Annotasiya
“Klişe həyatlar mətbəəsi” (türkcə “Klişe hayatlar matbaası”) – Can Yılmazın iyirmi hekayədən ibarət bu kitabında iyirmi fərqli insanın həyatından, başına gələn macəralardan, onların xatirələrindən bəhs edilir.
Karandaşın izi ilə
Bəzən qələmə aldıqlarının qaralama, yoxsa tərifəlayiq yazı olduğunu bilmək olmur. Sənin qaralama dediyin dəyərli bir fikir, şah əsər hesab etdiyin isə bəsit qaralamadan ibarət ola bilər. Bunu anlamağın tək yolu isə yazdıqlarını oxuculara təqdim etməkdir.
***
Keçmiş günlərin qiymətini anlamaq üçün illərin keçməyini gözləməlisən. Eynilə turşu kimi. Vaxtından əvvəl yeyəndə dadı bilinməyən turşu kimi. Sirkə və ya limonla hazırlanmasının heç bir fərqi olmayan, sadəcə vaxtında yeyilməsi gərəkən turşu kimi.
***
Balzak ilə oxşar cəhətimiz adətən şam işığında yazmağımız idi. Aramızda iki yüz illik zaman kəsimi olsa da, eynilə Balzakın evində olduğu kimi bizim evdə də elektrik yox idi. Ancaq ondan fərqli olaraq bizim evə mütəmadi olaraq hər ay işıq pulu gəlirdi. Tək gəlməyən elektrik enerjisinin özü idi və bir müddət sonra elektrik enerjisinin evi işıqlandırması təəccüb doğuracaq bir hadisəyə çevrildi. “General Electric” şirkətinin sadəlövh düha Nikola Tesladan oğurladığı deməyək də, ilhamlandığı fluoressensiya lampası 1939-cu il Nyu York Beynəlxalq Sərgisində ilk yandığında nə qədər diqqət çəkmişdisə, bizim evdə də hər yanışı bir o qədər diqqət çəkirdi. Hətta yanandan neçə dəqiqə sonra təkrar qaranlığa qərq olacağımızla bağlı naringidən mərcə girmək evdə ayrıca nəşə qaynağına çevrilmişdi.
***
Sonra bir gün Almaniyadan çamadan gəldi. Çamadanın yanında xalam. Bizi çamadan maraqlandırırdı, xalam detal idi.
***
Evdə yaza-yaza kəşf ediləcəyimi gözləyirdim. İllər sonra bu fikrin yanlış olduğunu başa düşəndə artıq uşaq deyildim, “Uşaq” jurnalına abunə deyildim, sadəcə üç nəfərin getdiyi “Qırmızı Xaç Kitabxanası”ndakı abunəlik vaxtım bitmişdi. Qəzetlərin uşaq klub kartları etibarsız olmuşdu, nəşr evlərinə sifariş verdiyim Necati Tosuner kitabları isə gəlib çıxmaq bilmirdi.
***
İndi elə istərdim ki, o illərdə yazdığım bir sətri oxuyum. Bəlkə də biri şah əsər idi; oxuyan olmadı ki…
(“Klişe həyatlar mətbəəsi”)
***
Usta, qırx beş ildir günəşə həsrət qalmışıq! Bezdim, vallah, bezdim… Başımı qaldıranda bulud görmək istəyirəm, günəş gözümü qamaşdırsın istəyirəm, gözümün içinə yağış yağsın istəyirəm… Saçıma qar dəysin, mağazanın qarşısında gözləyəndə maşın dəysin, başıma damdan kirəmit düşsün, mavi səma görüm, qara buludlu payız yaşayım, günəşli gündə önümdən mini ətəkli qızlar keçsin… Nazim usta, çox şey istəyirəm? Qırx beş ildir eyni tavana baxırıq. Ölkə yansa, xəbərimiz olmaz. Mən artıq təmiz oksigenlə nəfəs almaq istəyirəm, tıxac gurultusu istəyirəm. Siqnal səsi üçün darıxmışam.
***
Bəzən gözüaçıq adamı aldatmaq daha asan olur. Onlar özlərinə çox güvənirlər, amma bəsit səhvlərə yol verirlər.
(“Qızıl uşaq balıq evi”)
***
– Çox kitab oxuduğum üçün kitab hədiyyə etdilər, – gülə-gülə dedi.
Anası stolun üstündəki kitaba baxıb söylədi:
– Kaş bir ayaqqabı verərdilər…
(“Hədiyəsi 35 qəpik”)
***
Rəhmətlik Kamer dayı qalantereyanı açanda Hüseyn qardaş hələ ibtidai məktəbdə ikinci sinifdən qovulmaq üzrə idi. Ona görə Kamer dayı Hüseyn qardaşa da “petux” demək haqqına sahib idi.
***
Benanı hamı sevirdi, heç kimə pisliyi dəyməmişdi, onsuz pislik etməyə vaxtı da yox idi.
***
Zalda oturanlardan biri əsəbini kreslonun qoltuğundan çıxararaq dedi:
– Ürək tutması… Allah lənət eləsin, siqareti də, yeməyi də andıra qalsın.
– Qardaş, çəkisi də var idi. Ondan olub deyirlər, – bir başqası söylədi.
– Yağlı yeyirdi, ağzı heç dayanmırdı ki…
– Uşaqlıqdan var imiş, həkimlər fikir verməyiblər.
– Bir az idman eləsəydi.
– Yuxusu yox idi, yuxusu. Bilirəm ki, yatmırdı; yuxusuzluq ürəyi zora salır.
– Bütün günü ayaqda idi, işi çətin idi.
– Tətili yox idi, istirahəti yox idi, – toyuqlu plovdan bir qaşıq götürən alverçilərdən biri dedi.
– İstirahət edə bilmirik, özümüzə baxmırıq.
Bir nəfər belə onun “sevgidən” öldü demədi… Bu ölkədə insan “sevgidən” ölməzdi.
(“Benanın yançaqarası”)
***
– Adın?
– Əkrəm.
– Soyadın?
– Yıldıran (türkcə “qorxutmaq” deməkdir – red.).
– Adə, kimi qorxudursan? Deyirlər siz tərəfdə birini bıçaqlayıblar, sənin işindir?
– Yox, rəis, mən elektrik ustasıyam, – Əkrəm udqunaraq dedi.
Polis bu açıqlamanı qarşısındakı sənədə qeyd edərək bildirdi:
– Elektrik ustası adam bıçaqlaya bilməz ki?!
(“Siz də uda bilərsiniz”)
***
– Usta, bir halda ki, bir günə bitirmək mümkün idi, niyə on gün əvvəl bitirmədik?
– Bir günə etsəydik, başdansovdu edirlər deyəcəkdilər; bir günlük işi də bir gündə etmək olmaz. …
Bu divarı dörd gündə rəngləyib qurtarsaq, bizə bacarıqsız deyərlər; yarım günlük işi bir gündə eləmək lazımdır.
(“Ürək, ürək”)
***
Həqiqətən də, karusel meydanında oynamaq varkən kim kitabxanaya getmək istəyər?
***
Məhlədə əsas məsələ futbolu nə qədər yaxşı oynamağın deyil, top sahibi olmağın idi.
(“İboların qardaşlığı”)
***
“Əzizim, aramızda ən gənc sənsən”. Bu, normal şərtlər daxilində kompliment kimi səslənsə də, həmin mağazada hamı bilirdi ki, bu kiçik cümlənin mənası “indi sənə heç kimə itələyə bilmədiyim pox bir işi tapşıracam” demək idi.
***
– Qardaş, arvad paltaryuyan maşını bəyənmədi.
– Boşa… O qadını boşa, sənə təzədən özüm toy edəcəm.
(“Semiramida reklam agentliyi”)
***
İnternetin yaxşı tərəfi bəlkə də bu idi: insanın ruh əkizini qarşısına çıxarırdı.
***
Oğlum, axmaqsan? Harda yaşayırsan? Bura İstanbuldur e! Burada adamın anasını bəzəyib atasına satırlar.
***
– Mən niyə belə bir fırıldağın içinə düşdüm? Niyə? Niyə mən? Çox ağıllıyam, hər şeyi bilirəm, ağlıma şübhə edənin gözünü oyaram, yekəbaşlıqda mənə çatan olmaz… Yaxşı, bəs necə olur ki, bu tələyə sən deyil, mən düşürəm?
Masanın ətrafındakılar bir-birlərinə baxdılar. Mövzu ilə bağlı fikir sahibi olanlar “görəsən, nə deyək” baxışı ilə bir-birlərini süzdülər. Elə bu vaxt Fırat öz sualına özü cavab verdi:
– Çünki mən də o Gürcan oğraşı qədər yalancı və fırıldaqçıyam.
***
O, pəncərəni açaraq dedi: – Bir az hava alaq… Oksigenimiz qurtarır… Ömər, yalanlarımız oksigenimizi azaldır…
(“Sahibindən bənzərsiz”)
***
İsmayıl mağazanın qapısına yaslandı, ölçüsünə görə sıra ilə düzülmüş rəngli velosipedlərə baxdı. O, atasına heç cürə velosiped aldıra bilməmişdi. Anası da “bu yollarda velosiped sürülməz” deyirdi. İsmayıl velosipedin hansı yollarda sürüldüyünü öyrənmədən böyümüşdü…
(“İşçi axtarılır”)
***
“Reflyuks xəstəliyin var, içmə” dedilər, içkini tərgitdi. Nə desələr, qəbul edirdi. Evdəkilər “siqareti tərgit, bəsdir, üst-başından siqaret iyi gəlir” dedi. O da həmin gecə sonuncu siqaretini çəkdi. Bilmək olmurdu, həyata küsmüşdü, yoxsa yenidən həyata başlayırdı.
(“Əlibəyköy panterası Necati usta”)
***
Bəzi insanlar həyatımıza toxunub keçər, anlamadan hiss etdirmədən iz buraxar və illər sonra həmin toxunuşlar özünü xatırladar. Həmin vaxt hiss etmədiyin, burun bükdüyün, hətta bığaltı gülüb keçdiyin bir çox cümlə ağlına gələr. Tam da ağlına gəlməsi gərəkən zamanda. Nənəm də elə biri oldu. Toxundu və getdi.
(“Dali Tompson bizə niyə el yellesin ki?”)
***
Normal şərtlər daxilində yazıya “bahar gəldi, xoş gəldi, ardınca da yay gəlir, oxay!” deyə başlamaq lazımdır. Amma bu, normal şərtləri, normal vətəndaşları, normal rəhbərliyi olan bir ölkə vətəndaşının əlinə aldığı jurnalda elə ola bilər. Bizim kimi ayın hər günü bir acının öhdəsindən gələn kütlə üçün mayın, baharın heç bir mənası, özəlliyi yoxdur. Bir az hava isinir, o qədər… Biz sadəcə gözləyirik. Baxaq görək, bu may nə olacaq? Bu bahar özü ilə nə gətirəcək? Kim öləcək, kim həbsə düşəcək, kim xain elan ediləcək? Parlaq, günəşli bir may günündə kimin anası ağlayacaq? Uçuşan zəncirotu güllərinin arasında kim zindanlara atılacaq? Sərin may axşamında kimin həyatı qaralacaq?
***
Bir may sabahı oyanıb görsək ki, biz yatanda insanlar barışıb, bir daha qan tökməmək üçün silahlar basdırılıb, üzərinə beton tökülüb.
***
May… Halbuki içinə nələr sığardı. İllər boyu nələr sığdı. Bəlkə bu may ayında oxuduqlarımız həyata keçər, hardan bilmək olar? Həyata keçməməsi üçün heç bir səbəb yoxdur. Sadəcə öyrəndiklərimizi öyrəndiyimiz kimi etməkdən imtina etmədik; bizi bunu fərqli şəkildə edə biləcəyimizə inandırmadılar… Öyrədilən elə eyni şey oldu: “Ən yaxşı sənsən, yerdə qalan boş şeydir”. Bunun böyük bir yalan olduğunu görmək üçün qarşımızda uzun bir may ayı var… Otuz bir gün davam edən may… Qoy lap utopiya olsun, mənə nə…
(“Bir may utopiyası”)
Tərcümə: Lamiyə Göycəyeva