Annotasiya
“Sadəcə bir baxış” (ingiliscə “Just One Look”) – Qreys Louson fotoatelyedən ailə şəkillərini götürəndə ağlına da gəlməzdi ki, elə həmin andan etibarən onun həyatı tamamilə dəyişəcək. Qreysin zərfdə tapdığı köhnə fotoşəkildə əks olunan yad insanların arasında onun əri Cek də var. Bu bir təsadüfdürmü, yoxsa kiminsə oyunu? Və niyə bu şəkli görən Cek elə həmin gün ortalıqdan yoxa çıxır? Qreys ərinin axtarışlarına başlayır və dərhal başa düşür: Cekin izində başqaları da var və həmin fotoşəkli çox insan axtarır.
Karandaşın izi ilə
Yavrum, məni əbədi xatırlasan da
Solğun mürəkkəb yenə də yaddaşdan daha möhkəmdir.
***
– Bu mənim birinci qaydamdır: yalnız kişiləri öldürürəm, qadınlara toxunmuram.
– Bəs ikinci qaydanız nədir? Üçüncü görüşə kimi öpüşməmək?
***
Səs-küylü ayrılıqlar olur: sürəkli göz yaşları, insanın bədənini parçalayan iti ülgüclər. “Şərait” adlı ətçəkəndə fırlanan tanış, adi həyat tamam dəyişir, əriştə kimi süzülür, yırtılmış qarından tökülən bağırsaqlar kimi ətrafa səpələnir. Ancaq elə məqamlar da var ki, həyat bir anın içində alt-üst olur. Tikişin sapları qəfildən gərilir, bir-birinin ardınca sökülür. Özü də dəyişikliklər tədricən, xəlvəti baş verir.
***
Postfeminizm erasında Amerikanın parlaq təsviri: səkkizyaşlılardan yalnız ikisinin arxasınca ataları gəlmişdi.
***
Bəlkə yuxular yadda qalan xatirələrdir? Yoxsa elə təxəyyül məhsuludur? Çox güman ki, xatirələrlə yoğrulmuş təxəyyül oyunudur.
***
Qreys hesab edirdi ki, analıq bir çox cəhətdən rəssamların qismətinə düşən taleyə oxşayır: özünə inamsızlıq, riyakarlıq qorxusu, başqalarından daha pis olmaq əndişəsi.
***
– Yəqin kişilər haqqında yüksək fikirdə olmadığımı bilirsən də?
– Bilirəm.
– Hesab edirəm ki, onların böyük əksəriyyəti it poxundan düz iki pillə aşağıda durur.
***
Surətlərdə ruhlar dolaşmır. Surət ruhsuz bədəndir.
***
Çarlin hökmən xəstəxana çarpayısının yanında oturmaq istəyirdi. Filmlərdə və seriallarda arvadlar həmişə xəstə ərlərinin əlindən tutub onların yanında otururdular. Lakin palatada stul yox idi.
***
Uşaqlar hər şeyi hiss edirlər, lakin bəzən qəribə və çox faydalı laqeydlik nümayiş etdirirlər.
***
Hərçənd şəxsi təcrübəsindən yaxşı bilirdi: evin mühafizəsi üçün satın alınmış tapança ev yiyəsinin özünü müdafiəsindən daha çox intiharı zamanı istifadə edilir.
***
Yəqin, sürrealizm özünü qorumaq hissindən, rəssamın gördüklərini süzgəcdən keçirərək özünü müdafiə etmək istəyindən yaranıb. Sürrealizm hərəkət etmək, həqiqəti tapmaq üçün güc verdiyi halda, reallizm amansızcasına kəskindir, aydın və təmizdir. Realizm ruhi xəstəxanaya aparılana kimi qıvrılıb ulamaq istəyi oyadır.
***
Vu öz təcrübəsindən bilirdi ki, dincliyin təminatı yerində saymamaq və hər zaman irəli hərəkət etməkdir. İşlə məşğul olduğumuz müddətcə beynimizə günah və ya günahsızlıq, keçmiş və ya gələcək planlar, sevinclər və kədərlər haqqında fikirlər düşmür. Yalnız sağ qalmaq haqqında narahat olursan – zərbə endirmək yoxsa zərbə almaq, ölmək yoxsa öldürmək.
***
Köhnə bir məsəldə deyildiyi kimi, uşaqların üstündə təlimat verilmir. Səhvdən heç kim sığortalanmayıb, tərbiyə isə əsl improvizasiyadır.
***
Video oyunların pis tərəfi ondan ibarətdir ki, onlar insanı real dünyadan uzaqlaşdırır. Video oyunların yaxşı tərəfi ondan ibarətdir ki, onlar insanı real dünyadan uzaqlaşdırır.
Tərcümə: Lamiyə Göycəyeva