Annotasiya
“Mən düşmədən öncə”(ingiliscə “Before I fall”) – Amerikalı yazıçı Loren Oliverin debüt romanı 2010-cu ildə nəşr olunub və dərhal bestsellər siyahısına düşüb. Əsər 16-17 yaşlı yeniyetmələr üçün nəzərdə tutulub.
Təsəvvür edin ki, pis bir hərəkət etmisiniz, ancaq bunu çox gec başa düşmüsünüz. Təsəvvür edin ki, sizə etdiyinizi düzəltmək üçün bir şans verilir, siz də onu düzəltmək üçün çabalayırsınız, lakin hər dəfə bir şey yolunda getmir və bu sizi ümidsiz vəziyyətə gətirib çıxarır. Hər şeyin öhdəsindən gələn və heç bir ciddi problemi olmayan Samanta Kinqston məhz belə bir vəziyyətə düşür. Fevralın 12-i, cümə günü onun həyatında növbəti adi günlərdən biri olmalı idi. Amma elə gətirir ki, həmin gün o, ölür. Hərçənd Samantanı dirilər arasında saxlayan bir qüvvə var və gənc qız həmin günü dəfələrlə yaşamaq, öz həyatını xilas etməyin yollarını axtarmaq, itirə biləcəklərinin əsl dəyərini başa düşmək məcburiyyətindədir.
Karandaşın izi ilə
Uşaqlar həmişə bir-birlərini acılayırlar. Böyük iş deyil. Həmişə kimsə gülür, həmişə kiməsə gülürlər. Bu, hər gün, hər məktəbdə, Amerikanın hər şəhərində – hətta, məncə, bütün dünyada belədir. Böyüməyin mahiyyəti gülənlərin arasında qalmaqdır.
***
Hər balaca bacı kimi İzziyə də radar qoyulmuşdu. Bu radar vasitəsilə o, mənim məşğul olduğumu, gecikdiyimi və ya sevgilimlə telefonda danışdığımı müəyyən edə bilir və dərhal da bezdirməyə başlayırdı.
***
Kentdə məni əsəbləşdirən başqa bir şey də var. O özünü elə aparır ki, guya dünya böyük bir hədiyyədir və o, hər səhər bu hədiyyəni açır.
***
Hamı zarafatla “Cefferson”un kollecə hazırlaşmağa kömək etdiyini deyir: oxumağı və içməyi öyrədir.İki il əvvəl “Nyu York Tayms” bizi Konnektikutda ən çox içki içən bələdiyyə məktəblərinin siyahısına daxil etmişdi.
Axı başqa nə ilə məşğul olaq? Ticarət mərkəzlərimiz və zirzəmilərdə keçirilən tədbirlərimiz var. Vəssalam. Və demək olar, bütün ölkə bu gündədir. Atam hesab edir ki, çoxdan Azadlıq heykəlini söküb, yerində böyük ticarət mərkəzi, ya da “Makdonalds”ın qızılı tağlarını ucaltmaq lazım idi. Qoy hamı bilsin, nəyə doğru gedirik.
***
– Bir dəfə oxumuşdum ki, Taylandda kəpənək dəstəsi uçsa, Nyu Yorkda tufan olacaq.
– Aha. Sən qaz buraxsan, bütün Portuqaliyada elektrik enerjisi kəsiləcək.
– Sənin murdar nəfəsin Afrikada heyvanların qorxuya düşüb qaçmağına səbəb olacaq.
***
Gərək ingilis dilindən qaçmazdım. Fikirləşmək üçün boş vaxtım yarandı. Valideynlərimiz, müəllimlərimiz, elmi klubdan olan əcaib adamlar bunun əksini iddia etsələr də fikir heç kimə xeyir gətirməyib.
***
Yaxın dost sirrini qoruyub saxlayır. Ən yaxın dost sirrini qoruyub saxlamaqda kömək edir.
***
Belə xırda detalları kəşf etməkdən xoşum gəlir. Məsələn, o “barbekü” sousunu xoşlayır, amma xardalı yox; “Yankiz” komandasına azarkeşlik edir, hərçənd basketboldansa beysbola üstünlük verir; uşaqlıqda hoppanıb maşına minmək istəyəndə ayağını qırıb. Bütün bu məlumatları çox dərində saxlayıram, sanki onları bir yerə toplayıb yadda saxlasam, onda Robu tam başa düşəcəm. Onda elə fikirləşirdim ki, məhəbbət başqasını da özün kimi başa düşmək deməkdir.
***
Heç özüm də bilmirəm, necə belə alındı. Onun obrazı özündən daha yaxşı çıxdı.
***
Birinci dərsində bizə izah etdi ki, dərsliklərlə uşaq kimi rəftar etməliyik. Mərc gələk ki, onun uşağı yoxdur?
***
Həmin səhər başqa bir şeyə də aydınlıq gətirdim: sərhədi keçirsən və heç nə baş vermirsə, sərhəd mənasını itirir. Köhnə tapmacada olduğu kimi: meşədə ağac yıxılsa və ətrafda heç kim olmasa, şaqqıltı səsi eşidiləcəkmi?
***
Təəccüblüdür…insan necə dəyişir. Məsələn, mən uşaqlıqda atları, “Lukull piri”ni, Qaz burnunu sevirdim, ancaq vaxt keçdikcə onları rəfiqələrim, sms-lər, mobil telefonlar, oğlanlar və paş-paltar əvəzlədi. Əslində kədərli haldır. Sanki insanlarda daimi heç nə yoxdur. Sanki on iki, ya on üç, ya da uşaqdan yeniyetmeyə çevrildiyin hər hansı bir yaşda nəsə parçalanır, bundan sonra tamamilə başqa adam olursan. Hətta ola bilsin, daha az xoşbəxt olursan. Bəlkə də, daha pis adama çevrilirsən.
***
– Yadında, ikinci sinifdə babam rəhmətə getmişdi? – nəhayət sakit səsi ilə danışmağa başlayır. – Yeməkxanada ağlayırdım, Fill Hauell isə məni pedik adlandırmışdı. Mən daha da möhkəmdən ağlamağa başlamışdım, halbuki onda pedik sözünün mənasını bilmirdim.
O, yumşaq səsi ilə güldü.
Səsindən zövq ala-ala gözlərimi daha möhkəm qıydım. Ötən il Fil Hauelli atasının “BMW”-nin arxa oturacağında yarıçılpaq Şon Trebor ilə tutmuşdular. Həyat çox qəribədir.
***
– Niyə mən?
– İnan, bu yalnız sən ola bilərsən.
***
Allaha and olsun, oğlanlar it kimidir. Onları yalnız sığallamaq, yedizdirmək və çarpayıya buraxmaq lazımdır.
***
Onun yanında musiqiyə çevrilirəm.
***
Ötən həftə axşam saatları idi. Onlarda idim, divanda oturmuşdum. O isə məni süzürdü və əmin idimki, bu saat mənə eşq elan edəcək. Lakin o, sadəcə müəyyən bucaq altında Skarlet Yohansona bənzədiyimi dedi.
***
Hamı sadəcə vaxt öldürür, çünki hamının çoxlu vaxtı var. “Kim kimlə görüşür?” və “Eşitmisən” mövzularına sərf edilən dəqiqələr ötüb keçir.
***
Ən dəhşətli sirr unutmağa çalışdığın keçmişdir.
Tərcümə: Lamiyə Göycəyeva