Annotasiya
“Yaxşı, bəs indi?”(türkcə “Peki ya şimdi?”) – Keçmiş sevgilisini biyabır etmək üçün açdığı bloqu və Twitter hesabı ilə tez bir zamanda məşhurlaşan Pınar Selen İşık Pukka imzası ilə növbəti kitabını oxuculara təqdim edib. Pukka bu əsərində aktyor Osman Serhat Karagözlə evlilik həyatından, hamiləlik qorxularından bəhs edir.
Karandaşın izi ilə
Təəssüf ki, mən sevgilisi olan kimi dostları ilə görüşməyən şərəfsiz, alçaq, ləyaqətsiz, vətən xaini qızlardan biriyəm. Ayrılan kimi də “ühühühü Girl Power”.
***
Əllərindən gələni etdilər, o avokadonu süfrəmizə soxdular. Onu da heç cürə sevə bilmədim. Dadı yoxdur, nəyini sevim?! Elə reklam etdilər ki, sanki avokadonu üç gün kinoa toxumununun içində saxlayıb götünə soxsan, ölümsüz olacaqsan.
***
Sən körpəni altı yüz ildə bir dəfə meyvə verən ağacın dibindən çıxan göbələklə böyüdəcəksən, kəndçi xalqın “Cici bebe”sinə qalmamısan!
***
Bu vaxta qədər hələ də hər hansı yükdaşıma şirkətlərindən birini bombalamamışamsa, bunun bir səbəbi var, o da çox yaxşı bir qız olmağımdır.
***
Bir dəfə elə bilmişdim ki, manyak dalımca düşüb, səhvən bibər qazını öz gözümə sıxmışdım. Üstəlik, arxamda da heç kim yox idi, genbalaq şalvar geyinmişdim, onun ətəyi səs çıxarırmış.
***
Yeri gəlmişkən, Allah heç kimin yolunu dövlət xəstəxanasından salmasın. Xəstəxanaların hamısı özəl klinikalar kimi, amma onların pulsuz versiyaları kimi olmalıdır. Elə düz edib, xəstəxanaya, həkimə ölüm ayağında gedirəm. İki dəfə müayinə üçün bu xəstəxanaya get, çıxanda bütün yoluxucu xəstəliklərin hamısına yoluxacaqsan.
***
Məncə, çox yaraşıqlı, gözəl insanlar boş-boşuna ağıl tələb edən peşələrdə işləməməlidirlər. Millətin haqqına girirlər.
***
Dörd, düz dörd aydır, yatmış gözəl kimiyəm. Onun gözəl olmayanından.
***
Bundan başqa, hələ ömrüm qabaqdadır, getmədiyim ölkələr, oxumadığım kitablar var… İçmədiyim şərablar, sərxoş olmadığın sahillər var. Kəşf edilməyi gözləyən, mənə daha çox şey qatıb, məni böyüdəcək bir dünya var çöldə.
***
Məncə insanlar sözü üzə deməklə qəlb qırmağı eyni şey hesab edir. Biz fərdi şəkildə yaşaya bilən canlı deyilik. Koloniya halında yaşamalıyıq. Ailə, məhlə, şəhər, ölkə, vətən, millət demək toplu şəkildə yaşamaq deməkdir. Mən “yox, onun qaşı belədir, mənlə danışmasın”, “vay bunun ciyəri belədir, mənə salam verməsin”, “enerjimi pozur” ifadələrini qəbul etmirəm.
***
Allah xətrinə, qadınların kişilərdən daha çox işlədiyi, hətta daha çox qazandığı bir dövrə qədəm basırıq. Lülüşün yeridir? Bunlar hamısı bir əsr əvvəlki dövrün mövzusudur. Hələ uşaq dünyaya gəlmədən, onun lülüşünə məna yükləyib, onu güc simvolu halına gətirsən, gələcəkdə onun küçədə gəzən xuliqanlardan nə fərqi olacaq? Bu dediklərim sadəcə oğlan uşaqlarına aid deyil, eyni şeyi qızlara da edirik. Elə analar var ki, qızı sadəcə vagina olaraq görür. Dörd yaşlı qız uşağının oturuşuna müdaxilə edir, hər hərəkətini cinsi davranışla əlaqələndirir, “evlənəndə edərsən” deyir… Sonra qadın cinsiyyət orqanını müqəddəs kasa kimi görməyə başlayır. Onlar da böyüyəndə “ana olmayan qadın yarımçıq qadındır” deyən ağılsızlara çevrilirlər.
***
Məncə bu dünyada sevgi və nifrətlə bağlı olduğumuz insanlar bacı-qardaşlarımızdır!
***
Sevgili olanda deyirdik ki, bu yay “Tomorrowland”-ə gedərik, çadır zad qurarıq, əylənərik. Evləndikdən sonra kənddən gələn kərə yağı tapmışıq deyə məcburi köçkün sevinci yaşayırıq.
***
Smartfonlar həyatımıza girəndən sonra onsuz da kitab oxumuram. Diqqətim o dəqiqə dağılır. Əvvəllər kitabı axıra çatdırmadan oturduğum yerdən durmazdım. İndi nəsə oxuyanda elə bilirəm telefonum məni çağırır: “Pişşşt, pişşşt düz yeddi dəqiqədir mənə baxmırsan. O qədər hadisə baş verdi ki… Anelina və Bred barışdı, Rusiya ABŞ-a bomba atdı, ortalıq qarışdı. Murat Boz Aslının evinin önündə yatıb qalıb, onun videosunu çəkiblər, qızım, Ahmet Kaya ölməyibmiş!” Sanki telefona baxmadığım həmin beş dəqiqə ərzində dünya nizamı yenidən dəyişir.
***
Onların ağzından çıxan hər söz Osi üçün qanundur. Onlar hər şeyi bilir, dərdin varsa, tək onlar həll edə bilər. Onlar həyatın silləsini yeyib, doymayıb üstünə künəfə də sifariş ediblər.
***
Çünki çəhrəyı, mavi, qırmızı rənglərin cinsiyyəti yoxdur. Onu uşaq kimi böyüdəcəm, “kişi” kimi yox.
***
Gəldiyimizdən bəri ağzı susmadı: Rakı elə içilməz, belə içilər, rakı girən evə həkim girməz, rakı masası müqəddəsdir, həmin stola əyləşəndə icazə alınmalıdır. Əşi, vızqırt e! Rakını icad edən şəxs heç bu qədər onun haqqında düşünməyib.
***
Təəssüf, ən nifrət etdiyim iş xəstəyə baxmaqdır. Bu işdən xoşu gələn varmı ki? Empatiya duyğum başqasının fiziki ağrı çəkməsini qəbul etmir. Düzünə qalsa, eqoist insanam. Bağ evində millət musiqi müşayiətində əylənirdi, mən isə yuxum gəldiyi üçün yuxarı çıxıb yatmaq istəmişdim. Sonra polisə zəng edib, öz evimdəkiləri ona şikayət etmişdim, səslərindən yata bilmədiyimi demişdim. Təbii, indi elə şeylər eləmərək, çünki yaxşı insan olmağa çalışıram; olsa olsa, masanın altına qusub, millətin çıxıb getməsinə şərait yaradaram, əyləncələrini burunlarından gətirərəm.
***
Sadəcə özümü çox yalnız hiss edirəm. İlk dəfədir, belə bir şey olur. Uşaq olanda xəyallarıma sığınırdım. Dayaq yeyəndə, döyüləndə xəyal qururdum. Canım ağrımazdı, başqa bir dünyada olurdum, həmin vaxt bədənim mənə aid olmurdu. Elə bil transa keçirdim. Və uzun zamandır xəyal qurmağa qorxuram. Həvəslənməyə, arzulamağa qorxuram.
***
Müharibələr, vəba, aclıq, qıtlıq… Camaat o vaxt heç səsini çıxartmayıb, doğ ki doğasan. Bizim şahzadə isə dünyanı bəyənmədiyi üçün törəməmək qərarına gəlib. Alla xətrinə, mənasız bəhanə deyil? Uşaq istəmirəm, həyatda hələ məni gözəl şeylər gözləyir, azadlığıma düşkünəm, kiminsə məsuliyyətini öz üzərimə götürməkdən qorxuram, konfort zonamı dəyişdirmək istəmirəm, ərim maldır, ondan uşaq dünyaya gətirmək istəmirəm! Belə məntiqli cümlələr de, deyim hə. Yoxsa kirli dünya, nə bilim nə!
***
Bütün həyatımızı kişilərin penislərinin qalxma potensialına görə müəyyənləşdirəcəyik? “Gecə çölə çıxma, kişilər qaçırar”, “O yubkanı geymə, kişilər baxar”, “O işdə işləmə, orda hamısı kişidir”. Və bunu normal bir şey kimi qəbul edirik. Bu ölkənin qadınlarına “kiş” qorxusunu sal burax. Atadan qorxsun, ərdən qorxsun, qonşudan qorxsun, birlikdə işlədiyi kişilərdən qorxsun, avtobusda tək qalan kimi sürücünün təcavüz edəcəyindən qorxsun…. Məsələnin ən pis tərəfi də odur ki, bu qədər təzyiqdən sonra kişilər ağızlarını əyə-əyə belə deyirlər: “Türk qızları çox kəndçidir, o dəqiqə evlənmək istəyirlər!” Ağzına pox, bəs nə etsin?! Evlənib evinin xanımı, uşaqlarının anası olanda sənin kimi “şeyindən” başqa heç nə düşünməyən həriflərdən xilas olacağını düşünür! Qızlar dünyaya gələndən belə tərbiyə görürlər: qaşını evlənəndə alarsan, evlənəndə ərin səni tətilə aparar, o yubkanı evlənəndə geyərsən! Evlilik azadlıq kimi beynimizə işlədilir!
***
Atamın da dediyi kimi, heç vaxt düşünmə ki, kimisə dəyişdirə bilərsən, insanlar dəyişmir. Belə bir insana dözə bilərəmmi deyə düşün.
Tərcümə: Lamiyə Göycəyeva