Annotasiya
“Şəxsi bir otaq” (ingiliscə “A Room of One’s Own”) – Virciniya Vulfun 1929-cu ildə tələbələr qarşısında çıxış etdiyi iki məruzə əsasında qələmə aldığı bu essedə ədəbiyyat sahəsindəki qadınlardan, qadının ədəbiyyatdakı rolundan bəhs edilir. Qadınların arasından niyə Şekspir kimi yazıçı çıxmayıb? Nə üçün cinslərdən biri bu qədər zəngin, digəri bu qədər yoxsuldur? Yoxsulluğun ədəbiyyata təsiri nədir? Sənət əsəri yaratmağın əsas şərtləri nələrdir? Müəllif əsərində bu suallara cavab axtarır, XVI əsrdən bəri qadının cəmiyyətdəki sosial mövqeyini, ədəbiyyatdakı rolunu araşdırır, mübahisəyə səbəb olan sualları cavablandıraraq “qadına yazmaq üçün pul və şəxsi otaq lazımdır” qənaətinə necə gəlib çıxdığını izah edir.
Karandaşın izi ilə
İstənilən halda mövzu kifayət qədər mübahisəlidirsə (cinslər barədə bütün suallar belədir), insan həqiqətin dilə gətirilməsinə ümid etməməlidir. O təkcə öz qənaətini və necə həmin qənaətə gəldiyini göstərməli, dinləyicilərinə onu müşahidə etmək, sərhədlərinə, çatışmazlıqlarına, qəribəliklərinə baxaraq özlərinə aid nəticələr çıxarmaq imkanı verməlidir.
***
Artıq kitabxananın qapısına çatmışdım. İçəri girən zaman çalbaş bir kişi qoruyucu mələk kimi qabağımı kəsdi. Hərçənd bu mələyin ağ qanadları yox, dalğalanan qara mantiyası vardı. Nəzakətli görünsə də, baxışlarından həqarət yağırdı. Qabağımı kəsib alçaq səslə dedi ki, keçə bilməzsən, qadınlar ya tövsiyə məktubu, ya da universitet müəlliminin müşayiəti ilə içəri buraxılır. Bir qadının məşhur kitabxananı lənətləməsi həmin möhtərəm, mülayim kitabxana üçün heç bir əhəmiyyət daşımır.
***
Çox qəribədir ki, romançılar hər dəfə ağıllı bir cavaba, yaxud müdrik bir hərəkətə istinad edib bizləri yemək ziyafətlərinin unudulmaz olduğuna inandırır, yeməklər haqqında çox nadir hallarda danışırlar. Şorbadan, qızıl balıqdan, ördəkdən bəhs etməmək romançı ənənəsinin tərkib hissədir.
***
Niyə fəlakəti necəliyindən asılı olmayaraq xəyalı dağıdıb yerinə həqiqəti qoyduğu üçün tərifləyib göylərə qaldırmırıq?!
***
Şorbamı (ət suyu) gətirmişdilər. İnsanın xəyalına qanad verən heç bir məziyyətə malik deyildi. Şəffaf mayenin içindən boşqabın istənilən naxışını görmək olardı, lakin boşqab naxışsız idi.
***
İnsanın yaradılış etibarı ilə ürəyi, bədəni və beyni birlikdə çalışır, ayrı-ayrı bölmələrdən ibarət deyil, növbəti milyon illər ərzində necə olacaq bilmirik, bu cəhətdən qiymətləndirəndə görürük ki, yaxşı nahar yaxşı söhbət üçün zəruridir. Əgər bir insan naharda yaxşı yeməklər yeməyibsə, yaxşı düşünə, yaxşı sevə, yaxşı yata bilməz.
***
“Həyatı asanlaşdıran şeylər” (kəkliklər və şərab, xidmətçilər və çəmənlik, kitablar və siqarlar, kitabxanalar və boş vaxt)
***
Əgər həqiqət Britaniya muzeyindəki rəflərdə deyildisə, onu başqa harada axtarmalı idim?!
***
Bu qəribə bərabərsizliyin səbəbi nə ola bilər? Niyə qadınlar kişilər üçün kişilərin qadınlar üçün olduğundan daha cəlbedicidir?
***
İnsan təkəbbürlü varlıqdır. Təbiətimiz belədir.
***
Həyat hər iki cins üçün ağırdır,çətindir, daimi mübarizədir. Böyük cəsarət və güc tələb edir. Bəlkə də hər şeydən əvvəl illüziyalara qapılan varlıqlar olduğumuza görə özümüzə etimadımız olmalıdır. İnamımız olmasa, beşikdəki körpələrdən fərqlənmərik.
***
Qadınlar əsrlər boyu kişiləri olduqlarından iki dəfə böyük göstərən sehrli və möhtəşəm gücə sahib güzgü rolunu oynayıb.
***
Müasir cəmiyyətlərdə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, aynalar bütün zorakılıq və qəhrəmanlıq hərəkətləri üçün vacibdir. Buna görə Napoleonla Mussolini qadınların zəif olmasını israrla vurğulayırdı. Əgər qadınlar aşağıda olmasaydı, özlərini yüksəldə bilməzdilər. Bu hal qadınların kişilər üçün necə əhəmiyyətli olduğunu qismən açıqlayır. Həmçinin qadın tənqidi qarşısında kişilərin keçirdiyi narahatlığı, hər iki cins eyni tənqidi fikri səsləndirməsinə baxmayaraq, qadın “bu kitab pisdir”, “bu rəsm mənasızdır” dedikdə kişilərin daha çox əzab çəkdiyini, daha çox hirsləndiyini göstərir. Başqa cür qeyri-mümkündür. Qadın həqiqəti deməyə başlasa, aynadakı fiqurlar kiçilər, kişinin həyatı çətinləşər. O səhər və axşam yeməklərində güzgüdəki əksinin olduğundan iki dəfə böyük görməsə, qərar verməyə, xalqları “əhliləşdirməyə”, qanunlar yaratmağa, kitablar yazmağa, geyinib-kecinib məclislərdə nitq söyləməyə necə davam edə bilər axı?
***
Qazanılan pulla yaşamağın çətinliyindən də danışmayacam, bəlkə siz də bunu təcrübədən keçirmisiniz.
***
Sabit gəlirin insanın ruhi vəziyyətini dəyişməsi həqiqətən də möhtəşəmdir.
***
Qorxu və ümidsizlik tədricən mərhəmətə və tolerantlığa çevrildi. Bir-iki il keçdikdən sonra isə mərhəmət və tolerantlıq da yoxsa çıxdı. Nəhayət, ən böyük xilaskar gəldi: hər şey haqda düşünə bilmək azadlığı.
***
Qadınları qorumaqdan əl çəkin. Onları işə, məşğuliyyətə cəlb edin. Qoy əsgər, dənizçi, maşinist, yaxud liman işçisi olsunlar. Onda görəcəksiniz ki, qadınlar çox gənc ikən öləcək. Görəcəksiniz ki, hansısa kişi çıxıb “bir təyyarə gördüm” deyən kimi “bir qadın gördüm” deyəcək.
***
Qadınlıq qorunan məşğuliyyət olmaqdan azad edilərsə, hər şey baş verə bilər.
***
Beləcə, çox qəribə və mürəkkəb varlıq çıxır qarşımıza. Qadın xəyali aləmdə olduqca böyük önəm daşıyır, gerçək həyatda isə tamamilə lazımsızdır. Poeziyanı sətir-sətir işğal edib, lakin tarixdə adı yoxdur. Ədəbiyyatda krallara, fatehlərə hökm edir, lakin gerçək həyatda ailəsi barmağına zorla üzük taxır, hansısa cavan oğlanın köləsinə çevrilir. Ədəbiyyatda dodaqlarından ən təsirli sözlər, ən dərin fikirlər süzülür, lakin həqiqət budur ki, yazını üzündən oxuya bilmir, tələffüzü çox pisdir və ərinin mülkiyyətindən başqa bir şey deyil.
***
Dünya insanlardan şeir, roman, tarix yazmalarını tələb etmir, bunlara ehtiyacı yoxdur. Floberin düzgün sözü tapıb-tapmamağı, yaxud Karleylin hansısa faktı təsdiqləyib-təsdiqləmədiyi onun vecinə deyil. Təbii olaraq, istəmədiyi şeyin əvəzini də ödəmir. Beləliklə, Kits, Flober, Karleyl xüsusən gəncliyin yaradıcı illərində həvəs və cəsarətlərini qıran hər növ əzablara düçar oldular. Ona görə də, analiz və etiraflarla dolu olan bu kitablarından lənət və iztirabın çığırtısı yüksəlir. “Böyük şairlər iztirablarında ölür”.
***
Dünya kişilərə dediyi kimi qadınlara da “yazmaq istəyirsənsə, yaz, bunun mənə təfavütü yoxdur” demir, qəhqəhə çəkib soruşurdu: “Yazmaq?! Sənin yazmağının nə mənası?!”
***
Beləliklə, XVIII əsrin sonlarına doğru böyük bir dəyişiklik baş verdi. Mən tarixi yenidən yazası olsaydım, bu dəyişikliyi daha dolğun təsvir edər, onu Xaç yürüşləri, yaxud Qızılgül müharibələrindən daha əhəmiyyətli sayardım. Orta təbəqə qadınları yazmağa başlamışdılar. Bu gün “Qürur və qərəz”, “Uğultulu təpələr”, “Mildmarş”, “Şəhərcik” kimi əsərlər İngiltərə və dünya ədəbiyyatında özünə xüsusi yer tutub. Cismini şəhər kənarındakı malikanəsinə həbs edib vərəqlərin və ona yaltaqlanan adamların arasında oturan tənha aristokratların yox, bütün təbəqələrdən olan qadınların yazmağa başlaması mənim bir saatlıq nitqimdə sübut edə biləcəklərimdən daha böyük önəmə sahibdir.
***
Şah əsərlərin yaranması təklik və fərdiyyət işi deyil; şah əsərlər çoxillik ümumi düşüncənin, insanlarla çiyin-çiyinə olmağın, kütlə təcrübəsinin vahid vücudda birləşməsinin məhsuludur.
***
XIX əsrdə orta təbəqə ailəsinin bir qonaq otağı olurdu. Əgər qadın nəsə yazacaqdısa, ümumi qonaq otağında yazmalı idi. Miss Naytingeylin şikayətlərini xatırladım: “Qadınların özlərinə ayırası yarımca saatı belə yoxdur”. Qadın daim narahat edilirdi. Əlbəttə, belə şəraitdə roman yazmaq, şeir, ya da pyes yazmaqdan daha asan idi. Az diqqət tələb edirdi.
***
Qapı rəzəsi cırıldayanda Ceyn Ostin sevinirdi, heç olmasa içəri kimsə girməmişdən əvvəl əlyazmalarını gizlətməyə vaxtı qalırdı. Görəsən, Ceyn Ostin əlyazmalarını qonaqlardan gizlətməyi vacib bilməsəydi, “Qürur və qərəz” daha yaxşımı roman olardı? Bunu anlamaq üçün bir-iki səhifə oxudum. Heç bir əlamət tapa bilmədim, işlədiyi şərait əsərini qətiyyən zədələməmişdi. Bəlkə də yaratdığı ən böyük möcüzə elə bu idi. XIX əsr və qadın nifrətsiz, kin-küdurətsiz, qorxusuz, üsyan etmədən, öyüd-nəsihət vermədən yazır. Eynilə Şekspirin yazdığı kimi.
Tərcümə: Sevinc Paşayeva