Annotasiya
“Yəhər üstündəki dənizçi” (ingiliscə “Sailor on Horseback”) – Bioqrafik roman janrının banilərindən biri hesab edilən amerikalı yazıçı İrvinq Stounun qələmə aldığı bu kitabda Cek Londonun çətin və dramatik həyat yolundan, ədəbi axtarışlarından və məşhur əsərlərinin yaranma tarixçəsindən danışılır.
Karandaşın izi ilə
Mərhəmət itə atılan sümük deyil. Mərhəmət itdən beş betər ac olduğun üçün onunla bölüşdüyün sümükdür.
***
Dostlarımın pis cəhətlərini qınayıram, məgər bu o deməkdir ki, mən onları sevməməliyəm?
***
Belə bir pis qabiliyyətim var: insanlarla dostlaşıram; ancaq onlardan canımı qurtarmaq bacarığımla öyünə bilmirəm.
***
Öz evindəki problemləri qaydasına qoya bilməyən insanlar bütün bəşəriyyətə ağıl vermək iddiasındadır.
***
“Həyat eşqi” kitabına Londonun Alyaska haqqında ustalıqla qələmə aldığı bir neçə hekayə daxil edilmişdi. Hekayələrdən gələn pul “Snark”a yatırılmalı idi. Onların hamısı pula görə yazılmışdı. Bu sənət əsərlərinin mükəmməlliyi sübut edir ki, bəzi insanlar pul kimi iyrənc bir şeyi düşünmədən yalnız ədəbiyyat naminə yazsa da, ortalığa çox mənasız şeylər çıxır. Halbuki başqaları pul naminə yazır və əsl ədəbiyyat nümunəsi yaradırlar. Burada təyinedici amil istedaddır, bu istedada görə alınan mükafatın hansı məqsədlərə xidmət edəcəyi yox.
***
Elm dünyasına da şturman budkası kimi yaxşı bələd idi. Naməlum kitablardan qorxmurdu: bilirdi ki, lazımi torpaqları tədqiq etmək üçün kifayət qədər vaxt keçirdiyi yoldan onu sapdırmaq çətindir. O, ehtiyatla qıfılı sındırıb, içindəkiləri gizlicə çırpışdırmaq üçün kitaba kilidaçanla yaxınlaşanlardan deyildi. Cek London cəngəllik boyu cığır salarkən yeni kitaba rast gələndə ac qurd kimi onun üstünə atılırdı. Dişləri ilə boğazına yapışırdı; kitab təslim olanadək onunla amansızcasına mübarizə aparırdı. Və məğlubiyyət anı yetişəndə onun qanını sorur, cəsədini çeynəyir, sümüklərini elə gəmirirdi ki, kitabın hər bir hüceyrəsi onun varlığının bir hissəsinə çevrilib, öz gücünü Cekə ötürürdü.
***
Onun bütün həyatının, işinin ana xətti belə idi: “Yanıma faktlarla gəlin, təkzibedilməz faktlarla!”. O inanırdı ki, həyat material əsasın üzərində qurulmalıdır. Çünki mənəvi əsasın arxasında hansı şərəfsizliyin, riyakarlığın və dəliliyin gizləndiyini öz gözləri ilə görmək imkanı əldə etmişdi. Ağılsız inancın yerinə elmi biliklər yüksəkltmək eşqi ilə yanırdı; yalnız ağıl, dəqiq və bəsirətli ağıl insanların başlarında gizlənən qaşqabaqlı orta əsrlər allahını qova, devirə və onun taxtına insanlığı bərqərar edə bilərdi. Bir aqnostik kimi o, insan ruhundan başqa allaha sitayiş etmirdi. İnsanın necə alçaldığının da şahidi olmuşdu, hansı yüksəkliklərə qalxa bildiyini də görmüşdü. “İnsan necə aciz və necə qüdrətlidir!” – həmişə belə deyirdi.
***
…yalnız ən əlçətmaz zirvələr şanlı hücuma layiqdir.
***
“Martin İden” qələmə alınarkən əsas ideyalardan biri individualizmin tənqid edilməsi idi. Yəqin, bu işin öhdəsindən pis gəlmişəm ki, heç bir resenzent bu ideyanın fərqinə belə varmayıb.
***
Bir tikə çörək üçün çalışırsansa, istirahət etməyə, kitab oxumağa, fikirləşməyə, yaşamağa vaxtın olmur… sadəcə standart maşınsan – sənə düz o qədər yemək və yuxu verilir ki, ertəsi gün də dayanmayasan, işləyəsən.
***
O özü də tez-tez hekayələrində bu sözləri təkrarlayırdı: bu dünyada itlərin bir qismi digərlərini gəmirir, geri qalanları isə canavarlar yeyir.
***
Ortalığa qüvvətli, parlaq, ifadəli, yeni cümlə çıxarmağa çalışın; dolğun, qısa yazın, uzunçuluq etməyin və təfsilata varmayın. Nağıl danışmaq lazım deyil – rəsm çəkmək lazımdır! Təsvir etmək! Qurmaq! Yaratmaq! Adi, uzun, boş cəfəngiyyatdan ibarət bir kitabdansa, bir-birinə kip birləşmiş min söz daha yaxşıdır. Özünüzə tüpürün! Özünüzü unudun! Onda da dünya sizi unutmayacaq!
***
Din imkan vermir ki, insan öz planetində özünü ev yiyəsi kimi hiss etsin. Deməli, insanın həyatını yaxşılaşdırmağa mane olur.
***
Cek hesab edirdi ki, əlində şapka, təəccüblü gözlərlə kitabxana binasının taxta qapıları qarşısında dayandığı dəqiqə onun mənəvi doğuluşu baş verib. Doğrudanmı dünyada bu qədər kitab ola bilər? Gələcək yazıçının taleyinə ağır sınaqlar düşəcəkdi; o əzab çəkəcək, özünə yer tapa bilməyəcəkdi; onu məğlubiyyətlər gözləyəcəkdi, ona xor baxacaqdılar, taun xəstəliyinə tutulmuş insan kimi ondan yan qaçacaqdılar, ancaq həmin gündən etibarən o daha özünü tənha hiss etməyəcəkdi.
***
Əgər sükutun köməyi ilə məhəbbəti gülünc vəziyyətə salırlarsa, onda sükutun özü də yalandır.
***
Fəlsəfə düz bir ay qəti və bezikdirici şəkildə fərdə nə etməli olduğunu vızıldayır. Sən heç gözünü yummağa macal tapmamış fərd götürür və deyir: “Mənim belə xoşuma gəlir”, – fəlsəfənin ortalıqda izi də qalmır.
***
İnamın heç yuxusuna belə girməyən dağları canfəşanlıq dağ üstünə qoyar.
***
Həyat adlanan bu kimyəvi fermentin mənası nədir? Təəccüblü deyil ki, əsrlər boyu cavab axtarışında olan əhəmiyyətsiz, aciz insanlar özlərinə tanrılar yaradıblar. Balaca bir tanrı – sevimli nailiyyətdir! Hər şeyi izah edir! Bəs biz? Sənlə mən? Allahı olmayanlar necə olsun? Materialist monizm? Heç yaxşı təsəlli deyil!
***
Yer üzündə elə bir mətbəx yoxdur ki, orada iki qadına yer tapılsın.
***
Onun dostları çox şey haqda düşünməli idilər. Əgər fikirləşmək qabiliyyətinə malik idilərsə. Yox malik deyildilərsə, onlar uzun müddət onun dostu kimi qalmırdılar.
***
Pul – mənə lazım olan şey, bax, budur. Daha doğrusu onun müqabilində ala biləcəklərim. Nə qədər pulum olursa olsun, həmişə az olacaq. Qəpik-quruşa görə dalaşmaq? Bu sevimli işlə bacardığım qədər az məşğul olmaq niyyətindəyəm. İnsan axı çörəklə yaşayır. Pul nə qədər çoxdursa, həyat da bir o qədər dolğundur. Pul əldə etmək maraq dairəmə daxil deyil. Ancaq xərcləmək, ilahi, təslim oluram! Bu məsələdə həmişə qurban olacam.
***
Hər ikisi hesab edirdi ki, “sevgi” sözü lüğətdə ən uzun söz olmasa da, kifayət qədər elastikdir və bir çox fərqli mənalara gəlir.
***
Öz nəşinizin yanında oturub qalmayın; həyat bitdi, vəssalam – vidalaşın və gedin.
***
Yalnız dəyərli fikirlər öz layiqli ifadəsini tapır.
***
Kölə və ya avara – heç vaxt qızıl ortanı tapa bilməzsən!
***
Sənətkar olmaq arzusu ilə alışıb yanan bir insan düşünürsə ki, onun istedadını başqası cilalamalıdır, onda bu insan qabiliyyətsizdir. Tapşırığı şərəflə yerinə yetirmək istəyirsənsə, özün özünü təkmilləşdirməlisən. Cəsarətli ol! Qapını qır! Şəraitə uyğunlaş, təslim olma! Ağlayıb sızlama! Mənə və ya başqalarına söyləmə ki, düzəltdiklərini bəyənirsən. Müqayisə aparma. Demə ki, sənin düzəltdiklərinin başqalarınınkından pis deyil. Onları yüz qat daha yaxşı elə, onda başqalarının ortabab işləri ilə onları müqayisə etməyə nə vaxtın, nə də həvəsin qalacaq.
***
Böyük məmnuniyyətlə evdə yanğın törədəndənsə, evi yanan olmaq istərdim.
***
Yaddaşım məni yanıltmırsa, bütün dövrlərdə peyğəmbərlər və bəsirətli insanların qismətinə tənhalıq düşüb. Tonqallarda yandırılmaqlarını və ya daş-qalaq edilmələrini nəzərə almasaq.
***
Əgər pulla birlikdə şöhrət gəlirsə, şöhrəti bəri ver. Yox əgər pul özü ilə birgə şöhrət gətirmirsə – pulları görüm.
***
Dünyanın heç bir ölkəsində pul kultu ABŞ-dakı kimi belə həyasızcasına və çılpaq şəkildə mövcud deyil. Burada dollara sitayiş edirlər və Haqq-Təalanı ondan aşağı tuturlar. Asan qazanc ruhu Amerika həyatının bütün sahələrini əhatə edir, bütün yaş kateqoriyalarına və bütün siniflərə sirayət edir, əxlaq və zövqü, mövqe və məqsədləri müəyyənləşdirir.
***
Cek özünü batmış gəminin dənizçisi – köhnə salında dizi üstə çöküb yalvaran dənizçi kimi apardı: “Rəhman Allah, məni xilas et və mən ömrümün sonunadək mömin olacağam… Yaxşı, yaxşı, nahaq yerə narahat olma, deyəsən yelkən görürəm”.
***
Sənin qulun olduğumu söyləyəndə bunu ağlı başında olan bir adam kimi iddia edirəm. Və bu bir daha təsdiq edir ki, mən həqiqətən və büsbütün dəli olmuşam.
***
Cek London qəti şəkildə sosialist yazıçı olmaq qərarına gəldi. Bu həmin günlərə təsadüf edirdi ki, belə biri olmaq üçün cəsarət tələb olunurdu. Eynilə indiki dövrdə belə biri olmamaq üçün lazım olan qədər cəsarət.
Tərcümə: Lamiyə Göycəyeva