Annotasiya
“Ərimin sirri” (ingiliscə “The Husband’s Secret“) – müasir nəsr janrında çalışan avstraliyalı yazıçı Lian Moriarti on illik yaradıcılıq fəaliyyəti ərzində uşaqlar üçün üç fentezi-nağıl, böyüklər üçün isə altı roman qələmə alıb. Əsərlərinin hamısı beynəlxalq bestsellərə çevrilib. 2013-cü ildə işıq üzü görən “Ərimin sirri” romanı 40-dan çox dilə tərcümə edilib. “CBS Films” şirkəti kitabın ekranlaşdırılma haqqını əldə edib.
Təsəvvür edin ki, əriniz sizə məktub yazıb və siz bu məktubu onun ölümündən sonra açmalısınız. Təsəvvür edin ki, bu məktubun içindəkilər nəinki sizin, həmçinin başqalarının da həyatını məhv edə bilər. Və təsəvvür edin ki, bu məktub əlinizə düşəndə əriniz hələ sağdır.
Karandaşın izi ilə
Yazıq Pandora! Zevs onun əlinə sirli və bağlı qutu verib Epimeteyə zövcə göndərmişdi. Pandora elə də ağıllı olmayan Epitemeyi bir dəfə olsun görməmişdi. Heç kim ona heç nəyi izah etməmişdi. Qutunu açmaq qadağan edilməmişdi, – təbii ki, o da qutunu açmışdı. Niyə də yox? O hardan bilərdi ki, bütün bu dəhşətli bəlalar bəşəriyyətə əbədi əzab vermək üçün vıyıltı ilə çölə çıxacaq, qutunun dibində isə yalnız ümid qalacaq? Niyə qabın üstündə xəbərdarlıq qeyd olunan etiket yox idi?
Sonra isə başlandı: “Eh, Pandora, bəs sənin iradən harda idi? Axı sənə deyilmişdi ki, mücrünü açma. Hiyləgər qadın, burnunu hər yerə soxan tipik arvad. Bax gör, nə etdin”. Yeri gəlmişkən, ilk növbədə, bu qab mücrü yox, bardaq idi, ikincisi, neçə dəfə demək olar: heç kim belə bir qadağanın olması ilə bağlı heç bir söz söyləməmişdi.
***
Ester yəqin bilir Berlin divarını tikmək məhz kimin ağlına gəlib. Hətta doğum tarixini də söyləyə bilər. Və çox güman, bu kişi olacaq: yalnız kişi bu qədər amansız, əslində axmaq olsa da, çox kəsərli bir şey fikirləşə bilərdi. Maraqlıdır, görəsən onun belə düşünməsi seksizm hesab edilirmi?
…
İstənilən halda, məgər qadınların hesabı bərabərləşdirənə kimi yaxın bir neçə minillikdə seksizmə haqqı çatmırmı?
***
Dünyaya gələn Polli təəssüflə bacılarının onu qabaqladığını gördü.
***
Ed oğlunun arvadının məvacibi ilə necə öyündüyünü eşitsəydi, uzanıb yerindəcə ölərdi. Bəxti gətirdi ki, … hmm, uzandı və bunu eşidənə kimi öldü.
***
Uill Liamın yanında özünü həmişəki kimi aparırdı. Çarpayının altına düşən sevimli papağını tapmaqda oğluna kömək etdi, taksi gələndə isə dizləri üstə oturdu və ataların oğullarla davrandığı kimi kobud nəzakətli şəkildə Liamı qucaqladı. Tess başa düşdü ki, Uill Felisi ilə eşq romanını belə uzun müddət gizlicə necə saxlaya bilib. Ailə həyatının, balaca bir uşaqla olsa belə, adət halını almış öz ritmləri var. Fikrində başqa şeylər olsa da, əvvəlki kimi rəqs etməyə davam etmək elə də çətin deyil.
***
Ceyni yaşasaydı, yüngül narkotiklə, xuliqan oğlanlar, akvaaerobika, bağçılıq, botoks və tantrik seksin dadına baxmağa macal tapardı. Bütün həyatı boyu üç dəfə kiçik avtomobil qəzasına düşər, otuz dörd dəfə güclü soyuqdəymə və iki ciddi cərrahiyyə əməliyyatı keçirərdi. O, sadə və uğurlu tərtibatçı rəssam, cəsarətli akvalangist, şıltaq, ancaq hər şeylə maraqlanan turist, aypod, ayfon və aypadlərin ilk sahiblərindən biri olardı. Birinci əri ilə boşanıb, ikinci ilə İVF-əkizlərə sahib olardı. Kanadada yaşayan bibisi qızı uşaqları görsün deyə onların şəklini “Facebook”da yerləşdirəndə Ceyninin ağlına hamının bildiyi, ancaq heç kimin gülmədiyi lətifə kimi “sınaq şüşəsinin uşaqları” söz birləşməsi gələrdi. İyirmi yaşında adını Ceyn edər, otuz yaşında isə təzədən Ceyniyə qaytarardı.
Ceyni Krouli yaşasaydı, səyahət edər və pəhriz saxlayardı, rəqs edər və yemək bişirərdi, gülər və ağlayardı, çoxlu televizora baxar və var gücü ilə çalışardı.
***
Bəlkə o, sadəcə onun cavabını eşitməkdən qorxurdu.
Ya da, daha pis – cavab yerinə səssizlik eşitməkdən.
***
Tanrının direktoru olsaydı, Tess ona da özünün o məşhur qəzəbli məktublarından birini göndərərdi: “Mənim timsalımda daha bir müştərinizdən məhrum oldunuz”.
***
Sesiliya tərəddüd etmədən bacısına böyrəyini verərdi, ancaq arabir Bricitin üstünə oturub onu yastıqla boğmağı gəlirdi. Uşaq vaxtı bu, bacısını çərçivədə saxlamağa kömək edirdi. Təəssüf ki, böyüklər əsl hisslərini cilovlamaq məcburiyyətindədirlər.
***
Sanki Sidney şəhəri Tessə deyirdi: dünya gözəldir, bəs sənə nə olub?
***
Köhnə məktəbə qayıtmaq adamı çaşbaş salır. Sanki zaman ədyaldır və onu elə qatlayıblar ki, fərqli uclar üst-üstə düşüb.
***
– Ana, təsəvvür et ki, – Ester davam edirdi, – divarın tikildiyi istirahət günləri biz uşaqlar Qərbi Berlinə nənəni görməyə getmişik, atamla sən isə Şərqi Berlində qalmısınız. Siz bizə belə deməli olacaqdınız: “Uşaqlar, nənənizin yanında qalın! Qayıtmayın! Öz azadlığınız naminə!”
– Bu dəhşətdir, – Sesiliya etiraf etdi.
– Mən yenə də anamın yanına qayıdardım, – Polli dedi. – Nənə bizi noxud yeməyə məcbur edir.
***
Xəstə insanlar haqda oxumaq xoşuna gəlmirsə, deməli, sən də xəstəsən!
***
Kədərinin ananın üzündə əks olunduğunu görmək dözülməz bir şeydir.
***
Guya kədər sizi daha müdrik edir, avtomatik olaraq mənəvi inkişafın daha yüksək pilləsinə qaldırır. Belə düşünmək xoş olardı. Ancaq Reyçelə elə gəlirdi ki, hər şey tam əksinədir. Kədər sizi xırdaçı və kinli edir.
***
Əynində büstqalter olsaydı, aqressiv davranmaq daha asan olardı.
***
Tess keçmişində olan insanların elə keçmişdə qalmasını istəyirdi. Keçmiş sevgililəri və həmkarları, məktəb yoldaşları. Həqiqətən, onların nə mənası var axı? Həyat davam edir. Bir vaxtlar tanıdığı insanları məmnuniyyətlə yada salırdı, ancaq onlarla birgə yox.
***
Görünür, doğma diyara qayıtmaq “Facebook”da qeydiyyatdan keçmək kimi bir şeydir. Budur, bir vaxtlar səndən xoşu gələn ortayaşlı kişilər tarakanlar kimi dəlik-deşikdən çıxıb, mümkün eşqbazlıq həsrəti ilə bığlarını tərpədə-tərpədə “bir şey içmək” təklifi edirlər.
***
– On yeddi yaşım olanda anam əlli dollar müqabilində oğlanlarla motosikldə gəzməyəcəyimə dair öhdəlik imzalamağımı istəmişdi.
– Sən də imzalamışdın?
– Hə.
– Və heç vaxt bu öhdəliyi pozmamısan?
– Yox.
– Mənim qırx beş yaşım var. Artıq oğlan kateqoriyasına aid edilmirəm.
***
Bircə hərəkətin sənin ömürlük kim olduğunu təyin edə bilərmi?
***
– Qaçış planları haqda oxumaqdan həmişə xoşum gəlib.
– Mənim də. Yəni, uğurlu olanlardan.
***
Ölüm azadlığa görə ödənilən çox böyük qurbandır.
***
Heç kim səni xəbərdar etmir ki, analıq bütünlükdə hər dəqiqə qərar qəbul etməkdən ibarətdir.
***
Bir vaxtlar gözəl sayılırdı və zalda asılan fotoda onu tanımayan bədnam gəlinlərindən birini hələ də bağışlamamışdı.
***
– İş onda deyil ki, mən səni bağışlaya bilmirəm, – Endryu dedi. – İş ondadır ki, mənim üçün fərqi yoxdur. Vecimə də deyil.
– Bunu yalnız mənə baxasan deyə etdim, – Lüsi dedi.
Endryunun baxışı isə artıq onun yanından qapıya zillənmişdi.
***
– Balıq beyinə xeyirdir. O bizi daha ağıllı edir.
– Onda niyə eskimoslar dünyanın ən ağıllı insanları deyillər?
– Bəlkə elədirlər, bizim xəbərimiz yoxdur.
***
Və budur o, keçmiş sevgilisinin dəhlizində uzanıb.
Nənəsi həmişə deyərdi ki, həyat, şübhəsiz, sürprizlərlə doludur. Düzü, bunu elə də ciddi şeylərə deyil, daha çox soyuqlamalara, bananın qiymətinin oynamasına və buna bənzər şeylərə aid edirdi.
***
O, qatardan düşdü, Con Pol isə ona əlini yellədi və gülümsədi. Ceyn də ona əl elədi. Platforma boyu Cona doğru getdikcə birdən başa düşdü: iş onda deyil ki, Con Polu Konnordan daha az bəyənir. Əksinə, Con Poldan dəhşət çox xoşu gəlir. Belə cəlbedici, ağıllı, şən və mehriban biri ilə olmaq çətindir. O, Con Pola heyran idi. Konnor da ona heyran idi. Kimdəsə özünə qarşı heyranlıq duyğusu oyatmaq isə heyran olmaqdan daha xoş hissdir. Qızlar özlərinə heyran etməlidirlər.
…
Nəfəsi tutuldu. Baxışları toqquşanda yenə həmin hiss onu bürüdü. Onların arasında nəsə böyük bir şeyin – onun başa düşmədiyi bir şeyin olduğunu göstərən bir hiss. İyirmi yaşında Ceyn bunu ehtiras, otuz yaşında isə, çox güman, daha böyük həyasızlıqla “hormonların oyunu” adlandırardı. Onun kiçik bir hissəsi, gələcəkdə ola biləcəyi qadın hissəsi isə düşündü: “Yaxşı görək, Ceyni, sən sadəcə qorxursan. Konnordan daha çox onu xoşlayırsan. Onu seç. Bu ciddi, mühüm bir şey ola bilər. Birdən bu məhəbbət olsa?”
***
O, əslində pulla dəhşət maraqlandığı üçün həmişə nümayişkaranə şəkildə özünü elə göstərirdi ki, guya pulla maraqlanmır.
***
Tess kompası çıxaranda qutunun dibinə yapışdırılmış sarı kağızda yazılan balaca məktubu gördü.
“Əzizim Tess, yəqin, kompas qız üçün axmaq hədiyyədir. Heç vaxt sənə nə alacağımı bilməmişəm. Düşündüm ki, görəsən, yolunu itirmiş, pərişan bir insana necə kömək etmək olar?! Bir vaxtlar mən də belə idim. O günləri xatırladım. Dəhşət pis idi. Ancaq mənim sənin kimi qızım var idi. Ümid edirəm, öz yolunu tapacaqsan.
Sevgilərlə, atan”.
***
Əlbəttə, dəbilqələri bir-birinə vurmaq və belə ikimənalı iradlar üçün çox qoca idi. Və həddindən artıq evli idi.
***
Ümumiyyətlə evlilik isti alma keksinə oxşayır.
***
Gərək evlilik sözləşməsinə bu bəndi əlavə etdirərdi:
“Arvadının özünü deyingən hiss etməməsi üçün onun xahişlərini dərhal yerinə yetirmək”.
***
Səni mətbəximə buraxacaq qədər səndən xoşum gəlmir.
***
Loren qüsursuz gəlin idi. Reyçel qüsursuz qayınana. Qüsursuzluq bütün bu ədavətin üstünü örtürdü.
***
Heç ağlıma da gəlməzdi ki, analıq bu qədər ünsiyyət tələb edir. Həmişə kiminləsə danışmalı olursan.
***
Xoşagəlməz hisslər elə asanlıqla unudulur ki… qış, qrip, ya da doğuş kimi.
***
Əlində çərpələng günəş işığının bərq vurduğu məktəb stadionunda qaçmaq nə yaxşı olardı. O, korlanmış münasibətlərini düzəltmək əvəzinə, aşiq olmaq istərdi. Kimin üçünsə ikinci dərəcəli yox, ən yaxşısı olmaq istərdi.
***
– Evliliyimiz kifayət qədər gözəl keçirdi, elə deyil? Dalaşmırdıq. “Dekster”ə beşinci mövsümün ortasına kimi baxıb qurtarmışdıq! Sən beşinci mövsümün ortasında məndən necə ayrıla bildin?
***
O düşünürdü ki, reklamın əsas vəzifələrindən biri əldə etdiyi mənasız mala görə müştəriyə məntiqli açıqlama verməkdir.
***
Evlilik dəliliyin bir formasıdır, daim nifrət sərhədində tərəddüd edən məhəbbətdir.
***
Düzdür, bunda məntiq yoxdur, amma bir insanı nə qədər çox tanıyırsansa, onun obrazı bir o qədər itir. Faktlar üst-üstə qalaqlanır, insan isə yoxa çıxır. Bir insanın kantri musiqisini sevib sevmədiyini güman etmək, bunu dəqiq bilməkdən daha maraqlıdır.
***
Həyat yoldaşınla əsl yaxınlıq, demək olar ki, utandırır: məgər əvvəlcə kiminsə dişini qurdaladığına baxıb, sonra onunla dərin hisslərini və ya adi qorxularını bölüşmək olarmı?
***
Qadın qızının qatili üçün bir fincan çay süzəcək, o isə mətbəx stolunun arxasına keçib danışacaq. Qadın onun günahlarını bağışlamayacaq, amma ona çay dəmləyəcək.
***
– Sesiliya, sən yəqin Con Pol Fitspatriklə tanışsan? – musiqinin səsini batırmağa çalışan ev sahibəsi soruşdu.
– Salam, – Con Pol dedi.
Sesiliya əl verib görüşdü, Con Polun ciddi gözlərinin baxışı ilə qarşılaşdı və elə gülümsədi ki, sanki indicə ona azadlıq bəxş edilmişdi.
***
Heç birimiz talelərimizin irəliləyə biləcəyi və, çox güman, irəliləməli olduğu bütün yolları heç vaxt bilməyəcək. Yəqin, bu da xeyrədir. Bəzi sirlər ömürlük gizli qalmalıdır. Pandoradan soruşun.
Tərcümə: Lamiyə Göycəyeva