Annotasiya
“Bənövşələr çərşənbə axşamları”(fransızca “Les violettes du mercredi”) – Andre Moruanı fransız ədəbiyyatının canlı əfsanəsinə çevirən bu hekayələr toplusunda zərif və qəzəbli ironiyanın kiçik şedevrləri yer alıb.
Karandaşın izi ilə
Xoşbəxt adamsınız. Roman yazmısınız, əyalətdə yaşayırsınız və Parisdə heç kimi tanımırsınız! Karyeranız təmin olunub!
***
Nə etmək olar, insanlar belədir: başqasının dahiliyinə yalnız uzaq məsafədən dözə bilirlər.
***
Bir insanın uşaqlıq dostunda istedad kəşf etməsi mütləq onda dərin heyrətə səbəb olur. Hamımız başa düşürük ki, istənilən dahi insan kiminsə yoldaşı ola bilər, ancaq yenə də dostlarından birinin dahi olma fikri ilə barışmaq elə də asan deyil.
***
İnsanların əksəriyyəti fikirləşməyə o qədər tənbəllik edir ki, həmişə hansısa nüfuzlu bir şəxsin mülahizəsini qəbul etməyə hazır olur.
***
Əsl rəssam həmişə ağır yaralı olur. Məhz bu zəiflik onu gündəlik rutinə qərq olmamağa, pərvazlanıb onun üzərindən uçmağa məcbur edir.
***
İnsan paxıllıq və ya qorxudan əzab çəkməsə, ümumilikdə xoş xasiyyət canlıdır.
***
İlk on kəlmədən sonra Faberlə baxışdıq. Elə incəsənət sahələri var ki, orada nəyisə qiymətləndirəndə asanlıqla səhvə yol vermək olur. Yeni baxış bucağı, orijinal tərz o qədər heyrətləndirir ki, ədalətsiz rəy verirsən. Lakin yazıçı ilk kəlmədən özünü bəlli edir.
***
Pis kitablar necə pafosludur! Bu cür kitablarda yazıçı qəlbi amansızcasına önümüzə sərilir.
***
Fikirləşdim ki, pis roman qələmə alan insan haqqında kitab yazmaq və burada həmin əsərin bütün mətnini vermək maraqlı olardı. Bu, qəhrəmana gözlənilməz, tamamilə başqa tərəfdən baxmağa imkan yaradardı.
(“Bir karyeranın tarixçəsi”)
***
Maskaları çıxartmalıdırlar? Siz həqiqətən elə düşünürsünüz ki, insanlar maskalarını tez-tez çıxartmalıdırlar? Mən isə əksinə, hesab edirəm ki, nadir rast gəlinən əsl dostluqlar istisna olmaqla, bütün münasibətlər elə maska üzərində qurulub. Bəzən şərait məcbur edir ki, həmişə həqiqəti gizlətdiyimiz insanlara açıb həqiqəti deyək. Onda da fikirləşmədən belə səmimiyyətə yol verdiyimiz üçün peşman oluruq.
***
İnandırım sizi, “gələcək” anlayışından bixəbər insanlara yalnız altı ildən sonra bar verəcək ağac əkdirmək elə-belə iş deyil.
***
Əvvəlcədən xəbər edilən fəlakətlər heç vaxt baş vermir.
(“Qabarma”)
***
– Sən uğur əldə edə bilməyəcəksən. Nə yazıq.
– Axı niyə? Gördüyümü təsvir edirəm. Hisslərimi ifadə etməyə çalışıram.
– Zavallı dostum! Məsələ bunda deyil. Sən axı həyat yoldaşına və üç övladına baxmalısan. Onların hər birinə sutkada üç min kalori gərəkdir. Tablolar alıcılardan, axmaqlar isə bilicilərdən daha çoxdur. Pyer Duş, mənə de görüm, ad-sanı olmayan bəxtsizlər ordusundan hansı yolla sıyrılıb çıxacaqsan?
– Zəhmətimlə, gerçək sənətimlə.
– Bütün bunlar ciddi deyil. Axmaqları qış yuxusundan ayıltmaq üçün yalnız bir vasitə var: qeyri-adi hoqqabazlıq etməlisən! Hamıya elan et ki, rəsm çəkmək üçün Şimal qütbünə qola düşürsən. Ya da Misir fironunun kostyumunu geyin. Ya da ən yaxşısı bir yerdə yeni məktəb yarat! Hər cür elmi sözü bir yerə yığ. Məsələn, ekstreriorizasiya, dinamizm, şüuraltı, məqsədsizlik sözlərini bir yerə topla və manifest tərtib elə. Hərəkəti, ya da, tam əksi, sükutu, ağı və ya qaranı, çevrə və ya kvadratı rədd et, fərqi yoxdur. Yalnız qırmızı və sarı tonları, “silindrik” və ya “oktaedrik”, “dördölçülü” tonları tanıyan “neohomer” rəssamlığı uydur. Fərqi yoxdur.
(“Məşhurların doğuluşu”)
***
Üzdən ona ən çox otuş beş yaş, ərinə isə altmış beş yaş vermək olardı. Qadın kifayət qədər cazibədar idi. Hətta kənd yerində gündə üç dəfə paltar dəyişirdi. Bu da qonşuların marağına səbəb oldu və onlar qadının Bernenin həyat yoldaşı deyil, sevgilisi olduğuna qərar verdilər.
(“Vəsiyyət”)
***
Əzizim, sizinlə vaxt keçirmək necə maraqlıdır… Siz həyata yenilik, rəngarənglik gətirə bilirsiniz… Ötən gün axşam biz Baxa qulaq asırdıq… Bu gün…. bu gün isə qarışqaları müşahidə edirik.
(“Qarışqalar”)
***
Yəqin ən təvazökar kişinin qəlbində də nə qədər təkəbbür yatdığından xəbərdarsınız.
(Neyi yarmarkası)
***
– Hakim dairələrdə təmsil olunduğunuz üçün məsələyə nikbin yanaşırsınız. Əslində Fransa faciəvi vəziyyətdədir…
– Heç də. Əzizim, elə deyil: maddi çətinlik heç vaxt faciəvi olmur. Fransanın büdcəsi artıq altı əsrdir kəsr nümayiş etdirir. Allaha çox şükür!..
***
Büdcənin mahiyyəti siyasi deyil, maliyyə məsələsidir.
***
Sözsüz, onun bugünkü geyimi cazibədardır. Ancaq əziz dost, yaddan çıxarma ki, bu paltar Skyaparellidəndir. Ən yaxşı dərzidən paltar sifariş etməklə yaxşı zövq nümayiş etdirmək elə də çətin məsələ deyil.
(“Axşamınız xeyir, əzizim…”)
***
İstedad qocalıq tanımır.
***
Məgər ciddilik, sabitlik və alicənablıq istənilən qəhrəmanlıqdan yaxşı deyilmi?
***
Bu dünyada layiq olanlar üçün romantika həmişə mövcud olacaq.
(Çərşənbə axşamları bənövşələr)
Tərcümə: Lamiyə Göycəyeva