Annotasiya
Araşdırmaçı jurnalist Dilqəm Əhmədin qələmə aldığı bu kitabda Azərbaycan mühacirət tarixi ilə bağlı yeni sənədlər, məktublar, fotoşəkillər yer alıb, mühacirlərin həyatından maraqlı fraqmentlər, yeni məlumatlar öz əksinu tapıb.
Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məhəmmədzadə, Abbasqulu Kazımzadə, Əbdülvahab Yurdsevər, Məhəmmədəli Rəsulzadə, Almas İldırım, Mustafa Vəkiloğlu, Əziz Alpoud, Səməd Ağaoğlu kimi şəxsiyyətlərə aid materiallar müəllifin teni araşdırmaları nəticəsində əldə edilib.
Karandaşın izi ilə
İllər bir-birini əvəzləyərkən Rəsulzadənin azalmayan ümidi və tükənməz fədakarlığı qarşısında həmişə düşünmüşəm: “Davası uğrunda bir dəfə ölən insana qəhrəman deyilir. Bəs hər gün bir parça tükənənlərə nə ad verməliyik?” (Kərim Odər)
***
Əmin bəyin böyüklüyü və yüksəkliyi ölümündən sonra daha bir qüvvət halında yaşamasında və əsərləri ilə bütün bir milləti yaşatmasındadır. (Əbdülvahab Yurdsevər)
***
Ə.Yurdsevər Ankaranın məşhur subaylarından idi. Heç evlənməmişdi. Soruşanlara həyatının ən yaxşı vaxtlarının kommunist zindanlarında, Sibir sürgünündə keçdiyini, evlənməyin heç ağlına gəlmədiyini, “mən Azərbaycan hürriyyət və istiqlal davası ilə evliyəm” deyirdi.
***
Elçi onu göndərən məmləkətin bütün hakimiyyətini təmsil etdiyi üçün əhəmiyyəti çox böyükdür. Onu tutmaq, axtarmaq kimi həqarətamiz şeylər yasaqdır… Elçi göndərmək məmləkətin istiqlaliyyəti sayılır. (Yusif Vəzir Çəmənzəminli)
***
Azərbaycan Cümhuriyyəti istiqlalının qarantı olan türk ordusu ölkədən getdikdən sonra general Tomsonun rəhbərliyi ilə ingilis ordusu Bakıya yerləşir. Əziz Alpoud bununla bağlı maraqlı fakt qeyd edir. Belə ki, ingilislərin sərxoşluğu, silah satması, xalqa sataşması baş nazir Fətəli xan Xoyskini hiddətləndirir, Tomsona deyir: “Müsafirləri biz sevirik və qonaqpərvərliyimizi bu günə qədər göstərdik. Ancaq artıq əsgərlərinizin pis hərəkətləri səbrimizi tükəndirdi. Zəhmət olmasa, buradan çəkilin. Əks təqdirdə, mən kişilərimizə əmr edərəm, evlərinə çəkilsinlər və sizi buradan qadınlarımız bayıra atarlar”.
***
Kərim Odər haqlı olaraq yazır ki, fərdləri insan haqlarından məhrum olan millətin sahib olduğu istiqlal, o millət nə dərəcədə qüvvətli bir dövlət mexanizmi qursa da, qısırdır, nöqsanlıdır və o dövlət sağlam və möhtəşəm bir həbsxanadan başqa bir şey deyildir.
***
Həyatımızın böyük parçası düşüncələrimizin, iradəmizin deyil, təsadüflərin əlindədir. (Səməd Ağaoğlu)
***
Tarix yaxşı niyyətli xətaların sonsuz örnəkləri ilə doludur. (Səməd Ağaoğlu)