Annotasiya
Yolun sonundakı okean (ingiliscə “The Ocean at the End of the Lane”) – “Anansi oğulları” və “Amerika allahları” kitablarının məşhur müəllifi Nil Geymanın qələmə aldığı maraqlı mif-nağılda hadisələr kitab qurdu olan oğlan uşağının dilindən nəql edilir. Bütün əsər boyu yazıçı oğlanın adını qeyd etməsə də, obrazda Nil Geymanın cizgiləri açıq-aydın hiss olunur.
Sasseks fermalarında gəzintiyə çıxan uşaq insan cildinə girən qədim allahların evinə gəlib çıxır və elə həmin andan etibarən onun adət etdiyi dünyanın düz üzü cırılır, astar üzü görünür- içəridən isə başqa dünyanın məxluqları çıxır.
Karandaşın izi ilə
Uşaqlığımı çox yaxşı xatırlayıram… dəhşətli şeylərdən xəbərdar idim. Ancaq bilirdim ki, böyüklər mənim nə bildiyimi qətiyyən anlamamalıdırlar. Anlasaydılar, bu onları qorxudardı.
***
Narniya haqqında kolleksiya nəşrləri. Kitabları otağıma apardım, çarpayıya uzandım və mütaliəyə qapıldım.
Kitab oxumaqdan xoşum gəlirdi. Hara fırladırsan fırlat, kitablar insanlardan daha etibarlıdır.
***
Onlar sadə məxluqlardır. Onlara lazım olan yeganə şey puldur, başqa heç nə lazım deyil. İstəsəydi, ona müdriklik və ya dinclik verə bilərdim…
***
– Siz, Hempstoklar ailəsi insan deyilsiniz, – dedim.
– Yox, insanıq.
Başımı yellədim:
– Mərc gələk ki, siz əslində başqa cür görünürsünüz.
Letti çiyinlərini çəkdi:
– Hamı içindəkindən fərqli görünür. Sən də. Mən də. İnsanların hamısı daha mürəkkəbdir. Hamısı, hamısı.
***
İndi sənə vacib bir məsələ haqqında danışacam. Böyüklər daxilən elə də böyük deyillər. Çöldən böyük və ağılsız görünürlər. Və həmişə nə etdiklərini bilirlər. Ancaq içəridən heç dəyişməyiblər. İndi sən necəsənsə, onlar da eyni cür qalıblar. Bütün həqiqət isə ondan ibarətdir ki, böyük deyilən bir şey yoxdur. Bu böyük dünyada bircə nəfər də olsa böyük insan yoxdur.
***
Böyüklər haqqında düşünürdüm. Və öz-özümdən bunun doğru olub olmadığını soruşurdum: həqiqətənmi böyüklərin hamısı böyük bədəninə bürünmüş uşaqlardır? Darıxdırıcı, uzun kitabların içərisində gizlədilən uşaq kitabları kimi. Şəkilsiz və dialoqsuz.
***
Böyüklər kəşf edilən yollarla gedir. Uşaqlar yeni yollar kəşf edir.
***
Ona inanırdım. Bu isə o demək idi ki, onunla olduğum müddətcə mənə heç nə olmayacaqdı. Mənim üçün bu məsələ gün kimi aydın idi. Otun yaşıl olması, qızılgülün tikanlarının olması, səhər yeməyindəki qarğıdakı yarmasının şirin olması kimi.
***
O gülümsədi. Böyüklərin gözündə o həqiqətən gözəl hesab edilirdi, ancaq sənin yeddi yaşın varsa, gözəllik imperativ deyil, yalnız abstraksiyadır.
***
Və o, ağlamağa, mən isə özümü narahat hiss etməyə başladım. Böyüklər ağlayanda nə etmək lazım gəldiyini bilmirdim. Ancaq iki dəfə belə bir hadisəyə şahid olmuşdum: xalam öləndə nənəmlə babam xəstəxanada ağlamışdı, bir dəfə də anamı ağlayan görmüşdüm. Böyüklər ağlamamalıdır. Bundan əmin idim. Axı onların təsəlli verib sakitləşdirmək üçün anaları yoxdur.
***
Onda öləcəyimi anladım. Ölmək istəmirdim. Valideynlərim deyirdilər ki, əslində mən ölməyəcəm, mənim əsl “mənim” ölməyəcək: heç kim həqiqətən ölmür; sadəcə pişiyim və opal çıxaran kişi yeni bədən qazanıb tezliklə geri qayıdacaqlar. Bilmirdim buna inanım ya yox. Bircə onu bilirdim ki, özüm olmağa artıq öyrəşmişdim, kitablarımı, nənəmlə babamı və Letti Hempstoku sevirdim, ölüm isə bütün bunları əlimdən alacaqdı.
***
Doğulduğum gündən bəri yaşadığım bu dünyanı gördüm və onun necə kövrək olduğunu anladım; mənə tanış olan reallıq sadəcə içində qurd qaynayan, kabuslara hopdurulmuş və içi tamahkarlıqla dolu olan bayram tortunun üstündəki donmuş şəkər şirəsindən ibarət idi. Mən bu dünyanın altını da gördüm, üstünü də. Bizim reallıqdan kənarda eynilə arı şanları kimi başqa dünyalar çoxalır, başqa qapılar və yollar açılırdı.
***
Daxilimə nəzər yetirsəydim, diqqətlə məni öyrənən güzgülərin sonsuz dairəvi hərəkətini görəcəkdim.
***
Uşaqlığım üçün darıxmıram. Ancaq o vaxtkı kiçik şeylərdən zövq almaq bacarığım üçün darıxıram. Onda bu bacarığım hətta əhəmiyyətinə görə daha böyük şeylər məhv olanda da məni tərk etmirdi.
***
Heç nə əvvəlki kimi qalmayacaq. Fərqi yoxdur, bir saniyəmi keçəcək, yoxsa yüzillik. Hər şey daim qaynayacaq, aşıb daşacaq. Və insanlar da okeanlar kimi çox dəyişəcəklər.
***
Mənə elə gəlir ki, hekayələr yalnız personajların dəyişildiyini göstərmək üçün nəql edilir. Ancaq bütün bunlar baş verəndə mənim yeddi yaşım var idi və hekayənin sonunda da eyni yaşda idim, elədirmi? Qalan hamı da. İnsanlar dəyişmir.
***
Müxtəlif insanların xatirələri də müxtəlifdir. Hər hansı bir şeyi eyni cür xatırlayan iki adam tapmaq qeyri-mümkündür. Onların həmin şeyi öz gözləri ilə görmələrinə baxmayaraq.
***
Əzizim, yaşamaq və insan olmaq imtahandan keçmək və ya kəsilmək demək deyil.
***
Bir anlıq ürəyim qopdu. Elə tərpəndi ki, az qaldı ona inanım. İndi isə keçdi, sakitləşdi. Unudulmmuş xatirələr və ya qaranlıqdakı kölgə kimi keçmişdə itdi.
***
Qocala-qocala öz valideynlərimizə çevrilirik; yaşayırıq və zamanla simaların təkrarlandığını görürük.
***
Böyüklərin dolub-daşan anbarın dərinliklərində unutduqları oyuncaqlar kimi uşaqlıq xatirələri də bəzən daha sonra baş verənlərin ağırlığı altında gizlənir. Lakin onlar həmişə ayıq-sayıqdırlar və öz vaxtlarını gözləyirlər.
***
Üzrxahlıq həmişə gecikir, yaxşı ki, təəssüf deyilən şey var.
***
Böyüklər uşaqlara qarşı çıxanda, qalib gələn tərəf həmişə böyüklər olur.
***
Yaşamaq, bu dünyada sağ qalmaq, öz yerini axtarmaq, lazım olanları etmək, birtəhər dolanmaq özü özlüyündə çətin işdir. Sən isə üstəlik hər dəfə geri dönüb əhəmiyyətsiz bir hərəkətinin də düzgün olub olmadığını düşünməli idin. Çünki sənin bu hərəkəti həyata keçirmək imkanın üçün biri nə vaxtsa ölməsə də, öz həyatını qurban verib. Bu haqsızlıq idi.
***
İncəsənətlə məşğulam. Hərdən həqiqi incəsənətlə. Və bu məşğuliyyətim həyatımdakı boşluqları doldurur. Hamısını yox, bəzilərini.
Tərcümə: Lamiyə Göycəyeva