Annotasiya
“Aqnes Qrey” (ingiliscə “Agnes Grey”) – Bronte bacılarının sonbeşiyi olan Anna Brontenin 1847-ci ildə işıq üzü görən ilk romanıdır. Əsərdə Viktorian dövrü İngiltərəsində Aqnes Qrey adlı mürəbbiyənin ictimai siniflər arasında qalmış həyatından bəhs edilir.
Karandaşın izi ilə
Kədər və həyəcan bizi yoranda, ya da gizlətməli olduğumuz hisslər bizi incidəndə, axtarmadığımız şəfqəti heç kimdə görməyəndə, eyni zamanda bu hissləri daha susdura bilməyəndə tez-tez təsəllini poeziyada tapırıq.
***
Öz-özümdən soruşurdum ki, görəsən niyə bu qədər gözəllik onu özü və digərləri üçün sevincə çevirə bilənə deyil, onunla belə pis davranana verilib? Amma sonra qərara gəldim ki, Allah özü bilən məsləhətdir. Yəqin bu qadından da şöhrətpərəst və xudbin kişilər var. Və bəlkə də, belə qadınlar həmin kişiləri cəzalandırmaq üçün lazımdır.
***
Borcu yerinə yetirmək və heç kimə kin bəsləməmək ən böyük zövqdür. Dinin məqsədi bizə ölməyi deyil, yaşamağı öyrətməkdir.
***
Bütün gerçək hadisələrdə ibrət dərsi var. Hərçənd bu xəzinə bəzən elə dərində gizlədilir ki, onu dərhal qazıb çıxarmaq olmur. Sonra isə içindən o qədər az şey çıxır ki, qurumuş içlik qabığı qırmağa sərf etdiyin səylərin haqqını vermir.
***
– Axı mənə məftun olmuşdular! Və mən həmin gecə o qədər qələbə qazandım ki! İnanmayacaqsınız…
– Bəs onların sizə nə faydası oldu?
– Faydası! Və bunu bir qadın soruşur?
– Mənə elə gəldi ki, bir qələbə də kifayət edərdi. Məğlubiyyət qarşılıqlı deyilsə, o belə artıqdır.
***
…hərçənd sizi sevdiyim kimi heç bir qadını sevməmişəm – heç sevə də bilməmişəm, digər tərəfdən, onlardan heç biri sizin mənimlə rəftar etdiyiniz kimi pis rəftar etməyib.
***
Bizi həyata bağlayan bağlar göründüyündən daha möhkəmdir. Bunu yalnız həmin bağları qırmadan nə qədər çox dartmaq mümkün olduğunu hiss edənlər başa düşə bilər. Doğma evinizdən məhrum olduqdan sonra, siz, yəqin ki, onun üçün darıxacaqdınız, lakin yaşamağa davam edəcəkdiniz, özü də indi düşündüyünüz kimi, bu elə də kədərli yaşayış olmayacaqdı. İnsan ürəyi kauçuka bənzəyir: kauçukdan şar üfləmək böyük səy tələb etmir, ancaq onu partladana kimi üfürmək çox çətindir. “Qəlbi həyəcanlandırmaq üçün azdan da az şey, onu qırmaq üçün isə çoxdan da çox şey lazımdır”. Digər orqanlarımız kimi onun da xarici zərbələrdən qorunmaq üçün anadangəlmə qalası var. Ovucun dərisini kobudlaşdıran, əzəzələri möhkəmləndirən daimi əmək kimi ürəyə endirilən hər bir zərbə də onu növbəti zərbə üçün daha da möhkəmləndirir.
***
Və zərif qadın əllərində qanlı sıyrıntılara səbəb olan iş əkinçi əlində heç bir iz qoymayacaq.
***
Tumurcuq fikrə çiçəklənmək öyrətmək gözəl vəzifədir!
***
Qadının həm siması, həm qəlbi gözəldirsə, demək olar ki, hamı onu bu iki şeyə görə tərifləyəcək, ancaq ən çox birinciyə görə.
***
Məgər faydalı fəaliyyət kədərin ən yaxşı dərmanı, ümidsizliyin ən düzgün çarəsi deyilmi? Bəli, əmək amansız sakitləşdiricidir. Həyatın sevincləri bizim üçün öz gözəlliyini itiribsə, onun qayğıları ilə bizi yükləmək qəddarlıq deyilmi? Həyəcanlı ruhumuz sükut, sakitcə ağlamaq istəyirsə, onu işləməyə məcbur etmək? Məgər əmək axtardığımız sakitlikdən daha yaxşı deyilmi? Bəs gündəlik xırda qayğılar hıçqırıqlardan, qaytarılması müşkül olan itkilərdən daha ağırdımı? Üstəlik, çalışmaq, ümidsiz zəhmət çəkmək mümkün deyil – qoy, bu darıxdırıcı bir işi bitirmək, vacib bir şeyi etmək və ya yeni bəladan yaxa qurtarmaqla bağlı ümid olsa belə…
***
– O kimə ərə gedir?
– Cənab Riçardsona. Qonşu kəndin keşişinə.
– O varlıdır?
– Yox, imkanlıdır.
– Yaraşıqlıdır?
– Yox, xoşagəlimlidir.
– Gəncdir?
– Yox. Ortayaşlıdır.
– Allah günahımdan keçsin, amma bu nə nişanlıdır!
***
Gözəl olmadığın üçün heyfsilənmək axmaqlıqdır. Ağıllı insanlar özlərinə gözəllik istəmirlər və başqalarında da buna qarşı biganədirlər. Ağlı təhsilli, qəlbi həssas olsa, zahiri görünüşün heç kimin gözündə əhəmiyyəti olmayacaq.
***
Bir də ki… ərə gedəcəklər ya yox, çox da elə vacib məsələ deyil… Biz dolanmaq üçün minlərlə halal yol taparıq.
***
Onu və qardaşını bütün pis əməllərdə həvəsləndirirdi. Bunu birbaşa təqdir etməsə də, təkəbbürlü gülüşlə edirdi. Bir çox insan başa düşmür ki, uşaqların taqsırlarına gülməklə, bunu şən bir zarafata çevirməklə onları necə korlayırlar. Halbuki əsl dost bu taqsırlara görə dərin nifrət təlqin edərdi.
***
Boş vaxtım və kitablarım varsa, mütaliə mənim ən sevimli məşğuliyyətimdir.
***
Məlumdur ki, sıx ünsiyyət düşüncə və davranış tərzinə qarşılıqlı təsir göstərir. Əməllərini müşahidə etdiyimiz, sözləri hər zaman qulaqlarımızda səslənən insanlar, istəməsək belə, bizi özləri kimi hərəkət etməyə və danışmağa məcbur edirlər – yavaş-yavaş, tədricən, ola bilsin, hiss edilmədən, lakin belə bir dəyişiklik baş verəcək.
***
Evdə qalmaq rüsvayçılığından yaxa qurtarmaq naminə belə olsa, ərə getməyin.
***
Həddin artıq şöhrətpərəstlik sərxoşluq kimidir, qəlbi sərtləşdirir, ağlı dumanlandırır və hissləri kütləşdirir.
***
İnsanlara uşaqlarının pis cəhətlərini və əməllərini göstərəndə, bu, onların xoşuna gəlmir.
***
Bir insana valeh olurlarsa, buna mane olmaq mümkün deyil.
***
Gənclik bizə həzz almaq üçün verilib, bizi bu həzdən məhrum edənlərə necə nifrət etməyək?
Tərcümə: Lamiyə Göycəyeva