Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Etqar Keret “Yeddi bəhrəli il: memuar”

Annotasiya

“Yeddi bəhrəli il: memuar” (“The Seven Good Years: A Memoir”) – Müəllifin oğlunun dünyaya gəlməsi ilə atasının ölümü arasında keçən yeddi il bu kitabda əks olunub. Yazıçının oğlu Leo terror hücumları zamanı doğulur; Atasına xərçəng diaqnozu qoyulur. Müharibə, ölüm təhlükəsi Keretin gündəlik həyatını kabusa döndərir. Sərt reallıqdan qaçmağa çalışan müəllif özünün dərin və dayaz, kədərli və sevincli, absurd və real fikirlərini qələmə almağa başlayır. Nəticədə həssaslıq, qəribəliklər, həyatın qeyri-mümkünlüyü, məhəbbət, ailə və sülh haqqında gözəl bir hekayə alınır.

Karandaşın izi ilə

– Bir də hər terror aktından sonra kimin fikrini soruşsam, hamı eyni şeyi təkrarlayır: “Qəflətən gurultu qopdu”, “Nə baş verdiyini başa düşmədim”, “Hər şey qan içində idi”… Nə qədər olar?

– Onların günahı yoxdur. Sadəcə bütün terror aktları eyni olur. Partlayış və mənasız ölümlər barədə qeyri-standart nə söyləmək olar ki?

***

Müharibə zamanı özününkülərə kin bəsləmək olmaz.

***

Hər il iyunun əvvələrində valideynlərim bacımı, qardaşımı və məni Ramat-Hama mərkəzi meydanına aparardı. Burada üstü kitablarla dolu onlarla masa görərdik. Hər birimiz beş kitab seçərdik. Bəzən müəllif də masa arxasında oturardı, belədə avtoqraf da ala bilərdik. Bundan bacımın xoşu gəlirdi, amma mən az da olsa əsəbiləşirdim. Əgər sən nəsə bir kitab yazmısansa, bu sənə əczaçı cızmaqarasına oxşayan xəttinlə mənim nüsxəmdə yazı yazmaq hüququ vermir. Üstəlik mütləq elə ağıllı sözlər yazır ki, mənasını başa düşmək üçün lüğəti ələk-vələk etmədən keçinmək olmur. Sonda isə aydın olur ki, müəllif kitabı oxumağımdan zövq almağımı arzulayırmış. … Aldığı kitabı sənə uzadan tanımadığın adama nə yazmaq olar?! Bu adam qatı cinayətkardan tutmuş dünya xalqlarını sülhə çağıran zahid də ola bilər. “Dostuma…” – yanlış olar, “Heyranlıqla..” – bayağı səslənir, “Ən xoş arzularla…” – ərkyana alınır, “Güman edirəm ki, kitabım xoşunuza gələcək!” ifasədi isə “G” hərfindən başlayıb nida işarəsinədək oxucuya yaltaqlanmağa bənzəyir. Düz on səkkiz il əvvəl ilk kitab həftəmin son axşamı yeni janr icad etdim: uydurulmuş ithaf. Bir halda ki, kitablar xəyalın məhsuludur, arzular nədən həqiqi olmalıdır?

***

Uçuş telefonun, internetin işləmədiyi uzadılmış andır. Belə bir deyim var; uçuşda keçən zaman mahiyyət etibarı ilə itirilmiş vaxtdır və bu məni təşviş və günah hissindən, habelə iddialardan azad edir. Varlığının tam fərqli – xoşbəxt və qayğısız – forması yaranır.

***

Bəlkə də ibrət dərsi odur ki, yer üzü kərtənkələlərlə doludur və biz onlara heç nə edə bilməsək də, heç olmasa onların nə qədər böyük olduğunu öyrənə bilərik.

***

Lakin necə deyərlər, əgər paranoiksinizsə, bu, heç də güdülmədiyiniz anlamını vermir.

***

Xəyalımda atamın uzun illər əvvəl gecələr mənə danışdığı əhvalatları bərpa edəndə başa düşürəm ki, onları söyləməkdə əsas məsələ maraqlı mövzular olmayıb. Məqsəd mənə həyat dərsi keçmək olub. Bu dərsin mahiyyəti ən əlverişsiz şəraitdə belə, yaxşı nəsə tapmaq tələbatıdır. Bu dərs heç də reallığı bəzəmək deyil, əzmlə eybəcərliyi daha faydalı rakursdan görmək və bu yolla çapıq sifətin hər qırışına, çopuruna mərhəmət və acımaq hissi yaratmaqdır.

***

İsrail dərhal bu qəbildən olan toqquşmalar üçün nəzərdə tutduğu kütləvi qırğın silahına əl atdı: IKEA-nın məhsullarına alıcı boykotu.

***

– Sənin ağzın deyəni qulaqların eşidir? – soruşdum. – Sən ordu barədə elə danışırsan ki, elə bil ekstremal idman növündən bəhs edirsən. Nə etmək olar? Biz elə dövlətdə yaşayırıq ki, hamımızın həyatı ordudan asılıdır. Sənin sözlərindən belə çıxır ki, qoy başqalarının övladı orduya gedib həyatını riskə atsın, bizim Levsə boynuna düşən vəzifədən azad olsun, təhlükədən uzaq, firavan həyat yaşasın? – Yox, – Arvadım etiraz edir. – Demək istəyirəm ki, biz lap çoxdan sülh yolu ilə problemi həll edə bilərdik, elə indi də bunu edə bilərik. Rəhbərlərimiz bunu ona görə etmirlər ki, onlar insanların çoxunun elə sənin kimi düşündüyünü bilirlər və tərəddüd etmədən uşaqlarını məsuliyyətsiz dövlətə həvalə edəcəklərindən arxayındırlar.

***

Təqribən elə o dövrdə qardaşım mənim üçün narahat olmağa başladı. “A-Arets” qəzetindən əmək bazarlarının savadsızları işlə təmin etmədiyini oxumuş və sevimli qardaşının iş tapa bilməyəcəyinə narahat olmuşdu. Buna görə də mənə nadir “saqqız metodu” texnikasının köməyi ilə yazıb oxumaq öyrətdi. Texnikanın iş prinsipi belə idi: qardaşım mənə ucadan oxuyacağım sözü göstərirdi. Sözü düz oxuyurdumsa, mənə çeynənməmiş saqqız verirdi. Səhv edəndə isə ağzında çeynədiyi saqqızı saçlarıma yapışdırırdı. Bu üsul öz bəhrəsini verdi və dörd yaşım olanda getdiyim uşaq bağçasında oxuya bilən yeganə uşaq idim. Bundan başqa, bağçada bir növ keçəlləşməyə (hər halda ilk baxışdan belə görünürdü) başlayan ilk uşaq da mən idim. Ancaq bu, başqa əhvalatdır.

***

Axı qardaşımın bilmədiyi bir şey yodur və əgər o, Yaradana inanırsa, onda Yaradan da var olmağa borcludur.

***

Hətta hərbi geyimli əsgər olsan belə, ruhən azad olduğunu unutma.

***

Mən burada icarəyə on dörd ev verirəm. Haçansa vaxtı-vaxtında ev kirayəsi verən radioaktiv mutant barədə eşitmisən?

***

Öləcəyəmsə, heç olmasa axmaq kimi ölməyim.

***

Narahat olma, əzizim. Biz sağ qalmağı bacaranlardanıq. Biz artıq səninlə xəstəliklər, terror aktları, müharibələrə davam gətirmişik və əgər bizi sülhlə hədələyirlərsə, ona da dözərik.

***

Böyük bacım on doqquz il əvvəl Bney-Brakdakı kiçik nikah zalında öldü.

***

 Dinə münasibətim belədir: mənim tanrım yoxdur. Özüm-özümün xoşuna gəlirəmsə, məhə heç nə lazım deyil, bədbin olanda, ruhumda böyük boşluq yarananda bilirəm ki, bu boşluğu doldura biləcək tanrı olmayıb və olmayacaq.

***

Əgər mənə Britni Spirs ilə aortada tromb arasında seçim etmək imkanı versələr, ikincini seçərəm.

***

Dünyamız belədir. Yazıçı dünya yaratmır, vacib olanı demək üçün dünyaya gəlir. … Yazıçı müqəddəs deyil, tsadik deyil, cənnət qapılarında dayanan peyğəmbər də deyil. O da başqaları kimi sıradan bir günahkardır, sadəcə, ona daha kəskin hissiyyat və dünyamızın şiddətli reallığını təsvir etmək üçün dil, üslub, istedad verilib. O, heç bir fikir, emosiya kəşf etməyib, hər şey o, dünyaya gələnə qədər mövcud olub. Yazıçı oxucularından zərrə qədər də yaxşı adam deyil – bəzən daha pisdir – əslində, bu, belə də olmalıdır. Əgər yazıçı mələk olsaydı, aramızda böyük bir uçurum yaranardı və onun yazdıqları bizi əsla maraqlandırmazdı. Lakin o, burada, bizim aramızdadır, özü də boğaza qədər çirkaba bulaşdığından, alçaqlığa boyun əydiyindən, başqalarıyla müqayisədə şüurunun işıqlı sahələrində – ən çox da qaranlıq tinlərində – baş verənləri bizimlə daha yaxşı bölüşə bilər.

***

Hələ xeyli illər əvvəl xilasedicilər fırtına zamanı dənizə düşən Avraamın arxasınca gələndə onun suda çapaladığını və göylərə üz tutub: “Mən hələ də sənə inanmıram!”, – deyərək bağırdığının şahidi olublar.

***

– Ancaq niyə? Niyə məni qorumaq istəyirdin?

– Çünki səni sevirəm. Çünki sən mənim oğlumsan. Çünki ata oğlunu qorumalıdır.

– Axı niyə? Niyə ata oğlunu qorumalıdır?

– Bəzən yaşadığımız dünya amansız olur. Zənnimcə, dünyaya gələn hər kəsin onu qoruya biləcək bir adamının olmağı ədalətlidir.

– Babam öldüsə, bəs səni kim qoruyacaq? 

***

Bəşəriyyətin qalan hissəsi başqalarının sidik kisəsinin vəziyyətindən tamamilə xəbərsizdir.

Tərcümə: Rəfiqə Məmmədova

2.4 (48.13%) 32 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram