı, ölkəmiz daha yaxşı vəziyyətdə olardı!
***
Bundan başqa, həyatın mənə öyrətdiyi bir şey var idisə də, o da ondan ibarət idi ki, ağlı başında olan insan qadın yazıçılardan uzaq durmalıdır.
***
Qonaq otağının qapısından ayağımı içəriyə atan kimi çox rahat bir məkana düşdüm. Buxarıda odun alovlanırdı, rahat kreslolar var idi, çay stolundan yağlı çörək dilimlərinin və yumşaq bulkaların şənləndirici ətri yayılırdı – əlbəttə, bunların hamısı yağmurlu qış gecəsində uzun sürən səfərdən sonra xoş təsir bağışlayırdı. Ancaq otaqda olanlara bir dəfə baxmaq kifayət idi ki, ətrafdakı hər şeyin göz oxşadığı, yalnız insanın əhəmiyyət kəsb etmədiyi bir yerə düşdüyünü başa düşəsən.
***
Qarşımda yağla çəkilmiş böyük rəsm tablosu asılmışdı. Əgər səhv etmirəmsə, rəsmin süjeti klassik adlandırılan süjetlərdən idi: əynində minimum sayda paltar olan kök qadın göyərçinlə nəsə müzakirə edirdi.
– Venera? – təxmin etdim. Belə desən, heç vaxt yanılmazsan.
– Hə. Qoca Fodergillin əl işidir. O, qadını türk hamamında təsvir edib tablonu “Venera” adlandıra bilən insanlardandır.
***
– Berti! – Daliya bibim boğuq səslə tələffüz etdi. Mənə elə qəribə baxırdı ki… yəqin cavanlığında tülkü ovuna çıxarkən dovşan dalınca qaçan işəyaramaz ov itlərinə də belə baxırmış.
***
– Cənab Vuster! – o dedi, daha doğrusu, mələyən səslə kəkələdi. – Allaha şükür, siz Everard deyilsiniz!
Bu məni də qane edirdi.
***
– Yumurtanı sındırmadan qayğanaq hazırlamaq olmaz.
– Sizin fikrinizdir?
– Yox, Civsin. Meyidinin üzərində dayanarkən bu cümləni dedi.
***
Onu gəlişim münasibətilə sevinclə təbrik etdim.
– Civs, budur, qayıtdım!
– Axşamınız xeyir, ser! Səfəriniz necə keçdi?
– Pis olmadı. Ancaq yenidən evdə olmağıma şadam. O adam ev haqqında nə demişdi?
– Ser, əgər siz Amerika şairi Con Hovard Peyni nəzərdə tutursunuzsa, o, evlə sarayları və dəbdəbəni müqayisə edir və təbii ki, müqayisə birincinin xeyrinə başa çatır, sonra isə yazır: “Ev, əziz ev, evdə olmaq hər şeydən yaxşıdır”.
– O elə də həqiqətdən uzaq olmayıb. Bu Con Hovard Peyn ağıllı-başlı adam imiş ki.
– Mənə məlum olduğu qədərilə, oxucular ondan həmişə razı qalıblar, ser.
***
Onun qəlbində bir ağırlıq var. Gördüyüm qədərilə, fiziki cəhətdən tamamilə qaydasındadır, maşallah, bütün tərəvəzlərin acığına turp kimidir.
***
Persi alkoqolla qidalanmağın mümkün olduğu fikrini başından atsa, normaya düşəcək.
***
Köhnə müdrik atalar sözündə deyildiyi kimi, atı suya gətirmək olar, ancaq onu Santa Klaus olmağa məcbur etmək olmaz.
***
Ata tərəfdən qohumum olan bu qoca qadının məni isti qəbul edəcəyini gözləmirdim. Yaxşı ki, gözləmirdim. Çünki isti qəbul etmədi.
***
– Babaların Xaç yürüşlərində döyüşüblər, onların adları tez-tez hərbi hesabatlarda hallanıb, sən isə qarışqanı belə incitməyən sevimli uşaqların qarşısında Santa Klaus rolunda çıxış edəcəyini düşünəndə duzlanmış dəniz ilbizi kimi qısılırsan. Bu kifayətdir ki, doğma bibin üzünü divara çevirsin və hər şeyə əlini yelləsin. Bəlkə, – bir dəqiqəlik yumşalaraq əlavə etdi, – bura fikrini dəyişdiyini deməyə gəlmisən?
– Qorxuram ki, yox, yaşlı qohumum.
– Onda rədd ol və yolüstü çalış avtobusun altına düşəsən. Bu zaman orada olub sənin partladığını görmək xoş olardı.
***
– Daliya bibi, – dedim, – bir insan həyatının xoşbəxtliyi və sevinci sizin əlinizdədir.
– Bu sənin həyatındırsa, heç nə eşitmək istəmirəm.
***
– Planım belədir: dəlicəsinə Qonoriyanın nazı ilə oynamağa başlayıram, onu nahar və şam yeməklərinə, teatr və gecə klublarına aparıram. Ailə kabusu kimi onu təqib edirəm, deşikli plastır kimi ona yapışıram.
Bu yerdə mənə elə gəldi ki, bibim “Yazıq qız!” deyə mızıldandı.
***
– Birdən Qonoriya onunla nişanlanmaq istəməsə?
– Boş şeydir. O, hətta mənimlə də bir dəfə nişanlanıb.
***
– Burada əsaslı aktyor hazırlığı tələb olunur. O, bu rolda inandırıcı olacaqmı?
– Üzünüzü isti öpüşlərə qərq edəcək. Əgər bunu nəzərdə tutursunuzsa.
– Məni daha çox dialoq narahat edir. Birdən mətni yanlış söyləsə? Bəlkə daha təcrübəli aktrisa dəvət edək?
– Triksi də təcrübəli aktrisadır. O artıq neçə ildir ki, pantomimalarda Məlikə Pərini oynayır.
***
Onun pul kisəsində çoxuşaqlı güvə yuva salıb.
***
– O, pantomimalarda Məlikə Pərini canlandırır. Londonda deyil, Lids, Uiqan, Hall və Haddersfildə oynayır. Buna səbəb isə yüksək təbəqələrin həsədidir. “Hall deyli nyus” qəzetində onun haqqında “istedadlı ceyran” sözləri yazılmışdı.
Eqlstoun susdu, görünür, verdiyi son məlumatı düşündü, sonra isə heç çəkinmədən indi gənc romançılar arasında dəb olan bir şəkildə – birbaşa və açıq-aydın bildirdi:
– O begemota oxşayır.
Fikrimdə müqayisə etdim:
– Bəli, oxşarlıq var. Yəqin pərilər Lids və Haddersfild kimi şəhərlərdə xalqın sevgisinə qiymət verirlərsə, onlardan müəyyən miqdarda ətlilik tələb olunur. Şimal tamaşaçısı ödədiyi məbləğə daha çox şey almaq istəyir.
***
Yaz mövsümündə cütlüklərin tapışmasına baxmaqdan xoşum gəlir. Düzdür, indi yaz mövsümü deyil, ancaq prinsip dəyişməz olaraq qalır.
***
– Konfransda iştirak etməyimi istəmirsiniz?
– Yox.
– Amma üç baş iki başdan daha yaxşıdır, – israr etməyə cəhd göstərdim.
– Onlardan biri tamam sümükdəndirsə, yox, – əvvəlki ifadə tərzinə qayıdan yaşlı qohumum sözümü ağzımda kəsdi.
***
Bizim bu narahat dövrdə yəqin ağlı başında olan hər insan bu haqda fikirləşib: bibilərə qarşı ən qəti tədbirlər görmək vaxtıdır. Mən, məsələn, artıq çoxdandır hesab edirəm ki, bu qəbildən olan qohumları cilovlamaq üçün bütün yolları sınaqdan keçirmək lazımdır. Kimsə yanıma gəlib “Vuster, azadlıqda olub hər yerə xaos və təxribat yaya bilməsinlər deyə məqsədi bibilərin fəaliyyətinin qarşını almaq və ya heç olmasa, onları yedəkdə saxlamaq olan yeni cəmiyyətə daxil olmaq istəmirsinizmi?” desə, belə cavab verərdim: “Uilbraham! – əgər adı Uilbraham olsaydı, – bütün qəlbimlə və ruhumla sizinləyəm, məni təsisçi-üzv kimi qeyd edin!”
***
– Civs, diqqətlə qulaq asın. Mən lovğa və ürəkləri fəth edən bir kişi deyiləm, ancaq nədənsə yanımda qızlar səylə saçlarını düzəltməyə və qaşlarını oynatmağa başlayırlar. Bilirsiniz ki, boş yerə həyəcan siqnalı çalmıram, düzdürmü?
– Bəli, ser.
– Ancaq, Civs, elmi cəhətdən sübut olunub ki, mənim kimi gənclərə meyl edən müəyyən qızlar var.
– Doğrudur, ser.
– Əminəm ki, mənim yaşımda olan normal insanın sahib olmalı olduğu ağlın əlli faizdən azına sahibəm. Məncə, miss Eloizanın ağlı normadan iki dəfə çoxdur. Civs, nə edim? Bilmirəm, bu niyə baş verir, ancaq bununla belə bu birinci dəfə deyil ki, baş verir.
– Bəlkə bununla təbiət eyni növün fərdləri arasında tarazlığı qoruyub saxlamağa çalışır, ser.
Tərcümə: Lamiyə Göycəyeva