Annotasiya
“Sərhəddən cənubda, günəşdən qərbdə” (yaponca “Kokkyo no minami taiyo no nisi”) – Müasir yapon ədəbiyyatının nümayəndəsi Haruki Murakaminin bu əsərini tənqidçilər yaponsayağı “Kasablanka” adlanır. Həm iş, həm şəxsi həyatında uğur qazanan bar sahibi Hadzimenin həyatına iyirmi beş ildən sonra uşaqlıq məhəbbəti Simamoto geri dönür. Unudulan ehtiras və xatirələr yenidən alovlanır.
Karandaşın izi ilə
Listə qulaq asa-asa yüksəldiyimi, yeni pilləyə qalxdığımı hiss edirdim.
***
Simamoto bir növ gözlərimi açdı. Başa saldı ki, real dünyamızda xüsusi bir yer. Həmin o on saniyə ərzində kiçik bir quşa çevrilib səmaya qalxa və küləyin ani şiddətini tuta, yuxarıdan qarşımda uzanan yerə baxa bildim. Bu yer elə uzaq görünürdü ki, aşağıda nəyin olduğunu əməlli-başlı ayırd etmək mümkün deyildi. “Amma buna baxmyaraq, orada nə isə var. Gün gələcək mən ora düşəcəm və hər şeyi görəcəm”. Belə bir kəşfdən nəfəsim tutuldu və köksümdə nəsə vurmağa başladı.
***
Ayağım yerdən kəsilmişdi: o mənim əlimdən tutmuşdu! Onun zərif təması hələ bir neçə gün qəlbimi isindirdi. Və eyni zamanda, məni çaşbaş saldı, belə bir sualla fikrimi alt-üst etdi: indi mən bu istiliklə nə edəcəm?
***
Atası stomatoloq olduğundan ailəsi ayrıca evdə yaşayırdı. Onların bir də itləri var idi. Karl adlı alman qoyun iti. İnanmyacaqsınız, amma iti Karl Marksın şərəfinə belə adlandırmışdılar. İdzuminin atası kommunist partiyasının üzvü idi. Sən demə, kommunistlərin arasında da diş həkimləri var imiş.
***
Onda heç nə başa düşmürdüm. Bundan xəbərsiz idim: insanı elə yaralamaq olar ki, bu hadisədən sonra heç nəyi geri qaytarmaq, heç nəyi düzəltmək daha mümkün olmaz. Bəzən bunun üçün təkcə sənin varlığın belə kifayətdir.
***
Dekorasiya dəyişikliyi kifayətdir ki, hər şey – zamanın gedişatı, emosiya axını dərhal dəyişsin.
***
Heç cürə İdzumini inandıra bilmirdim ki, hər şey yaxşıdır. Ən böyük problem də bu idi. Onu isə ona görə inandıra bilmirdim ki, bunu özümə belə sübut edə bilmirdim.
***
Arzu hissi – mütərəddid və kəskin ağrı ilə yandıran. Belə arzular on yeddi yaşın məhsuludur.
***
Əlaqəmiz ona da, mənə də lazım idi; bu tamamilə təbii görünür və heç bir şübhə doğurmurdu. Elə əvvəldən bu əlaqədə sevgiyə, günah hissinə, gələcək haqda düşüncələrə yer yox idi.
***
Həmin dövr həyatımın üçüncü mərhələsi idi. On iki il – universitetə qəbul olduğum vaxtdan otuz yaşım tamam olana qədər davam edən bir dövr. Peşmanlıqlar, yalnızlıqlar və ürəyimi heç kimə açmadığım susqunluq illəri. Bir sözlə, daimi donuşluq.
***
Ayoma-dori işıqforunda dayandım, “BMW”nin sükanı arxasında Şubertin “Qış yolu”na qulaq asa-asa birdən fikirləşdim: “Axı mən başqasının həyatını yaşayıram. Sanki kimsə hər şeyi mənim üçün hazırlayıb, həyatın özünü hazırlayıb. Mənim özümdən çox şeymi qalıb? Mənim mən olduğum, sonra başqasına çevrildiyim sərhəd hardadır? Əllərim sükandadır… Neçə faiz bu mənim əllərimdir? Və məni əhatə edən şeylər… nə qədər realdır?” Bu haqda daha çox düşündükcə, nəyin necə olduğunu daha az anlayırdım.
***
– … Bu səhra həyatına oxşayır, yalnız öyrəşmək lazımdır. Aşağı siniflərdə sizə Disneyin “Canlı səhra” filmini göstərmişdilər?
– Və?
– Bizdə də hər şey o filmdəki kimidir. Yağış yağır çiçəklər açır, yağmır çiçəklər solur. Kərtənkələlər böcəkləri, müxtəlif hünüləri yeyir, özləri isə quşlara yem olurlar. Sonluq isə hər kəsdə eynidir – hamı ölür, təkcə örtük qalır. Bir nəsil yox olur, yerinə başqası gəlir. Qayda belədir. Hamı müxtəlif cür yaşayır və müxtəlif cür də ölür. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Bizdən sonra yalnız səhra qalır. Səhra və daha heç nə.
***
Təcrübəmə inanın: həqiqətən gözəl qadınlar içki məkanlarına tək getmirlər. Kişilərin onlarla oynaqlaşması onlara sevinc bəxş etmir, yorur.
***
Ümumiyyətlə geyimə qarşı laqeydəm. Özüm üçün çıxardığım bir qayda var: paş-paltara lazımından daha çox xərcləmək axmaqlıdır. Adətən cins və sviterlər kifayət edir. Lakin biznesdə kiçik fəlsəfi fikrim var: məkanı idarə edən şəxs həmin məkanın müştərilərini hansı qiyafədə görmək istəyirsə, elə də geyinməlidir.
***
– Bəlkə məkanınıza özəl kokteyl məsləhət görəsən?
– Bir neçə belə kokteylimiz var. Müştərilərin ən çox barın adından götürülmüş “Birəbitdən yuvası” xoşuna gəlir. Bu qarışığı özüm fikirləşmişəm. Əsas romla araqdır. Xoş dadı var, yüngül içilir və başı da yaxşı dumanlandırır.
– Özün qəsdən belə bir şey uydurmusan ki, biz qadınları yoldan çıxarasan?
– Yoxsa kokteyllər başqa nəyə lazımdır ki?
***
– Çox sağ ol. Yaxşıyam.
Bu təbəssümü görən kimi boşluqla dolub daşan son üç ayı bir andaca unutdum.
***
Güllər əkdim, fontanlar inşa etdim. Hər şeyi yüksək səviyyədə düzəltdim. Lap əsl həyatda olduğu kimi. İnsanlar bura gəlir, içir, musiqiyə qulaq asır, danışır, sonra da çıxıb gedirlər. Niyə onlar hər axşam burda yığışırlar? Otururlar, içirlər, bu qədər xərcləyirlər? Səncə niyə? Çünki hər birinə – birinə çox, digərinə az – uydurulmuş, qeyri-real kiçik bir dünya lazımdır. Onlar havada süzən gözəl qəsrə baxmaq, orda özlərinə bir guşə tapmaq üçün gəlirlər.
***
– Maddi olan hər şeyin sonu var. Amma bəzi düşüncə və duyğular bizimlə əbədi qalır.
– Hadzime, bəs sənə elə gəlmirmi ki, bizimlə qalan bu fikirlərdən bəzən bilmirsən, başını alıb hara gedəsən?
***
– Bankların pulu itinə tökdür. Torpaq sahən varsa, bank nə qədər istəsən, o qədər verəcək. Torpağın varsa, pulun da var. Ona görə evlər yağışdan sonra artan göbələklər kimi artır. Bəs səncə onları kim tikir? Biz! Biz tikirik.
– Aydındır. Bütün bunlar tikiləndən sonra Tokionun axırı necə olacaq?
– Necə olacaq? Daha əyləncəli, daha gözəl, daha rahat olacaq. Şəhərlər necədirsə, iqtisadiyyat da elədir.
– Daha əyləncəli, daha gözəl, daha rahat… Əlbəttə, bu əladır. Ancaq indinin özündə Tokioda maşın əlindən tərpənmək olmur. Hara tikə-tikə gedirsiz? Küçələrdən keçmək mümkün olmayacaq. Uzun müddət yağış olmasa, o qədər su hardan tapılacaq? Ya da yayda bütün kondisionerlər qoşulsa, elektrik enerjisi bəs olacaqmı? Elektrik stansiyaları yaxın şərq nefti ilə işləyir. Bəs birdən neft böhranı olsa? Onda necə?
– Bu barədə hökumət və şəhər icra hakimiyyəti düşünsün. Bu qədər vergini niyə ödəyirik? Qoy, məmurların başı ağrısın. Guya Tokio universitetində oxuyublar, baş işlətməyin tam zamanıdır. Burunları havada özlərini elə aparırlar ki, guya ölkənin bütün işlərini bunlar qaydaya qoyurlar. Vaxtı gəlib çatıb, qoy, qiymətli beyinlərini bir balaca yorsunlar. Mənim bundan başım çıxmır. Mən inşaatçıyam. Sifariş var, tikirəm. Elə deyil?
***
– Üç uşağım var. Səncə mən onların hamısını eyni cür sevirəm?
– Bilmirəm.
– Bəs sən? Qızlarını eyni dərəcədə çox istəyirsən?
– Əlbəttə.
– Bu ona görədir ki, onlar hələ balacadır. Bir balaca böyüsünlər, hansını daha çox istədiyini hiss edəcəksən.
***
– O yaşda oğlanlar kimin xoşuna gələ bilər ki? Başa düşürsən, nəyi deyirəm? Hamısı qaba, eqoist olur və yalnız qızların ətəklərinin altına soxulmaq barədə düşünürlər. Bundan dərhal pis olurdum. İstəyirdim ki, hər şey sənlə mənim münasibətim kimi olsun.
– Bilirsən, on altı yaşda mən də yəqin eyni belə olmuşam: qızların ətəklərinin altına soxulmaq istəyən qayğısız eqoist.
– Yaxşı ki, o vaxtlar görüşməmişik. On iki yaşımız olanda ayrı düşmüşük, otuz yeddi yaşımızda yenidən görüşmüşük… Bəlkə, bu, ən yaxşı variantdır?
– Bilmirəm…
– Bəs indi necə? Ətəkdən savayı başqa şeylər haqda düşünə bilirsən?
– Ümümiyyətlə, bilirəm. Lakin bu səni belə narahat edirsə, gələn dəfə, bəlkə, şalvarda gələsən?
***
Əlbəttə, qızlarımı çox istəyirdim. Onların böyüməsinə tamaşa etmək ən böyük xoşbəxtlik idi. Hərçənd bəzən onlara baxanda nəfəsim kəsilirdi. Elə hiss edirdim ki, sanki içimdə ağac böyüyür. Köklərini daha dərinə buraxır, əzələlərimə, sümüklərimə, daxili orqanlarıma təzyiq edərək qol-budaq açır, dərimdən çıxmağa çalışır. Hərdən bu ağır hissə görə yata da bilmirdim.
***
Ağlaya bilsəydim, bəlkə də belə ağır olmazdı. Amma nəyə görə ağlayım? Kimə görə ağlayım? Xeyir ola, başqalarına görə ağlayım? Bunun üçün çox eqoistəm. Bəs özümə görə? Bu yaşda gülməlidir.
***
– Axı sənə məktub yazmışdım ki, bir müddət olmayacam.
– Bir müddət – nisbi anlayışdır. Xüsusilə gözləyən üçün.
***
– Çox gözəldir. Və mürəkkəbdir. Bunu, bir neçə dəfə dinlədikdən sonra başa düşmüşəm. Hər musiqiçi bunu ifa edə bilməz. “Bədbəxt aşiqlər”. Dyuk Ellinqton və Billi Streyhorn. Köhnədir. Məncə, 1957-ci ilindir.
– Maraqlıdır, görəsən, niyə “Bədbəxt aşiqlər” adlanır?
– Yəqin, xoşbəxt ulduz altında doğulmayan sevgililər nəzərdə tutulur. Bəxtləri gətirməyib, başa düşdün? İngilis dilində xüsusi söz də var – “star-crossed”. Bu Romeo və Culyettaya aiddir. Ellinqton və Streyhorn Ontarioda keçirilən Şekspir festivalı üçün süita yazıblar. “Bədbəxt aşiqlər” həmin süitanın bir parçasıdır. İlk ifaçıları Culyettanın partiyasını alt-saksafonda ifa edən Conni Hoces və Romeonun partiyasını tenor-saksda ifa edən Pol Qonsalves olub.
– Xoşbəxt ulduz altında doğulmayan sevgililər. Sanki bizim haqda deyilib.
– Biz səninlə məgər sevgiliyik?
– Deyilik?
***
– Sənin haqda heç nə bilmirəm. Gözlərinə baxıram və elə hey düşünürəm: “Tamamilə heç nə”. Bircə on iki yaşın olan dövr haqqında bir balaca məlumatım var. Qonşuluqda qalırdın, bir sinifdə oxuyurduq… Bəs bu nə vaxt olub? İyirmi beş il əvvəl. Hamı tvist oynayırdı, tramvaylarda gəzirdi. Nə səs drayverləri var idi, nə qadınlar üçün bez, nə “sinkansen”, nə də pəhriz qidaları. Bir sözlə, çoxdan. Sənin haqda bildiklərim elə bundan ibarətdir. Qalan hamısı zülmətə bürünmüş sirdir.
– Gözlərimdə yazılıb? Sirri deyirəm.
– Gözlərində heç nə yazılmayıb. Mənim gözlərimdə yazılıb, səninkilərdə əks olunur. Narahat olma.
***
– Bəli, altı ay uzun müddətdir. Əvəzində indi, bəlkə də, bir müddət bura gələ biləcəm.
– Sehrli sözlər.
– Sehrli sözlər?
– Bəlkə də, bir müddət…
***
Həyat sadə bir şey deyil və heç nə belə sadə olmamalıdır.
***
Baş verənlərin real olduğunu təsdiqləyən reallıq var. İş orasındadır ki, yaddaşımız və hisslər qeyri-mükəmməl və birtərəflidir. Real hesab etdiyimiz şey nə dərəcədə realdır? “Real hesab etdiyimiz reallıq” hardan başlayır? Əksər hallarda bu sərhədi müəyyənləşdirmək mümkün deyil. Bizim reallığı əsl reallıq kimi təqdim etmək üçün əsl reallıqla birləşən sərhəd reallıq lazımdır. Lakin sərhəd reallığa da əsl reallıqla qarşılıqlı əlaqədə olan əsas lazımdır, məhz bu reallığın reallıq olduğunu sübut edən daha bir reallıq. Şüurumuzda bu cür sonsuz zəncir formalaşır və mübəliğəsiz, müəyyən mənada onun sayəsində insan mövcud olur. Ancaq elə də olur ki, bu zəncir bir yerindən qırılır və həmin an insan əsl reallığın harda olduğunu artıq dərk etmir. Əsl reallıq hansıdır? Qırıq zəncirin o biri tərəfinə düşən, yoxsa bu biri tərəfində qalan?
***
– Mənə yenə əzab verə bilərsən. Bilmirəm, gələn dəfə necə reaksiya verəcəm. Hərçənd, gələn dəfə əzab verən tərəf mən də ola bilərəm. Söz verə bilmərik. Nə sən, nə mən. Ancaq mən hələ də səni sevirəm. Bu qədər.
Onu özümə sıxdım, saçlarını sığalladım.
– Yukiko, gəl sabah hər şeyi əvvəldən başlayaq. Öhdəsindən gələrik. İndi artıq gecdir. Səhər yeni gündür. Onda da başlayarıq.
Yukiko diqqətlə mənə baxdı və dedi:
– Sən hələ də heç nə soruşmursan.
– Sabah yeni həyata başlayıram. Nə deyirsən?
– Məncə, bu yaxşı fikirdir. – Üzü güldü.
***
Başqalarına arzu təlqin etmək, təxəyyülünü oyatmaq – bunları həyata keçirmək indi mənim növbəmdir. Məndən tələb olunan, bax, budur. Bəlkə də, bu arzu və fantaziyaların enerjiyə ehtiyacı olacaq. Ola bilsin. Ancaq hər halda, varlığım bir məna kəsb edirsə, gücüm çatana qədər bu işi davam etdirməliyəm.
Tərcümə: Lamiyə Göycəyeva