Annotasiya
“Ağ libaslı qadın”(ingiliscə “The Woman in White“) – Müasir detektiv ədəbiyyatının təşəbbüskarlarından biri, intriqa ustası, ingiltərəli yazıçı Uilki Kollinz öz əsərlərində müəmma, sirr və romantikanı ustalıqla bir araya gətirə bilir. “Ağ libaslı qadın” romanının əsasında da kəskin, maraqlı cinayət süjeti yatır. Ser Persival Qlayd maddi mənfəət əldə etmək naminə öz həyat yoldaşını öldürmək qərarına gəlir. Bu işdə ona italiyalı dostu kömək edir və ağlasığmaz plan irəli sürür. Bəs onlar istədiklərinə nail ola biləcəklərmi?
Karandaşın izi ilə
Bu hekayə qadın səbrinin nə qədər davamlı olması və kişi qətiyyətinin nələrə nail ola bilməsi haqqındadır.
***
Bu sualdan qəlbim sıxıldı, vicdanım isə mənə əzab verməyə başladı. Çünki bu sualı özümə çox gec vermişdim.
***
Dumanlı şəkildə keçmişdən tam təcrid olunduğumu, gələcəyə dair heç bir aydın təsəvvürümün olmadığını hiss etdim.
***
Gözəllik haqqında dumanlı təsəvvürlərimizə ilk dəfə həyat, işıq və forma verən qadın gəlişindən öncə qəlbimizdə varlığından belə xəbərimiz olmayan boşluğu doldurur.
***
Qəribə deyilmi, bütünlükdə hansısa bir şey barədə fikirləşəndə ətrafımızda olanlar bizə çox az təsir edir? Yalnız kitablarda kədərli olduğumuz zaman təbiətin qoynunda təsəlli, xoşbəxt olanda isə harmoniya axtarırıq. Reallıqda isə belə deyil.
***
Bizi əhatə edən aləmin gözəlliyini qavramaq qabiliyyətimiz, əslində, bizim ortaq mədəniyyətimizin bir hissəsidir. Çox vaxt bu gözəlliyi ancaq incəsənət vasitəsilə dərk edirik. O da yalnız başqa işlə məşğul olmadığımız və başqa şeylərin bizim fikirlərimizi yayındırmadığı məqamlarda.
***
Ağzımızdan çıxan sözlər zərərimizə olanda divlərə, xeyrimizə olanda isə cırtdanlara çevrilir.
***
İndiki gənclər üç şeyi bacarmır: şərab məclisində vaxt keçirməyi, vist oynamağı və qadına kompliment söyləməyi.
***
Ağıllı qadına ciddi sual veriləndə o, mənasız ifadələr söyləməklə cavabdan yayınırsa, onda bu, yüz haldan doxsan doqquzunda onu göstərir ki, həmin qadın nəsə gizlədir.
***
Bizim sahədə hiyləgər hüquqşünas çoxdur, ancaq hesab edirəm ki, ən çətini daim iltifat adı altında sizi aldadan hüquqşünaslarla iş görməkdir.
***
Onun narazılığına, şikayətlərinə fikir verən var ki?! Sən onu razı salmaq üçün öz ürəyini qırmağa hazırsan! Heç bir kişi biz tərəfdən fədakarlığa layiq deyil! Kişilər! Onlar bizim saflığımızın, dincliyimizin düşmənləridir – onlar bizi valideyn sevgisindən, bacı dostluğundan ayırırlar, bizi – müdafiəsiz qadınları tamamilə mənimsəyirlər və zəncirlənən itlər kimi bizi özlərinə bağlayırlar! Bəs onların içində ən yaxşıları belə əvəzində bizə nə verir?
***
Zəif, köməksiz, dilsiz-ağızsız heyvanların çəkdiyi əzab-əziyyət, sözsüz, bu dünyada ən kədərli mənzərələrdən biridir.
***
Ailənin iki üzvü, ya da iki yaxın dost ayrılanda – biri xaricə gedib, digəri evdə qalanda – gedən qohumun və ya dostun geri qayıtması həmişə evdə qalanı çətin vəziyyətdə salır. Birinci yeni düşüncələri, yeni təəssüratları həvəslə canına çəkdiyi halda, ikinci passiv şəkildə köhnə yerdə qalır. Əvvəlcə bu, bir-birini sevən qohumlar, ən yaxın dostlar arasında yadlaşmaya səbəb olur, gözlənilmədən, məsuliyyətsizcəsinə onların yaxınlığını pozur.
***
Yaxşı niyyətlərinə heç vaxt xəyanət etməyən və qərarlarından heç vaxt geri çəkilməyən qüsursuz insan varmı? Həqiqətən sevdiyi insanın obrazını öz ürəyindən qoparıb ata bilən qadın varmı? Kitablarda bu cür mükəmməl insanların olduğunu yazırlar, bəs təcrübəmiz bizə nə deyir?
***
Əlbəttə, gizlincə qapı dinləmək çox pis və utancverici hərəkətdir, ancaq mücərrəd əxlaq prinsiplərinin bağlılıqdan doğan marağa zidd olduğu bir vaxtda aramızda elə bir qadın tapılarmı ki, həmişə həmin prinsiplərə əməl etsin?
***
– Mən həmişə belə eşitmişəm ki, həqiqətən müdrik insanlar xeyirxah insanlardır və onlar cinayətə nifrət edirlər.
– Əziz ledim, çox gözəl nəsihətdir, bu cür başlıqlara məktəb dərsliklərində rast gəlmişəm.
***
Cəmiyyətin pafoslu, boş ifadələrlə özünün ən pis səhvlərini belə asanlıqla gizlətməsi sadəcə təəccüblüdür. Cinayətin açılması üçün yaradılan mexanizm son dərəcə acınacaqlıdır, lakin hər şeyin yaxşı olduğuna dair aforizm uyduran kimi hamı kor-koranə buna inanmağa hazırdır. Cinayət həmişə ifşa olunur, elə? Və cinayət həmişə cəzalandırılır? Əxlaqi nəsihətlər!
***
Əziz xanımlar, sizin məşhur Şeridanın təbirincə desək, “mən gedirəm və öz reputasiyamı sizə xatirə qoyuram”.
***
Qadın kişinin məhəbbəti, onun ad-sanı, gözəl görünüşü, var-dövləti qarşısında tab gətirə bilər, ancaq kişinin ona ünvanlanan gözəl və aydın danışıq qabiliyyətinə müqavimət göstərə bilməz.
***
Miss Holkomb, mən yaşlı və kök insanam, sizin ağzınıza yaraşan sözlər mənim ağzımdan cəfəngiyyat kimi çıxır, gülünc səslənir. Səmimi məqamda gülünc görünmək çətindir, sanki ruhum da mənim kimi yaşlı və həddindən artıq kökdür!
***
Ruhumuzun pəncərələrini bağlayaq və əziyyətli məişət qayğılarına geri dönək…
***
Şirniyyat sevgisi qadın və uşaqların ziyansız asılılığıdır. Bu sevgini onlarla bölüşmək mənə çox xoşdur. Əziz xanımlar, bu, bir daha mənim sizə olan bağlılığımı sübut edir.
***
İnsanın ixtira qabiliyyəti qadını kişiyə tabe etdirməyin hələlik iki yolunu kəşf edib. Onlardan biri qadını hər gün çırpmaqdır. Bu, cəmiyyətin aşağı, kobud təbəqələrində geniş istifadə edilən, lakin daha yüksək, nəcib dairələrdə qəbul edilməyən bir metoddur. Müqayisədə çox vaxt tələb edən ikinci metod çətin olsa da, eyni dərəcədə təsirlidir. Qadını daim tabeliyində saxlamalı, heç vaxt ona güzəştə getməməlisən. Heyvanlar, uşaqlar və qadınlarla belə rəftar etmək lazımdır. Çünki qadınlar da böyük uşaqdır. Sakit inad – heyvanlarda, uşaqlarda və qadınlarda çatışmayan cəhət məhz budur. Əgər onlar bircə dəfə də olsa öz sahiblərində bu ali xüsusiyyəti sarsıda bilsələr, daha ona qulaq asmırlar. Əgər heç vaxt buna nail olmasalar, onda sahibləri onları daimi itaətdə saxlayır.
***
– O, hamını, hər kəsi sağlamlığı ilə bağlı şikayətlərlə təngə gətirən boşboğaz, xudbin bir axmaqdır.
– Bu cü insanlar əldən-ayaqdan düşənə qədər yaşayırlar və onlardan ən az gözlənildiyi vaxtda evlənirlər.
***
Mənim yaşıma çatan, amma hələ də əsl hissələrini simasında əks etdirmək qabiliyyətini itirməyən bir insanda necə gözəl mənəvi keyfiyyətlərə malikdir!
***
– Sakit ol, Persival, hirslənmə! Məgər siz ledi Qlaydın namuslu olduğuna inanmırsınız?
– Cəhənnəmə olsun ledi Qlaydın namusu! Mən ancaq onun puluna inanıram.
***
Bədbəxtliyim ondadır ki, camaat məndən əl çəkmək istəmir.
***
Məsələyə elmi tərəfdən yanaşsaq, göz yaşı ifrazatdır. Başa düşə bilərəm ki, ifrazat həm sağlam, həm xəstə ola bilər, ancaq həssaslıq baxımından onların niyə maraq doğurduğunu anlaya bilmirəm.
***
Bilirəm, inanmaq çətindir, ancaq elə insanlar var ki, onlara mənim söylədiyim sözlərdən daha çox qardaşım qızının yanında qulluqçu işləyən qadının sözləri daha maraqlıdır. Gülünc pozğunluqdur!
***
Məncə, cəmiyyətin bütün təbəqələrində bəşəriyyətin çirkin eqoizmi evlilərin subaylara münasibətində olduğu qədər iyrənc çılpaqlığı ilə özünü büruzə vermir. Ailə qurmayıb, aşıb-daşan əhalinin sayını artırmayacaq qədər humanist və ehtiyatlı tərpənmisinizsə, onda evli dostlarınızın hədəfinə çevrilirsiniz. Siz onlar üçün çiyin rolu oynayırsınız. Onlar bu çiyinə yaslanıb ailə həyatlarındakı problemlərdən bəhs edirlər. Nədənsə onların övladlarının dostu olursunuz. Ərlər, arvadlar elə hey evlilikdəki çətinliklərdən danışır, subaylar, qarımış qızlar isə bu yükü öz üzərlərində daşımalı olurlar.
***
O, sizi qorxutmağa çalışır. Bu da onun özünün qorxuduğunu göstərir.
***
O, bir vaxtlar bəxti gətirib Londonu ziyarət etdiyi üçün qonşularından daha üstün olduğunu hiss edən, yaşadığı kəndə nifrətlə yanaşdığını mənə xəbər verməyə tələsən gümrah, xoş niyyətli, ünsiyyətcil qoca idi.
***
Qəribə dünyamızın bütün yollarında adi və qeyri-adi şeylər yanaşı addımlayır. Hər hansı bir fəlakət həmişə ən adi, bəzən gülünc detallarla müşayiət olunur.
***
Heç bir qadın xoş sözlərin, hədiyyələrin, xüsusilə hədiyyələrin qarşısında tab gətirə bilməz. Əlbəttə, əgər bu hədiyyələr məhz onun istədiyi şeylərdisə.
***
Xoşagəlməz hadisə qarşısında fikirləşmək qabiliyyətini qoruyub saxlayan insan sürətlə fikirləşir.
***
Ən yaxşı insanlar xeyirxahlıq edəndə məntiqsiz olurlarsa, onda niyə ən pis insanlar pislik edəndə məntiqsiz olmasınlar?
***
Aprel başladı. Bahar ayı, fərəhli dəyişikliklər ayı.
***
Siz ingilislər, azadlığı o qədər çoxdan əldə etmisiniz ki, artıq bu yolda nə qədər qan axıdıldığını unutmusunuz və bu səbəbdən məzlum xalqın nümayəndələrinin ümidsizlikdən nələrə əl ata biləcəyinə dair hökm oxuya bilməzsiniz. Bizin çəkdiyimiz əzabları siz başa düşmürsünüz. Ürəyimizi yandıran kədər o qədər dərindir ki, onu görə bilməzsiniz.
***
Altıya on beş dəqiqə qalıb. Gücümü bərpa etmək üçün bir balaca gözümün dincini almalıyam. Cənab Hartrayt, yəqin fikir vermisiniz ki, mən dahi Napoleona oxşayıram. Bu ədəbi düha ilə bənzərliyim həmçinin ondan ibarətdir ki, mən də onun kimi ürəyim istədiyi yerdə yuxuya gedə bilirəm.
***
Eleonora, insan qətiyyətinin bir sərhədi var.
***
Həmin vaxt maddi vəziyyətimiz oxşar olduğu üçün Persivalla aramda daha sıx dostluq bağı yarandı. İkimizin də pula ehtiyacı var idi. Mübahisə doğurmayan bir zərurət! Beynəlxalq ehtiyac! Bu dünyada elə mədəni insan varmı ki, bizə yazığı gəlməsin? Əgər varsa, onda onun ürəyi daşdandır! Ya da çox varlıdır!
***
Soruşuram, biz kukla teatrının pantomimasında marionet deyiliksə, bəs nəyik? Ey qüdrətli Tale, iplərimizi ehmalca çək! Nə qədər ki, miskin, kiçik səhnəmizdə oynayırıq, bu müddət ərzində bizə qarşı mərhəmətli ol!
***
Ancaq indi bu məktubu İngiltərədə yazdığımı, İngiltərədə ailə həyatı qurduğumu xatırlayaraq soruşuram: məgər bu ölkənin qanunlarına əsasən evli qadının həyat yoldaşının prinsiplərindən fərqli şəxsi prinsipləri ola bilərmi? Onun belə bir hüququ varmı? Xeyr! Bu ölkənin qanunlarına görə, o, ərini sevməyə, hörmət etməyə, habelə etiraz etmədən ona itaət etməyə borcludur! Mənim zövcəm də məhz belə etdi. Mən bunu yüksək əxlaq nöqteyi-nəzərindən deyirəm, təntənəli şəkildə bəyan edirəm ki, o, evlilik borcunu sədaqətlə yerinə yetirib. Böhtan, səsini kəs! İngiltərəli qadınlar, madam Foskonun qarşısında baş əyin!
***
Hətta bəzi aşkar hallarda belə ədalət məhkəməsi hələ də dolu pul kisəsinin sadiq xidmətçisi olaraq qalır.
***
Mən ən yoxsul, ən sıx məskunlaşmış məhəlləni seçdim. Çünki məhəllə sakinlərinin yaşamaq uğrunda apardığı mübarizə nə qədər ağır olarsa, alarında qonşuluğa köçən yad insanları izləmək üçün həm vaxtı, həm həvəsi olanların sayı bir o qədər az olar.
***
Bu həyatda bəziləri sürətlə qaçır, başqaları addım-addım irəliləyir. Missis Vezi isə bütün ömrünü oturaraq keçirib.
Tərcümə: Lamiyə Göycəyeva