Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Bernhard Şlink “Olqa”

Annotasiya

“Olqa” (almanca “Olga”) – Romanda öz dövrünün mənasız qaydalarına qarşı çıxan, ömrü boyu böyüklük, qüdrət, şöhrət arzusunda olan bir kişini qadının həyatından, məhəbbət hekayəsindən bəhs edilir. Bu iki insanın bütün dünyanı məhvə sürükləyən uçurumun kənarında baş tutan görüşləri yeni həyatın, yeni əfsanənin başlanğıcına çevrilir. Bu məhəbbət məktublarda, bütün səhvlərin düzəldiyi, günahların isə unudularaq bağışlandığı arzu və xatirələrdə yenidən doğmaq üçün böyük sarsıntılardan keçməli olur.

Karandaşın izi ilə

İkisi də növbəti görüşün nə vaxt baş tutacağını bilmirdi. Ona görə onların görüşləri gözlənilməz, qucaqlaşmaları tələsik, sevgi sözləri isə cəsarətsiz olurdu.

***

Eyni zamanda, yaşadıqları xoşbəxtlik böyük idi. O qədər böyük idi ki, kənddə haqlarında yayılacaq dedi-qodular onları narahat etmirdi.

***

O, özünü inandırmışdı ki, məhəbbət itaətkarlıq demək deyil, məhəbbət qiymətli bir hədiyyədir. Sevdiyin insandan aldığın bir məktub belə gözəl hədiyyəyə çevrilə bilər.

***

– Bu insanların ucbatından burada ucu-bucağı görünməyən açıqlıq yoxdur.

– Niyə insanlar səni qane etmir? Onlar olmasaydı, heç nə olmazdı.

– İnsanlara qarşı deyiləm. Ancaq onlar hər yerdə olmamalıdırlar.

***

Gerbert susurdu, Olqa cavab gözləyirdi. Qəfildən yarpaqların xışıltısında, atın fınxırtısında, hətta bülbülün nəğməsində kədər hiss etdi. Onlar sanki Olqaya demək istəyirdilər ki, onun həyatı imkansız bir şeyi gözləməklə keçir və bu həsrət heç vaxt bitməyəcək.

***

Öyrənmək imkanının olması və bu imkandan yararlanmamaq axmaqlıqdır, ərköyünlükdür, özündən razılıqdır.

***

Həyat itkilər qatarıdır və artıq bunu sakit şəkildə qəbul etməyi öyrənməyin vaxtıdır.

***

İndikilərlə müqayisədə biz daha səbrli idik. Bizim dövrümüzdə çoxları aylarla, hətta illərlə ayrı qalırdı. Görüşəndə isə qısa müddət bir yerdə olurdular. Biz gözləməyi öyrənmişdik. Bu gün siz təyyarə ilə uçursunuz, gəzirsiniz, telefonla danışırsınız. Ona görə də sizə elə gəlir ki, o biri adam istənilən an sizin ixtiyarınızdadır. Əgər bu sevgidirsə, onda o biri adam heç vaxt sizin ixtiyarınızda olmur.

***

O, səhraya böyük işlər görmək üçün deyil, orada itmək, yox olmaq üçün can atırdı. O, ucsuz-bucaqsız genişlikdə itmək üçün özündən qaçırdı. Amma genişlik boşluqdur. O, boşluqda yox olmaq istəyirdi.

***

Gerbert ürəyində həmişə harasa qaçırdı, onu nəsə qovurdu, sonsuz qaç-qov, mən də onla ayaqlaşmalı idim! Məgər qaçanda istədiyini söyləmək üçün nəfəsin çatırmı?!

***

Ölüm qarşısında hamı bərabərdir. Heç kim böyüklüyə can atmır. Heç kim böyük, xüsusilə fövqəlböyük ola bilməz.

***

Sizin kimi əxlaq müdafiəçilərini tanıyıram. Əxlaq müdafiəçilərinə həmişə nəsə böyük bir şey təqdim etmək lazımdır, bu zaman onların özlərinin yeri isti və rahat olmalıdır. Lakin heç kim təbliğ etdiyi əxlaqi böyüklüyə nail olmur. Əxlaq isə sənin üçün isti yer və rahatlıq deyil.

***

Sualıma cavabda bu sözləri eşitdim: məhəbbət sevdiyin şəxsin yaxşı və pis xüsusiyyətlərini tərəzinin gözünə qoymur. – Məgər insarların bir-birlərinə uyğun olub-olmaması bu keyfiyyətlərdən asılı deyil? – Ah, əzizim, məsələ keyfiyyətdə deyil, yalnız sevgidədir. Əgər sevgi varsa, deməli, insanlar bir-birlərinə uyğun gəlirlər.

***

Əlinizdə olanı minnətdarlıqla qəbul etməlisiniz, əks təqdirdə yaşadığınız reallığı heç vaxt ən yaxşı şəklə sala bilməyəcəksiniz.

***

Axı, bu əla hissdir – bir insanla birlikdəsən, amma onu əyləndirməli, söhbətlə başını qatmalı olmursan. Və bu, həmin insanları başqalarından fərqləndirən, onların malik olduğu, birilərini yaxınlaşdıran, digərlərini bir-birindən uzaqlaşdıran xüsusi bir məziyyət deyil. Gözləmək bacarığı kimi səssizliyi də öyrənmək mümkündür, çünki bu ikisi bir-birindən ayrı ola bilməz.

***

Tarix həqiqətdə baş vermiş keçmiş deyil. Tarix bizim keçmişə biçdiyimiz don, onu saldığımız şəkildir.

***

Məruzəçiyə sual vermək istəyirdim. Sanki məni görmürdülər! Onda ayağa qalxdım, elə həmin an iclasın başa çatdığını elan etdilər. Mənim seçki hüququm yoxdur. Mən kişi müəllimlərlə müqayisədə daha az məvacib alıram. Mən heç vaxt məktəb direktoru ola bilməyəcəm. Bütün bunlar azmış kimi, bizə hörmətsizlik etmələri azmış kimi, üstəlik bizi alçaltmaları da lazımdır?!

***

Bəzən yuxudan ayılanda hiss edirəm ki, qayıtmayacaqsan. Bəzən oyananda hiss edirəm ki, qayıdacaqsan, ancaq mən olmayacam. Qorxu insanla necə qəribə oyunlar oynayır!

***

Həsrət nədir? Bəzən bu, daim fərqində olduğumuz bir şey kimidir, onu heç yerə yığışdırmaq olmur, hərəkət etməyimizə mane olur, amma otaqdan çıxarmırsan, ona öyrəşmisən. Bəzən isə həsrət ildırım zərbəsinə oxşayır, qışqırmamaq üçün özünü güclə saxlayırsan.

***

Sənin həm təxəyyülün, həm məqsədin dövrümüzün təklif etdiklərindən daha yaxşı hədəflərə layiqdir.

***

Göte yazır: “Heç nəyə baxmayaraq, sevmək xoşbəxtlikdir!”. O, sevməyi sevilməkdən üstün tutur. Bunu yalnız sevildiyinə tam əmin olan bir insan yaza bilərdi. Məndə heç vaxt bu əminlik olmayıb, heç vaxt.

***

Eşitmişəm ki, əl-ayağı amputasiya edilən əsgərlərdə xəyali ağrılar olur. Əl yoxdur, ancaq ağrı var, sanki heç kəsilməyib. Sən yanımda deyilsən, yoxsan, amma ağrın hələ də mənlədir, sanki burdasan.

***

Qar və buz, silah və müharibə – siz kişilərin buna cəsarəti çatır, amma qadının suallarına cavab verməkdən qorxursunuz.

***

Ünsiyyətcil insanlar bu günlə, tənha insanlar isə keçmişin xatirələri ilə yaşayır.

***

Ferdinand yaxşı oğlandır, onu sevdim. Ancaq o, bir az darıxdırıcıdır. İndi onların hamısı belədir. Onların keçmiş və bu gün haqqında hazır əxlaqi hökmləri var. Onların həyatları təhlükələrdən mühafizə olunsa da, əxlaqi prinsiplərə malik olmaq onlara baha başa gəlməsə də, onlar özlərini cəsarətli hesab edirlər və bununla öyünürlər.

***

İnsanın yaşadığı həyatın və elədiyi dəliliyin bir melodiya və kontrapunkt kimi ahəng içində olması necə böyük xoşbəxtlikdir! Xüsusilə əgər bunları insan özü bir araya gətirirsə!

 

Tərcümə: Lamiyə Göycəyeva

2.2 (43.33%) 6 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram