Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Slava Se “Santexnik. Sənin mənim dizim”

Annotasiya

“Santexnik. Sənin mənim dizim”(rusca “Сантехник. Твоё моё колено”) – Məşhur latviyalı blogger Slava Senin qələmə aldığı bu əsər də avtobioqrafik xarakter daşıyır. Müəllif boşandıqdan sonra yeni həyatına adaptasiya olmağa çalışır. Bu zaman başına bir çox gülməli hadisə gəlir.

Karandaşın izi ilə

Yuxuya gedə-gedə zəngli saata baxıram. Zəngli saat tanıdığım əclaflar arasında ən amansızıdır.

***

Qızım hər gün on lat müqabilində mənə ata və şəxsiyyət kimi hörmət edir.

***

Çimərliyə qaraçıların yük atı kimi daxil oluram: alaçıq ilə…dişimdə də bir bağlama tualet kağızı. Gündə qaralanlar mənim niyyətlərimdən dolayı narahatlıq keçirirlər.

***

Allah eləsin, bizi sevməyənlərdən ötrü darıxmayaq.

***

Rusiyada kasıb olmaq xoşbəxt olmaqdan daha sərfəlidir.

***

Qonşular yenə əyyaş çıxdı. Lakin mədəni səviyyələri daha yüksəkdir. Aralarında ən çox hay-küy salanı əzişdirsən, nüfuz əldə etmiş olacaqsan və kimin hansı kolun altında sərəlməsinə göstəriş verəcəksən.

***

Tez ərizə yazdı. Ərizə başdan-ayağa Aralıq dənizi dizaynerlərinin adlarından ibarət idi.

***

Dedilər ki, səhər saat on birdə müstəntiq gələcək, onun xalq nağıllarından xoşu gəlir.

***

Qarabuğdayı, incə, gözləri mavi. Qarışıq qan. Daha hündür, cavan və varlı olduğum paralel dünyada onu mütləq isti dəniz sahilində gəzməyə dəvət edərdim.

***

Heç bir şey qrup şəklində ədəbi agenti döymək kimi yad insanları yaxınlaşdırmır.

***

– Necə mənasız təsadüfdür! – Mənasız təsadüf teatrın bufetində yeməkdən zəhərlənməkdir! Həbsxanada bir gecə keçirmək isə fəlakətdir!

***

Təxəyyül bizim sonuncu azadlığımızıdır.

***

Yer üzündə bütün bədbəxtliklərin mənbəyi acgöz arvadlardır. İkinci yerdə axmaq müdirlər, üçüncü yerdə isə tənbəl ərlər gəlir.

***

Ümumiyyətlə, onun qeyri-verbal simvol lüğəti çox zəngindir. O, gözü ilə atəş aça bilər. Ya da “siz axmaqsınız?” soruşacaqcasına heyrət içində baxa bilər… Ya da otağa nəzər sala və orada canlı insanı görməyə bilər. Yerişi ilə “əclaf” sözünü yaza bilər. Onun qapını çırpmasında daha çox məna yatır, nəinki bəzi psixologiya dərsliklərində.

***

İngiltərədə sosioloqlar insanların yolda rastlaşa biləcəyi bütün dəhşətli şeyləri siyahıya almaq qərarına gəliblər. Siyahıda inəklər, sərxoş litvalılar, qaraçı uşaqlar və çəhrayı “Pejo” sürən qızlar yer alıb. Üçüncü yerə “Audi”lər layiq görülüb. “Audi” sürənlər dikbaşdırlar, sürəti artırırlar və yolayrıcı xəttə məhəl qoymurlar. İkinci yerdə paslanmış “BMV” sürən “küçə uşaqları” gəlir. Onlar da “Audi” sürücüləri kimi tərbiyəsizlik edirlər, üstəlik, bir şey olmamış dalaşırlar. Bunların arasında ən təhlükəlisi “naməlum ağ furqon” çıxıb.

***

Sellüloz kombinatları tərəfindən subaylar üçün istehsal edilən ən yaxşı məhsulları alıram. Sosis, pelmeni, dondurulmuş pizza, yüksək qiymə tərkibli kotletlər. Qutuda yazılıb ki, balıq çubuqlarında xanı balığı otuz beş faiz təşkil edir. Əlbəttə, yerdə qalan canlı vitaminlərdir. Bir də rus kulinariyasının ürəyi olan mayonez.

***

Qadınlar əlamətdar günlərdə ironiyanı yersiz hesab edirlər. Yaxşısı budur, onlarla zarafat etməyin.

***

Katya gəzməyi sevir. Ehtiyatsızlıq edib, Parisə gedib-qayıda bilər. Hamısı da ona görə ki, fikrə dalıb. Bu yaxınlarda beş cüt idman ayaqqabısı alıb. Hamısı da dəhşət qəşəngdir. Mağazaya girib, Zimbabvenin büdcəsini xərcləyib. Deyir, nəyəsə görə kefsiz olub. Ən yaxşı antidepressant yeni ayaqqabıdır.

***

Onunla ailə həyatı qurmağım mümkün deyil. Sən demə, belələri ilə dostlaşmaq çox asandır.

***

– Düzünü deyin, kişinin xarici görkəmi qadın üçün vacibdir? – Əlbəttə! Gözəl siması, gözləri olmalıdır. Elələri olur ki, bircə baxışından sarsaqlaşırsan. … – Bəs dolu pul qabı kişiyə gözəllik qatır? – Bəzən… Dayanın! Siz məni maddiyatçı hesab edirsiniz? – Məncə, siz sağlam düşüncəyə malik bir qadınsınız. İndi buna belə deyirlər.

***

Başqasının sənin bədbəxtliyin üzərində qurulan xoşbəxtliyindən pis şey yoxdur.

***

O, topal və yöndəmsiz idi, hamını sevirdi. Qəribədir, nikbinlik və xeyirxahlıq böyük qabaritli idiotlara xas xüsusiyyətdir. Kiçikqabaritli cılızlar isə – fərqi yoxdur, insan olsun, ya it – adətən əsəbi olurlar.

***

İşə başladı. Troyalı Yelenanın dövründən bütün məhəbbət hekayələrini təhlil etdi, kralların, fahişələrin bioqrafiyasını öyrəndi, cədvəl tərtib etdi və heç bir asılılığın olmadığını müəyyənləşdirdi. Qadınların davranışını təsadüfi rəqəmlər generatoru idarə edir. Onların “sevir-sevmir”inə qeyri-elmi zodiaklar və çobanyastığı ləçəkləri təsir edir.

***

Freyd yeni heç bir şey tapmayıb. Tövbə texnikası üzrə monastır metodikasının şəklini dəyişib, ruhu şüuraltı adlandırıb, müqəddəs ruhun yerinə libidonu təyin edib – bütün psixoanaliz bundan ibarətdir.

***

Ömürlük vicdan əzabı istənilən həyat yoldaşı üçün ən yaxşı hədiyyədir.

***

Beləliklə, insan yalnız özünü sevir. “Özündən böyük” sevgi olmur. Bütün böyük ehtiraslar eqoizmdən doğur. Onunla birlikdə onun eqoizmini sev – xeyrin görəcəksən. “Özümü sənə bəxş edəcəm”. Neyləyir səni?! Hansı gününə lazımsan?! Ona çevril, onunla nəfəs al. Siz ikiniz, həm onun özü, həm onun sənin içindəki surəti ona olan birgə sevginiz zəminində dostlaşsanız, yaxınlaşa bilərsiniz.

***

Qadın münbit şəraitdə mənəvi yaxınlığı meyl ilə səhv salıb, özünü aldada bilər.

***

Diqqətlə mənə, sonra kabinet tərəfə baxdı. Sakitcə baxdı. Ağzına qədər qızılla dolu olan Çinə baxan Çingizxan kimi.

***

Qraf Robert Devere Esseks iddia edirdi ki, ancaq həyasız, sırtıq yaltaqlıq səyə layiqdir. Qrafın sözünə inanmaq olar. İngiltərəli Yelizaveta ona duyduğu məhəbbətdən ölüb. Düzdür, əvvəlcə bu gözəl kişinin başını vurdurub.

***

Yoldaşlarımdan fərqlənməmək, onları utandırmamaq üçün intellektimi onların səviyyəsinə düşürdüm, nəticədə bu, elə intellektin özündən imtina etməyə bərabər oldu.

***

Qalya pəri kimi çörək pulu qazanmayanda, cırıq cins şalvarda o yan-bu yana qaçırdı. Şalvardakı deşiklər mənə pis təsir edirdi. Bilmədim nə edim, ona kakao aldım. Kakao boynuna heç bir öhdəlik yükləmir. Nə də olmasa, üzük deyil. Lakin həssas insan həmin stəkandakı eyhamı mütləq tutardı: soyuq yataq, Bodlerin şeirləri, Şarliz Terondan inciklik və sayıqlama zamanı cırılan yorğanağı – bunların hamısı həmin kakao stəkanında idi.

***

– Deyirlər, nifrətdən sevgiyə…

– Xam xəyala qapılma! Qadınlar bu istiqamətdə getmirlər. Əks istiqamətdə – nə qədər istəsən. Bəziləri sevgidən nifrətə bir dəqiqənin içində keçə bilər. Onun yeni saç düzümündə səhv tap, elə böyük dəhşətlə qarşılaşacaqsan ki, yandırıb bir papiros çəkmək istəyəcəksən.

***

Qısqanc kişi cazibədar, hazırcavab deyil. Onun qısqanclığı nə qədər güclüdürsə, özü də bir o qədər darıxdırıcıdır.

***

Yaxşısı budur, bizim Romeo Katyanın qardaşını bıçaqlasın! Ölümlə nəticələnən duel münasibətləri inkişaf etdirir. Dünya ədəbiyyatı bu fikirdədir. Və mən ona inanıram.

***

Buranın nə qədər İtaliya olmadığı onun üzündən bilinirdi.

***

Bir də saysız-hesabsız motmotu ehtiyatı ilə bostanımız var idi. Anam bostandan məni tərbiyə etmək üçün istifadə edirdi. O, inanırdı ki, çapacağı havada yellətməklə uşaqda balqabaq sıyığına sevgi aşılayacaq.

***

İctimai rəylə birləşən radiasiya dəbdəbə predmetlərinə zərər verir.

***

O vaxt Riqanın mərkəzində feodal aristokratiya yuva salmışdı. Gəzən söz-söhbətə görə, onların mənzillərində dörd və daha çox otağa rast gəlmək mümkün idi. Biz bu cür orta əsrlər miflərinə inanmırdıq. Həm tez-tez rast gəlinən, həm dəyərlərimizi bölüşən yadplanetlilər bizə daha yaxın idi. Məsələn, həmin dəyərlərə aşağıdakıları aid etmək olardı:

1. SSRİ əbədidir və günlərin bir günü qalaktikanı işğal edəcək.

2. Qaqarin sağdır, sadəcə gizlənir.

3. Biz Siolkovskinin vətəniyik, ona görə Fransa ilə müqayisədə Marsa səyahət etmək şansımız daha çoxdur.

***

Sahil boyu gözəl yol uzanır – məşhur Korniş. Tıxacdır. Bir yandan, bu, yaxşıdır. Çünki mənzərə narkoman yuxuları kimi parlaqdır. Lazım olan dərəcədə sifətlərdən istifadə edə bilməyən tamaşaçılar irişməkdən, incə şəkildə söyüş söyməkdən başqa heç nə edə bilmir. Bizdə bitən bütün bu yasəmənlər isə, sən demə, boz bataqlıqların əsəbi kompensasiyasından başqa bir şey deyil.

***

Məktəb dərsliklərinə rəğmən, cənnət Tula yaxınlığında meyvə bağlarına oxşamır.

***

Xalamın qorxaq bir dobermanı var idi. O, hər Yeni il günü, düz saat on ikidə vannada gizlənirdi. Atəşfəşanlıqdan qorxurdu. Daltonik və introvert olduğu üçün Çinin istehsal etdiyi bu gözəlliyi başa düşmürdü.

***

Öz gözlərimlə şahid olmuşam. Liepaidən olan bir ailə restoranda yubiley qeyd edirdi. Gəldilər, oturdular. Hamısı qəşəng geyimdə. Əyinlərindəki kostyumlar torpaq rəngində. Birdən ofisiantın ayağı büdrədi və qrafindəki kompot atanın üzərinə töküldü. Ata dərhal islandı, şiriş oldu, kürəyi və keçəlinə albalı dağıldı. Ruslarda bayram bundan sonra başlayardı. Ofisiant salata batırılardı, stullarla dava başlayardı. Yubilyarın şərəfinə o qədər yarış fikirləşib tapmaq olardı ki… Bunlar isə sakitcə durub çıxıb getdilər. Heç administratorun üzünə tüpürmədilər də. Bilmirəm, bu cür temperamentə malik Baltikyanı ölkələrdə yazıçılar süjetləri haradan tapırlar?!

***

Bizdə Baltikyanı regionda sentyabrdan çöldə hər yer bataqlıq olur, oktyabrdan isə gecə bataqlığı. Sonra noyabr gəlir. Onun tələffüzü belə “Mordor” sözünə oxşayır. Dörd ay davam edən, hər yeri əhatə edən soyuq palçıqdan sonra insan bayram etmək, nəyisə qeyd etmək istəmir. Məncə, dekabrın 31-də divan, salat və televizor kifayətdir. Qonaqlar isə artıq şeydir.

***

– Moskvadan xoşunuz gəlir?

– Qəribə şəhərdir. Genişlik, xeyirxahlıq və ağıl münasibətləri daş-qayçı-kağız oyunundakı kimidir. Ağıl genişliyə qalib gəlir, ancaq insan xeyirxah iş planlayıbsa, müqavimət göstərə bilmir.

***

Tıxacda dayanan Moskva sakinləri buddistlərin ən kütləvi populyasiyasıdır. Gələcəklə bağlı heç bir planları yoxdur. Təşəbbüsə inam və cəmiyyətdən ayrı düşmə. Hər döngədə apokalipsis gizlənir.

***

Onlar o qədər gəncdirlər ki, məhəbbəti mifik canlı hesab edirlər.

***

Məlum oldu ki, mən “martini”, “kampari”, “tomatoz end potetouz” sözlərini də səhv tələffüz edirəm. İngilis dili üzrə məktəb müəllimim Qalina Yuryevna mənə xüsusi Voronej ləhcəsi aşılayıb. İngilis dilində danışan insanlar arasında məni başa düşən də təkcə o idi.

***

Müller adlı aşpaz kubizmə xas olan fiqurativ elementlərin qəsbi ilə neoplastisizm cərəyanının üzvüdür. İn, yan və “xren”in rəmzi olan üç boşqabda pasta gətirildiyini gördük.

***

Ev dərddir. Yaxşısını ala bilmirsən, tikmək istəyəndə isə nüansların çoxluğundan havalanmaq olar.

***

Məsələn, gəlsin, Sestroretskdə aşiq olsun görüm. Bura tanıdığım, ən şimalda yerləşən çimərlikdir. Orada hər dəqiqə qar yağa bilər. Hətta iyunda da. Ona görə istirahət edənlərin hamısı bənövşəyi rəngli nudistlərdir. Sestroretskdə dostum var. Anton Duxovski. O, elə beləcə də deyir: “Gəl, gedək çimərliyə, bənövşəyi ümidsizliyə baxaq”. Gedirik, orda da qabar-qabar olmuş məmələr görürük.

***

Gənclər sahildə qəşəng gəzirdilər. Fotoqraf düz suyun yanında onlara öpüşmələrini tapşırdı. Qorxdum ki, suya düşüb boğulacaqlar. Sonra isə həqiqətən boğulmaqlarını istəyirdim.

***

Hakim ümid edir ki, onun təcrübəsi bütün dünyadakı həmkarlarına bitkilərin, heyvanların, dağların, qadınların və başqa təbii fəlakətlərin ruhunu başa düşməkdə kömək edəcək.

***

İkilikdə içməmək içməkdən daha çətin idi, ancaq onlar bunun öhdəsindən gəldilər. Ayıq və hirsli şəkildə gəzməyə başladılar. Hətta görüşməyi də tərgitdilər. Bir mənası qalmadı.

***

Tanış saç ustası var. Adı Modrisdir. O deyir ki, qara planet Nibiru deyil, məhz Yeni İl qabağı biş-düş bəşəriyyətə təhlükə kəsb edir.

***

– Onu buraxma! Eşidirsən! Mənə inanma! Vur, çənəmi dağıt! Onları saxlamaq lazımdır! Canın çıxsın, amma dayandır! Yaxşısı budur, onun yanında olmamağından deyil, onun yanında olmağından gəbər! Kəndirlə bağla, səni sevməyənə qədər bir girovu öldürəcəyini de!

– Girovu hardan tapım?

– Bilmirəm. Qarılarla dolu tramvayı ələ keçir. Bazardan bir vedrə pişik balası al.

 

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram