Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Robertson Devis “Beşinci personaj”

robertson-devis-robertson-davis-the-fifth-business-besinci-personaj-the-deptford-trilogy-kkoAnnotasiya

“Beşinci personaj” (ingiliscə “Fifth Business”) – kanadalı yazıçı, dramaturq, tənqidçi və jurnalist Robertson Devisə dünya şöhrəti gətirən “Deptford trilogiyası”na daxil olan ilk roman “Beşinci personaj” 1970-ci ildə işıq üzü görüb. Əsər fəlsəfi-magik üslubda qələmə alınıb. Eyni şəhərdən çıxan üç uşağın həyat hekayəsindən bəhs edən bu romanda yazıçı din, müharibə və təsadüf kimi mövzulara da toxunub.

Karandaşın izi ilə

Köhnə üslubda təşkil olunan opera və dram kollektivlərinin terminologiyasında əsas dörd roldan – Qəhrəman qadın, Qəhrəman kişi, Rəfiqə və Əğyar – fərqlənsə də, süjetin açılması üçün eyni dərəcədə əhəmiyyətli olan rollar Beşinci personaj adlandırılırdı; bu rolu ifa edən aktyora da bəzən Beşinci personaj deyilirdi.

***

Artıq çoxdan bu mənzərəyə öyrəşmişdim. Onlar həmişə təxminən eyni vaxtda – hava qaralıb camaat şam yeməyi masasının arxasına oturanda gəzintiyə çıxırdılar. Çünki missis Dempster uşaq gözləyirdi, bizim qəsəbəmizdə isə hamilə qadının sərbəst şəkildə küçədə görünməsinə yaxşı baxmırdılar. Hər halda bu, statusa malik olub, həmin statusu qoruyub saxlamaq istəyənlərə aid idi. Və əlbəttə ki, baptist keşişin arvadı statusa malik idi.

***

İlk səhifələrindən bizə fərasətli, yaraşıqlı, yaşına görə çox istedadlı və ağıllı bir uşaq boylanan avtobioqrafiya və memuarları həmişə lağa qoymuşam. Özü də müəllif bütün bunlara dad qatmaq üçün şit sadəlövhlük əlavə edir və sanki oxucuya deyir: “Baxın, məgər mən möcüzə olmamışammı? Amma bütün bunlara baxmayaraq, uşaq olmuşam, yüz faiz uşaq”.

***

Oğlan miniatür kişidir; o ləyaqəti ilə parlaya, uşaqlığına görə gözə cazibədar görünən keyfiyyətlər nümayiş etdirə bilər. Amma eyni zamanda fitnəçi, xudbin, satqın, xain, fırıldaqçı və əclaf – bir sözlə, kişi ola bilər. Eh, Devid Kopperfild və Gek Finn adı altında gizlənən müəlliflərin bu tərcümeyi-halları! Yalandır, fahişə andı kimi yalandır!

***

Ayaqyolumuz bütün qəsəbənin sanitar ruhunu təyin edirdi.

***

Bu həyat adlı teatrın amansız xüsusiyyətlərindən biridir. Biz hamımız özümüzü ulduz hesab edirik, əsl mahiyyətimizi, ikinci dərəcəli personaj, bəlkə də statist olduğumuzu başa düşüb qəbul etməkdən imtina edirik.

***

Allah haqda danışmağın da vaxtı var, Allaha ümid olub susmağın da.

***

Məgər elə hey gülümsəmək hamilə qadına yaraşan hərəkətdirmi?

***

Anam onu “işlə tanış etməyə” çalışırdı. Bu müəmmalı qadın işi nə olursa-olsun, onun tərkibinə, şübhəsiz, anamın hazırladığı və keşişin evinə qonaq getdikdə onun gənc xanımına apardığı cürbəcür dadlı şeylərin bişirilməsi, həmçinin xalçaların çəkilib uzadılması və ya krujevalı pərdələrin qurudulması üçün nəzərdə tutulmuş faydalı cihazların tətbiqi nümayişi və digər işlər kimi əhəmiyyətli olan – pəncərə şüşələrinin qəzetlə silinmə sənəti daxil olurdu.

***

Onun mərhəməti bir günlük ömrü olan kəpənəyə oxşamırdı.

***

Persi ilə daim rəqabət aparırdıq, onun tərəfində əzəmət və sərvət, mənim tərəfimdə isə iti dil var idi.

***

Axı su xəttinin olmadığı evdə paltar yuma intim proses sayıla bilməz.

***

Yataqda uzanıb onun sözlərini götür-qoy edirdim. Bu analıq mücəssəməsi ilə əlində qamçı məni mətbəxdə qovalayan, qəzəblə qışqıran deyingən qadını bir araya necə gətirmək olar? Hirsi soyuyanadək məni döyən qadın. Hirsi? Yoxsa başqa hiss idi? İntiqam? Bu hadisələrdən iyirmi il sonra ilk dəfə Freydi oxuyanda mənə bir anlıq elə gəldi ki, bunun nə olduğunu bilirəm. Ancaq indi elə də əmin deyiləm. Lakin onda dərk etdim ki, nümayiş olunandan çox gizlədilən şeylərin çoxluq təşkil etdiyi bu qəribə dünyada heç kimə, hətta öz doğma anana da etibar etmək olmaz.

***

Yaxşı həyata can atırdım – və mənəvi zorakılığın qurbanına çevrilirdim. Dempsterin əminliyinə qarşı heç nə qoya bilmirdim. Axı mənim üzərimdə onu ixtiyar sahibi edən bu əminlik sırf emosional xarakter daşıyırdı, heç bir ağlabatan əsası yox idi. Bu, mənim ümumi qəbul olunmuş əxlaqın emosional gücü ilə ilk tanışlığım idi.

***

Gənclik və başa düşmədiyim, başa düşə bilməyəcəyim şeylərin mövcud olduğunu qəbul etmək istəməməyim məni məcbur etdi ki, onun bu xüsusiyyətini dəlilik adlandırım.

***

Sem özünün mükəmməl düzgünlüyü ilə dini inancın və mövhumatın bütün qullarına nümayiş etdirirdi ki, mənəviyyatın dinlə heç bir əlaqəsi yoxdur.

***

Leola əzgin halda ortalıqda gəzirdi, hamı Leolanın Persi üçün ürəyi getdiyini deyirdi və ona hər şeyi bağışlayırdı: bu hərəkəti nəinki onu, eyni zamanda bütün qadınları gözümdən saldı.

***

Əgər mən indiki yanlış yolumdan dönməsəm, Elbert Habbarta da çevrilə bilərəm (bu, ictimaiyyətin fikrinə görə, dəli adlandırılan amerikalının adı idi. O hesab edirdi ki, iş sevinc bəxş etməlidir)

***

Onların heç biri düz-əmməlli təhsil almamışdı, onların heç biri orada gedən müharibənin əslində nə olduğunu bilmirdi. Ortalıqda belə bir qarışıq fikir gəzirdi ki, İngiltərəni incidirlər və onu qorumaq lazımdır.

***

Adətən ürək sıxıntısı işsizliklə assosiasiya olunur, amma burada vəziyyət tamam başqa cür idi. Axı döyüş hazırlığı keçən quru qoşunlarının əsgəri səhərdən axşama kimi dinclik bilmir, sonra isə daş kimi yatır. Haqqında danışdığım darıxma hissini hər şeydən uzaq düşmək yaradır. Həyatı bəzəyən, maraq doğuran, qavrama imkanlarını genişləndirən şeylərdən uzaq düşmək. Bu, nə ağlı, nə ürəyi zənginləşdirməyən, saysız-hesabsız tapşırıqların yerinə yetirilməsinin sıxıntısı idi, onlarsız da rahatlıqla yaşaya biləcəyin yeni vərdişlərin əldə edilməsinin sıxıntısı idi.

***

Elə olurdu ki, həftələrlə, aylarla, demək olar ki, döyüşlər olmurdu. Biz səngərlərdə, poxla və başqa iyrənc şeylərlə qarışmış pox rəngli palçıqda yaşayırdıq. Əynimizdə pox rəngli forma, ac-susuz, iliyimizə qədər donmuş bitli əsgərlər. Tək qala bilmədiyimiz üçün fərdiyyətimizə şübhə ilə yanaşmağa başlamış, simasız kütləyə qarışmışdıq.

***

Mənə həmişə elə gəlib ki, bu, hamıya məlum məsələdir. Hər bir insanın ən azı iki – iyirmi iki deyilsə – üzü var. Hər halda başqa cür düşündüyüm yadıma gəlmir. Məni təəccübləndirən onların təəccübüdür. Vay ana! İnsanlar başqa insanları başa düşmür, heç başa düşməyə də çalışmır, necədir sənin üçün? Vay ana!

***

Siniflərlə ölçülən təhsil

***

Axı necə hiddətlənməyim? Parker məni sönük, maraqsız, həyatında ciddi heç nə baş verməyən insan kimi təsvir edir.

***

Eh, bu mərhəmətli, cahil, şübhə bilməyən qadınlar! Hərdən onlara elə nifrət edirsən ki!

***

Göstərdiyim qəhrəmanlığa görə mükafat alarkən düşünürdüm ki, budur, burada dayanmışam və iştirak edənlərin hamısı məni qəhrəman hesab edir. Mən ki bu qəhrəmanlığın alçaq işdən başqa bir şey olmadığını bilirəm. Və bu alçaq işi qorxudan əsə-əsə həyata keçirmişəm; vəziyyət başqa cür olsaydı, belə bir iş görməzdim, sadəcə şərəfsizcəsinə ölüb gedərdim. Amma bunun elə də əhəmiyyəti yoxdur, çünki nəyə görəsə insanlara qəhrəmanlar lazımdır, əsl həqiqəti isə unutmaq lazım deyil; belə götürəndə isə niyə də mən yox?! Mən ki başqalarından pis deyiləm.

***

Qəhrəmanlığın mənəvi pəhrizi, imperiya, abır-həya, həmçinin qadın cinsinin insanlıq üzərində emosional üstünlüyü…bəli, onun tərbiyəsinin əsasını bunlar təşkil edirdi. Və keşişlər Allah barəsində danışdıqları kimi o da utanmadan belə mövzular haqqında fikir irəli sürə bilərdi. Mənim isə cəmi iyirmi yaşım var idi.

***

Dambldam Ramzi adlı bir insan axı nəyə ümid edə bilər ki?

***

Skripka və trombon var gücü ilə “İlahi, kralı qoru”, “Kanada haqqında”, dəstin tam olması üçün isə “Əbədi ağcaqayın yarpağı” mahnısını var gücü ilə çalırdı.

***

İndi onunla mütəmadi görüşürdük. Axı parlaq gənclər həmişə özlərinə sönük, kədərli yoldaş axtarırlar. Eynilə qəşəng qızların özlərini çirkin qızlarla əhatələndirdiyi kimi.

***

Dok hələ Şəkər Çuğunduru Kralı adına gəlib çatmamışdı, ancaq həmin ada aparan yolda irəliləyirdi – Şirin Hersoq kimi bir şey idi.

***

İntellekt necə kobud masqaraçı və amansız sahib ola bilər.

***

İlahi, gənclik necə dəhşətli bir dövrdür! Belə çox hiss və onlardan istifadə edə bilməmək!

***

Üstündən günah yükünü atmaq üçün kifayət qədər ağla sahib deyildi.

***

Həm də Kolbornun oğlan məktəbi olması məni cəlb etdi, qızlara heç dərs demək istəmirdim; düzünü desəm, məncə, kişilər tərəfindən kişilər üçün yaradılan təhsil sistemi qızlara uyğun gəlmir.

***

Oğlanları ideallaşdırmaq üçün onları çox yaxşı tanıyıram. Özüm də oğlan olmuşam və ona görə oğlanın nə demək olduğunu bilirəm, – o, ya axmaqdır, ya da uşaqlıq qılafında nəfəsi kəsilib çölə can atan kişidir.

***

İndi müəllifin cinsi həyatı barədə bir kəlmənin belə yer almadığı memuarlar bitmiş hesab edilmir.

***

Qadınların çoxdanışan sevgililərdən xoşu gəlmir, mən isə məhz belə biri idim.

***

Sən ki, bilirsən Şərqdə adət necədir, – əvvəlcə pul yığırlar, sonra isə fəlsəfə ilə məşğul olmağa başlayırlar.

***

Mən nə elə bir estet, nə də axmaq deyildim ki, gördüklərimi sənət üçün sənət hesab edim. Bu incəsənət nədənsə danışırdı və mən bunun nə olduğunu bilmək istəyirdim.

***

Əgər uşağı yaxşı müəllimlə təmin edə bilmirsinizsə, ona ya psixikası pozulmuş insan, ya da ekzotik bəxtsiz verin, ancaq heç bir halda pis, hüznlü pedaqoq verməyin. Bax, bu yerdə özəl məktəblərin dövlət məktəblərindən üstün olduğu görünür, onlar izahata varmadan, ştatlarında bir neçə savadlı psix saxlaya bilirlər.

***

Əgər tez tərpənib nə istədiyini həyata göstərməsən, sənin nə əldə edəcəyini həyat özü tezliklə müəyyənləşdirəcək.

***

Cavab tapa bilmirdim, bunun səbəbi nə idi – həqiqi rəssamın öz tələbatını məhdudlaşdırması yoxsa yaradıcılıq təxəyyülünün yoxluğu?

***

– Həqiqət nədir? – deyə Pilat soruşdu və mən heç vaxt yalandan özümü elə göstərmədim ki, guya bu suala cavab verə bilərdim. Sadəcə əyyaş içkini atanda, ər arvadını daha döyməyəndə ya da fırıldaqçı halal zəhməti ilə yaşamağa başlayanda sevinirəm.

***

Avaralar islaholunmaz insanlardır. Bunu heç kim başa düşmür. Demək olar ki, heç kim. Bu haqda çox eşitmişəm və çox oxumuşam – guya onlar sivilizasiyanın buxovlarına dözmürlər, azad nəfəs almaq istəyirlər, əksəriyyəti savadlıdır, gözəl prinsipləri var, bütün ömürlərini işləyərək keçirən insanlara, sədəqə diləndikləri həmin insanlara baxıb gülürlər. Bütün bunların hamısı cəfəngiyyatdır. Cəfəngiyyat. Bu avaraların hamısı daha çox psix, cinayətkardır. Səfil həyat onları daha da pisləşdirir. Və bütün bunların hamısı təmiz havaya görə deyil. Düzdür, yeməyin və qayıda biləcəyin evin varsa, təmiz hava əla şeydir, bunların heç biri yoxdursa, təmiz hava səni özündən çıxarır; aclıq və oksigen uşaqlıqdan öyrəncəli olmayanlar üçün, məsələn, vəhşilər üçün partladıcı qarışıqdır. Bu insanlar isə vəhşi deyillər. Əksəriyyəti qorxaqdır. Kinli qorxaqlar.

***

Sənə elə gəlsə ki, sevdiklərin sənə məhəl qoymurlar, onda məhəbbət səni ən alçaq hərəkətlər etməyə vadar edə bilər.

***

Ankamberlə ilkin tanışlıq beynimdə bəzi fikirlər oyatmışdı. Onları yoxlamaq üçün tələsirdim. Birincisi, saqqallı şahzadə haqqında əfsanə qədim Karfagen və Kiprdə geniş tərəfdarlar qazanmış Böyük Ananın hermafrodit kultunun izləri ola bilərdi. Bundan başqa, Nyu York şəhər universitetinin həkimləri doktor Mozes və doktor LLoydun nəşrləri marağıma səbəb olmuşdu. Onlar dərc etdikləri məqalələrində həddindən artıq emosional qadınlarda anomal tük artımı barəsində yazmışdılar, məhəbbətdə xəyanətə uğramış qızlarda qısa zaman ərzində saqqal uzanma hadisəsi ilə bağlı bir sıra hallar qeyd olunmuşdu; başqa birində, Britaniyada işıq üzü görən məqalədə isə deyilirdi ki, toy günü tərk edilmiş gəlinin qalın saqqalı çıxıb.

***

Əgər insanlarla onların problemləri haqqında danışmağa hazırsansa, onda onların rəğbətini qazanmaq elə də çətin deyil.

***

Böyük Depressiya Boy Stontona xeyli pul gətirdi. Hamısı da ona görə ki, o, təsəlli satırdı.

***

Yaraşıqlı çöhrə yaxşı cehiz olsa da, etibarsız kapitaldır. Ərli qadına uzun müddət xidmət göstərmir.

***

Arvadı öz ərindən qoruyan insanın bunu etmək üçün ən azı ciddi şəxsi əsasları olmalıdır.

***

Xroniki bəxtsizləri uğura doğru aparan bütün cəhdlər kimi bu sistem də tez bir zamanda təravətini itirdi və yox oldu.

***

– Belə bir hadisə keçmişdə də baş verib. Giges və çar Kandavlın tarixçəsini bilirsən?
– Ömrümdə elə bir şey eşitməmişəm.
– Düşündüyüm kimi. Deməli belə, vaxtilə Kandavl Lidiyanın çarı olub. Arvadının gözəlliyi ilə o qədər fərx edirmiş ki, dostu Gigesi sözün əsl mənasında zövcəsinin soyunmasına baxmağa məcbur edib.
– Simic oğlan deyilmiş. Sonra?
– İki versiya mövcuddur. Birinciyə əsasən, kraliça Gigesə vurulur və onlar birləşib Kandavlı taxtdan salırlar.
– Doğrudan? Bizim halda belə variantdan qorxmaq lazım deyil, düzdür, Leo? Sənə isə, Danni, mənim taxtım bir az böyük gələ bilər.
– İkinci versiyaya əsasən isə Giges Kandavlı öldürür.

***

Kimin müqəddəs olub olmadığını həll etmək məsələlərində Roma yeganə səlahiyyətli tərəfdir. Bunun üçün məcburi tələb irəli sürülür: etibarlı şəkildə təsdiqlənmiş üç möcüzə.

***

İntihar və insanın öz ölüm vaxtını özünün seçmə haqqı. İnsanlar bu abstrakt anlayışlar haqqında yalnız o zaman əminliklə danışırlar ki, bunların onlara birbaşa aidiyyatı olmasın. Elə ki, intihar yaxın bir şeyə, hiss olunacaq fakta çevrilir, az qala hər birimizi dəhşətli qorxu əhatə edir. Xüsusilə hadisə kiçik, sıx münasibətlərin olduğu icmada baş verirsə.

***

Beləliklə, iki şey öyrəndim: populyarlığın ədəb-ərkanla heç bir əlaqəsi yoxdur və mərhəmət beyni viskidən daha tez dumanlandırır.

***

Xəstəxanadan dezinfeksiya iyi gəlirdi, ondan da çox ümidsizlik; bu çətin təyin olunan, ancaq səhvsiz tanınan qoxu həbsxanalar, məhkəmələr və dəlixanalarda üstünlük təşkil edir.

***

Bütün həyatım boyu hamıya bollandistlərin nə işlə məşğul olduğunu başa salmışam. Direktor, hərçənd məktəbdə belə hesab olunur ki, siz bütün sualların cavabını bilirsiniz, yenə də cəsarət edib xatırlatmaq istərdim ki, bollandistlər yezuitlər qrupudur. Onlara müqəddəslər haqqında bütün mümkün məlumatı toplamaq və bu məlumatları “Acta Sanctorum”da nəşr etdirmək kimi tapşırıq həvalə edilib. Nəşr 1643-cü il Yohannes van Bolland tərəfindən başladılıb və arada nəşrə dünyəvi, dini çəkişmələr zamanı fasilə verilsə də, bugünədək davam etdirilir. Bollandistlər 1837-ci ildən etibarən demək olar ki, fasiləsiz çalışırlar; yanvarda doğulan müqəddəslərdən başlayaraq onlar artıq altmış doqquş cild nəşr etdiriblər və noyabra çatıblar.

***

Müharibə dövründən sonra özümə bir şey öyrətmişəm: həmsöhbətin sənin sevincini bölüşməyə hazır deyilsə, onda sevinclərin barədə danışma.

***

Müqəddəs insan şər üzərində qələbə çalır. Ancaq biz, buna qadir deyilik, müqəddəsləri sevdiyimiz üçün onların bizə oxşamasını istəyirik, ona görə onların ayağına nəsə bir çatışmazlıq yazırıq. Bu çatışmazlığın seksual xarakter daşıması isə əhəmiyyətli deyil.

***

İnsan mükəmməl insanların mühitində rahat olmur, boğulur. O istəyir ki, müqəddəs insanın üzərinə belə kölgə düşsün. Və əgər onlar, belə fədakarcasına yaşasalar da, arxalarınca kölgə sürünən möminlər belə Allaha yaxınlaşa biliblərsə, onda bizlərdən ən pisi üçün də ümid var… Hərdən düşünürəm ki, niyə müqəddəsliklə müdriklik çox nadir halda bir araya gəlir. Düzdür, müqəddəslər arasında müdriklərə rast gəlinir, lakin axmaqlar daha çoxdur, qat-qat çox. Hərdən öz-özümə sual verirəm ki, niyə Tanrı müdrikliyi yaxşılıqdan daha az qiymətləndirir?! Müdriklik güclü təsir bağışlamır, parlaqlığı ilə fərqlənmir, səmanı aydınlatmır. İnsanlar isə, bir qayda olaraq, parlaq effektləri sevir.

***

Protestant olmaq yarı ateist olmaq deməkdir.

***

Möcüzələr, möcüzələr! Onlar hər yerdə baş verir. Və şəraitdən asılıdırlar. Əgər mən fotoaparatla sizin şəklinizi çəksəm, bu darıxdırıcı bir lütfkarlıq olacaq. Əgər Cənubi Amerika cəngəlliklərinə yollanıb vəhşinin şəklini çəksəm, o, bunu möcüzə hesab edəcək və hətta ruhunun bir hissəsini oğurladığım üçün qorxuya da düşə bilər. İtin isə belə şeydən başı çıxmadığı üçün şəklinə reaksiya verməyəcək. Möcüzə insanların izah edə bilmədiyi şeydir.

***

Onların yeddi qızı var idi. Bir düşünün, Ramzes, yeddi! Anam xəcalətindən gözlərini gizlətməyə yer axtarırdı. Anam kilsədə təntənəli surətdə and içdi ki, əgər oğlu olsa, onu Tanrıya xidmət etməyə verəcək.

Yeddi qızdan sonra qadın oğlan doğdu; genetik bunda qeyri-adi bir şey görməzdi, ancaq anam üçün bu möcüzə idi.

***

Yaxşı olar ki, bu sual ətrafında düşünəsiniz: o kimdir? Yox, mən heç də şəxsi məlumatları və ya qızlıq soyadını nəzərdə tutmuram. Məsələ başqadır: o sizin şəxsi dünyanızda kimdir? Sizin şəxsi mifologiyanızda onun obrazı necədir?

***

İnsan olduğunuzu özünüz özünüzə bağışlayın. Bu müdrikliyin başlanğıcı, Allah qorxusu adlanan şeyin bir hissəsidir, bu, həm də, ağlınızı qoruyub saxlamaq üçün yeganə vasitədir.

***

Uğurun ilk şərti qəti şəkildə “yox” deyə bilməkdir.

***

Mənim masalarında qonaq kimi oturmağım, demək olar ki, Reybernin tablolarının divardan asılmağı kimi bir şey idi. Mənim səviyyəm, parıltım var idi və mən heç kimi qıcıqlandırmırdım.

***

Məcazi mənada həyat mübarizəsi əsl müharibəyə bənzəyir – yaralıların sayı ölənlərin sayından daha çoxdur.

***

O, “Alfa” korporasiyası və onun tabeliyində olan bütün şirkətlərin resurslarını mühüm tapşırıqların – Kanadanı yedirtmək, Kanada silahlı qüvvələrini yedirtmək və alman sualtı qayıqlarının imkan verdiyi qədərilə Britaniyanı yedirtmək – yerinə yetirilməsi üçün səfərbər etdi.

***

Tezliklə, lap tezliklə antiklerikalizm və tələsgən Amerika işgüzarlığı onları möcüzəli obrazlara, ümumiyyətlə möcüzələrə inamdan azad edəcək. Belə olduğu təqdirdə, özüm özümdən soruşurdum ki, mərhəmət və ilahi rəhm hardan gələcək? Yoxsa doyunca yemlənən, atom möcüzəsini dərk edən insanların artıq belə şeylərə ehtiyac yoxdur? İqtisadi və ya təhsil inkişafını özümə dərd etmirəm, sadəcə belə bir sual verirəm: nə vaxta kimi onlara görə pul ödəcəyik və ödəniş hansı pulla olacaq?

***

Niyə bütün dövrlərin xalqlarına gündəlik, möhkəm bərqərar edilmiş faktlara meydan oxuyan belə möcüzələr lazımdır? Bəlkə möcüzə yanğısının kökləri yoxlanışa ehtiyacı olmayan anadangəlmə biliklərə, möcüzənin reallığın mühüm, ayrılmaz bir hissəsi olması ilə bağlı dərin əminliyə gedib çıxır? Və yaxud əksinə – yanğının özü möcüzə yaradır?

***

İnam psixoloji bir reallıqdır. Onu görünməz aləmdə cəmləməsək, onda görünən aləmə girəcək və kim bilir, nələr edəcək. Başqa sözlə, irrasional həmişə istədiyini əldə edəcək, yəqin ona görə ki, “irrasional” düzgün termin deyil.

***

Hitler dedi: “Mənə baxıb heyrətlənin, mənə valeh olun, onda mən başqalarının edə bilmədiklərini edə biləcəm”, – almanlar da bir-birini tapdalaya-tapdalaya ona doğru qaçdılar.

***

Bu necə bir qadındır ki, xarici dildə “aqioqraf” kimi bir sözün nə olduğunu bilir?

***

– Nə qədər bisavad olmaq lazımdır ki, Faust haqqında eşitməyəsən? – Ayzenqrim, deyərdim ki, lovğalıqla soruşdu. – Onun haqqında məşhur bir opera var.
Onun heç ağlına gəlmirdi ki, Faust haqqında dünya ədəbiyyatının ən böyük əsərlərindən biri olan faciə də var.

***

Nə qədər qəribə səslənsə də, deməliyəm ki, məhz bu cəhalət onun şəxsiyyətinə xüsusi, bənzərsiz parlaqlıq verirdi – daha doğrusu, cəhalət də yox, adi insanların arasında özünün adi yerini tutmağa kömək edəcək standart səthi biliklər toplusunun yoxluğu.

***

Sanki uşaqlığımı yenidən yaşayırdım. Təxəyyülüm heç vaxt belə səfalı azadlığın dadını bilməmişdi, ancaq azadlıq və təəccüblənmək qabiliyyəti ilə yanaşı yalan, prinsipsizlik və hər şeyə üstün gələn uşaq eqoizmi də qayıtmışdı.

***

Siz həyatı tamaşaçı kimi qəbul eləyirsiniz, elə ki, tamaşanın ortasına düşdünüz, dərhal zingildəməyə başladınız ki, sizi itələyirlər və ayağınızı tapdalayırlar.

***

Özünüzə qarşı xeyirxah deyilsinizsə, başqasına qarşı, sözün əsl mənasında, necə xeyirxah ola bilərsiniz?

***

Hər bir insanın öz iblisi var. Ramzi, sizin kimi qeyri-adi bir insanın da qeyri-adi iblisi olmalıdır. Öz şəxsi iblisinizlə tanış olmalısınız, hətta lazım gəlsə, onun atası, ali iblislə də.

***

Niyə bir dəfə də olsa, dəli şeytanın səsinə qulaq asmayasanız, irrasional, anlaşılmaz – sol ayağınızın istədiyi bir şeyi etməyəsiniz?

***

Mənə elə gəlir ki, siz Beşinci personajsınız. Bunun nə olduğunu bilmirsiniz, elədirmi? Deməli, belə, bizim, avropasayağı daimi opera truppasında mütləq aşağıdakı bu dörd obraz olmalıdır: primadonna – həmişə soprano, həmişə əsas qadın və bir balaca axmaq, həmçinin onun sevgilisini ifa edən tenor; sonra kontralto – əsas qadının rəqibi və ya cadugər, ya da buna bənzər kimsə və bas – əğyar və ya tenorun rəqibi. Bütün bunlara söz ola bilməz, lakin süjetin qurulması üçün daha bir aktyora ehtiyac var. O çox vaxt bariton olur; peşəkar jarqonda ona Beşinci personaj deyirlər. Digər dördündən fərqli olaraq, o, heç bir obrazla cütlük təşkil etmir. Beşinci personaj olmadan keçinmək mümkün deyil, əsas kişi qəhrəmanın doğum sirrini o deyəcək, əsas qadın qəhrəman ümidsizliyə düçar olanda o kömək edəcək və ya münzəvi qadını aclıqdan o xilas edəcək, əgər süjetdə belə bir gedişə ehtiyac olarsa, kiminsə ölümünə də səbəb ola bilər. Primadonna və tenor, kontralto və basın payına ən yaxşı ariyalar və parlaq əməllər düşür, ancaq Beşinci personajsız süjeti qurmaq olmaz! Bu, yaxşı roldur, effektli olmasa da, bu rolu ifa edənlərin karyerası qızıl səslərin karyerasından uzunömürlü olur. Bəlkə siz Beşinci personajsınız? Oturub bu barədə yaxşıca fikirləşin.

***

Vidalaşanda gözəl Faustinaya sevimli və eyni zamanda bahalı boyunbağı hədiyyə etdim, o da məni öpdü; nə mən, nə də o mübadilənin vicdanla keçməsinə şübhə etmədik.

***

Adidən də adi vəziyyətdə idim – düzgün hərəkət etmək istəyirdim və bu düzgünlüyün mənə baha başa gəldiyinə görə təəssüflənirdim.

***

Mənə elə gəlir ki, Boyun siyasət aləmində heç yeri yox idi: o, çox varlı idi və heç cür başa düşə bilmirdi ki, xalq çox varlı insanları sevmir; o yaraşıqlı idi, seçicilər isə, hətta bu qadın seçicilər olsa belə, yaraşıqlı insanlara şübhə ilə yanaşırlar; siyasət aləmində onun dostları yox idi və o, belə dostların əslində nəyə lazım olduğunu da anlamırdı.

***

Formalaşmış, həyatda öz yerini tapmış insanın sevgisi qarışıq və qorxaq gənclik ehtiraslarından çox fərqlənir. Belə insan şübhələrə qapılmır, nə istədiyini bilir və birbaşa qarşısına qoyduğu məqsədə doğru gedir.

***

– Bəs biz gəlini öpəcəyik? – orta yaşlı qonaq soruşdu.
– Niyə də yox? – Devid çiyinlərini çəkdi. – Cinayət məhkəməsində İncil nə qədər öpülübsə, o da ən az o qədər öpülüb, özü də təxminən eyni adamlar tərəfindən.

***

Boy səs tonunu bir az aşağı saldı və dedi ki, bu cür ədəbiyyatı başa düşmür, çünki o ateistdir (belə başa düşdüm ki, o bu yolla məndən üzr istəyir).
– Təəccüblənmədim, – dedim. – Sən Allahı özünə oxşar və bənzər obrazda yaratmışdın, sonra məlum oldu ki, O elə də yüksək keyfiyyətdə deyil, onda sən onu sadələşdirdin. Bu, psixoloji intiharın çox bayağı formasıdır.

***

– Hərdən istəyirəm, maşına oturum və bu xarabadan çıxım gedim. Ayağım hara başım ora.
– Sırf mifoloji istəkdir, – dedim. – Səni kitabımı vərəqləyib, bunun nə məna kəsb etdiyini öyrənmək əziyyətindən azad edəcəm; kral Artur kimi bütün silah-sursatınla uzaqlaşmaq istəyirsən, ancaq müasir təbabət bunu sənə icazə vermək üçün çox hiyləgərdir. Boy, sən qocalmalı olacaqsan, yaşın nə olduğunu və qocalmağın necə bir şey olduğunu özün hiss etməli olacaqsan. Bir köhnə dostum var idi, o bir dəfə mənə demişdi ki, ona qocalmağı öyrədən Allah lazımdır. Düşünürəm ki, o istədiyini tapdı. Sən də eyni şeyi etməli olacaqsan, yoxsa elə həmişə əzab çəkəcəksən. Allah sevmədiklərinə əbədi gənclik bəxş edir.

***

Bilirsinizmi, biz hamımız fərqinə varmadan bir-birimizə uğursuzluq gətiririk.

***

– Məntiqlidir. Şeytan qəlbimizin elə guşələrini tanıyır ki, İsa Məsihin heç oralardan xəbəri belə yoxdur. Eləyə qalsa, qəti əminəm ki, İsah Məsih Şeytanla səhrada söhbətləşəndə özü haqqında faydalı və ibrətamiz şeylər öyrənib. Axı bu qardaşla qardaşın söhbəti idi, insanlar tez-tez yaddan çıxarırlar ki, Şeytan İsa Məsihin böyük qardaşıdır, ona görə də onunla mübahisədə bəzi üstünlüklərə malik idi. Ümumiyyətlə biz Şeytanla çox pis rəftar edirik və rəftarımız pisləşdikcə, o bizə bir o qədər çox gülür.

***

Həmişə sevilmək istəyirdiniz, insanlar isə heç vaxt bizim istədiyimiz kimi reaksiya vermir; insanların sevgisini istəyən ictimai xadim onlarda şübhə oyadır.

***

– Bilirsən, çar Kandavl, – dedim, – çoxdan fikir vermişəm ki, biz hamımız layiq olduğumuz qadınları əldə edirik, səhər yeməyindən əvvəl şirin şey yeyənlər isə nahara kimi iştahanı itirir.

Tərcümə: Lamiyə Göycəyeva

2.5 (50%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram