Annotasiya
Şerşti Skumsvold “Sürətləndikcə kiçilirəm” (norveç dilində “Jo fortere jeg går, jo mindre er jeg”) – Absurd bir həyat yaşayan, balacalığından digər uşaqlardan fərqlənən, onların oyunlarına qatılmayan, işi-gücü məktəb daşlarını saymaq olan, rəqsdə partnyoru olmadığına görə yarım saat qız, yarım saat oğlan roluna girən Matea artıq yaşlansa belə, hələ də “yaşadığını” hiss edə bilmir.
Matea cəmiyyətdən o qədər təcrid olunub ki, hətta əli qanayanda, onun üçün təcili yardım maşını gələndə, kiməsə saatı deyəndə sevinir…
Skumsvold Mateanın timsalında cəmiyyətin iztirabını toy-bayram kimi təsvir edir. Əsərdəki qısa, ancaq dərin cümlələr, daxildəki ekzistensial düşüncə axını insanı qəfil yaxalayır və onu öz varlığı, həyatı haqqında sorğu-sual aparmağa təşviq edir. Skumsvold sentimentallığa əl atmadan insanlar arasındakı yadlaşmanın, nihilizmin, müasir cəmiyyətlərin düşdüyü etinasızlıq böhranının faciəvi cəhətlərini minimalist bir dillə ifadə edir.
Karandaşın izi ilə
Səni heç kəs görməyəndən sonra gözəl olmağın nə mənası var.
***
Təbiətə yalnız növlərin qorunub saxlanılması və ötürülməsi maraqlıdır, fərdlər onun vecinə deyil.
***
Hal-hazırda məhəlləmizin ümumi görünüşü Skumbriya gölündən olan mühafizəkar bir adamın şəhərin şərq bölgəsindəki korporativ bina ilə bağlı gözləntilərinə uyğun gəlir.
***
Oyandığımı söyləmək mübaliğə olardı. Çünki yatdığıma heç vaxt inanmamışam.
***
Bir insana nifrət etdikdə, əslində, onun simasında öz daxilimizdə gizli qalan bir şeyə nifrət edirik.
***
İncilin sonunda belə yazılıb: “Bu müqəddəs kitabda yazılanları oxuyan hər kəsə söyləyirəm: Kimsə bunlara özündən nəsə əlavə etsə, Tanrı bu kitabda qeyd olunan bütün bəlaları ona verəcəkdir”. Buna görə də səhifəni çevirib növbəti səhifədə əlavə məlumatın olduğunu görəndə çox təəccübləndim.
***
– Sosialist Partiyasının üzvü ola bilərəm.
– Ola bilərsən.
– Bir reklam bröşüründə görmüşəm ki, illik üzvlük haqqı çox deyil. Sadəcə blankda “aşağı maaş” sözünü işarələsəm, kifayətdir. Bəlkə, vergidən də azad oldum.
– Sən onsuz da vergi ödəmirsən ki.
– Elə buna görə sevinirəm də, yoxsa bir az ikiüzlülük kimi çıxardı.
***
Bütün insanların DNT-si fərqlidir. Xüsusi insan olduğunu düşünmək adama xoş gəlir, amma sonra baxıb görürəm ki, bütün çinlilər bir-birindən fərqlidir.
***
Lakin kədərlənmək əvəzinə, xoşbəxt olmaq üçün başqalarına möhtac olmamalıyam.
***
Mənim yaşımda olan insan mədəni görünmək üçün axmaqların üzünə hırıldamamalıdır, amma mən hırıldayıram.
***
Hər şeyin bundan da pis ola bilməsi ehtimalını düşünmək adamın içinə sərinlik gətirir, məsələn, bomba partlayışı nəticəsində tikə-tikə ola bilərdim, amma mən ayaq üstə qırxı çıxan sadə bir qocayam və sidiyimi saxlaya bilmirəm. O da yalnız güləndə, gülməyi isə çoxdan unutmuşam.
***
Hal-hazırkı vəziyyəti ölçüb-biçsək, ölü olmağın diri olmaqdan daha yaxşı bir şey olduğu qənaətinə gələcəyik. Həqiqətən də, insanların sağlıqlarında görmədikləri diqqəti öləndən sonra qazanmaları məni həmişə narahat edib.
***
Əgər məşğulsansa, demək, tənha deyilsən fikrinə inanmaq insanın özünü aldatmasından başqa bir şey deyil. Lakin, məncə, ən vacibi odur ki, heç kəs sənin yalnız olduğunu sezməsin.
***
Yeni elanlar da asılıb. “Bodil itib” yazılıb birində. Bodil dəniz donuzudur və elana onun xoşbəxt günlərindən yadigar bir şəkil yapışdırılıb. Deyəsən, elan lövhəsinə qonşularım xüsusi diqqət yetirir və bəlkə də, itkin düşənlərin siyahısına mən də öz şəklimi asmalıyam: “Bu yaşlı qadını görən olub? Pul mükafatı vəd olunur. Matea Martinsenə zəng edin”. Bunu əvvəlcə öz-özümlə məzələnmək üçün etmək istəyirəm, əslində, bu elə də pis ideya deyil. Lakin sonra yenidən Bodilə baxanda görürəm ki, onunla rəqabət aparacaq səviyyədə deyiləm. Onun şən, muncq gözləri dura-dura heç kəs mənə fikir verməz.
***
İnsan yatanda yanında oyaq qalan birinin olması gözəldir…
***
Haradasa oxumuşam ki, kosmosa səyahət edən adam yer üzünə həmyaşıdlarından daha cavan qayıdır, çünki zaman nisbidir. Məsələn, Epsilonla keçirdiyim bir gün onsuz keçən bir günə bərabər deyil.
***
Təcrübəyə əsasən, əgər sən halından məmnunsansa, Tanrı və digərlərinin də səndən razı qalmaqdan başqa seçimləri olmur.
***
Riyazi isbat bizə yalnız nəyinsə düzgün olduğunu deyil, həmçinin niyə düzgün olduğunu göstərir.
***
İnsana lazım olan yeganə şey bildiyi bir nəsnədən başlayıb sübuta yetirmək istədiyi məsələyə doğru məntiqi nəticələr zəncirini qura bilməkdir. Zəncirin hər bir halqası aydın və anlaşıqlı olmalıdır ki, heç kəs onun doğruluğuna şübhə etməsin.
***
Banan haqda oxumağa başlayıram. Burada yazılanlara görə, ağaca bənzəyən banan bitkisi, əslində, çiçəklərində çoxalma orqanı olmayan, toxumsuz, nəhəng bir otdur. Əlqərəz, bananda mayalanmanın hər hansı forması baş vermir və beləliklə, banan özü bitkinin çoxalmasında iştirak etmir. Üstəlik, banan bitkisi ömründə bircə dəfə meyvə verir və sonra məhv olur. Belə anlamsız bir dövrə sahib olan bananı Budda çox sevirmiş, bütün bəşəri məsələlərdə onu ümidsizliyin simvolu elan etmişdi. Zənnimcə, bananla çoxşar cəhətlərimiz var. Məsələn, mən də qozbeləm, üstəlik, çiçəyimin çoxalma orqanı yoxdur, meyvəm də tumsuzdur. Yəni Buddanın nəzər-nöqtəsinə əsasən, mən bir heçəm. Onun qənaətinə görə, bəşəri məsələlərin həllinə ümid yoxdur. Bu fikrinə haqq qazandırıram. Həqiqətən də, dünya düzələn deyil: mağazadan oğurluq etmişəm, Oge B.-yə saatı demişəm, torpağa xəbər kapsulu basdırmışam, biş-düş eləmişəm, sobanı yanılı vəziyyətdə qoymuşam, öz dəfnimi planlaşdırmığa və bir ağaca çevrilməyə təşəbbüs göstərmişəm. Ən çətini isə bütün cəsarətimi toplayıb telefonla danışmışam. İndi sadəcə evdə oturmuşam, yaşamaq da məni ölüm qədər qorxudur. “Məgər Budda həyatın sadəcə bir iztirab olduğunu demirdimi? Hərgah dindar olsaydım, buddist olardım, yəqin. Ya da bir meyvə olsaydım, banan olardım”.
***
– Məncə, həyat elə də gözəl deyil.
– Axı həyat gözəl olmalı da deyil.
– Nə?
– Kim deyir ki, həyat gözəl olmalıdır?
– Gözəl olmamalıdır ki?
– Xeyr. Həyat çətin olmalıdır.
***
İnsan bəzən mənası olmayan şeylərə özü məna yükləməlidir.
***
Oxuduğum bir kitabda ölümə məhkum edilmiş bir kişidən axirəti necə təsəvvür etdiyi soruşulur. “Bu, xatirələrimi özümlə apara biləcəyim bir həyatdır”, – o cavab verir. Məncə, bu, çox yaxşı cavab idi.
Tərcümə: Vüsalə Əfəndiyeva, Aytən Məmmədova