Annotasiya
“Yuxulu dərə” (ingiliscə “The Legend of Sleepy Hollow”) – Vaşinqton İrvinq “Amerika ədəbiyyatının atası”, eyni zamanda ABŞ-da ilk peşəkar ədəbiyyatşünas hesab edilir. “Yuxulu dərə haqqında əfsanə” povesti müəllifə dünya şöhrəti gətirib. Yazıçının mistik-qotik novellaları oxucunu ovsunlayır, qorxuya salır.
Hekayələrdəki qəhrəmanların həyatı bitmək bilməyən gecə kabusunu xatırladır: onlar ruhlarla qarşılaşır, tilsimlənmiş xəzinə ovuna çıxır, qaranlıq meşələrdə və dərələrdə gəzir, müəmmalı şəkildə itkin düşür və şeytanın özü ilə razılığa gəlirlər. Ən əsası isə ümidsizcəsinə yuxunun harada başa çatdığını, reallığın harada başladığını anlamağa çalışırlar.
Karandaşın izi ilə
Deyingən, söyüşcül arvadlarına boyun əyməyə adət etmiş kişilər evdən kənarda iltifatlı, üzüyola olurlar. Onlar məişət çətinliklərinin alovlu sınağından keçərək, şübhəsiz, çevik və ipə-sapa yatan birinə çevrilirlər. Çünki xütbələrlə müqayisədə evlilik həyatındakı qulaqburmalar insanı səbirli və itaətkar olmağa daha yaxşı öyrədir. Buna görə də deyingən arvadı müəyyən mənada Tanrının xeyir-duası hesab etmək olar. Belə olduğu təqdirdə, Rip van Vinkl üç dəfə xeyir-dua almışdı.
***
Acı dil kəsici alətlər arasında yeganə alətdir ki, işləndikcə korşalmaq yerinə əksinə, daha da kəskinləşir.
(“Eksizlər kitabı”, “Rip Van Vinkl”)
Qoca işvəkarlardan daha zabitəli, amansız dayə yoxdur.
***
Onların hamısı ehtiraslı və zəhlətökən idilər. Ümumiyyətlə, bu xüsusiyyət kasıb qohumlara xas xüsusiyyətdir.
***
O, çox sakit danışırdı ki, ətrafdakı insanlar onu eşidə bilməsinlər. Çünki sevgi heç vaxt yüksək səslə danışmır; məgər sevdiyi kişinin ağzından çıxan anlaşılmaz pıçıltını eşitməyəcək qeyri-həssas qadın qulağı varmı?
***
Qonaqlar boş cib və dağ havası ilə dostluq edən mübarək iştah sahibi həmin xoşbəxt insanlar idi.
***
Masaya köhnə şərab düzülübsə, ev sahibinin ən səthi zarafatı da valehedici olur.
***
Sevgidə istənilən hiylə məqbul hesab edilir.
(“Eksizlər kitabı”, “Kabus bəy”)
İblisin və onun bütün fırıldaqlarının acığına, İkabod Kreynin qarşısına ruhlar, kabuslar, habelə sehrbazlar və cadugərlər nəslindən olan bütün canlılarla müqayisədə insanlara daha çox əzab-əziyyət yaşadan bir məxluq çıxmasaydı, o, çox güman, sakit və xoşbəxt həyat sürərdi. Həmin məxluq isə qadın idi.
***
Bütün şərtlər nəzərə alınsaydı, ondan daha güclü bir insan, çox güman, rəqabətdən imtina edərdi, ondan daha ağıllı bir insan isə ümidsizliyə qapılardı. Lakin o, həlimlik və inadkarlığın xoş birləşməsindən ibarət xarakterə malik idi.
***
Etiraf etməliyəm ki, qadın qəlbinin hansı yolla ələ alındığını, nəticədə necə fəth edildiyini bilmirəm. Bu, həmişə mənim üçün sirr və həqiqi heyranlıq predmeti olaraq qalıb. Bəzən bir ürəyin bir zəif yeri, giriş qapısı kimi bir şeyi olduğu halda, digər ürəklərə minlərlə yol aparır. Ona görə onları min üsulun köməyi ilə əldə etmək olur. Birincilər üzərində qələbə məharət və diribaşlığın böyük zəfəridir. Ancaq strateji istedadın ən ali sübutu ikinciləri əldə saxlamaq bacarığıdır, zira kişi hər qapının, hər bacanın önündə qala uğrunda mübarizə aparmalı olur. Min adi ürəyi fəth edən insan bu cür hünəri sayəsində məşhurluq qazanır, lakin əsl qəhrəman işvəkarın ürəyini qeyd-şərtsiz ələ keçirə biləndir.
(“Eksizlər kitabı”, “Yuxulu dərə haqqında əfsanə”)
Bununla belə, o, bir qayda olaraq varlı ailədən gələn uşaqlarda təriflənən, kasıbların uşaqlarında isə lənətlə qarşılanan böyük yaramazlığı və nəşəsi, cəsarətli ruhu və təşəbbüskarlığı ilə başqalarından fərqlənirdi.
***
Analar mənasızcasına ürəyiyumşaq varlıqlardır və onları bu çatışmazlıqdan heç cürə xilas etmək mümkün olmur.
***
Kiçik miqyaslı qəhrəmandan, daha doğrusu, kiçik şəhərin qəhrəmanından daha narahatedici bir şey yoxdur.
***
Bundan başqa, – özünüz düşünün! – şöhrətpərəstliyə böyük zərbə idi! “Kabuslu ev”in sahibi olmaq”
***
Yalqızlıq və ərtafdakı səssizlik qədər ən dinc qəlbi belə zülmətə bürüyəcək başqa bir şey yoxdur.
***
Ancaq burası da var ki, həqiqətin gizli saxlanılması ən azı bir düjün yalan xəbər doğurur.
(“Breysbric holl”, “Dolf Heyliger”)
Bu, Dolf kimi son dərəcə qayğısız, səhlənkarlıq etməyə adət edən insanların əsas dayağıdır; onlar ötüb keçmiş xoşagəlməz hadisələr və səbirsizliklə gözlənilən uğur arasında bu cür sadə və asan yolla körpü sala bilən xoşbəxtliyin sirrinə sahib olurlar ki, bu da fəlsəfə daşına bərabər bir şeydir.
(“Breysbric holl”, “Sirli gəmir”)
Cüvəllağını tutmaq üçün ən yaxşı üsul başqa cüvəllağıdır.
***
Dünyada heç bir şey həqiqət kimi əzab-əziyyətlə əldə olunmur.
(“Səyyahın hekayələri”, “Pirat Kidd”)
İşçiləri onun sözünün qarşısında söz demirdi, çünki böyük sərvət sahibi olduğu üçün fikrini dəlil-sübutla dəstəkləməyə ehtiyacı yox idi. Aşxana sahibi ona xüsusi nəzakətlə xidmət göstərirdi. Ona görə yox ki, o, içki yoldaşlarından daha səxavətli idi, ona görə ki, varlıdan alınan sikkə həmişə daha ağır gəlir.
(“Səyyahın hekayələri”, “Volfert Vebber və ya qızılı yuxular”)
Gözəllik ad-sandan daha tələbkardır.
(“Alqambra”, “Ərəb astroloq haqqında əfsanə”)
Quldurun əlində özünə yüksək qiymət qoymalısan, əks təqdirdə o, istədiyini havayı əldə edəcək.
***
Qadın – xüsusilə təhlükəli yaşda – bir şey istəyirsə, onda istənilən qorxu və qadağa onun vecinə olmur.
***
Çətinliklər xüsusi həzz verirdi və qəfil yaranan ehtirası alovlandırırdı, çünki eşq maneələri sevir və ən bərəkətsiz torpaqda da boy atıb böyüyür.
(“Alqambra”, “Üç gözəl şahzadə haqqında əfsanə”)
– Cəbrə nifrət edirəm,- o dedi, – məncə, bu, irənc şeydir. O, qəlbimə toxunmur.
Cavabında müdrik Eben Bonabben arıq başını yellədi. “Bu da fəlsəfənin sonu, – deyə o düşündü. – Şahzadə bir ürəyi olduğunu kəşf etdi!”
***
– Məgər sevgi təbiətin böyük sirri, həyatın məhrəm təməli, kainatın təsdiqi deyilmi?
– Bu nə cəfəngiyyatdır! Bu cür təsirli axmaq sözlər kimin ağzından çıxır? Əfv edin, məhəbbət tamamilə dəbdən düşüb, hazırcavab, tərbiyəli insanlar bu barədə danışmağa belə utanırlar!
(“Alqambra”, “Şahzadə Əhməd əl Kamil və ya Aşiq zəvvar haqqında əfsanə”)
Ancaq hər şən, məzəli insan bolluq içərisində yaşamır.
***
Bu özbaşına alkaldı bütün Qranada tanıyırdı. O, qaniçən, simic və acgöz isan idi. Bununla belə o, ədaləti yüksək qiymətləndirirdi: qızıl qiymətinə satırdı.
(“Alqambra”, “Mavrın mirası haqqında əfsanə”)
Alqambra! Bura aşiqlər üçün əsl cənnətdir! Belə bir cənnət diyarda tənha olmaq, özü də sadəcə tənha yox, tərk edilmiş olmaq dəhşətli bir hissdir!
(“Alqambra”, “Alqambranın qızılgülü” və ya paj və şahin haqqında əfsanə”)
Tərcümə: Lamiyə Göycəyeva