Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Qavalda “Mən onu sevirdim”

Annotasiya

“Mən onu sevirdim” (fransızca “Je l’aimais”) – Xəyanətlə üzləşib, onun vurduğu əzabın öhdəsindən layiqincə gələ bilən var? Adi bir qış səhəri Paris sakini Xloya sevimli əri Adrian tərəfindən tərk edildiyini öyrənir. Xloyanın qayınatası Pyer qəfildən gəlini və iki nəvəsini bağ evinə aparmaq qərarına gəlir. Səni tərk edən insanın atası ilə səmimi söhbət nəyə gətirib çıxara bilər? Pyerin xəyanət hekayəsi, xilas olunmuş evliliyi, indiyədək davam edən sevdası Xloyanı düşünməyə vadar edir: bəlkə onun qızları atalarını daha xoşbəxt görməyə şad olacaqlar?

Karandaşın izi ilə

Səni sevən insanın ətrini nə qədər xatırlayırsan? Bəs özün nə zaman sevməyi dayandırırsan? Mənə qum saatı lazımdır.

***

Həyatında ilk dəfə yemək bişirən kişiyə tamaşa etmək həmişə əyləncəli olur.

***

Mənim üçün Roma sinəmə çəkdiyim, oksigenlə dolu hava oldu. Həmin bir neçə gün həyatımı dəyişdi. Azadlığın dadını kəşf etdim.

***

– Yenə də bir gün ondan soruşdum: “Əgər sizin bütün bu insanpərvərliyiniz heç bir işə yaramayıbsa, onda niyə onun uğrunda döyüşürdünüz?”

– O nə cavab verdi?

– Heç nə… cavabı nifrət dolu səssizlik oldu.

***

Həmişə elə düşünürdüm ki,…mərifətli şəkildə desək, günlərin bir günü azad olacam, “zəncirimi qıracam”. Lakin belə bir şey baş vermədi. Baş vermədi. Mən ehtiyatlı, tərbiyəli və maraqsız bir insan olaraq qaldım.

***

Pəncərə taxtaları çırpılır, qapılar cırıldayıb səs çıxarırdı, bütün ev qaranlığa qərq olmuşdu. Bronte bacıları, bizə dua edin!

***

Fikirləşirsən ki, xoşbəxtliyə haqqın çatır. Bunun özü də tələdir.

***

Necə bu qədər kor olmaq olar? Necə? Ya mən axmağın biriyəm, ya da həddindən artıq sadəlövh. Əslində ikisi də eyni şey deməkdir…

***

– Başqalarının qeydinə qala bilmirəm.

– Niyə?

– Nə bilim.

Yəqin, məni heç kim maraqlandırmır.

***

Axı bədbəxtlik gətirənlər də əzab çəkir… Tərk edilənlərə hamının yazığı gəlir, onlara təsəlli verirlər, bəs gedənlər necə olacaq?

***

İnsan necə cəsarətli olmalıdır ki, günlərin bir günü səhər tezdən güzgüdə özünə baxıb bu sualı versin: “Mənim səhv etməyə haqqım varmı?”

***

Qırx iki yaş… Qırx iki yaşlı bir insan həyatdan nə gözləyir? Şəxsən mən heç nə gözləmirdim. İşləyirdim. Yenə işləyirdim, yenə işləyirdim. Həmişə işləyirdim. İş mənim maskam, sipərim, alibim idi. Yaşamamaq üçün bəhanəm idi. Ona görə ki, həyatı çox da sevmirdim. Həyat üçün yaranmadığımı düşünürdüm.

***

Mən heç şöhrətpərəst də olmamışam, sadəcə təxəyyül gücüm çatmayıb.

***

Hamımızı “Qayğıkeş direktor” diplomu ilə təltif etdilər. Kağızı Fransuazaya verdim. O da onu yuyucu vasitələri, tualet kağızını saxladığı şkafa qoydu.

***

– Sizə ağırdır?

– Özü də necə.

– Niyə?

– Bilmirəm. Yəqin, düşündüyümü deyirəm. Bu, elə də tez-tez baş vermir… Artıq xoşa gəlməməkdən qorxmuram.

***

Cənab Sinqx deyir ki, sizin diqqətiniz bir yerdə deyil, çünki aşiq olmusunuz. Cənad Sinqx aşiq fransızla iş görmək istəmir. O, bunun çox təhlükəli olduğunu düşünür.

***

O gülürdü. Mən əriyirdim.

***

Onu öpdüm. Dodaqları aralanmadı. Onun gülüşünü öpdüm.

***

Mən o qadını sevirdim. Matildanı sevirdim. Onun səsini, iti ağlını, gülüşünü, dünyaya baxışını, çoxlu səyahət edən insanlara xas fatalizmini sevirdim. Hər şeylə maraqlanmasını, ciddiyyətini, onurğasını, kök baldırlarını, susqunluğunu, zərifliyini…hər şeyini sevirdim. Hər şeyini. Dua edirdim ki, mənsiz yaşaya bilməsin. Nəticələri haqqında düşünmürdüm. Təzə bir şey kəşf etmişdim: xoşbəxt olanda yaşamaq daha əyləncəli olur.

***

Vicdanı təmiz olmayan insanlar bəhanə tapmaq mövzusunda ustadırlar.

***

Mənim hekayəmdə qeyri-adi heç nə yoxdur. Bu həyatdır. Demək olar hamı belə yaşayır. Kələk gəlir, təhrif edir. Qorxaqlıq ayaq altda dolaşan balaca ev itinə oxşayır. Onu əzizləyir, əhilləşdirir, ona bağlanırlar. Həyat da belədir. Həyatda insanlar iki yerə ayrılır: cəsarətlilər və adaptasiya olanlar. Adaptasiya olaraq yaşamaq daha asandır.

***

Ata tərəfdən qohumum olan yaşlı, rus qadın tez-tez deyirdi:

– Sən də mənim atam kimi elə hey dağların həsrətini çəkirsən.

– Muşka, hansı dağların?

– Heç vaxt görmədiyin dağların.

***

– Siz onu sevirdiniz?

– Bəli.

– Nə qədər?

– Mən onu sevirdim.

***

– Həmin illərdən yaddaşınızda nə qalıb?

– Qırıq-qırıq xətli həyat… Heç nə. Nəsə. Yenə heç nə. Yenə nəsə. Və yenə heç nə… Bəlkə də, ona görə hər şey belə tez keçib…İndi mənə elə gəlir ki, bizim eşq hekayəmiz üç ay çəkib… Bəlkə, daha az… Elə belə, zəif meh, ilğım…

***

Mən səndə hər şeyi sevirəm. Gördüklərimi də, görmədiklərimi də. Halbuki sənin mənfi cəhətlərini də görürəm.

***

Hər şey çox sadə idi. Əlimi uzatmağım bəs edirdi. Qalan hər şey bu və ya başqa şəkildə yoluna düşəcəkdi. Axı insan xoşbəxt olanda, hər şey yoluna düşür, düzdür?

***

Həyatı rədd etsən, ona məhəl qoymasan belə, o, həmişə səndən güclü çıxır. O, hər şeydən güclüdür. İnsanlar düşərgələrdən qayıdıb, uşaq sahibi olurdular. Amansız işgəncələrə məruz qalan, yaxınlarının ölümünə, evlərinin yanıb külə dönməsinə şahid olan kişilər, qadınlar yenidən avtobusun arxasınca qaçır, hava proqnozunu müzakirə edir və qızlarını ərə verirdilər. İnanılmaz olsa da, belədir. Həyat hər şeydən güclüdür.

Tərcümə: Lamiyə Göycəyeva

3.2 (64.29%) 14 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram