Annotasiya
“Unudulmuş bağ” (ingiliscə “The Forgotten Garden”) – Birinci Dünya Müharibəsi ərəfəsində Avstraliya limanına yan almış gəmidə balaca qız uşağı tapılır. Uşağın Müəllif deyə müraciət etdiyi müəmmalı qadın qızı İngiltərədən yola düşən gəmidə gizlədir. Əsl adını unudan qız mehriban və qayğıkeş ailə tərəfindən övladlığa götürülür, Nell adı altında qeydiyyatdan keçir. Nell həddi-büluğa çatanda atası onun əslində övladlıq uşaq olduğunu deyir. Və bu xəbər qızın bütün həyatını dəyişir. Uzun illərdən sonra Nell nəyin bahasına olursa olsun, əsl ailəsini araşdırmaq qərarına gəlir. Ancaq əsas məsələni bilmək ona nəsib olmur…
Nellin ölümündən sonra onun nəvəsi Kassandra gözlənilməz mirasa – İngiltərədə evə sahib olur. Kliff-kotec və onun baxımsız bağı özündə çox sirrlər gizlədir. İrəlidə Kassandranı bu sirlərin üstün açmaq, nənəsi haqqında bütün həqiqəti öyrənmək gözləyir.
Karandaşın izi ilə
– Niyə pərilər kraliçasının məhz üç telini gətirməliyəm? – gənc şahzadə qarıdan soruşdu. – Niyə iki və ya dörd yox?
Qarı əyirməyə davam edə-edə şahzadəyə tərəf əyildi.
– Mənim balam, başqa rəqəm yoxdur. Üç zamanın rəqəmidir. Məgər biz keçmiş, bu gün və gələcək haqqında düşünmürükmü? Üç ailənin rəqəmidir. Məgər ana, ata və övlad haqqında danışmırıqmı? Üç pərilərin rəqəmidir. Məgər onları palıd, göyrüş və yemişanın arasında axtarmırıqmı?
Gənc şahzadə başını tərpətdi, çünki müdrik qarının sözlərində həqiqət var idi.
– Məhz buna görə, sehrli hörüyü hörmək üçün mənə üç tel lazımdır.
***
Görəsən səssiz ölüm gəmisinə bilet alan hər kəs göyərtədə özündən əvvəl yola düşəni axtarır?
***
Narahat olma, hər bir ailənin sirləri olur. Sadəcə bəzilərində bu sirlər böyük olur.
***
Onun soyuqluq və tənhalıq gördüyü yerdə, Kassandra özünü mühafizə görürdü. Ən təhlükəsiz yer az şey itirdiyin yerdir.
***
Ancaq atasının sirri hər şeyi dəyişdi. Onun sözləri Nellin həyat kitabını döşəməyə tulladı. Səhifələr elə səpələndi ki, onları yenidən bir yerə yığıb əvvəlki hekayəni oxumaq mümkün olmadı.
***
– Əziz nənə, sənin gözlərinə nə olub? – çoxdandır bu sual haqda düşünən şahzadə soruşdu.
Qarı şahzadəyə tərəf çevrildi. Onun gözlərinin yerində yalnız qırışmış dəri var idi.
– Mənim görmə qabiliyyətimi əlimdən alıblar.
– Kim?
– Atam məni o qədər çox istəyirdi ki, ölüm və dağıntıları görməməyim üçün gənc ikən gözlərimi çıxardı.
– Əziz nənə, ancaq sən gözəlliyi də görmürsən axı.
***
O, xüsusi diqqətin təhlükəli olduğu, bəzi baxışların oğurluğa oxşadığını başa düşürdü. Eliza bunu çox yaxşı anlayırdı, çünki özü daha çox gördüyü obrazları fikrində saxlamağı, istəyinə uyğun oynatmağı, səsləndirməyi, rəngləməyi xoşlayırdı.
***
Gecə yarısına az qalmışdı, ancaq London qaranlığa qərq olmamışdı. Kassandra güman edirdi ki, London kimi şəhərlərdə artıq qaranlıq olmur. Müasir dünya gecəni öldürüb. Doğrudur,vaxtilə London tamam başqa cür – təbiətin hökmranlığı altında olub. Alatoranlığın küçələri qatrana, havanı dumana çevirdiyi şəhər: Qarındeşən Cekin Londonu.
***
Sonra Eliza onun haqqında olan xatirələri mümkün olduğu qədər səliqə ilə bir yerə topladı, daha ehtiyacı olmadığı hisslərə – sevinc, sevgi və borc hissinə bükdü və çox dərinliklərə kilidlədi. Nədənsə bu cür xatirə və hisslərdən qurtulmaq ona doğru addım kimi görünürdü. Axı Semminin ölümü ilə Eliza yarıinsana çevrilmişdi. İşıqdan məhrum qalmış otaq kimi onun də qəlbi sanki soyuq, qaranlıq və dibsiz olmuşdu.
***
Dünya çox böyük bir yerdir. Burada altmış il əvvəl itkin düşmüş bir adamı tapmaq elə də asan məsələ deyil. Hətta bu adam sənin özün olsan belə.
***
Sirrin bəxş etdiyi yeganə sevinc: bilirsən ki, onu heç kimə danışmaq olmaz, amma yenə də danışırsan.
***
– Bəli, miledi, – Tomas dedi, onun yanaqları alışıb yanırdı. – Miledi, çay gətirim?
– Tomas, indi yox. – Üzünü çevirmədən solğun incə əlini azca tərpətdi. – Çay üçün artıq çox gec olduğunu sən özün də yaxşı başa düşməli idin.
– Bəli, miledi.
– Əgər şayiə yayılsa ki, Qaradonqar-menorda saat beşdən sonra çay verilir… – Büllur səsi kimi qısa gülüş eşidildi. – Yox, şam yeməyinə kimi gözləyək.
***
– Sən dəhşət qocasan.
– Çeçələ barmağımla yaşıdam, amma dişlərimdən bir az yaşlıyam.
***
– Xanım, yaxşısı budur, ayağınıza tüpürüb qaçın. İkinci səhər yeməyinin zəngi çalındı.
– Sən də ikinci səhər yeməyinə gedirsən?
O güldü.
– Xanım Eliza, xidmətçilərə ikinci səhər yeməyi verilmir, qayda belədir. Bizdə indi nahar vaxtıdır.
***
– Məncə, hər köhnə evə ən azı bir ruh lazımdır, – o, risk edib belə bir təkliflə çıxış etdi.
– Elədir, – Culiya razılaşdı. – İnsanlar bunu gözləyir. Bizdə ruh artıq mövcud olmasaydı, onu uydurmaq məcburiyyətində qalacaqdım. Bizimki kimi tarixi mehmanxanada qonaqlar üçün yerli ruh təmiz dəsmal kimi vacibdir.
***
Atasının ahı – kədər? sevgi? yorğunluq? – və “baigneur”. Elə yumşaq, elə sakit. Qırılmış insanın qırılmış sözü. Roza Tranton xanımla fransız dilini öyrənirdi və “baigneur” sözünün nə demək olduğunu bilirdi. Sözün tərcüməsi “kiçik gəlincik” idi.
***
Tənhalıq kraliçaya kədər gətirdi. Kədər isə onu mütəkəbbir, mütəkəbbirlik isə şübhəcil etdi.
***
Ah, zaman necə amansızdır! Diqqət yetirmədiyin kiçik dəyişikliklərin qarşısını almaq mümkün deyil. Gənclik nektarı deşikləri getdikcə böyüyən xəlbirdən axıb gedir.
– Beləcə dost düşmənə çevrildi, – Adelina zalım güzgüyə baxıb pıçıldadı.
***
Nişandan dərhal sonra Adelina Lenqli öz üzərində işləməyə başladı. O, adlı-sanlı qədim Muntraşe soyadına layiq qadın olmaq qərarına gəldi: şimal ləhcəsindən və əyalət zövqündən qurtuldu, xanım Bitonun əsərlərini gözünə təpdi və iki əkiz incəsənətə – şöhrətpərəstlik və təşəxxüsə yiyələndi.
***
İnsanların nəzarət etmək iqtidarında olmadıqları şeylər onları formalaşdıran cəhətlərdir, xarakterlerinin xüsusiyyətləri irsən ötürülür, zamanla qazanılır.
***
Suindell xanımın cında dükanında nağıllar kitabını tapdıqdan bəri Eliza saralmış səhifələrin içində itdi. O, hekayələrin gücünü, onların insan qəlbindəki yaraları sağaltmaq kimi möcüzəvi qabiliyyətə malik olduğunu başa düşdü.
***
Bu tənliyi qəbul etmək mümkün deyildi, deməli, dəyişənlərdən birini dəyişmək lazım idi.
***
– Ana, mən onu sevirəm.
Adelina gözlərini yumdu. Cavanlıq! Bu üç sözün təkəbbürlü gücü qarşısında ən məntiqli arqumentlər belə işə yaramır. Onun qızı, onun qiymətli xəzinəsi, bu sözləri necə asanlıqla tələffüz edir və eyni zamanda Uoker kimi kişidən danışır!
– O da məni sevir, ana. Özü mənə dedi.
Adelinanın ürəyi qorxudan sıxıldı. Sevimli qızcığazı axmaq məhəbbət fikirlərindən kor olub. Ona necə başa salsın ki, kişi ürəyini ələ keçirmək belə asan deyil və hətta ələ keçirsən də, nadir halda əlində saxlamaq mümkün olur?
***
– Sən yəqin, unikallığın olmadığını düşünmürsən?
– Hamımız unikalıq, ancaq özümüzü unikal hesab etdiyimiz şeydə yox.
***
Bəzən bədən ağılın izah etmək iqtidarında olmadığı, hətta haqq qazandıra bilmədiyi şeyi istəyir.
***
Əgər bir dəfə boşanmaq bədbəxtlikdirsə, onda iki dəfə boşanmaq, demək olar ki, allahsızlıqdır.
***
Məhz ümid insana təcrübəsindən nəticə çıxarmağa mane olur.
***
O yoxsuldur. Mənim isə hər şeyim var. Və o mənim məhrum olduğum şeyə sahib olacaq. Məgər görmürsən ki, bu ədalətsizlikdir? Məgər Allah belə insafsızcasına səhv edə bilərdi?
***
Həmin gün Laynusu qəribə hisslər bürüdü. Onun istəyi ilə bir insan həyatına son verilmişdi. Deməli, o qüdrətlidir, başqaları vasitəsilə öz niyyətlərini həyata keçirmək iqtidarındadır. Mahnı oxumaq istədi.
***
Göz yaşları hisslərin ikinci səviyyəsinə adlamaqdır, çərçivədən kənara çıxmaq və kənardan onlara baxmaq bacarığıdır.
***
Həyatını əlində olanlarla qurmalısan, ehtiyacın olanlarla yox.
***
Çox qədim zamanlarda… Axtarmağın tapmaq demək olduğu bir vaxtlarda…
***
Axı düşünmək rəngə bulaşmış şübhə fırçasını şəffaf inam suyuna salmaq kimi bir şeydir.
***
Hekayələrin təbiəti belədir: xəyali, natamam, ağlasığmaz. Tarixi qaliblər yazır.
***
Mənim yaşıma çatanda özünüz də başa düşəcəksiniz ki, keçmiş köhnə dost kimi bir şeydir. Xəbərsiz gələn və getmək bilməyən köhnə dost!
***
Görünən odur ki, insan sükan arxasına keçdimi, ən pis cəhətləri üzə çıxır.
***
Yalan nə qədər sadədirsə, ona bir o qədər asan inanırlar.
Tərcümə: Lamiyə Göycəyeva