Annotasiya
“Vanya dayı” (rusca “Дядя Ваня”) – dramaturq Anton Çexov tərəfindən qələmə alınan bu əsər 1897-ci ildə işıq üzü görüb. Pyes ilk dəfə 1899-cu ildə Moskva İncəsənət Teatrında Konstantin Stanislavskinin rejissorluğu ilə səhnələşdirilib. Pyesdə namusu ilə çalışıb, qazandığı pulla dolanmağa çalışan Vanya və onun qardaşı qızı Sonya ilə əziyyət çəkmədən dəbdəbəli həyat sürən professor Serebryakov və onun gənc həyan yoldaşı Yelenan arasında baş verən münaqişədən bəhs edilir.
Karandaşın izi ilə
Səninlə tanış olduğum bu müddət ərzində bircə gün boş vaxtım olmayıb. Necə qocalmayasan? Bir də ki, həyat özü qüssəli, mənasız, natəmizdir… Belə bir həyat insanı bataqlıq kimi udur. Ətrafındakılar hamısı əcaib-əcaib adamlardır, başdan-ayağa əcaib məxluqlar. Belələrinin arasında iki-üç il yaşadıqdan sonra adam heç özü də hiss eləmədən, dönüb yavaş-yavaş onların tayı olur. Ayrı cür mümkün deyil.
***
Bu adam sənətdən heç bir şey anlamadığı halda düz iyirmi ildir sənət haqqında mühazirə oxuyur, əsərlər yazır. İyirmi beş ildir realizm, naturalizm və başqa bu cür cəfəngiyyat haqqında özgələrinin fikirlərini çeynəməklə məşğuldur, iyirmi beş ildir o, ağıllı adamlara çoxdan məlum olan, axmaqların isə maraqlanmadığı şeylər haqqında oxuyub-yazır, deməli, iyirmi beş ildir o boş yerə vaxt sərf edir. Amma sən gəl onun özündən razılığına bax! İddiasına bax! O, istefaya çıxmışdır. Amma bir Allah bəndəsinin onun varlığından xəbəri yoxdur, heç kəs onu tanıyıb-eləmir. Demək, iyirmi beş ildir, o, bir özgəsinin yerini tutmuşdur. Amma gör necə yeriyir, elə bil yarımallahdır.
***
Kim ki, öz arvadına, ya ərinə xəyanət edir, demək, sadiq adam deyil, belə bir adam öz vətəninə də xəyanət edə bilər!
***
– Bu gün hava yaxşıdır… İsti deyil…
– Nə özünü asmalı havadır … (red.)
***
O deyir ki, meşələr yer üzünü bəzəyir, gözəlliyi başa düşməkdə insana kömək edir, ona möhtəşəm xəyallar aşılayır. Meşələr sərt iqlimi dəyişib mülayim edir. Mülayim iqlimi olan ölkələrdə təbiətlə mübarizəyə az qüvvə sərf olunur, ona görə o yerlərdə adamlar daha mülayim və zərifdirlər; o yerlərdə insanlar insanlar gözəl və çevikdirlər, hissləri tez həyəcana gəlir, danışıqları incədir, hərəkətləri qəşəngdir. Onların elm və sənəti çiçəklənib rövnəq tapır, onların fəlsəfəsi qaranlıq deyil, qadına münasibətlərində zərif bir nəciblik var…
***
İnsana ağıl və yaradıcılıq qüvvəsi ona görə bəxş edilmişdir ki, ona verilmiş sərvətləri daha da artırsın. Lakin insan bu vaxtadək yaratmamış, ancaq məhv etmiş və dağıtmışdır. Meşələr getdikcə azalır, çaylar quruyur, ov heyvanları yoxa çıxır, iqlim xarab olmuşdur, torpaq günü-gündən yoxsullaşıb eybəcərləşir.
***
Bir az əvvəl Astrov deyirdi ki, siz hamınız dəlicəsinə meşələri qırıb məhv edirsiniz, tezliklə yer üzündə heç bir şey qalmayacaq. Eləcə də siz kor-koranə insanı məhv edirsiniz və tezliklə sayənizdə yer üzündə nə sədaqətdən, nə təmizlikdən, nə də fədakarlıqdan əsər belə qalmayacaq. Nə üçün, əgər bir qadın sizin deyilsə, siz ona soyuqqanlı baxa bilmirsiniz? Çünki doktor doğru deyir, sizin hamınızın ürəyini vurub dağıtmaq ehtirası gəmirir. Sizin nə meşələrə, nə quşlara, nə qadınlara, nə də bir-birinizə yazığınız gəlmir…
***
Siz, İvan Petroviç, təhsil görmüş ağıllı bir adamsınız, gərək başa düşəsiniz ki, dünyanı məhv edən quldurlar, yanğınlar deyil, nifrət, ədavət və bütün bu xırım-xərda didişmələr, çəkişmələrdir…
***
– O mənim dostumdur?
– Nə vaxtdan?
– Necə yəni “nə vaxtdan”?
– Kişinin dostu olması üçün qadın bir-birinin ardınca aşağıdakı mərhələləri keçməlidir: əvvəlcə yaxın tanış, sonra məşuqə, sonra isə dost.
***
– Vanya dayı, sən yenə doktorla içib sərxoş olmusan? Tülək tərlanlar dostlaşıblar. Axı o, həmişə belədir, sənə nə olub? Yaşına yaraşmır.
– Yaşın bura dəxli yoxdur. Həqiqi həyat olmayanda insan xəyalla yaşayır. Hər halda heç bir şeydənsə bu yaxşıdır.
***
İnsanın gərək hər şeyi gözəl olsun: üzü də, paltarı da, qəlbi də, fikirləri də. Ögey ananız gözəldir, buna şübhə yoxdur, lakin… o ancaq yeyir, yatır, gəzir və gözəlliyi ilə hamımızı valeh edir, vəssəlam. Onun heç bir vəzifəsi yoxdur. Onun üçün başqaları işləyirlər… Belə deyilmi? Avara həyat isə təmiz ola bilməz.
***
Ümumiyyətlə, həyatı sevirəm, ancaq bizim bu qəza həyatını, meşşan rus həyatını görməyə gözüm yoxdur, bütün qəlbimlə bu həyata nifrət edirəm. Mənim şəxsi həyatıma gəldikdə isə, vallah, onda heç bir şey yoxdur. Bilirsinizmi, qaranlıq bir gecədə meşə ilə yol gedərkən, uzaqda bir işıq parıldayanda nə yorğun olduğunu duyursan, nə qaranlığı, nə də üzünə dəyən tikanlı şaxları hiss edirsən… Yaxşı bilirsiniz ki, bu qəzada mənim qədər işləyən yoxdur. Tale isə aman vermədən mənə zərbələr endirir, bəzən çox ağır əzab çəkirəm, lakin mənim üçün heç yerdə işıq ucu yoxdur. Mən artıq heç bir şey gözləmirəm, insanları da sevmirəm… Çoxdandır ki, heç kəsi sevmirəm.
***
Mujiklər çox yekrəngdirlər, inkişaf etməyiblər, natəmizdirlər, ancaq ziyalılarla yola getmək çətindir. Yorucudurlar. Onlar hamısı, bizim bütün bu xeyirxah tanışlarımız dayaz düşünürlər, həssas deyillər, öz burunlarından uzağı görmürlər, bir sözlə, sadəcə axmaqdırlar. Bir az daha ağıllı və mötəbər olanlar isə tutmacalı, əsəbidirlər, analiz və reflekslə içlərini yeyiblər… Bunlar elə hey sızıldayırlar, hamıya kin-küdurət bəsləyirlər, mərəzi bir ehtirasla böhtan, iftira yağdırırlar, insana yanpörtü yanaşıb, çəpəki baxırlar, deyirlər: “Hə, bu psixopatdır, dəlidir!” Yaxud “Bu ibarəpərdaz, boşboğazdır!” Elə ki, mənim alnıma nə cür damğa vurmaq lazım gəldiyini bilmirlər, onda deyirlər: “Bu, qəribə adamdır, lap qəribə!” Mən meşəni sevirəm – bu qəribə şeymiş; mən ət yemirəm – bu da qəribədir. Təbiətdə və insanlara qarşı səmimi, azad, təmiz münasibət yoxdur…yoxdur, bəli, yoxdur.
***
Qadın çirkin olanda ona belə deyirlər: “Sizin qəşəng gözləriniz var, gözəl saçlarınız var…”
***
Mən bu yazıq qızı başa düşürəm. Burada həyat dəhşətli can sıxıntısı ilə keçir. İnsan əvəzinə hər tərəfdə boz kölgələr dolaşır. Yalnız bayağı danışıqlar eşidilir, bütün günü ancaq yeyirlər, içirlər, yatırlar… Buna görə də başqalarına oxşamayan gözəl, yaraşıqlı və cazibədar doktor hərdən bura gələndə elə bil zülmət içərisində nurlu bir ay doğur…
***
Burda biz həyat uğrunda məşəqqətli mübarizədən doğmuş bir tənəzzülün şahidi oluruq. Bu tənəzzül ətalətdən, cəhalətdən şəxsi idrakın tamamilə yoxluğundan irəli gəlir; çünki soyuqdan titrəyən ac, xəstə bir adam tükənməkdə olan həyatını xilas etmək üçün, uşaqlarını qorumaq üçün bir sövq-təbii ilə hər şeyə qeyri-şüuri olaraq, ağına-bozuna baxmadan əl atır ki, aclıqdan qurtulsun, bir az canı qızsın, beləliklə, sabahkı günü düşünmədən hər şeyi dağıdır…
***
Bəli, Ayvazovski fırçasına layiq bir süjetdir.
***
Qəribədir. Mən adam öldürməyə qəsd etmişəm, amma məni nə həbs edirlər, nə də məhkəməyə verirlər. Demək, məni dəli hesab edirlər. Mən dəliyəm, amma professor, alim sehirbaz maskası altında öz istedadsızlığını, kütlüyünü, hədsiz rəhmsizliyini gizlədənlər dəli deyillər. Qocalara ərə gedib, sonra hamının gözü qabağında onları aldadanlar dəli deyillər.
***
Biz dincələcəyik! Biz mələklərin səsini eşidəcək, bütün göy üzünün almazlarla bəzəndiyini, dünyadakı bütün fənalıqların, bütün iztirablarımızın kainatı qapayan bir mərhəmətə, şəfqətə qərq olduğunu görəcəyik və həyatımız nəvazişli, zərif və şirin olacaq. Mən inanıram, inanıram. Yazıq, yazıq Vanya dayı, sən ağlayırsan. Sən ömründə heç bir sevinc görməmisən, ancaq səbr elə, Vanya dayı, səbr elə. Biz dincələcəyik… Biz dincələcəyik! Biz dincələcəyik.
Tərcümə: Nigar Rəfibəyli