Annotasiya
“Qiymət” (ingiliscə “The Price”) – 1968-ci ildə dramaturq Artur Miller tərəfindən qələmə alınan bu pyes elə həmin il Brodveydə səhnələşdirilib. Pyes 1968-ci ildə iki dəfə Toni mükafatına layiq görülüb.
Polis əməkdaşı Viktor atası öldükdən 16 il sonra ondan qalma mebeli satmaq qərarına gəlir. Mebel atasının hələ imkanlı olduğu, ailənin bir arada olduğu dövrdən qalan yeganə xatirədir. Viktor cavanlığında elm ilə məşğul olmaq istəsə də, atasını saxlamaq üçün polis idarəsinə işə düzəlməli olur. Qardaşı Uolter isə, əksinə, heç nəyi qurban vermir və uğurlu cərrah olur. 16 ildən sonra iki qardaş hərəsi öz variantını irəli sürmək, öz səbəblərini dilə gətirmək üçün görüşür. Mebeli almaq istəyən 90 yaşlı alverçinin gəlişi ilə onlar evin, öz həyatlarının əsl qiymətini müəyyənləşdirməyə çalışırlar.
Karandaşın izi ilə
– Bu viskinin adını gərək yadımda saxlayaydım.
– Hamısı bir zibildir.
– Bilirəm, amma içində dadlıları da olur.
***
– Görürsən, içməyi bacarmırsan, bu da bir cür depressiyadır.
– Belə depressiya gözəldir.
***
– De görək, xahiş etdinmi ki, səni qardaşınla calasınlar?
– Tibb bacısından? Bəli. Amma qardaşım işdən aralana bilmədi.
– İt oğlu. Bu iyrənclikdir!
– Neyləmək olar! O, heç vaxt mənə qarşı doğmalıq göstərməyib.
– Nə doğmalıq? On altı il görmədiyi qardaşı üçün dəstəyi qaldırmağımı deyirsən? Bunun üçün sadəcə adamlıq lazımdır.
***
Necə fikirləşiriksə, elə də yaşayırıq.
***
Elə bil, heç vaxt adam olmamışıq, yalnız buna hazırlaşmışıq.
***
– Amma bilirsənmi, lənət şeytana, ən dəhşətlisi nədir?
– Hə, lənət şeytana, ən dəhşətlisi nədir?
– Ən dəhşətlisi odur ki, biz heç vaxt ciddi şəkildə pul barədə düşünməmişik. Əlbəttə, pul bizi narahat eləyirdi, ondan söhbət salırdıq, danışırdıq, amma əslində, ciddi şəkildə onu heç vaxt arzulamamışıq.
***
– Ester, mən istəyirəm sən özünü başqalarıyla müqayisə etməyəsən. Son vaxtlar sən yalnız belə eləyirsən.
– Deməli, başqa cür daha bacarmıram.
– Onda, balası, sənin üçün çox çətin olacaq. Çünki həmişə kimsə səni ötüb keçəcək.
***
Məni nə vaxt çağırırlar? Ya kimsə boşananda, ya da kimsə öləndə. Hər dəfə də tamam fərqli bir iş olur. Yəni, ümumilikdə eynidir, amma bununla belə, hər halda fərqlidir.
***
Köhnə mebel satanda gərək emosiyalarını cilovlayasan.
***
Dünyada heç nəyə inanmırsınız, heç kəsə hörmət etmirsiniz… Bu cür necə yaşayırsınız? Elə bilirsiniz, ağıllı hərəkət eləyirsiniz? Özü də elə dəridən-qabıqdan çıxırsınız ki… Sizə balaca bir məsləhətim var: heç nəyə inanmamaq asan işdir, çətini nəyəsə inanmaqdır. Bəli, bu, xeyli çətindir. Amma bunu bacarmasan, mənim əzizim, kitabın bağlandı!
***
Əgər stol sınmırsa, deməli, daha heç nəyi dəyişmək mümkün deyil; məsələn, götürək elə… bu stolu… Qulaq asın. Onu heç tərpətmək belə mümkün deyil! İnsan belə bir stolun arxasında əyləşəndə nəinki yalnız evli olduğunu hiss eləyir, onu da başa düşür ki, bu evliliyi əbədidir və daha nəyisə dəyişmək mümkün deyil.
***
Bu gün ən dəbdə olan söz nədir? Dəyişkənlik. Nə qədər çox tullantınız olsa, bir o qədər yaxşıdır. Maşın, mebel, arvad, uşaq – hər şey dəyişilməlidir. Çünki özünüz də görürsünüz ki, bu gün ən əsas iş alış-veriş etməkdir. Min il əvvəlin insanı bədbəxt idi. Çünki başını soxmağa yer tapmırdı. Odur ki, kilsəyə gedirdi, inqilab eləyirdi, yəni guya, nəyləsə başını qatırdı. Bəs siz bu ağır günümüzdə nə edirsiniz? Əlbəttə, alış-veriş eləyirsiniz.
***
Sizin probleminiz ondadır ki, belə cavansınız, amma bunu dərk etmirsiniz.
***
– Siz doğrudanmı, yetmiş beş yaşınızda evlənmisiniz?
– Burada nə əcaib iş var?
– Yox, yəqin, bu, çox gözəldir. Amma hər halda, nə səbəbə?
– Bəs iyirmi beş yaşda nə səbəbə evlənirlər? Məgər iyirmi beş yaşda ölə bilməzsən?
***
Nəcisi pəncərədən atsan, yenə öz qapının ağzına düşəcək.
***
– Sizin pula qarşı nə iradınız var?
– Heç nə. Amma həyatını onun uğrunda mübarizəyə qurban vermək istəmirəm. Başqa bir tərəfdən baxanda, yəqin ki, nəyisə ona qurban vermişəm.
***
– Demək istəyirəm ki, alver haqda Bibliyada da yazılıb. Bu, Həvva almanı ovcuna qoyan andan başlayıb.
– Mən Bibliyanı oxumamışam. Davam elə.
– Əgər oxusanız, görərsiniz ki, alver həmişə olub, onsuz keçinmək mümkün deyil.
***
Bir işə başlayanda istəyirsən ən yaxşılardan olasan. Bunun üçün gərək o işin dəlisi olasan. Gərək o qədər biləsən ki… Amma vaxt haradadır. Odur ki artıq şeyləri ixtisar etməli olursan. İnsanları da. Əlbəttə ki, bir vaxt başa düşürsən ki, sən həyatla yox, həyat səninlə istədiyini eləyir. Və sən bir alətə çevrilirsən. Bu alət insanlardan pul, dünyadan şan-şöhrət qoparmaqla məşğul olur. Beləcə, havalanırsan. Əlindəki hakimiyyətdən. Elə bilirsən, əgər insanlar səndən qorxursa, bu məhəbbətdir? Elə bilirsən, bu, sənin insanlara məhəbbətindir? Əslində, aranızda olub-qalan yalnız qorxu hissidir.
***
Bilirsən, dəhşət heç də insanları qışqırdan nəsnələr deyil, dəhşət bizim şöhrətpərəstlik, ehtiyatlılıq, pula hərislik adlandırdığımız gündəlik yeknəsəqlik, qorxu hissləridir.
***
Məgər bizim evdə, ümumiyyətlə, məhəbbət deyilən bir şey vardımı? Bax nə vaxt ki atamıza bu məhəbbət lazım oldu, anamızı qusmaq tutdu. O məhəbbət sənə lazım olanda isə atamız gülürdü. Dözülməz olanı hər şeyin dağılması yox, dağılmağa heç nəyin olmaması idi.
***
Balaca, sənin o kitabxananın arxasında gördüklərinin də dünyada mərhəmət hissinin olub-olmamasına qəti aidiyyatı yoxdur, məsələ o evdə məhəbbətin olmamasındaydı. Sədaqət də yox idi. Pul razılaşmasından savayı heç nə yox idi. Bax dözülməz olan da budur. Sən bütün bunların hamısını görə-görə özünü görməzliyə vurmaq istəyirdin.
Tərcümə: Yaşar