Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Entoni de Mello “Tanrı nə vaxt gülür”

Annotasiya

Əslən hindli olan yezuit rahibi, məşhur yazıçı, ilahiyyatçı və filosof Entoni de Mellonun mənəviyyat haqqında kitabları bütün dünyada məşhurdur. Bu kitabda bir çox ölkələrə, mədəniyyətlərə və dinlərə aid olan kiçik hekayələr, əhvalatlar, müxtəlif xalqların pritçaları və lətifələri toplanıb.

Karandaşın izi ilə

Nə qədər qəribə də olsa, həqiqətin insanlarda doğurduğu ilk hislər etiraz və qorxudur.

***

Mənəvi ustadlar hesab edirdilər ki, “Biri var idi, biri yox idi” hər bir dildə ən tilsimli sözlərdir. Onlar bilirdilər ki, insanlar, adətən, həqiqətə müqavimət göstərirlər, nağıla müqavimət göstərmək isə sadəcə absurddur.

***

Təhsil həyata hazırlıq olmamalıdır, o həyatın özü olmalıdır.

***

– Sənin balaların necədir?
– Hər ikisi yaxşıdır, çox sağ ol.
– Yaşları nə qədərdir?
– Həkimin üç, hüquqşünasın isə yeddi yaşı var.

***

İnsanlara baxmağı öyrətmək lazım deyil. Onları yalnız kor edən məktəbdən xilas etmək lazımdır.

***

– Allaha şükür ki, piknikə gedərkən özümüzlə qatırı da götürmüşük. Oğlanlardan biri yaralananda onu qatıra mindirib gətirdik evə.
– Necə oldu ki, o yaralandı?
– Qatır ona şıllaq atdı.

***

Peşəkar olmayan birinin ağlında çoxlu sayda ideya var. Ekspertin ağlında isə yalnız bir neçə.

***

Öz şəxsi qaranlığında getmək özgəsinin işığında getməkdən daha təhlükəsizdir.

***

İnsan pulunun olub-olmamağına görə deyil, həyatdan zövq ala bilib-bilməməyinə görə varlı və ya kasıb hesab olunur. Var-dövlətə can atıb həyatdan zövq ala bilməmək keçəlin daraqları kolleksiya etməsi kimi bir şeydir.

***

Bir nəfərə evini sel apardığını xəbər verəndə o, gülüb demişdi: ” Bu mümkün deyil! Evin açarları mənim cibimdədir!”

***

Mənəviyyat sənin nəyi istədiyini bilməyində təzahür etmir. Mənəviyyat sənə nəyin lazım olmadığını anlamağında aşkara çıxır.

***

Niaqara şəlaləsinin əzəmətini ona tüpürməklə azaltmaq mümkün deyil.

***

Əksinə, dəli olan sənsən ki, yaralaya və öldürə bildiyin üçün özünü qüdrətli hesab edirsən. Bunlar uşaq oyunlarıdır. Həqiqətən güclü insan isə necə yaratmağı və sağaltmağı bilir.

***

– Sən nasistləri bağışlamısan? – dostundan soruşur.
– Hə.
– Mənsə yox. Əvvəlki kimi onlara böyük nifrətim var.
– Belə olan halda, – dostu mülayim şəkildə deyir, – sən hələ də onların həbsindəsən.
…(bizim düşmənlərimiz – bizə nifrət edənlər deyil, bizim özümüzün nifrət etdiklərimizdir)…

***

– Sənin neçə yaşın var? – biri soruşur.
– Beş. Bəs sənin?
– Bilmirəm.
– Bilmirsən, neçə yaşın var?
– Yo-ox.
– Bəs səni qadınlar maraqlandırır?
– Yo-ox.
– Onda dörd yaşın var!

***

Münasibətlərə son qoymağın təcrübədən keçmiş üsulu: təkid edin ki, hər şey yalnız siz deyən kimi olsun.

***

Bağışla! Mənim işim şəxsən sənin özünlə deyil, beynimdəki obrazınladır.

***

Ünsiyyət qurmaq reaksiya vermək deməkdir. Reaksiya vermək özünü başa düşmək deməkdir. Özünü başa düşmək aydınlanmaya çatmaq deməkdir. İnsanlar arasındakı münasibətlər aydınlanma məktəbidir.

***

Boynuma alıram ki, sənə kömək etmişəm. Buna görə məni bağışlaya bilərsənmi?

***

Sədi Şirazi deyirdi: ” Axırda mənim özümü hədəf seçməyəcək adam məndən kamanla ox atmağı heç vaxt öyrənməyəcək”.

***

Hər dəfə köməyə və ya məsləhətə ehtiyacınız olduğunu hiss edəndə özünüzdən soruşun: “Ağlımın başımda olduğuna tam əminəmmi?”

***

Təkcə yatmışların və uşaqların qulluğa ehtiyacı var.
Oyan!
Ya da böyü!

***

İnsanların əksəriyyəti bütün dünyanı sevir, amma qonşularına nifrət edirlər.

***

Səyyah:
– Bu gün hava necə olacaq?
Çoban:
– Mənim xoşuma gələn kimi.
– Haradan bilirsiniz ki, hava məhz sizin xoşladığınız kimi olacaq?
– Cənab, istədiyin şeyi həmişə əldə etməyin mümkünsüzlüyünü dərk etdikdən sonra mən nə olacaqsa, onu sevməyi öyrənmişəm. Buna görə də mən tamamilə əminəm ki, hava mənim xoşladığım kimi olacaq.
Xoşbəxtlik və bədbəxtlik bizim baş verənlərə necə yanaşmağımızdan asılıdır, hadisələrin mahiyyətindən yox.

***

Aydınlanmış insan başa düşür ki, brilyant, insan ağlı ona dəyər verənə qədər adi bir daşdır.
Beləcə, hadisələr də ağılın seçimindən asılı olaraq əhəmiyyətli və ya əhəmiyyətsiz ola bilər.

***

Aydınlanmış insana sevinc hissini yaşamaq daha vacibdir, nəinki qələbəni.

Tərcümə: Çingiz Cəfərov
Topladı: Göycəyeva Aysel

3.6 (72%) 30 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram