Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nodar Dumbadze “Əbədiyyət qanunu”

Annotasiya

“Əbədiyyət qanunu”(gürc. მარადისობის კანონი) – Tanınmış gürcü yazıçısı Nodar Dumbadze bu əsərinə görə 1980-ci ildə Lenin mükafatı laureatı olub. Baçana adlı yazıçı infarkt keçirdikdən sonra xəstəxanaya düşür. Onunla palatada daha iki nəfər var: pinəçi Bulika və keşiş İoram ata. Hər üçünün dinə və ümumiyyətlə həyata olan münasibəti bir-birindən çox fərqlidir. Onlar şəxsi mülahizələrinə əsaslanaraq müzakirələr aparır, başlarına gələn hadisələrdən danışırlar.

Əsərdə keçmiş indiki dövrlə, Baçananın yuxuları ilə qarışır. Oxucu onun uşaqlıq illərindən, çətin həyatından, rastına çıxan insanlardan xəbərdar olur. Bütün bunlar yazıçının həyatına təsirsiz ötüşməyib.

Karandaşın izi ilə

– Bu gün qatarınız nəsə yaman uçur, bəlkə, əlavə pul verməli olduq?

– Çatanda stansiya rəisindən soruşarsan!

– Bəs o, məni qarşılayacaq?

– Onu xəbərdar etmək hökumətin yadından çıxmayıbsa, əlbəttə, qarşılayacaq!

– Hökumətin yaddaşı ilə bağlı heç bir şikayətim yoxdur… Belə ki, onlar doxsan beşdə İlor kilsəsinin həyətindəki mitinqdə kimə səs verdiyimi indiyədək yaddan çıxartmayıblar.

***

Xəstələr ya ölməmişdən qabaq, ya da sağaldıqdan sonra zarafat edirlər.

***

Rustavelini, dünya tarixini və ingilis dilini əzbərə bilənlərə universitet lazım deyil! Təhsilə savadsızların ehtiyacı var!

***

– Sən yenə də bax gör, yazıçı sağdır? …

– Ədyalı, göz qapaqları tərpənir.

– Ədyalı tərpənirsə, deməli, nəfəs alır; bir halda ki, nəfəs alır, deməli, ürəyi işləyir; göz qapaqları tərpənirsə, deməli, yatmayıb; yatmayıbsa, deməli, bizi eşidir; eşidirsə, cavab verməlidir; cavab vermirsə, deməli vəziyyəti pisdir.

***

Ümumiyyətlə, ağıllı adamlar özlərinə arvadları ilə adaş olan sevgili tapırlar.

***

– Müharibə nə vaxt qurtaracaq? Stalin nə deyir?

– Deyir ki, tezliklə qurtaracaq, ancaq dəqiq vaxt demir.

– Deyərdi də, nolardı ki?!

– Sən nə danışırsan? Almaniya ilə müharibə sizin üçün qaban axtalamaq deyil!

– Gervasi, qabanı axtalamaq da asan iş deyil.

***

– Təsərrüfat müdirini çağırın! – professor göstəriş verdi.

– O, siçan şəkəri almağa gedib, – həkim dedi.

– Siçan şəkəri?! O nə olan şeydir?! Respublika xəstəxanasında o qədər siçan yetişib ki, onların artıq öz rasionu var?! – professor acıqlandı.

– Professor, bu zəhərdir! – həkim izah etdi.

– Siçan zəhəri! – feldşer qadın dəqiqləşdirdi.

– Biyabırçılıq! – professor qışqırdı və sağollaşmadan palatanı tərk etdi.

***

– Amerika niyə öz qoşunlarını Cənubi Koreyadan çıxarmır? – Bulika bildirdi.

– İntriqaçı! Bədbəxt anonimçi! – deyən dezinfektor ürəyində qapını çırparaq otaqdan çıxdı.

– İntriqaçı və anonimçi atandır, özün də “krısa”san! – Bulika onun ardınca qışqırdı.

***

Əclaflar, Abxaziya və Gürcüstanda çəkilən papiros və siqaretləri tək-tək hesablamağa başladılar. Sonra bildirdilər ki, cari ildə üç yüz ton tütünə yüz ton quru ot qatmışıq!.. Və bunu kim deyir?! Kabinetindən çölə çıxmayan insanlar! Onlar heç bilirlər, tütün necə yetişir? Tütün tarlada bitir və ona bir balaca ot yapışırsa, bunda təəccüblü nə var ki? Sonrası da ki, məgər ot zəhərdir? Siz kiminsə otdan öldüyünü görmüsünüz? Ziyankarlıq bunun harasındadır? İnək bütün ömrü boyu ot yeyir. Ölmür ki? Nə edək? Onu tütünlə yemləyək? Ziyankarlıq sizin kimi insanların qanını nikotinlə doldurmaqdır! Bu, hələ harasıdır! Sonra bəyan etdilər ki, biz həmin otu tütün qiymətinə satırıq və milyonlar qazanırıq!.. Hm, bir ton ot on rubldur. Nə milyon?! Üstəlik belə bir razılığa gəliblər ki, tütünü yaş edirik, buna görə də çəkisi təxminən iki dəfə artmış olur!.. Ağıllı çıxıblar!..

***

– Evimə təşrif buyurdular… Dedilər, niyə sizin ikimərtəbəli eviniz var!.. Otaqlara soxuldular! İki mərtəbə nədir ki? Mərtəbənin norma hündürlüyü iki metr yarımdır, məndə birinci mərtəbədə cəmi iki qırx səkkizdir…

– İki santimetrin nə mənası var ki?

– Siz nə danışırsınız, hörmətli Baçana! Güllə cəmi iki santimetrdir, ancaq camışı bir dəfəyə aşırır! Ötən il bir insanın həyatına son qoyan güllə də, həmin şəxsin adını çəkməyəcəm, iki santimetrdən az idi… Bunu dostunuza deməyin, bunu elə-belə söz gəlişi qeyd elədim… Sonra yuxarı mərtəbədə səkkiz otaq saydılar! Tfu, zalı otaq hesab edən gürcünün üzünə nə tüpürdim! Yaxşı ki, lociya və bilyard otağını ora əlavə etmədilər! Sağ olsunlar!…

***

– Hörmətli Baçana, özünüzü necə hiss edirsiniz? – müqəddəs ata İoram qəzeti bir kənara qoyub nəzakətlə soruşdu.

– Həvva yaradılmamışdan öncə cənətdəki gənc Adəm kimi!

– Və sizə tək darıxdırıcı deyil?

– Əksinə, sanki, bütün cənnət mənim ixtiyarımdadır!

***

– Əziz Baçana, mən insanları tanıyıram. Bu şeylər, fiz, fizo…kimi. Nə idi onların adı?

– Fizionomistlər.

– Hə, hə! Ancaq onlar üzə görə ayırd edirlər, mən ayaqqabıya görə… İnsanın ayaqqabısına baxıb, onun hansı yuvanın quşu olduğunu təyin edə bilirəm… Götürək elə bayaq sizin yanınıza gələn axmağı… Tuflisinə baxan kimi alçaq və əclaf adam olduğunu başa düşdüm…

– Necə?

– Birincisi, ayaqqabısı laklı idi…

– Mən isə əksinə, onun professor olduğunu düşündüm.

– O, içəri girəndə tuflisini şalvarına sildi… Professor heç vaxt belə etməzdi… İkincisi, ayaqqabının altı öndən yeyilmişdi, dabanları isə tamamilə yeni idi. Deməli, çöl-bayır ayaqqabısıdır, onları rəhbərliklə görüşəndə geyinir. Direktorların qarşısında ayağının ucunda gəzir, ona görə də altlıq yalnız öndən yeyilib… Əclafdır ya yox? Əlbəttə, əclafdır… Üçüncüsü, oturan kimi dabanlarını ayaqqabıdan çıxardı. Niyə? Çünki tufli ayağını sıxırdı! Dar ayaqqabı insanın nəyinə gərəkdir? Əzabkeş kimi görünmək üçün. Yəni, baxın, necə bədbəxt, yorğun insanam!.. Belə biri əclaf deyil, bəs nədir?! Dördüncüsü, dabanları adi dabanlardan üç-dörd santimetr hündür idi. Niyə? Çünki olduğundan hündür görünmək istəyir! Əclafdır? Əlbəttə! Başqa nə deyə bilərəm? Hə, əsas məsələ – bunun artıq ayaqqabıya dəxli yoxdur – bir insanın başına xəstəxana ləyənəni əndərirlərsə və o, xətrinə dəyən insanın boğazını üzmürsə, deməli, o, oğraşın dal ayağıdır, əclafın öndə gedənidir!

***

– Bəs Rustaveli elə beşiyindəcə ölsəydi?!

– Başqası doğulardı.

– Nə vaxt?

– Nə vaxtsa.

– Bax, budur! Nə vatxsa! Bəs həmin vaxta kimi nə qədər vaxt keçməlidir?! Rustaveli dühası olmasaydı, onun dövründən bugünədək cəmiyyət necə olardı? Bunu təsəvvür edirsiniz?!

– Rustavelisiz dövr olub da. Heç nə də olmayıb, insanlar özləri üçün yaşayıblar…

– Ürəklərində allah olmadan yaşayıblar! Zaman allahdır! Bunu başa düşün! Siz kommunistlər allaha inanmırsınız, çünki vaxtın qiymətini bilmirsiniz! Vaxtı boş-boşuna keçirirsiniz, israf edirsiniz! Zamana sitayiş edin, zamana hörmət edin! Əgər yeni inanc və yeni din yaratmaq qərarına gəlmisinizsə, zamandan başlayın! Əks təqdirdə, heç nə alınmayacaq, çünki, təkrar edirəm, allah zamandır!..

– Bəs deyirdilər ki, allah sözdür!

***

– Ay bədbəxt, sənin dinin mədədə başlayır, ayaqyolunda qurtarır. Sənin kimi günaha batmış birindən cəhənnəm də imtina edəcək!

– Sənin verdiyin xasiyyətnamə ilə getsəm, əlbəttə, edəcək!

***

– Onun işi prokurorluğa verilib… – Niyə ki?

– Rüşvətxorluq və korrupsioyaya qarşı tədbir görmədiyi üçün. Proteksionizmə görə, zəhmətkeşlərin şikayətlərinə məhəl qoymadığı üçün.

– Dayan, dayan. Və bütün bunlarda yalnız Nebieridze günahkardır?

– Hələlik hə…

– Afərin Nebieridze! Deməli, yaxşı işləyib! Bəs başqaları hara baxırdı? Bu barədə yazılmayıb?

– Yaxşı, sənin özün hara baxırdın?

– Məndən soruşursan?

– Elədir ki var! İşçi sinfisən. O, bu cür işlər görəndə sən harda idin, nə fikirləşirdin?

– Keşiş baba, sən siyasi məsələlərdə cahilsən! Birincisi, mən işçi sinfi deyiləm, xırda sənətkaram, ikincisi, Nebieridzenin qəbulunda dağılmış başmaqlarınızı düzəltməklə məşğul idim.

***

– İdmançısınız?

– Bəli.

– Sizdə də infarktdır?

– Bəli.

– Sizə əccəb olur!

***

Keşiş baba, bilirəm, bilirəm! Siz “Allah belə məsləhət bilib!” və ya “Görünür, məsləhət deyilmiş” kimi üzərinizə heç bir məsuliyyət yükləməyən universal, hərtərəfli ifadələrdən istifadə edirsiniz. Belə rahatdır, deyiləsi bir şey yoxdur!.. Biz isə mürəkkəb, dəqiq formulları rəhbər tutmalıyıq: “Bu qanunidir!” və “Bu qeyri-qanunidir!”. Və mübarizə aparmalıyıq, başa düşürsünüz? Qanunsuzluğun kökünü kəsmək və qanunu təsdiqləmək üçün dua etməli deyilik, mübarizə aparmalıyıq. Siz günahkarı ilahi məhməkəyə verirsiniz, biz isə ədalət məhkəməsinə!.. İoram ata, çox asan həyatınız var!..

***

İnsana çevrilən meymundansa, meymuna çevrilən insanı tanımaq daha asandır… Bu yaxınlarda zooparkımızdan üç meymun qaçmışdı. Milis təcili operativ iclas təyin etdi. Meymunları tez bir zamanda təcrid etməyin yolları haqda düşünməyə başladılar. İclas bir qədər uzandı. Onda əməkdaşlardan biri ayağa qalxıb dedi: “Yoldaş podpolkovnik, gəlin, yekunlaşdıraq, əks təqdirdə, meymunlar insanlara qarışacaq və sonra onları tapa bilməyəcəyik”.

***

Həmin gün Baçananın iki ziyarətçisi olmuşdu: biri normal, biri anormal. Əslində bunlar sonradan məlum oldu. Əvvəlcə Baçana onların hər ikisini adi insan bilmişdi.

***

– Və daha bir şey. Moem deyirdi ki, məlum beş duyğudan əlavə daha biri – altıncı hiss də var. Onsuz digərlərinin heç bir əhəmiyyəti yoxdur…

– Nədir o?

– Hörmətli Baçana, puldur, pul!

***

Axırıncı dəfə Baçananın ad gününü doqquz yaşı olanda qeyd ediblər. Məktəb yoldaşı Vaxtanq Elbakidze ona gözəl qırmızı özüyeriyən yanğınsöndürən hədiyyə etmişdi… Gör, nə vaxt olub!… O vaxtdan bəri Baçananın ad günü cəmi üç dəfə qeyd edilib.

– Doğulduğun günə lənət olsun! – birinci dəfə siqaret çəkəndə.

– Niyə bu dünyaya gəldin! – birinci dəfə sərxoş olanda.

– Canavar, səni kim doğub! – birinci dəfə çörək kartını itirəndə.

***

İnsan donuzdan nə ilə fərqlənir? Onunla ki, insan ağacın üstündəkiləri yeyir, donuz isə ağacın dibindəkiləri, yerə düşənləri. Bunu nəyə gətirirəm? Hər işdə usta əli tələb olunur! Özü də vaxtında. Gecikdinmi, meyvə ağacdan düşür və donuza qismən olur!..

***

– Qurumuş ağaclardan asılmış zəng sizə lazım deyil! Şiri ram edən çılpaq gənc lazım deyil! Yaralı qartal lazım deyil! Çəkməsi ilə ilanın başını əzən əsgər lazım deyil! Bəs onda nə istəyirsiniz? Mən Vətən müharibəsi və həlak olan döyüşçülər mövzusunu necə açım?!

– Müharibə vaxtı sənin neçə yaşın var idi?

– Ümumiyyətlə hələ doğulmamışdım!

– Elə bunu da təsvir et!

– Nə?

– Müharibənin nə olduğunu bilməməyini.

– Necə yəni?

– Necə!.. Bu yaxınlarda nəvəm, balaca Xuta hardansa mənim cəbhə kaskamı tapıb və ora… necə deyim, kiçik ehtiyacını ödəyib, köpək oğlu! Əvvəlcə onun qulağını dartdım, sonra özüm də utandım… İnanırsan, bütün gecəni yata bilmədim!…

– Bilirsiz, dünyada bu cür heykəl yoxdur… Ümumiyyətlə, elə bir hadisə olub ki, heykəltəraş yanınıza gəlsin və sizə qarğıdalı becərməyi öyrətsin?!

– Hələlik belə bir hal olmayıb, ancaq qarğıdalı işindən başı çıxan heykəltəraş tapılsa, niyə də ondan öyrənməyək?

***

İndi isə mənə qulaq asın… Həyatımda beş dəfə ölmüşəm və bir o qədər də dirilmişəm. Birinci dəfə qorxuda ölmüşəm və tənhalıqda dirilmişəm… İkinci dəfə tənhalıqda ölmüşəm və riyakarlıqda dirilmişəm… Üçüncü dəfə riyakarlıqda ölmüşəm və qayğısızlıqda dirilmişəm… Dördüncü dəfə qayğısızlıqda ölmüşəm və nifrətdə dirilmişəm… Beşinci dəfə nifrətdə ölmüşəm və sevgidə dirilmişəm… İndi böyük, hərtərəfli sevgi yaşayıram və bil ki, sevgidə öləcəm. Və bu, mənim sonuncu ölümüm olacaq… Bundan sonra heç vaxt dirilməyəcəm… Yox olacam, əbədi məhəbbətdə itib batacam… Ona görə nə vaxt öləcəyim vecimə deyil… Ölümdən qorxmuram… Altıncı və sonuncu ölümümüm şərəfinə içirəm!

***

Əzizim, qadını tənhalıq yoldan çıxarır. Elə kişini də. Ona görə çalışın heç vaxt tənha qalmayın…

***

– Siqareti rədd elə! Şərab və arağı həyatından çıxar! Yağlı yemək yemə! Gecə yuxusuz qalma! Qadınlardan uzaq dur!

– Və bu, həyatdır?

– Miokard infarktı minus yuxarıda sadalanan qadağalar elə həyatdır!

***

İnsan həyatı boyu ən azı bir dəfə də olsa, ciddi xəstəlik keçirməlidir. Bu, ona bütün keçdiyi yolu ayıq başla, sakit şəkildə təhlil etməyə və qiymətləndirməyə imkan verəcək.

***

– Sizin xəstəxananızda keçirdiyim iki ay mənim üçün inanılmaz kəşflər dövrü oldu!

– Nə kəşf etdiniz?

– Əbədiyyət qanununu!

– Nə?

– Əbədiyyət qanunu!

– Mm… m… Belə olduğu halda, bu qanunun müəyyən forması olmalıdır, eləmi?

– Əlbəttə!

– Bəlkə bu formulu mənimlə bölüşəsiniz? Baçana Akakiyeviç, sizi inandırıram ki, onu öz adıma çıxarmaq və ya müəllif kimi adımı qeyd elətdirmək niyyətim yoxdur.

– Nodar Qriqoryeviç, qanunun məğzi ondan ibarətdir ki,… insanın ruhu onun bədənindən yüz dəfə ağırdır… O qədər ağırdır ki, bir insan onu daşıya bilmir… Ona görə də biz insanlar nə qədər ki sağıq, bir-birimizə yardım etməyə, bir-birimizin qəlbini əbədiləşdirməyə çalışmalıyıq: siz – mənim, mən – başqasının, o isə üçüncünün və bu yolla sonsuzluğa qədər… Təki insanın ölümü bizim yaşamağımızı tənhalığa məhkum etməsin…

 

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram