Annotasiya
“Koralina” (ingiliscə “Coraline”) – tanınmış ingilis fantastı Nil Geymanın uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulmuş ən məşhur əsərlərindən biridir. Bu əsərdə cəsarətli, ağıllı və hər şeylə maraqlanan balaca Koralinanın başına gələn qəribə hadisələr təsvir edilib.
Valideynləri Koralinanı çox sevsələr də, işlərindən dolayı ona yetərincə vaxt ayıra bilmirlər. Buna görə də qızcığaz darıxır, özü üçün macəra axtarışına çıxır və başqa bir aləmə – paralel dünyaya düşür. Olduqca şirnikləndirici təsir bağışlayan həmin aləmdə Koralina düyməgözlü cadugər ananın tələsində çətin sınaqlarla üz-üzə qalır.
Qondarma ana ona həmişəlik orada qalmağı təklif edir, lakin bundan ötrü qızın da gözlərinin yerinə düymələr tikilməlidir. Koralina bundan imtina edir, ona yardımçı olan pişiyin və gözmuncuğu olan dəlikli daşın köməkliyi ilə bütün çətinliklərə sinə gərərək özünü və ifritənin əsarətinə düşmüş valideynləri ilə üç kabus uşağı da xilas edir.
Əsər 2003-cü ildə “Hyugo”, “Nebula”, “Bram Stoker” mükafatlarına layiq görülüb.
Povestin motivləri əsasında 2009-cu ildə animasiya filmi çəkilib.
Karandaşın izi ilə
Nağıllar həqiqətdən daha böyükdür: ona görə yox ki, onlarda söhbət əjdəhalardan gedir, ona görə ki, nağıllar bizə əjdahalara qalib gəlməyin mümkün olduğunu deyirlər. (Q.K.Çesterton)
***
Bu, çox işgüzar yağış idi. Bugünlük onun əsas işi bağçanı palçıqlı və yaş lıqqaya çevirmək idi.
***
Koralina dumanın şəklini çəkməyə çalışdı. On dəqiqə sonra kağız olduğu kimi ağ qalmışdı, sadəcə küncdə güclə sezilən, əyri-üyrü hərflərlə yazılmış söz görünürdü: DUMAN Koralina “hm” dedi və şəkli anasına ötürdü.
– Son dərəcə müasir şəkildir, əzizim, – anası söylədi.
***
Koralina belə qərara gəldi ki, onların mübahisəsi kreslo kimi köhnə və rahatdır – qaliblə məğlubun olmadığı və hər iki tərəfin istədiyi qədər davam etdirdiyi bir mübahisədir.
***
“Təhlükə?” – deyə Koralina fikirləşdi. Əla səslənir. Heç də qorxulu deyil. Qorxuludur, amma o qədər də deyil.
***
– Bilirsən… Biz dost ola bilərdik, – Koralina dedi.
– Biz rəqs eden Afrika fillərinin nadir növü ola bilərdik, – pişik cavab verdi, – ancaq olmadıq. Ən azından mən olmadım.
***
– Pişiklərin adı olmur.
– Necə yəni?
– Eləcə. Siz insanların adı olur. Ona görə ki, özünüz də kim olduğunuzu bilmirsiniz. Biz kim olduğumuzu bilirik və bu səbəbdən bizə ad lazım deyil.
***
Koralina bilirdi: böyüklər nəyə “ağrımayacaq” deyirsə, həmin şey həmişə ağrıyır.
***
Gecə kabuslarına ən yaxşı bir böyük fincan şokolad və incə ana öpüşü kömək olmur.
***
Əsl cəsarət yalnız o zaman meydana çıxır ki, sən dəhşətli dərəcədə qorxursan, lakin fəaliyyət göstərməyə davam edirsən.
***
Son dərəcə qəribədir. Özümüzü dərk etmə şəklimiz oyandığımız çarpayıdan nə qədər asılıdır. Və qəribədir ki, bu hissin özü də son dərəcə həssasdır.
***
– Axı bu necə mümkündür? Bir yerdən uzaqlaşırsan, eyni zamanda da ora qayıdırsan?
– Asan, – pişik dedi. – Dünya ətrafında dolaşanları yada sal. Bir yerdən çıxırsan, elə həmin yerə də qayıdırsan.
– Bura çox balaca dünyadır, – Koralina qeyd etdi.
– Heç bundan böyük olmasına ehtiyac da yoxdur, – pişik söylədi. – Hörümçək torunun ölçüsü təkcə onun milçək tutma qabiliyyəti ilə müəyyən olunur.
***
Qızımın naşükürlüyü ilan sancmasından daha ağrılıdır. Bununla belə, buz bağlamış ürəyi də məhəbbətlə əritmək mümkündür.
***
– Siz kimsiniz? – Koralina soruşdu.
– Adlar, adlar, ad,lar – qeybdən gələn səs çaşqın şəkildə və ümidsizcəsinə dedi. – Nəfəsin kəsilib, ürəyin dayanan kimi ilk yoxa çıxan adlar olur.
***
Günlərin bir günü oyanacaqsan və ürəyinlə ruhunun daha sənə məxsus olmadığını hiss edəcəksən. Səndən geriyə boş bir qılaf, yüngül bulud, günəş doğulmadan öncə görülən tez-tələsik yuxu, yaddan çıxmış bir şey haqqında dumanlı xatirə qalacaq. Sən “heç nə”yə çevriləcəksən. Heç nəyə, heç nəyə, heç nəyə…
***
Hər şeyin məhz sənin üçün təşkil edildiyi bir dünyada yaşamaq daha xoşdur.
***
Cəsarətli olmaq o demək deyil ki, heç nədən qorxmursan. Cəsarətli olmaq o deməkdir ki, qorxursan, həqiqətən qorxursan, dəhşətli dərəcədə qorxursan və yenə də düz iş görürsən.
Tərcümə: Lamiyə Göycəyeva