Annotasiya
Fenni Fleq “Cənnətə düşmək üçün tələsirəm” (ingiliscə “Can’t Wait to Get to Heaven”) – Həyat çox qəribədir. Yorulmaq bilməyən Elner elə indicə yetişmiş şirin əncirləri yığmaq üçün ağaca çıxmışdı ki, iki dəqiqə sonra Allah və Cənnətin sakinləri ilə söhbətləşməyə başlayır. Elnerin səmavi söhbətlərə başı qarışdığı bir vaxtda Yer üzündə əsl mərəkə qopur. Onun əsəbi bacısı qızı Norma huşunu itirir, dostu Lüter yük maşını ilə su arxına düşür, qonşusu Verbena isə İncili dərindən öyrənmək qərarına gəlir. Bütün bu qarma-qarışıqlığa görən Allah belə bir qərara gəlir ki, Cənnətə düşmək hələ Elner üçün tezdir, qoy qayıdıb yerdəki işlərini qaydaya salsın.
Karandaşın izi ilə
Həyatı iki cür yaşamaq olar: ya möcüzələrin olmadığını qəbul edirsən, ya da bütün həyatın möcüzə olduğunu. (Albert Eynşteyn)
***
Son vaxtlar Elner dinə tənqidi münasibət bəsləməyə başlamışdı – yəqin, kabel televiziyası çəkdirib “Discovery” kanalına dadanandan sonra belə olmuşdu.
***
– Bu ki çox sadədir! Yumurta hardan çıxıb? Toyuqdan. Deməli, toyuq birinci olub. Yumurta özü-özünü yumurtlamayıb ki! Və elə həmin an fikirləşdim: əgər birinci yumurta yaranıbsa… niyə ilk insan Adəm olub? Axı yalnız Həvva doğa bilərdi.
– Elner xala, İncildə heç kim heç kimi doğmayıb, yadınızdan çıxıb? Allah Adəmi yaradıb, sonra onun qabırğasından Həvvanı.
– Norma, mən bilirəm, orda nə yazılıb, ancaq ardıcıllıq səhvdir… Xoruzun çıxdığı yumurtanı toyuq yumurtlayır…
Norma cavab verdi:
– Hə, əziz xalam, ancaq yumurtanı əvvəlcə mayalandırmaq lazımdır, xoruz bunun üçün lazımdır.
Uzun sürən səssizlikdən sonra Elner dedi:
– Bax, burda ilişdim. Gedib bir az da beynimi qurdalayım. Heyf! Mən də sevinmişdim ki, varlığın böyük sirrini açmışam. Amma yenə də ola bilsin ki, ilk insan Adəm yox, Həvva olub. İncili isə kişilər yazıb və axırıncı dəqiqə hər şeyi dəyişdiriblər ki, birinci özləri olsunlar.
***
“Roman yazmağın nə mənası var? Bəs onları oxumağın?”. Yaşı altmışı keçmiş istənilən qocanı və ya qarını götürün – budur istənilən romandan daha maraqlı hekayə. Heç bir yazıçı belə bir şey uydura bilməz.
***
– Yanılmaq insanlara xas xüsusiyyətdir. Yadında, rok-n-roll çıxanda, hamı elə hey deyirdi ki, bundan da pis ola bilməz, – amma oldu!
– Bundan da pis! Dünyanın sonuna kimi təqaüdə çıxa bilməsəm, dəhşət hirslənəcəm: gör neçə ildir təqaüdə kimi yaşamaq arzusundayam – al sənə!.. Həyatda ədalət deyilən şey yoxdur, düzdür! Bəs sən dünyanın sonundan qorxmursan? – Tott darağı əlinə aldı.
– Əlbəttə, qorxuram, – Norma cavab verdi. – Ancaq dünyanın sonu indi, insanlarda azacıq da olsa yaxşı zövqün formalaşdığı bir vaxtda baş versə, çox heyfsilənərəm. Dəmir məmulatları dükanı və ya saxsı hədiyyələr mağazasına baş çəkərsən, orada elə gözəl əşyalar satılır ki, özü də heç baha deyil.
***
İndi Linda öz şəxsi təcrübəsindən acı həqiqəti başa düşdü: doğmanı itirəndə, təəssüf hissi qalır. “Mən olsaydım…”, “Niyə mən yox…” Beləcə ömrünün axırına kimi vicdan əzabı çəkirsən, ancaq heç nəyi düzəltmək olmur.
***
Həyat çox qəribədir: elə indicə əncir yığırdın, bir dəqiqədən sonra isə ölmüsən. Bu haqda fikirləşəndə səhərlər heç yuxudan oyanmağım gəlmir.
***
Mənim yaşıma çatanda, sənin üçün də fərqi olmayacaq – toy olsun, xaç suyuna salma mərasimi olsun, ya da dəfn mərasimi. İl keçdikcə hər şeyə öyrəşirsən.
***
– Çox dilxor oldun, əzizim?
Elner bacısına baxıb, başını yellədi:
– Daha doğrusu təəccübləndim.
– Bizim kimi. Bilirsən ki, ölümə çarə yoxdur. Ancaq özünün də öləcəyinə inanmırsan.
– Mən isə öləcəyimə şübhə etmirdim. Sadəcə belə qəfil olacağını düşünmürdüm. Görəsən, vaxt tapıb soba ilə qəhvədanın altını söndürə bilmişəmmi?
– Hamımızın heyfsiləndiyi şeylər var, düzdür?
***
Elner həmişə şən, xoşhal olub. Bunda təəccüblü heç nə yoxdur, axı onun uşağı olmayıb.
***
– Elner, başa düşürsünüz, həyat “Amerika təpəcikləri” adlı karuselə oxşayır: gah yuxarı, gah aşağı, gah sağa, gah sola.
– A-a! – Elner cavab verdi. – Deməli, dərindən nəfəs alıb, anın həzzini çıxarmaq lazımdır.
Reymond onu dəstəklədi:
– Məhz belə etmək lazımdır. Ancaq iş orasındadır ki… əksər insanlara elə gəlir ki, onlar sükan arxasındadırlar və karuseli idarə etməyə elə can atırlar ki, ən maraqlı şeyləri gözdən qaçırırlar.
***
– İnsanlar bir-birləri ilə yola getməyəndə onun ürəyi ağrıyır. O, hesab edir ki, dünyadakı bütün şər radikallardan və fanatiklərdəndir. Zarafat başa düşmürlər, özləri hirslənirlər, başqalarını da cin atına mindirirlər.
– Bəlkə də haqlıdır, Doroti. Dərindən düşünsək, sıravi fanatikin yumor hissi ilə arası elə də yaxşı deyil.
– Razıyam. Hirslənəndə xoşbəxt olmaq mümkün deyil. Heç cürə mümkün deyil.
***
Hamının əhval-ruhiyyəsi əla idi – hansı tərəfdən baxırsan bax, xəstəxanaya getmək, dəfn mərasiminə getməkdən daha xoşdur.
***
Yaxın adamın bir dəfə də olsun, ölüm yatağında olubsa, həyatı başqa rəngdə görməyə və əsl hisslərə qiymət verməyə başlayırsan.
***
Norma, bu məsəli bilirsən? Köhnə rieltorlar ölmürlər, daşınmaz əmlaka çevrilirlər.
***
– Norma, sənə söz deyirəm, televizora baxmaq mümkün deyil! Filmlər başdan ayağa seks və zorakılıqdır. Başa düşürəm, niyə bütün dünyada bizi sevmirlər: elə bilirlər, bütün amerikalılar heyvandır.
– Razıyam, – Norma başı ilə təsdiqlədi.
– Yaxşı insanlardan bəhs edən filmlər haradadır, bilmək olar? Bir az söyüş olsa, pis olmaz, mənim özüm də söyüş sevənəm, ancaq indiki kinolarda hər bir sözdən bir ədəbsiz söhbətlərdir. İkiüzlü deyiləm, yoxdursa, yoxdur, iki dəfə ərdə olmuşam, amma indi sevgidən bəhs edən filmlər nəyə çevrilib? “Salam, necəsən, yataq?” Hərdən “salam”sız da işlərin aşırırlar. Təbiət verilişlərində də heyvanların cütləşməsini göstərirlər, – bu verilişləri kim çəkir? Aydın məsələdir ki, kişilər, başqa kim olacaq? Nəvələrinlə oturursan televizora baxmağa, al sənə “viaqra” reklamı!
***
– Məncə, düz-əməlli bir şey deyə bilmirsənsə, yaxşısı budur sus.
– Yaxşı olmaq istəmişəm, əvəzində nə qazanmışam? Ağrıyan kürək, bədbəxtlik gətirən evlilik, iki naşükür övlad, üstəlik əsəb pozğunluğu. Xoşbəxtlikdən, intihar edənlər üçün etibar telefonunda işləmirəm. Özümü elə pis hiss edirəm ki, hamısına “vur başını dağıt!” deyərdim.
***
Qoca saç ustaları təqaüdə çıxmırlar, onlar başdan tökülən saç kimi həyatdan tökülürlər.
***
– Məncə, həyat təcrübəsi zənginləşdi.
– Həyat təcrübəsi? Nə deməzsən… Evi yoxdur, qışlıq əyin-başı yoxdur – əvəzində həyat təcrübəsi itinə tök!
***
Qəribədir, gör neçə ildir insanlar çalışıb-çabalayır, həyatın mənasını axtarırlar, – lazım olan tək şey isə sevinməkmiş, vəssəlam.
***
… uşağı aldada bilməyən böyük fərasətsiz böyükdür.
***
Biri var idi, biri yox idi, uzun illərdir bu həyatda ömür sürən bir insan var idi. Onun bir çox başqa insanla münasibəti var idi, ondan sonra isə yalnız fotokart və qəzetdə bir neçə sətir qaldı. Qəzeti isə atacaqlar. Vəssəlam.
***
… Norma dəhşət vasvasıdır. Mekki məzələnir ki, gecə tualetə durmağa qorxur: birdən qayıdar, yorğan-döşək isə təzədən döşənilmiş vəziyyətdə olar.
***
– Norma, Yer üzündə Adəmlə Həvvadan başqa insan yox idisə, Habillə Qabil özlərinə arvadı hardan tapmışdılar?
– Of, Elner xala, hardan bilim… kurortdan?
***
– Bilirsən ki, tısbağalar əlli il, yazıq kəpənəklər isə yalnız bir gün yaşayır? Həyatda ədalət deyilən şey yoxdur, düzdür?
Tərcümə: Lamiyə Göycəyeva