Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Azra Erhat “Teoya məktublar”

Annotasiya

Görkəmli holland rəssamı Vinsent Van Qoqun qardaşı Teoya yazdığı məktublarda onun yaradıcılıq uğrunda verdiyi qurbanlara şahid oluruq. Bu əsər Van Qoqun başda Qogen olmaqla, digər rəssamlarla münasibətlərinə aydınlıq gətirir, həyatı boyu psixoloji sarsıntılarla mübarizə aparan rəssamın daha yumşaq və coşğun təbiəti ortaya çıxır.

Məktublar Azra Erhat tərəfindən seçilib.

Karandaşın izi ilə

Sonra bir dilim quru çörək və bir parç pivə ilə səhər yeməyi yedim. Dikkens canlarına qəsd etməyə hazırlaşan insanları fikirlərindən daşındırmaq üçün onlara belə bir səhər yeməyi tövsiyə edir.

***

Həyat bizə niyə verilib? Bədənimiz iztirab içində qıvrananda belə ürəyimizi zəngilənləşdirmək üçün verilməyibmi?

***

Səmimi həyat tərzi sürən, həqiqi acılar və peşmanlıqlarla qarşılaşıb yıxılmayan adam hər işi düz gətirən və rifah içində ömür sürən adamdan daha dəyərlidir.

***

Dərin acılara, həqiqi incikliklərə məruz qalsaq da, var gücümüzlə əsl, səmimi həyat sürməyə çalışdığımızda hər şey yoluna girəcək. Hər halda səhvlərə də yol verəcəyik, pislik də edəcəyik, amma daha çox səhv etmiş olsaq da, mərd və coşqun olmaq xəsis və həddindən artıq ehtiyatlı olmaqdan daha yaxşıdır.

***

Əlimizdən gəldiyi qədər çox sevməliyik, çünki əsl güc sevgidədir. Çox sevən insan böyük işlər görür, böyük işlər görə biləcək potensiala malikdir və sevgiylə görülən iş yaxşı görülmüş işdir.

***

Həqiqətən sevilməyə layiq şeyləri səmimi qəlbdən sevsək, sevgimizi əhəmiyyətsiz, dadsız-duzsuz və boş şeylərə xərcləməsək, yavaş-yavaş aydınlığa çıxar, gücümüzü möhkəmləndirərik.

***

Mədəni çevrələrdə, ən yaxşı icmalarda və ən yaxşı şərtlərdə belə bir Robinzon Kruzonun, ya da bir təbiət insanının əsl xarakterindən nələrisə qorumalı, ruhumuzun odunu söndürmədən, daim onu alovlandırmalıyıq.

***

Əzizim Teo, Sənə etiraf etmək istədiyim bir dərdim var. Bəlkə də bu, sənin üçün yeni bir şey deyil, bilirsən. Bu yay K-ya aşiq oldum. Lakin o, mənə keçmişi ilə gələcəyini bir-birindən ayıra bilmədiyini və duyğularıma heç bir zaman cavab verə bilməyəcəyini söylədi. İki variant arasında seçim etmək məcburiyyətində qaldım. “Xeyr, heç vaxt” sözünə boyun əyim, yoxsa ümidimi itirməyim? İkinci variantı seçdim.

***

Bu işin üç mərhələsi var:

1. Sevməmək və sevilməmək

2. Sevmək və sevilməmək (mənim vəziyyətim)

3. Sevmək və sevilmək

İkinci mərhələ birinci mərhələdən yaxşıdır, üçüncüyə gəldikdə isə ondan əlası yoxdur.

***

Əgər aşiq olsan və “xeyr, heç vaxt” cavabı alsan, nəbadə vaz keçəsən! Amma sən elə bəxtəvər bir insansan ki, belə bir hadisə heç vaxt sənin başına gəlməz.

***

Həyatla eşq mənim gözümdə eyni şeydir.

***

Məncə, var gücümüzlə həqiqətə çatmağın ən qısa yolu əsl sevgidir. Doğruların içində yaşayan biri səhv yolda ola bilərmi? Zənn etmirəm.

***

İnsan həyatda həqiqətən aşiq olanda özünü yeni qitə kəşf etmiş biri kimi hiss edir.

***

Sənətkar “həmişə axtaran və axtardığını heç vaxt tapa bilməyən” insan deməkdir. Bu söz “mən bilirəm, artıq tapmışam” düşüncəsinə tamamilə ziddir.

***

Siz deyin, bir qadını tərk etmək, yoxsa tərk edilmiş bir qadına rəhm etmək daha mədəni, insanlığa və kişiliyə sığar bir hərəkətdir?

***

Sənət qısqancdır, xəstəliyin ona üstün gəlməsini istəməz.

***

Dəyirman artıq yoxdur, amma külək hələ də əsməyə davam edir.

***

Bu gün heç bir dəyərim yoxdursa, gələcəkdə də bir dəyərim olmayacaq. Amma gələcəkdə bir dəyərim olacaqsa, deməli, bu gün də bir dəyərim var.

***

Texnika və gözəllik baxımından ən uğurlu rəsmlərə yaxından nəzər salsan, sadəcə yan-yana çəkilmiş rənglər görəcəksən. Tablonu tam görmək üçün müəyyən məsafədən baxmalısan.

***

Dünən böyük kilsənin bir neçə eskizini çəkdim. Parkdan da kiçik bir eskiz çəkdim. Ancaq insanların gözlərini çəkmək daha çox xoşuma gəlir. Çünki insan gözlərində kilsələrdə olmayan bir şey var. Kilsələr əzəməti ilə bizə təsir etsə də, mənim gözümdə baldırı çılpaq, küçə qızı da olsa, insan ruhu daha maraqlıdır.

***

Bilirsən, insanı əsl cəsarətləndirən şey onun hiss və düşüncələri ilə tək başına qaçmaması, bir qrupla güclərini birləşdirib çalışmasıdır. Elə olanda insan daha çox iş bacarır və daha xoşbəxt olur. Çoxdandır, aramızda belə bir işbirliyinin olmasını istəyirəm. Tək qalsan, darıxacaqsan, ürəyin sıxılacaq, çünki zəmanəmiz elə də ürəkaçan deyil.

***

Gün keçdikcə belə bir qənaətə gəlirəm ki, hər şeyin kökündə insan dayanır. Gerçək həyata qarışmamaq duyğusu insanı həmişə kədərləndirsə də, – yəni, rəng və gipslə çalışmaqdansa, canlı üzərində çalışmaq, rəsm və ya ticarətlə məşğul olmaqdansa uşaq dünyaya gətirmək daha yaxşı olardı – yenə də dostlarımızın olduğunu və onların da bizim kimi gerçək həyatdan kənarda qaldıqlarını düşündükcə yaşadığımızı hiss edirik.

***

Sənin də xəstəliyin, deyəsən, bitmək bilməyən qorxunc qışa cavabdır. Hər halda, mənə etdiyini sənə də edəcək. Əlindən gəldiyi qədər yaz havası al, tez yat, gərək çox yatasan. Yeməyinə diqqət et. Bol təzə meyvə, tərəvəz ye, pis şərab və içki içmə. Az qadın və çoxlu səbr.

***

Koro ata ölümündən bir neçə gün əvvəl belə demişdi: “Bu gecə yuxumda çəhrayı səmalı peyzajlar gördüm!”. İmpressionist peyzajda bu çəhrayı səmalar həyata keçmədimi? Onlara sarı və yaşı rəng əlavə olunmadımı? Demək istədiyim odur ki, gələcəkdə reallaşacağına inandığımız şeylər var və bunlar reallaşacaq.

***

Mənə elə gəlirdi ki, sən də mənim kimi gəncliyinin əbəs yerə keçdiyinə heyfsilənirsən. Amma gənclik insanın etdiyi işdə özünü göstərsə, deməli, itirilmiş heç nə yoxdur və o yenidən doğar. Əzmkarlıq gəncliyin bir başqa adıdır.

***

Get-gedə daha çox əmin oluram ki, Tanrının böyüklüyünü bu dünyaya görə ölçmək olmaz. Çünki bu dünya onun uğurlu eskizlərindən deyil. Uğursuz eskizlərlə neyləyərsən? Rəssamı sevirsənsə, tənqid edəcək bir şey tapmayıb susursan. Ancaq daha yaxşısını istəmək də haqqındır.

***

Altı yüz min franklıq sərmayədən dəm vurur. Bu məbləği tapsa, impressionist rəsmlərin satışı ilə məşğul olan mağaza açmaq niyyətindədir. Sənin də bu işin başına keçməyini istəyir. Qorxuram ki, bu iş “fata morqana” ola. Yəni, batmış bir insanın qurduğu xəyaldır. İnsan nə qədər çox pulsuz qalsa, hələ əlavə olaraq xəstədirsə, o qədər çox xəyal qurur. Bu plan, məncə, mənəviyyatının pozulduğunu da göstərir. Ən yaxşısı vaxt itirmədən onu bu bataqlıqdan çıxartmaqdır.

***

Taraskona, ya da Ruana getmək üçün qatara mindiyimiz kimi ölümə minib bir ulduzamı gedirik? Bu düşüncə çərçivəsində yalnız bir həqiqət var, o da budur: yaşadığımız müddətdə bir ulduza gedə və öldükdən sonra qatara minə bilmirik.

***

Düşünürəm ki, mənim kəndlim Lotrekə zərər vurmaz. Əksinə, Lotrekin rəsmi ona zidd bir şəkillə yan-yana gəlsə, daha da nəcibləşər və mənim tablom da bu qəribə yaxınlıqdan nəsə qazanar, çünki dəbdəbəli libaslar və kirşanlı üzlərin yanında qızmar günəşdən və təmiz havadan yanmış, əsmər kəndlinin üzü daha ətli-qanlı görünər.

***

Elə bir tərzdə rəsm çəkmək istəyirəm ki, gözü olan hər kəs rəsmlərimi başa düşə bilsin.

***

İki sevgilinin eşqini bir-birini tamamlayan iki rəngin birləşməsiylə dilə gətirmək, iki rəngin qarışımı və təzadı, birbirinə yaxın pərdələrin sirli titrəyişini vermək. Bir anın düşüncəsini tünd fon üzərində açıq bir rəngin parıltısıyla vurğulamaq. Ümidi rəsmdəki bir ulduz dilə gətirsin. Bir insanın coşqunluğunu batmaqda olan günəşin işıltısı. Təbii ki, bunlar həqiqi hiylələr deyil. Amma həqiqətən olan şeyler deyilmi?

***

Fikirləşdikcə başa düşürəm ki, sənətə ən yararlı şey insanları sevməkdir.

***

Yaşamaqdan yana pulun zəruri olmadığı mühit üçün darıxmaq haqqımızdır. Madam, indi hər şey pulla olur və madam, onu xərcləyirik, pul qazanmağın yolunu da tapmalıyıq.

***

Çətin işə girişmək mənə yaxşı təsir edir. Amma yenə də açıgını deyim ki, dəhşətli dərəcədə dinə ehtiyacım var. Ona görə də gecələr küçəyə çıxıb ulduzları boyamağa gedirəm.

***

Buna baxmayaraq, gün gələcək, bu rəsmlərin, istifadə edilən boyanın və cılız da olsa, fəda etdiyim həyatımın daha dəyərli olduğunu görəcəklər.

***

Deyirlər ki, rəsmdə nəsə axtarmaq, ondan nəsə gözləmək lazım deyil. Təbii, arada bəzi parlaq şeyləri nəzərə almaqla, yaxşı rəsm xoş bir söhbət, gözəl bir yemək, daha çox xoşbəxtlik istəməməliymiş.

 

Tərcümə: Göycəyeva Aysel

4.4 (87.5%) 8 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram