Annotasiya
“İstək toxum” (ingiliscə “The Wanting Seed”) – Entoni Börcesin qələmə aldığı bu antiutopik romanda yaxın gələkdən bəhs edilir: dünya qlobal əhali çoxluğundan əziyyət çəkir, kannibalizm və məqsədsiz müharibələr norma hesab edilir. Və oxucu belə bir sualla qarşılaşır: qeyri-mükəmməl insanların yaşadığı dünyanı mükəmməl etmək olarmı?
Karandaşın izi ilə
Gündəlik ayinlərin təkrarlanması lazım olan sərbəstliyi istehsal edir.
***
Tədbirli olmaq lazımdır. Müasir olmaq lazımdır. Siz axı ağıllı qadınsınız. Təbiətdə nəzərdə tutulduğu kimi, analığı qara camaatın ixtiyarına buraxın.
***
Problemimiz həmişə kompromisdə, kompromisin liberal əksikliyində olub.
***
May günəşi dənizə açılan pəncərələrdən boş üzlərə, boş divarlara işıq saçırdı.
***
Cənablar, mahiyyət etibarilə günah eqoizmin sinonimidir.
***
Bir insandan pis şey gözləyirsənsə, ümidsizliyə düçar olmayacaqsan. Yalnız ümidi boşa çıxanlar zorakılığa əl atır.
***
Hamı əsas inanclarının təsdiq olunmasını xoşlayır: deyəsən, bu, dəyişilməz bəşəri zövqdür.
***
Beatris-Coanna onun hələ Avqustin adlandırıldığı dövrü xatırlayırdı. Deyilənlərə görə, başqa-başqa vaxtlarda o kral, baş nazir, məşhur saqqallı gitara ifaçısı, şair Eliot (çoxdan vəfat etmiş qısırlıq tərənnümçüsü), balıqyetişdirmə naziri, müqəddəs kişi oyununun komanda kapitanı və – daha tez-tez və kifayət dərəcədə – böyük naməlum sehrbaz Anonim olub.
***
Yadınızda saxlayın, arzu həmişə reallığı qabaqlayır. Arzunu məhv edən nədir? Nədir onu öldürən? Ümidsizlik! Ümidsizlik! ÜMİDSİZLİK!
***
Ümidsizlik xaosa yol açır. Dünyaya irrasionallıq, vahimə gəlir. Ağıl geriyə çəkiləndə, onun yerini heyvani vəhşilik alır. Vəhşilik!
***
Belə qərara gəldi ki, heç nəyə baxmayaraq, Derekə aşiqdir, amma onu sevmir. Tristamı isə sevir, amma ona da aşiq deyil. Bu gün də, uzaq gələcəkdə də qadın (indi olduğu kimi) instinktlərini, əsəblərini və (həmişə olduğu kimi) daxili orqanlarını (əvvəldə olduğu kimi) əlində rəhbər tutmağı bacarırdı.
***
– Sevgidən qat-qat əhəmiyyətli hadisələr baş verir. Ölüm-qalım məsələləri həll edilir.
Necə də kişiyə yaraşan bir nitq.
***
– Söylə, – Beatris-Coanna əmr etdi. – Mən getməmişdən əvvəl söylə.
– Səni sevirəm, – sanki şüşə arxasından yalnız dodaqları ilə tələffüz etdi.
Bu antiməhəbbət məbədində kişinin qadına dediyi murdar sözlər.
***
Çox güman ki, bütün bu illər ərzində tarixçilər tarixin spiral olduğunu qəbul etməkdən imtina ediblər. Yəqin ona görə ki, spiralı izah etmək çətindir.
***
– Görəsən saat neçədir?
Axı kişilər zaman çərçivəsində mövcud olurlar.
***
– Xəttin və çevrənin münaqişə edən tələbləri. Sən başdan ayağa xətsən, sənin bədbəxtliyin də bundadır.
– Yumru olmuşam. Bax, şara oxşayıram.
– Bədən cəhətdən hə, amma ağıl cəhətdən yox. Neçə ilin təhsili, şüarı və kinoların gizli təbliğatı, sən isə instinktlər məxluqu olaraq qalmısan. Dünyada, Dövlətdə baş verənlər heç vecinə də deyil. Amma mənim vecimədir.
– Niyə vecimə olsun ki? Mən öz həyatımı yaşamalıyam.
***
– Polislər bütün günü camaatı güdür. Bu düz deyil. Mən cavan olanda hər şey başqa cür idi. Tualetdə siqaret çəkmək istəyirdinsə, gedib çəkirdin, daha heç kim sualları ilə zəhləni tökmürdü.
***
– Utanın! – Beatris-Coanna acıqla məzəmmət etdi. – Vicdansızlar! Qoca kişini döyürsüz!
– Öz işinlə məşğul ol, – boz-oğlanlardan biri özündən razı halda hay verdi və nifrətlə əlavə etdi: – Qadın.
Qurbanın sivrişib çıxmağına icazə verdilər. Halbuki o nəğməsini oxumağa davam edirdi.
İliyinə qədər qadın olan Beatris-Coanna isə sosioloji və bioloji cəhətdən qadın işi məşğul oldu – çiyinlərini çəkdi və məktubunu göndərdi.
***
Şəhvani meyli tərənnüm etmək böyük incəsənətdir, keçmiş dövrdən qalma incəsənətdir. Götürək elə dramı. Faciə və komediyanın kökündə nəsilartırma ayinləri durur. Yunanca “traqos” adlandırılan qurbanlıq keçi faciəyə, şəhvani kənd bayramları isə komik faciəyə həyat verib.
***
Əlbəttə, indi bizi yaxşı olmağa səsləyən şüarlar yoxdur. İndi bizim böyük dəyənəyimiz var.
***
– Söz verirəm, inciməyəcəm, – incik halda dedi.
***
Xahişlə danışdıqları günlər geridə qaldı. Dövlət daha xahiş etmir. Dövlət əmr edir, Dövlət məcbur edir.
***
Harda polis var, orda xəbərçi də var.
***
Yəqin yalandan homoseksual kimi davranmaq normal kişi üçün çətindir… Gün boyu gülmək kimi.
***
İndi bütün televiziya müraciətləri vətənpərvərlik ruhundadır, hə?
***
Tərslikdən ətlik xoruz kimi kök olan başçı müraciət etdi:
– Qoy onlar işçilərin boş mədələrinin səsini eşitsinlər!
***
Bu zaman, eşidilən səsdən belə başa düşmək olardı ki, yük maşınlarından ibarət karvan nərilti ilə yerindən tərpəndi. Sanki bir yerlərdə xoşbəxt, azadlıqdan məhrum edilməmiş insanların gəzdiyi küçələr var – belə bir hiss yarandı.
***
– Ziyalılar heç vaxt fəhlənin yanında olmayıblar. Hərdən özlərini elə göstəriblər ki, guya bizimlədirlər, amma bunu da xəyanət etmək üçün ediblər.
***
– Ey! Nəyin şərəfinə içirik?
– Çox şeyin. Həyatın, azadlığın, dənizin şərəfinə. Bizim şərəfimizə. Daha sonra sizə danışacaqlarımın şərəfinə.
***
– Yox, vəziyyət düzələn deyil. Mən liberalam və insanın ətrafındakı dünyanı idarə etmək bacarığına inanıram. Biz sadəcə taleyin ixtiyarına heç nə buraxmırıq. Bütün planet məhv olur, sən isə deyirsən ki, hər şey yaxşı olacaq.
***
– Elə də ağıllı deyiləm. Siyasətdən də başım çıxmır. Amma həmişə belə fikirləşmişəm: bütün promblem ondan ibarətdir ki, dünyada insanların sayı çoxdur.
***
Bəşər tarixi ətraf mühitin idarə edilmə tarixidir.
***
– Mən elə də ağıllı deyiləm, – Əbdül təkrarladı. – Xalqım məhsulun az olacağını, balıqların tilova düşməyəcəyini görəndə ağıllı hərəkətlər etməyib. Yəqin, bunu axmaq hərəkət də adlandırmaq olar. Məsələn, dua ediblər.
– Dua? – baş nazir soruşdu. – Dua edəndə öz acizliyimizi etiraz edirik. Liberal cəmiyyətdə dualara yer yoxdur. Bundan başqa, kimə dua edəsən? Heç kim yoxdur.
– Xalqım çox şeyə dua edə bilirdi, – baş nazirin ayaqlarını səylə sığallayan Əbdül dedi. – Ancaq əsas Allah adlandırdığına dua edirdi. – O bu sözü ərəblər kimi tələffüz etdi: “l” samitini uzatdı və sonda qəfil xırıltılı səs çıxardı.
– Tanrının adlarından biri, – baş nazir laqeyd yanaşdı. – Tanrı düşməndir. Biz Tanrını ram etdik, əhilləşdirdik. Tanrı insan beynində təhlükəli ideyadır. Biz mədəni dünyanı bu ideyadan xilas etdik. Sığallamağa davam et, tənbəl!
– Duaların xeyri olmayanda, – Əbdül dedi, – kişilər kimisə öldürürdülər. Bu bir növ hədiyyə olurdu, başa düşürsünüz? Bu “madsbuh” adlanırdı. Böyük qurban tələb olunanda, onda böyük, əhəmiyyətli insanı öldürürdülər. Məsələn, baş naziri.
***
Kobud ifadələr siyasi natiqliyin əsasıdır.
***
Cənablar, qaradərilinin qanı da sizin qanınız kimi qırmızıdır.
***
Bütün söyüşlər, mahiyyət etibarilə dinidir. Onların hamısı nəsilartırma, nəsilartırma prosesinə və cinsiyyət orqanlarına aiddir.
***
Liberalizm ətraf mühitin ram edilməsi deməkdir, ətraf mühitin ram edilməsi isə elm deməkdir, elm isə heliosentrik baxış deməkdir, heliosentrik baxış isə insan şüurundan başqa digər formaların mövcud olmasını ehtimal edir və… – o dərin nəfəs aldı və çəkmə şərabdan hortultu ilə içdi – əgər belə bir şeyi qəbul etsək, onda fövqəlbəşər qüvvənin varlığını da qəbul etməliyik, beləliklə, gəlib çıxdıq Tanrıya.
***
İş orasındadır ki, rəhbərlərimizin canına mövhumatçı qorxu düşüb. Polis onların dadına çatmadı, indi keşişləri köməyə çağırırlar.
***
Dəli dünyada yaşayırsansa, sağlam düşüncə ağır bir yükdür.
***
Bu gün cani yeganə əxlaqlı insandır.
***
Dövlət zəifləyəndə insanpərvərlik çiçəkləyir.
***
– İcazənizlə bir şey soruşmaq istərdim. Bu qədər bürokratiya nəyə lazımdır?
– Həmişə olduğu kimi. Acgözlük, eqoizm.
***
Mahiyyət etibarilə, ordu kütləvi qırğın üçün təsis edilmiş təşkilatdır və mənəviyyat heç vaxt onun vecinə olmayıb.
***
Məntiqlə düşünsək, belə güman etmək olar ki, bizdə müharibə olacaq. Ona görə yox ki, onu kimsə istəyir, ona görə ki, ordu deyilən bir şey var.
***
– Müharibələrin dəftəri bağlanıb, – Tristam dedi. – Müharibələr qanuni hesab edilmir. Artıq neçə əsrdir ki, müharibə zad olmur.
– Müharibəsiz belə uzun müddət yaşamışıqsa, hər hansı bir müharibəyə başlamaq üçün səbəblərimiz bir o qədər çoxdur, – sürücü etiraz etdi.
***
Bu, həbsxana sabunundan deyil, fil dişindən yonulmuş atlar və fillərlə şahmat oynamağa oxşayırdı.
***
Ürəyi düşdü. Çünki anladı ki, hakimiyyətə kimlər gəlirsə gəlsin, o həmişə həmin şəxslərin əleyhinə olacaq.
***
– Həmişə deyirəm, oxumadığınız şeyi imzalamayın. Kapral Nyulendsin sənədində deyilir ki, siz on iki ay könüllü şəkildə xidmət etməyə gəlmisiniz. Düzdür, xırda şriftlə yazılıb, ancaq istəsəniz, oxuya bilərdiniz.
– O, həmin sətri baş barmağı ilə örtmüşdü, – Tristam dedi.
***
Sevgiliyə riyakarlığı və yalanı bağışlamaq olar, amma ərə yox. Bu yalançı ər olsa belə.
***
– Gəlin, nəzər salaq. Siz əsgərlər arasında müxtəlif mövzularda – məsələn, “Bizim düşmənimiz kimdir?”, “Nəyin naminə döyüşürük” – müzakirələr təşkil etmisiniz. Yəqin, boynunuza alırsınız?
– Bəli, ser. Məncə, insanların niyə orduda olduğunu müzakirə etmək haqqı var və…
– Əsgərin fikrə sahib olma haqqı yoxdur, – polkovnik-leytenant Uilyams yorğuncasına dedi. – Düzgündür ya yox – nizamnamə belədir. Nizamnamədə belə yazılıbsa, düşünürəm ki, düzgün olan budur.
– Ancaq, ser, – Tristram etiraz etdi, – nəyə cəlb olduğumuzu bilməliyik. Bizə dedilər ki, müharibə gedir. Elə adamlar var ki, buna inanmaq istəmir. Onlarla razılaşmalı olacam.
– Deməli belə? – polkovnik-leytenant Uilyams soyuqcasına soruşdu. – Foks, indi sizi maarifləndirərəm. Hərbi əməliyyatlar varsa, deməli, müharibə də var. Köhnə mənada olmasa da, müharibə və hərbi əməliyyatlar, deyə bilərəm ki, təşkilatçılıq, yəni ordunun iştirakı baxımından demək olar ki, sinonim sözlərdir.
– Lakin, ser…
– Foks, mən sözümü bitirmədim, düzdür? “Kim” və “niyə” suallarına gəldikdə isə inanın ki, bu məsələlər əsgər başı üçün deyil. Düşmən düşməndir. Kimə qarşı döyüşürüksə, onlardır bizim düşmənlərimiz. Düşmənlərimizin kim olacağını isə qoy hökumət seçsin. Bunun sizə, mənə, əsgər Zəhlətökənə və yaxud kiçik kapral İt Oğluna heç bir aidiyyatı yoxdur. Aydındır?
– Amma, ser…
– Biz niyə döyüşürük? Ona görə ki, əsgərik. Bu kifayət qədər asandır, düzdür? Nəyin naminə döyüşürük? Yenə də hər şey asandır. Vətənimizi, daha geniş mənada isə bütün İngilisdilli İttifaqı qorumaq üçün. Kimdən qorumaq üçün? Bizim işimiz deyil. Harada? Bizi göndərəcəkləri yerdə. Foks, məncə indi hər şey aydındır?
– Ancaq, ser, mən sadə…
– Foks, insanları narahat etmək, onları başları ilə düşünməyə və sual verməyə təhrik etmək heç yaxşı hərəkət deyil.
***
– Axı bu andıra qalmış düşmən kimdir? – zabit Laytbodi mininci dəfə soruşdu.
***
… deməli, müharibə elə son qərardır? Deməli, qədim dünyanın həmin primitiv nəzəriyyəçilər haqlı imişlər? Müharibə böyük afrodiziak, sülhün möhtəşəm təqdimatçısı, sıxıntı, ümumdünya qorxu, melanxoliya, apatiya, xiffət dərmanıdır? Yoxsa müharibə özü özlüyündə böyük primitiv rahatlıq şəklini alan seksual bir aktdır və orqazmın “kiçik ölüm”ü sadəcə metafora deyil? Deməli, nəticədə müharibə böyük sərəncamçı, bağban, stimulyator və nəsilartırmaya haqq qazandırandır?
***
– Yaxşı, – zabit Laytbodi razılaşdı, – onda zəhərli qazla boğacaqlar. Bu və ya digər şəkildə bizi mələdəcəklər. Bir dəfə də olsun bizə güllə atmağa qoymayacaqlar.
– Ola bilər, – Tristram razılaşdı. – Axı onlar bizim mundirlərimizi, silah-sursatlarımızı, ya da gəmini belə korlamaq istəməyəcəklər. Bu dəm silkələndi və soruşdu: – “Onlar” kimdir? Biz kimdən danışırıq?
– Bunun açıq-aydın ortalıqda olduğunu düşünürdüm. “Onlar” deyəndə biz gəmi, mundir və silah istehsalından piylənənləri nəzərdə tuturuq. İstehsal et, məhv et, yenə istehsal et. Sonsuzadək belə davam etmək olar. Müharibəni başımıza açan da onlardır. Vətənpərvərlik, şöhrət, azaqlığın müdafiəsi – hamısı cəfəngiyyatdır. Müharibənin məqsədi müharibə vasitələridir. Və burada düşmən bizik.
– Kimin düşməni?
– Özümüzün. Sözlərimi unutmayın. Biz o vaxta sağ çıxmayacağıq, ancaq əbədi müharibə dövrü başlayacaq. Ona görə əbədi ki, mülki əhali qarışmaq istəməyəcək. Çünki müharibə sivilizasiyadan uzaqda baş verəcək. Mülki əhali müharibəni sevir.
– Yəqin ki, mülki qaldıqları müddətcə, – Tristram əlavə etdi.
– Bəziləri elə qalacaq. Əsas da idarə edənlər və pul düzəldənlər.
***
Hər bir insanın azad iradə xülyası olmalıdır deyən dövlətimiz var. Yəqin ona görədir.
***
Baş verənlər uydurmadır, nağıldır; onların hamısı kiminsə yuxularının personajlarıdır.
***
– Doğrudan, biz hardayıq? – zabit Laytbodi soruşdu.
– İyi yüz iyirmi ikinci bazada.
– Bəsdirin! – Tristram dözmədi. – Bu baza hardadır?
– Bunun işə aidiyyatı yoxdur. “Hara” əhəmiyyət daşımır. Sadəcə torpaq parçası, bu qədər.
***
Görünür, müasir müharibənin mahiyyəti eklektik sadəlikdən ibarətdir: gəlin xırdaçılıq etməyək.
***
– Bəsdirin, boş sözlərdir. Qulaq asın, bu insanlara nəyin baş verdiyini deməlisiniz. Bu sizin borcunuzdur. Onları geriyə, düşərgəyə qaytarıb, onların rəsmi şəkildə öldürülməsinə icazə verməməlisiniz. Bu sizin borcunuzdur. Suallar verməyə başlamalısınız. Bu sizin borcunuzdur.
***
Yeni kitablar, deyəsən, yazıçılar üçün yararlı sayılan yeganə material – seks və ölümlə zəngin idi.
***
– Foks, bayağılıqdan uzaq durun! Bir bayağılıq arxasınca başqasını gətirir və bilirsiniz, bayağılıq silsiləsi həmişə absurdla bitir.
***
Hər kəs ölməlidir və siz, bir tarixçi kimi burda mənimlə razılaşarsınız ki, tarix bizə əsgər ölümünün ən yaxşı ölüm olduğunu öyrədir.
***
Hərbi nazirlik ilə fahişəliyin oxşar cəhəti var: hər ikisi cəmiyyəti təmizləyir.
***
Həyat sadəcə öləcəyin vaxtı seçməkdir. Həyat başdan-ayağa təxirə salmadır, çünki seçmək çox çətindir. Seçim etməli olmadığını bilmək elə böyük rahatlıqdır ki.
***
Biz həm Tanrıyıq, həm Şeytan. Eyni vaxtda olmasaq da.
***
Necə şübhəli insan olduğunuzu nəzərə alaraq, pulu sizə nağd şəklində verəcəklər.
***
Bütün incəsənət seksuallığın aspektlərindən biridir.
***
Allah faciəvi konsepsiyadır.
***
– Dəniz, dəniz, dəniz.
O biri üçün dua edirdi və duası dərhal eşidildi. Ancaq cavab dənizdən gəlmədi. Cavab onun arxasından, isti torpaqdan gəldi. Beatris-Coanna geriyə döndü. Bir anlıq səssiz təəccübdən sonra gözlərindən yaş sel kimi axmağa başladı. Beatris-Coanna ona qısıldı və hər şey – nəhəng səma, həyat verən dəniz, bəşəriyyətin gələcək tarixi, bugünkü şəhərin göydələnləri, şpildəki saqqallı kişi – onun bədəninin istiliyi, onun ağuşunun möhkəmliyinin arxasında qaldı. O, dəniz, günəş, göydələn oldu.
***
Külək qalxır… yaşamaq lazımdır… Böyük səma kitabımı açıb bağlayır. Dalğa damcılara ayrılaraq qaya parçalarının yanında yazmaq və axmaq cəsarəti toplayır. Kar, kor səhifələr, uzaqlara uçun. Şən ləpələrlə dağılışın.
Tərcümə: Lamiyə Göycəyeva