Annotasiya
“Kitab satıcısının gündəliyi” (ingiliscə “The Diary of a Bookseller”) – Bu gün Şotlandiyanın Uiqtaun şəhəri kitabsevərlərin can atdığı yerlərdən biridir. Uiqtaun 1998-ci ildə Şotlandiyanın kitab şəhəri elan edilib. 1999-cu ildə isə şəhərdə kitab festivalı start götürüb.
Ölkənin ən böyük bukinist mağazasının sahibi, festivalın aktiv iştirakçısı Şon Baytelin qələmə aldığı bu əsər gündəlik tərzindədir. Kitab mazağasında çalışan əməkdaşların gündəlik həyatı haqqında maraqlı qeydlərlə yanaşı, Şon mütəmadi olaraq kitab biznesinin çətinliklərindən, müştərilər və həmkarları ilə münasibətindən, habelə qeyri-adi tapıntılarından, “Amazon” və kitab satışına zərər vuran digər internet mağazaları ilə mübarizəsindən, maraqlı layihələrdən, Şotlandiyanın gözəl guşələrindən bəhs edir.
Karandaşın izi ilə
Peşəkar kitab satıcısı olmaq istəyirdimmi? Ev sahibimin xeyirxahlığına və orada keçirdiyim xoşbəxt günlərə baxmayaraq yox.
(Corc Oruel “Kitab satıcısının xatirələri”)
***
Vaxt keçdikcə maddi vəziyyətim yaxşılaşmağa başladı və bununla nikbinlik hissim geri qayıtdı.
***
Nikinin qırxdan yuxarı yaşı, iki böyük oğlu var. O, Uiqtaundan təxminən on beş mil uzaqlıqda yerləşən, mənzərəsi Lyus körfəzinə açılan fermadakı evdə yaşayır. Yeqova şahidlərindədir, “tikməçilik” ilə məşğul olmağı sevir – yəni, tamamilə faydasız şeylər hazırlayır.
***
Alıcılara ilkin dəyərin yalnız müəyyən bir hissəsini təşkil edən qiymətə endirim təklif ediləndə, onlar da az qala otuz faizə çatan əlavə endirim tələb edəndə insan ədəbinə inamımı itirməyə başlayıram.
***
Kitab satışında yaşanan bütün problemləri “Amazon”un üstünə yıxmaq doğru olmazdı, bununla belə, bu şirkətin hamı üçün hər şeyi dəyişdirdiyi şübhəsizdir. Əbəs yerə deyil ki, Ceff Bezos müəssisəni əvvəlcə relentless.com (ingiliscə “relentless” – amansız deməkdir) domeni altında qeydiyyatdan keçirib.
***
Söhbətlərindən belə başa düşdüm ki, təkamüldən danışırlar. Bu, Nikinin sevimli mövzusudur. “Növlərin mənşəyi” kitabına tez-tez bədii ədəbiyyat bölməsində rast gəlirəm. Bilirəm ki, Niki əli ilə o kitabı o bölməyə qoyub. Buna cavab olaraq (Nikinin tarix bölməsinə aid etdiyi) İncili “Romanlar” bölməsinə qoyuram.
***
Qoca keşişin gətirdiyi teologiya kitablarını ayırd edəndə “Gey iztirabı” (“Gay Agony”) adlı əsər tapdım. Müəllifin soyadı – Menhud (ingiliscə “manhood” – kişilik deməkdir) – kitabın adına heç uyğun gəlmirdi.
***
Getmədən öncə Anna qapı və pəncərələrin yaxınlığına niyə şabalıd qoyduqlarını soruşdu. Məlum oldu ki, onların hər ikisi hörümçəkdən qorxur, şabalıdın tərkibində isə onları qorxudan maddələr var.
***
Onun həyatdan narazılığı özünü ən çox bunda göstərir: jurnalları vitrinə üç enli skotçla yapışdırır ki, alıcılar onları vərəqləməsin.
***
12:30-da dörd nəfərdən ibarət bir ailə gəldi. Hərəsi özünə kitab seçdi və hər biri “Paket lazımdır?” sualına müxtəlif cür cavab verdi:
Ana: “Bəli, verin”.
Ata: “Yox”.
Birinci oğul: “Bəli”.
İkinci oğul: “Əgər paketiniz varsa”.
***
1899-cu ildə İngiltərənin ən nüfuzlu nəşriyyatları öz aralarında razılığa gəldilər ki, kitablar bir şərtlə mağazalara çatdırılacaq: onlar endirim olmadan yalnız üzqabığında göstərilən qiymətə satılmalıdır. Bu müqavilə pozulduğu təqdirdə nəşr evləri çatdırılmanı dayandıra bilərdi. Sənəd “Endirimsiz kitab satışı haqqında saziş” (Net Book Agreement, NBA)kimi tanınırdı. 1991-ci ildə kiçik özəl mağazaları sıxışdırıb bazardan çıxaran “Dillions” və “Waterstones” kimi şəbəkələr meydana çıxana qədər bu sistem hamını qane edirdi. Bu şəbəkələr tez bir zamanda anladılar ki, sazişin şamil edilmədiyi zədəli kitablarla bağlı maddədən istifadə etməklə NBA-dən yan keçmək olar. Aşağı qiymətə satmaq istədikləri kitablara xaç işarəsi qoymağa başladılar. Hərdən əldə etdiyim kitablar arasında bu cür nüsxələrə rast gəlirəm. Nəticədə nəşriyyatlar və iri şəbəkələr arasında amansız mübarizə başladı. Bu mübarizə 1997-ci ildə onunla nəticələndi ki, Ədalətli Ticarət Xidməti NBA-nin etibarsız olduğunu müəyyənləşdirdi.
***
Bu gün kitab bazarında şərtləri naşirlər deyil, “Waterwell”, “Tesco” və Oruelin vaxtilə “sindikatlar” adlandırdığı digər şirkətlərin alıcılar diktə edir.
***
“İstənilən insanın ürəyi” kitabını oxuya-oxuya o yerə gəlib çatdım ki, Loqanın oğlu öz qrupunu “Ölü canlar” adlandırmaq qərarına gəlir, Loqan isə gülərək cavab verir ki, Qoqolun eyniadlı əsəri var. Bilmirdim, mən də özümü Loqanın oğlu kimi axmaq hiss etdim.
***
Bu qadının kitablarında onun xarakteri və maraqları əks olunur. Onun özündən sonra qoyub gedə biləcəyi genetik koda ən yaxın şey şəxsi kitabxanasıdır.
***
Əsl kitabsevərlər nadir tapıntıdır. Eyni zamanda, özünü belə hesab edənlərin sayı isə olduqca çoxdur.
***
Bir neçə il əvvəl mənə dəyərli olan bir insan ilə ayrılanda edə biləcəyim tək şey oxumaq idi. Yanıma kitabları yığırdım, onları oxuya-oxuya ətrafımda, daxilimdə baş verən hər şeyi unudurdum. Conatan Mides, Uilyam Boyd, Joze Saramaqo, Con Baken, Alatser Rid, Con Kennedi Tul və başqaları tərəfindən yaradılan dünyalar məni fikirlərimdən xilas edir, ürək ağrısı yaşatmadan, təkrar emala məruz qaldıqları arxa plana atırdı. Yazı masamın üzərində kitablardan əsl divar hörmüşdüm. Mütaliə etdikcə divar kiçilirdi, nəhayət tamamilə yoxa çıxdı.
***
Nə olursa olsun, təhlükəsizlik kamerlarına pis baxıram. Mağazada müşahidə sistemi quraşdırmaqdansa, nə vaxtsa kiminsə məndən kitab oğurlama ehtimalı qulağa daha xoş gəlir. Axı “1984” romanında yaşamırıq.
***
Bir az keçəndən sonra bir müştəri yalnız təlxəkdən borc ala biləcəyi quyruq və şlyapa ilə Paolo Koelyonun “Kimyagər” əsərini aldı. Başqa cür ola bilməz, o, bəşəriyyətə inamımı sarsıtmaq və əhvalımı daha çox pozmaq üçün bunu bilərəkdən etdi.
***
Qatarda Ceyms Hoqqun “Bəraət qazanmış günahkarın xatirələri və etirafları” (“The Private Memoirs and Confessions of a Justified Sinner”) əsərini oxudum. 1824-cü ildə qələmə alındığını nəzərə alsaq, çox müasir kitabdır.
***
Bugünkü onlayn sifarişlər arasında radioaktivliyi ölçmək üçün alətlər haqqında kitab var, sifariş edən İrandandır.
***
Nahardan sonra müştəri “Əbabili öldürmək” əsərini istədi. Kitab bizdə yox idi. O gedən kimi başqa bir qadın satmaq üçün iki qutu kitab gətirdi. Onların arasından “Əbabili öldürmək” çıxdı. Bu cür təsadüflər əks ardıcıllıqla baş verəndə daha xoş olur.
***
Gəvəzəlik mövzusunda anamın tayı-bərabəri yoxdur. Təbiət vakuuma dözmədiyi kimi anam da səssizliyə dözmür.
***
Niki həmişəki vaxtında gəldi – on beş dəqiqə gecikmə ilə.
***
Bir-iki həftə əvvəl bir qadın Emma Blerin “Kişilərin ağlamadığı yer” (Where No Man Cries) romanını aldı. Onun verdiyi məlumat məni təəccübləndirdi. Dedi ki, Emma Bler əslində qadın deyil, Qlazqodan olan bir kişidir. Boyu iki metrdir, pivə içməyi və siqaret çəkməyi xoşlayır. O, yalnız qadın təxəllüsü götürməklə romantik hekayələr müəllifi kimi uğur qazana bilərdi. Son iyirmi ildə Blerin kitabları Şotlandiya kitabxanalarının oxucuları arasında böyük tələbat doğurub. Yazıçılıqla məşğul olmadan öncə Bler aktyor kimi fəaliyyət göstərib. Deyilənlərə görə, başına gələn bir hadisədən sonra onun aktyorluq karyerası bitib: belə ki, Bler “İtirilmiş gəminin axtarışında” filminin sınaq çəkilişlərinə dəvət olunub və o qədər gözləməli olub ki, sonda Stiven Spilberq çıxıb “sabab gələ bilərsiniz?” deyə soruşanda Bler belə cavab verib: “Xeyr, lənət şeytana, gələ bilmərəm!”
***
Endryu gedən kimi dəhşət tərbiyəsiz yaşlı qadın içəri girdi və Saymon Sebaq-Montefiorenin yazdığı Stalinin bioqrafiyasını tələb etdi. Həmin əsər bizdə Rusiya bölməsində idi və o, kitabı kassaya gətirdi. Kitab əla vəziyyətdə idi, super üzlüyü var idi, tamamilə yeni idi, nəşr qiyməti 25 funt sterlinq idi. Qadın qiyməti soruşdu. Mən etiketi göstərdim. Orada 6,5 funt yazılmışdı. Kitabı üstümə atdı, döndü və “çox bahadır” deyə donquldanaraq çıxışa tərəf yönəldi. Geri dönəcəyinə əminəm, ona görə kitaba yeni etiket yapışdırdım. İndi kitabın qiyməti 8,50 funt sterlinqdir.
***
Bu kitablar əvvəlki ziyarətçilərin kitablarından daha yaxşı idi, lakin bu cür mal məndə kifayət qədərdir, ona görə imtina etdim. Əvvəla ona görə ki, o, uzun-uzadı məni “dostum” deyə çağırırdı.
***
Cen Kembl özünün “Kitab mağazaları haqqında kitab” (The Bookshop Book) əsərində yazır ki, Qutenberq tipoqrafik çap üsulunu kəşf etdikdən və tarixdə ilk dəfə “kütləvi kitab bazarı” meydana çıxdıqdan sonra florensiyalı tanınmış kitab satıcısı Vespasiano da Bistiççi kitabların daha əllə yazılmamasından o qədər hirslənib ki, mağazasını bağlayıb və tarixdə kitab ticarətinin məhvini proqnozlaşdıran ilk şəxs olub.
***
Əlbəttə, biri üçün yaxşı olan kitab, başqası üçün pis ola bilər. Bu, subyektiv məsələdir. Dostlarımdan biri Londonda zərgərlik məmulatları satır. Bir dəfə ondan soruşdum ki, hərraclarda malı necə seçir. Başa saldı ki, bu işə təzə başlayanda neytral görünən malları alırmış. Fikirləşirmiş ki, bu cür əşyalar daha çox alıcının zövqünü oxşayacaq. Lakin tezliklə məlum olub ki, həmin mallar böyük tələb doğurmayıb və çox nadir halda yaxşı qiymətə satılırmış. Onda dostum strategiyanı dəyişmək qərarına gəlir. “İndi məndə güclü emosional reaksiyaya səbəb olan şeyləri alıram. Fərqi yoxdur, həmin məhsula heyran qalıram, yoxsa o, məndə ikrah doğurur, – hər iki halda əminəm ki, həmin şeyi yaxşı qiymətə sata biləcəm”.
***
Uiqtaun şəhidləri… Bunlar yaşadıqları dövrdə dini təzyiqlərə dözmək istəməyən iki qadındır. Bu hadisə 17-ci əsrin sonlarına təsadüf edir. O dövrlərdə dini doqma digər təlimatlarla yanaşı, kralın kilsənin rəsmi başçısı kimi tanınmasını tələb edirdi. Şotlandiyada bu tələblər güclü müqavimətlə qarşılanmışdı. Üsyançılar kovenanterlər adlanırdı. Onlar ordu tərəfindən amansızcasına təqib olunurdular. Dövrün özü isə Qətllər əsri adlanırdı. Marqaret Uilson və Marqaret Maklafan dini inanclarına görə edam edilən qadınlar olub. Dəniz suyu qabarmadan öncə onları Uiqtaun təpəsinin ətəyində sahil dirəklərinə bağlayıblar. Yaşca böyük olan Marqareti dənizə yaxın bir yerə bağlayıblar. Onlar ümid ediblər ki, böyük Marqaretin ölümünə şahidlik edən kiçik Marqaret öz inancından imtina edəcək və tabe olacaq. Lakin o, itaət etmir. Edam yerində duzlu bataqlıqda abidə ucalır – Şəhid dirəyi. Qadınların qəbirləri isə Şotlandiya Kilsəsinin qəbiristanlığında yerləşir. Edamdan öncə qadınlar şəhər həbsxanasında saxlanılırdı. Onların saxlanıldığı kamera bu gün Şəhidlər kamerası adlanır.
***
İtmiş kitablar arasında Rori Styuartın “Arada qalmış yerlər” (The Places in Between) kitabı da var idi. Niki onu Şotlandiya bölməsində “Q6” nişanlı rəfə qoymuşdu. Halbuki bu kitab Əfqanıstan haqqındadır, müəllifi də Honkonqda doğulub.
***
Ötən ilin sentyabr ayında gördüm ki, festivala gələn Eliot “Kindle”-ni elektrik şəbəkəsinə qoşarkən mənim lampalarımdan birini çıxartdı. Bu, bir neçə bənd üzrə böyük təhqir idi. Roba deyəndə, o, qərara gəldi ki, ən yaxşı qisas yolu “Kolluqda iki nəfər: vaginal fistinq sənəti” (Two in the Bush: The Finе Art of Vaginal Fisting) adlı kitabı onun “Kindle”-na yükləmək olar. Məncə, bu, onun arvadının xoşuna gəlməyəcək.
***
Bir dəfə Kambriyada psixologiya ilə bağlı şəxsi kitab kolleksiyası almışdım. Onların arasında Robert Provinin “Gülüş” (Laughter) əsəri də var idi. Onun sözlərinə görə, gülmək bacarığı yalnız primatlara xasdır və “dünyada minlərlə dil və yüz minlərlə dialekt var, amma hamı eyni cür gülüş dilində danışır”. Gülüşün bilavasitə yumorla əlaqəli olması mütləq deyil. Danışan dinləyəndən iyirmi faiz çox gülür.
***
10:15-də mağazaya bir qadın girdi və car çəkdi: “Kitablar! Mən öz aləmimdəyəm!” Sonra düz bir saat qışqıra-qışqıra müxtəlif suallar verməyə başladı, Qoqolun “Ölü canlar” əsərində Sobakeviçin həyat yoldaşını təsvir etdiyi kimi “süzgün qaz” kimi mağazada gəzişdi. Gözlədiyim kimi heç nə almadı.
***
Onlar gedəndən sonra sükunət və səssizlik çökdü. Buna baxmayaraq, onların haqqını vermək lazımdır: 100 funt sterlinqlik bazarlıq etdilər. Ona görə onları bağışlayıram.
***
Nahardan az sonra təxminən mənlə yaşıd bir kişi içəri girdi, ayaqqabılarını çıxarıb girişə qoydu. Mühakimə etməyə haqqım çatmır: yayda mən də tez-tez mağazada ayaqyalın gəzirəm. Lakin bu hərəkəti başqa mağazada edə biləcəyimdən əmin deyiləm.
***
Bu gün sifariş edilən kitablardan biri “Qadınlara məsləhət” (The Female Instructor) kitabı idi. Erkən viktorian dövründə qələmə alınmış bu əsər “ailə xoşbəxtliyi tapmaq” haqqındadır. Bugünkü kontekstdə kitab daha çox məişət zorakılığından bəhs edən əsər təəssüratı bağışlayır.
***
Yaşlı bir müştəri dedi ki, üzv olduğu kitab klubunda Drakulanı oxumağa hazırlaşırlar, amma heç cürə yadına sala bilmir ki, o, hansı əsərləri yazıb.
***
Yaxşı romanın oxucunu başqa bir dünyaya aparmaq kimi misilsiz və heyrətamiz bir gücü var. Çap olunmuş sözün əsas sehri də məhz bundan ibarətdir.
***
Ümumiyyətlə (ən azı mənim mağazamda) bədii ədəbiyyatın böyük bir hissəsini qadınlar alır, kişilər isə qeyri-bədii ədəbiyyata üstünlük verir. Bir neçə il əvvəl yazıçı İeon Makyuenon Londonda keçirdiyi təcrübə zamanı da analoji tendensiya müşahidə edilib. O, nahar vaxtı qələmə aldığı romanları təsadüfi insanlara pulsuz paylamaq qərarına gəlib. Əsasən qadınlar maraq göstəriblər, aksiyaya inamsızlıq nümayiş etdirənlər arasında əsasən kişilər olub. Nəticədə Makyuen “Guardian” qəzetində oxucuları ilə gəldiyi qənaəti bölüşüb: “Qadınlar oxumağı dayandırsalar, romanın sonu çatacaq”. Bu iddia ilə müəyyən dərəcədə Oruell də razılaşardı. Alıcının seçimini təxmin etmək çətindir, hərçənd birbaşa dəmiryollarından bəhs edən kitabların olduğu şöbəyə üz tutan kişilərin sayı inanılmaz dərəcədə çoxdur.
***
Paketə ehtiyacı olub-olmadığını soruşdum, o isə “ola bilər” deyə cavab verdi. Hələ mağazamda bu suala bu cür cavab verən olmamışdı.
***
Semuel Pipsin gündəliyini alan müştəri Eynşteynin piştaxtanın ön divarına yazılmış sözlərini (“İki şeyin sonsuz olduğunu bilirəm: kainat və insan axmaqlığı. Birincisindən çox da əmin deyiləm.”) oxudu və soruşdu: “Bu, doğrudan Eynşteynin sözləridir?” Deyəsən, mübahisəli məsələdir və çoxları Eynşteynin belə bir söz deyə biləcəyinə inanmır.
***
Bu gün ilk müştərimiz Avstraliyadan olan bir qadın idi. O, sözləri yaxşı tələffüz etmirdi, bəzi hecaları yeyirdi. Ona görə onun qotik, yoxsa erotik kitab istədiyini başa düşmədim. Onu erotika bölməsinə apardıqdan sonra məlum oldu ki, qadına uşaqlar üçün macəra romanları lazım imiş.
***
Antropoloqlar iddia edirlər ki, daxil olduğun yeni məkanda potensial təhlükəni nəzərə alıb, girişdə dayanmaq təbii insani reaksiyadır. Lakin bir məsələ mənim üçün hələ də sirr olaraq qalır: kitab mağazasında bir insanı hansı təhlükə gözləyə bilər? Əgər keçidi bağlayana qarşı fiziki güc tətbiq etməyə hazır olan əsəbi kitab satıcısını nəzərə almasaq.
***
Son on ildə müəlliflərin gəliri kəskin şəkildə azalıb. Eyni şey naşirlər üçün də keçərlidir. Bu o deməkdir ki, onlar artıq riskə gedə və tanınmamış müəllifləri çap edə bilmirlər.
***
Acı həqiqət ondan ibarətdir ki, müəlliflər və naşirlər güclərini birləşdirməsələr və “Amazon”-a qarşı çıxmasalar, onda kitab sənayesini fəlakət gözləyir.
***
İkinci Dünya müharibəsi əsnasında onlar avstriyalı “əxlaqsız” rəssam Oskar Kokoşkaya sığınacaq vermişdilər. O, 1938-ci ildə Avropadan qaçmaq məcburiyyətində qalmışdı. Bu yerlərdə çoxlu söz-söhbət gəzir ki, Kokoşka yerli əhalinin rəğbətini qazanmaq üçün çərçivəli tablolarını fermerlərə və başqalarına hədiyyə edib, rəssamın müasirliyini və dahiliyini qiymətləndirə bilməyən həmin insanlar nəzakət xətrinə hədiyyələri qəbul etsələr də, sonradan şəkilləri zibil qabına atır, əvəzində öz fotoşəkillərini çərçivəyə qoyurdular.
***
İstənilən kitab satıcısı təsdiqləyər ki, isti, işıqlı, on min kitabının səliqə ilə rəfə düzüldüyü mağazada qaranlıq, soyuq bir küncə kitab qutusu qoysan, alıcılar dərhal həmin qutunu qurdalamağa başlayacaq. Üstünə qiymət etiketi yapışdırılmamış, yerbəyer edilməmiş kitab qutusunun yaydığı maqnetizm heç nə ilə müqayisə edilə bilməz.
***
Onun dostluğu mənim üçün çox qiymətlidir: Klode sayəsində hiss edirəm ki, dostlarım arasında insanlara görə əsəbiləşən tək mən deyiləm.
***
Niki işə qayıtdı. Növbəti gözəl, günəşli bir gün onun iştirakı ilə zülmətə büründü.
***
Bu gün ilk müştərimiz İrlandiyadan olan bir qadın idi. O, saat 09:09-da mağazaya daxil oldu və soruşdu: “Mənə deyin görüm, niyə Şotlandiyada hər yer saat 10-da açılır?”
***
Səhər Treysi salamlaşmaq üçün mağazaya gəlmişdi. Bu gün onun ad günüdür.
Mən: “Treysi, ad günün mübarək. Gözəl gün arzu edirəm!”
Niki: “Eh, Treysi, ölümə bir il də yaxınlaşdın”.
***
Nikidən Endini sonuncu dəfə nə vaxt gördüyünü soruşdum. O, ölümün son deyil, başlanğıc olduğunu hesab edən bir insan rahatlığı ilə cavab verdi: “Endi ötən həftə ölüb”.
***
Erotik kitabları çox vaxt almıram: “Amazon” və “eBay”-də bu cür kitablar demək olar satılmır, belə ki, onlar həmin şirkətlərə rəhbərlik edən böyük möminlərin puritan əxlaqını təhqir edir.
***
On üç saat sükan arxasında keçirdikdən və qutuları daşıdıqdan sonra belim əyilmirdi. Bu gün müvəffəqiyyətlə Plyuşkindən ölü canları alan Çiçikov kimi yatacam: “babasil və birənin nə olduğunu bilməyən, güclü əqli qabiliyyəti ilə seçilməyən bəxtəvərlər kimi möhkəm və gözəl”.
***
Anna və Kerol Enn Nyuton Styuartdakı Çin restoranına getdilər və özləri ilə yemək götürdülər. Anna buna “axşam yeməyi hazırlamaq” deyir.
***
Niki “Depressiyadan əziyyət çəkən qadınlarla fəaliyyət” (Working with Depressed Women) kitabını tapdı və özündə saxlamağa qərar verdi.
***
Kitaba dalıb, ətrafında olanlara məhəl qoymayan uşaq görəndə içimdə kitab ticarətinin gələcəyi ilə bağlı ümid baş qaldırır.
***
15:30-da İzabel gəldi, yeni eynəklərimi gördü və dedi: “Ouu, bu eynəklərlə elə ağıllı görünürsən ki!” O, İltifat söyləmək mövzusunda ustad dərsləri keçməlidir.
***
Gələn qutuları ayırd edəndə “Collins” nəşriyyatında işıq üzü görmüş ingiliscə-fransızca danışıq lüğəti tapdım. Birdən Fransada aşağıdakı cümlələrin hamısı sənə lazım olsa, deməli, orada istirahətin “çox gözəl” keçib:
Kimsə suya düşdü.
Siz şina qoya bilirsiniz?
Onu maşın vurub.
Onu daşımağa kömək edin.
Rentgen etməliyəm.
Əl çəkin məndən!
Bu, xoşuma gəlmir.
Qulluqçu heç vaxt zənglərimə cavab vermir.
Burada 1940-cı ildə olmuşam.
Burada 11 girov güllələnib.
***
Detektiv bölməsində qırıq rəfi təmir edərkən təsadüfən bir yaşlı qadının rəfiqəsi ilə dəhşət janrında yazılmış kitabları müzakirə etdiyini eşitdim. Qadın E.L.Ceyms ilə M.R.Ceymsi səhv salmışdı. O, evə gedib, mağazadan aldığı “Bozun əlli çaları” kitabını oxumağa başlayanda iki haldan biri olacaq: ya xoş təəccüb keçirəcək, ya da dərin bir şok.
***
Xoşagəlməz dərəcədə yaxın bir məsafədə bir qadın yanıma gəldi.
***
Həmişə kitabları sevmişəm və sevəcəyəm. Qanunla icazə verilsəydi, kitabla evlənərdim.
***
Nahar vaxtı şalvarının sol ayağı dizinə, sağ ayağı topuğuna qədər bükülmüş və yastı papaq taxmış bir müştəri tantrik seks haqqında kitab aldı.
***
Deyəsən, üç hərfli abbreviatura adlara malik şirkətlərin mövcud olduğu dəhşətli bir dünyaya düşmüşəm.
***
Ayın əvvəlində “Border TV” televiziya kanalına verdiyim müsahibə “Border Life” telejurnalında yayımlandı. Xoşbəxtlikdən, baxmaq imkanım olmadı.
***
Nahardan əvvəl bir müştəri səksən funta satdığımız kitab üçün on funt təklif etdi. Ona dedim ki, nəzakətlə xahiş etsəydi, on funt keçərdim. O isə kitabı piştaxtaya atdı və “hirsli” halda bayıra çıxdı. Qərara gəldim ki, bu gün alıcılardan uzaqlaşmağın vaxtı gəlib çatıb. Yeni bir əsər tapdım və “Oğurlanmış” kitabında gizləndim. Sonuncu müştərini də belə bir aqibət gözləsəydi, çox şad olardım.
***
Bu gün azsaylı müştərilərin arasında bir qadın var idi. On dəqiqə mağazada gəzişəndən sonra piştaxtaya yaxınlaşıb soruşdu: “Bura kitab mağazasıdır? Siz kitab satırsınız, elə? İnsanlar sadəcə içəri girib, kitab götürürlər?” Bir müddət danışıq qabiyyətimi itirdim, heç nə deyə bilmədim.
***
Kiminsə söhbətə “tərbiyəsizlik etmək istəməzdim, ancaq…” ilə başlaması “mən irqçi deyiləm, amma…” kimi həyəcan siqnalıdır. Əslində hər şey çox sadədir: tərbiyəsizlik etmək istəmirsənsə, tərbiyəsiz olma. İrqçi deyilsənsə, özünü irqçi kimi aparma.
***
Əksini sübut edin. Gəlin, fasiləsiz bir neçə ay havayı işləyin, bu zaman təhqirlərə, o cümlədən seksual xarakterli təhqirlərə dözməli olacaqsınız. Kağız papaq və bel sarığı taxmalı olacaqsınız. Gündən günə sizi çiy krevet yeməyə məcbur edəcəklər. Həqiqətən bütün bunlara razı olacaq qədər bukinist mağazalarını “sevirsiniz”? Hə? Buna “təcrübə dövrü” deyilir. Tərcümeyi-halda gözəl görünür.
***
Saat dörddə cənab Dikon kitabının dalınca gəldi. O, son dərəcə qəşəng geyinmişdi. İltifat etdim. Cənab Dikon isə mağazadan çıxhaçıxda yas mərasiminə getdiyini dedi.
***
Mağazada on dəqiqə keçirən qadın təqaüdə çıxmadan öncə kitabxanaçı işlədiyini dedi. Yəqin, bu səbəbdən ruh əkizi olduğumuzu düşünüb. Heç də. Ümumiyyətlə, kitab satanlar kitabxanaçıları sevmirlər. Bir kitabı yaxşı qiymətə satmaq üçün həmin kitabın yaxşı vəziyyətdə olması lazımdır. Kitabxanaçıların isə ən xoşladığı şey möhür və stikerlərlə kitabları korlamaqdır. Sonra da öz hərəkətlərinin qəribə olduğunu hiss etmədən kitabı oxuculardan qorumaq üçün super üzqabığının üzərindən plastik örtük keçirirlər. İnsanlar almadan öncə “qayğıkeş” kitabxanaçıların əlinə düşmüş kitabın məruz qaldığı əsas həqarət boş forzatsın qopardılması və titul vərəqinə vurulmuş “SİLİNDİ” möhürüdür. Adətən kitabxana sistemindən çıxmış kitabın qiyməti bu aqibətlə üzləşməyən oxşar kitabın qiymətinin dörddə bir hissəsini təşkil edir.
***
Bu gün tapılmayan sifarişlərdən biri “Yadplanetli seksi: kinoda bədən və istək” (Alien Sex: The Body and Desire in Cinema) adlı kitab idi. Betan onu teologiya bölməsində qeydiyyatdan keçirdi.
***
Son vaxtlar daha çox müştəri Terri Pratçettin romanlarını istəməyə başlayıb. Çox güman, bu, onun alzheymer xəstəliyindən əziyyət çəkməsi ilə bağlı yayılan kədərli xəbərdən irəli gəlir. Con Baken, P.Q. Vudhaus, E.F.Benson və bəzi başqa müəlliflər kimi Pratçettin də kitabları heç vaxt çox olmur. Onlar tez bir zamanda və çox sayda satılırlar. Keçən il bir gündə Vudhausun əlimizdə olan bütün kitablarını (təxminən 20 ədəd) hamısını satdıq. Onları üç nəfər almışdı.
***
Təxminən beş yaşlı oğlan təkbaşına mağazaya gəldi və anasının ad gününə hədiyyə almaq istədiyini dedi. Onun üstündə dörd funt var idi. Uşaqdan öyrəndik ki, anası bağda işləməyi sevir və altı funt sterlinqə dibçək və konteynerlərdə bitki yetişdirmək haqqında kitab tapdıq. Niki kitabı oğlana dörd funt sterlinqə satdı.
***
Saat iki radələrində yeniyetmə bir oğlan piştaxtaya yaxınlaşdı, “Çovdarlıqda uçurumdan qoruyan” əsərini və 2,50 funt xırda pulu qabağıma qoydu. Bu oğlanla həmyaşıd olduğum və yetişkinliyin əzablı mərhələsindən keçdiyim bir dövrdə çox az kitab bu qədər ruhuma toxunmuşdu. 1951-ci ildə roman ilk dəfə nəşr olunduğundan bəri Selincerin Holden Kolfild və onu əhatə edən dünya ilə arasında təsvir etdiyi anlaşılmazlıq, şübhəsiz, bir çox yeniyetmə oxucunun qəlbində öz əksini tapıb.
***
Mağazaya üç rus qadın girdi və (açıq-aydın, ingiliscə səlis danışan) biri rus dilində kitabımızın olub olmadığını soruşdu. Görünür, rusca kifayət qədər kitabımızın olduğunu görəndə xeyli təəccübləndi. Ancaq heç nə almadılar.
***
Onu “Corncrake Ale” pivəsinə qonaq etmək istədim, o isə quş adı verilən pivələri xoşlamadığını bildirdi. Həyatında bütün qərarları da məhz bu məntiqlə alıb.
***
“Günün ikinci yarısı”nın saat neçədən sonra başladığını müzakirə edirdik. Mən günortadan sonra dedim. Anna səhər saat on birdən sonra. Atam: “Mən nahar etdikdən sonra”.
***
İlk müştəri saat onda mağazaya qədəmini basdı. “Əslində kitablarla çox maraqlanıram” cümləsinin ardınca “gəlin, sizə atom enerjisi ilə bağlı fikirlərimi söyləyim” gəldi. On birin yarısında artıq bütün həyat eşqim ölmüşdü.
***
Günün çox hissəsini elektron poçtumu qaydaya salmaqla keçirdim. Məktublar əsasən saytın trafikini yaxşılaşdırmaq, penisimi böyütmək və kreditlə bağlı təkliflər idi. Təəssüf ki, işim bütün bunları həyata keçirmək üçün mənə lazımi gəliri gətirmir.
***
Şəxsi kitabxanasını satan insanlarla məbləğ barədə razılığa gəlməyə çalışdığım vaxt kitablar həsrətini çəkdiyim mükafat kimi görünür. Qiyməti razılaşan kimi əl sıxırıq, çeki verirəm və kitablar birdən ağır yükə çevrilir. Onları qutulara yığmaq, maşına yükləmək, təzədən boşaltmaq, sortlamaq, internetdə satışa çıxarmaq və üzərinə qiymət etiketi yapışdırmaq lazım gəlir. Və yalnız bundan sonra ümid edə bilərəm ki, qoyduğum pulun heç olmasa bir pennisini geri qazanacam. Kitablar sənin əlinə keçən kimi Oruellin təsvir etdiyi xoşagəlməz hisslər yaranır – onlar dərhal “işə” çevrilirlər. Lakin birdən əlinə Torntonun “Zanbaqlar”ına oxşar kitab düşəndə bütün xoşagəlməz hisslər az-çox misilsiz sevinc hissi ilə kompensasiya edilir.
***
Bugünkü ilk müştəri “Əbabili öldürmək” əsərini kimin yazdığını soruşdu. Mən müəllifin Harper Li olduğunu dedim. Cavabında bir də soruşdu: “Dəqiq Selincer deyil?”
***
Qırışmış kostyumda yaşlı bir kişi Dostoyevskinin “İdiot” əsərinin pulunu ödəmək üçün kassaya yaxınlaşanda ona astadan şalvarının qabağının açıq olduğunu söylədim. O, gözlərini aşağı dikdi – sanki sözlərimə təsdiq axtarırdı – və dedi: “Ölü quş yuvadan düşməz” – şalvarının qabağı açıq halda mağazadan çıxdı.
Tərcümə: Lamiyə Göycəyeva