Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Haynrix Böll “Kişisiz ev”

Annotasiya

“Kişisiz ev” (almanca “Haus ohne Hüter”) – Hadisələr 50-ci illərin əvvəllərində bir alman şəhərində cərəyan edir. Roman iki uşağın həyatı fonunda müharibənin törətdiyi bütün faciələri, onun insan psixologiyasına təsirini və mənəvi-əxlaqi dünyasını necə darmadağın etdiyini özünəməxsus ustalıqla əks etdirir.

Qadınların ərləri, uşaqların isə ataları İkinci Dünya müharibəsində həlak olub. Bu insanlar həyatlarına davam etməlidir, amma “kişilərsiz”. Yazıçı cəmiyyətin qüsur və naqisliklərini, yaşadığı çətinlikləri, səfaləti, fəlakətləri, siniflər arasındakı fərqləri göstərir. İnsanlar ölür, şəhərlər dağılır. Bəs sağ qalanlar nə edirlər? Atalarının üzünü görməmiş uşaqlar gün gəlir ata olur. Qadınlar məcbur qalıb “əxlaq”larını itirirlər, dəyişirlər, tamam başqa adam olurlar.

Müəllif romanda beş fərqli adamın həyata baxışını, təfəkkürünü, təhtəlşüurunu ustalıqla ortaya qoyur. Müharibənin necə qorxunc şey olduğunu bir daha anlayırsan.

Karandaşın izi ilə

Ata olmağın bir əlaməti də “vərdiş sahibi olmaq”, yəni Albert dayı kimi nəyisə həmişə etmək idi.

***

Anası da hər gün onunla radionun qarşısında oturur, papiros çəkir, dinib-danışmır, fikrə gedir, danışanda da bircə cümlə deyirdi: “Bütün kişilər qorxaqdır!”

***

Müharibə dramatik səhnələr üçün həmişə əlverişli olub, çünki onun arxasında çox böyük məfhumlar gizlənir. Məsələn, ölüm kimi! Bütün hadisələr onun ətrafında cərəyan edir, gərginləşir, barabanın dərisi kimi tarıma çəkilir, guruldayır.

***

Telefon üç-dörd dəfə zəng çaldı və onu ürəyincə olmayan bir aləmə – gerçəkliyə qaytardı.

***

Bütün atalar elə görünürdü: qayğılı… Bütün atalar yaşlı idi.

***

Sanki dərinliyi bilinməyən suyun üzərindəki nazik buz qatının üstü ilə gedirdi. Buz hələ qırılmamışdı, kömək də vardı, hamı təbəssümlə kənarda dayanıb gözləyirdi ki, buz qırılan kimi, suya atılsın. Ancaq bu heç nəyi dəyişmirdi, buz nə vaxtsa qırıla bilərdi, suyun dərinliyi isə bilinmirdi.

***

Kino gözəl şey idi, ora yaxşı idi, isti olurdu. İçəridəkilər bir-birini görmürdü, bir-biri ilə danışmırdı. Başqa yerdə görə bilmədiyin işi orada görürdün: unudurdun…

***

“Yeni həyat!” Gözəl söz idi, hətta bu sözlə bağlı müəyyən təsəvvürləri də vardı, ancaq onu da bilirdi ki, heç birini həyata keçirmək mümkün düyil.

***

Mənə elə gəlir ki, evlənməyə layiq olan qadınların sayı dostluğa layiq kişilərdən çoxdur. Hərdən yatmağa layiq qadınların isə sayı-hesabı yoxdur.

***

Buzun üstünə qum səpən kimi, bütün qətllərin üstünü unutqanlıqla örtürsünüz. Guya uşaqlara görə… Bəli, uşaqlara görə… Gözəl səslənir… Həm də gözəl bəhanədir.

***

…qətl, ölüm, zorakılıq, qorxu… Milyonlarla günahsız insan… Qlum bütün bunların hamısını öz gözləri ilə gördüyü üçün olduğundan yaşlı görünürdü.

***

Nənəsi, əslində, yaxşı insan idi. “Ümumiyyətlər” yox, “əslində”. O heç cür başa düşə bilmirdi ki, nə üçün “ümumiyyətlə”, “əslində”, “yoxsa” sözləri məktəbdə yasaq olunub. Axı sadalanan sözlərlə elə çalarları ifadə etmək mümkündür ki, başqa sözlər üçün bu yükü daşımaq olduqca çətindir.

***

Onlara qalan yalnız içalat idi və bu miskin qarın-bağırsaqdan özlərinə gələcək düzəltməyin çəmini bilirdilər: yenicə qoparılmış, hələ də titrəyən ürəyin şəninə yeknəsəq himnlər oxuyur, gözdən-könüldən iraq laboratoriyalarda qurbanlıq heyvanın bağırsaqlarının zir-zibilini təmizləyir, qaraciyərini gizlincə dəyər-dəyməzinə satırdılar. Bu maskalılar, yumurtadan yun qırxanlar iyli-qoxulu cəmdəklərdən sabun deyil, mədəniyyət düzəldirlər və ya düzəltdirirdilər.

***

Ümidi qazandığı təcrübənin gücündən zəif, inamı isə az idi.

***

– Sən snobizmə yuvarlanırsan, Nella…

– Yox, bu, snobizmə yuvarlanmaq deyil, başqa şeydir. Ərimi qətlə yetirməklərini onlara bağışlaya bilmirəm. Nə unuda bilirəm, nə də bağışlaya… Səadətlə gülümsəyən qadın rolunu oynayıb onları ikinci dəfə sevindirmək istəmirəm.

***

– Sən nə edirsənsə, yarımçıq edirsən. Nə tam anasan, nə dul, nə qəhbə, nə də kiminsə həqiqi sevgilisi. Səni qısqanıram. Mənasız keçirdiyin günlərə qısqanıram. O səfehlərin özünə deyil, onlarla keçirdiyin vaxta qısqanıram. Ancaq bir məsələ dəyişməz qalır: kişi qadına evlənməkdən yaxşı heç nə təklif eləyə bilməz.

– Yox, bəzən qadının sevgilisi olmaq onun üçün daha yaxşıdır. Qəribədir ki, əvvəllər qadın ərə gedəndə sevinirdi, ancaq bu gün, deyəsən, əksinədir. Mən heç bir halda ərə gedən deyiləm…

– Ona görə ki, snoblaşıbsan. Uzun illər başıboş adamlarla oturub-durmağın öz təsirini göstərir.

***

Rayın müharibədən sağ çıxacağı təqdirdə həyatının necə olacağı haqda xəyallar da mənasız idi. Bunu təsəvvür etməyə fantaziyası çatmırdı, çünki Rayın öldüyünü öz gözləri ilə görüb inanmışdı.

***

Otuz üçüncü ilin yayında onunla dondurma kafesində tanış olmuşam… Deməli, düz iyirmi ildir ki, tanıyıram. O vaxt qatı nasist idi, Alman Qızları İttifaqının üzvü kimi xaki rəngli gödəkcə geyinirdi. Ancaq Ray onunla söhbət edəndən sonra həmin gödəkcəni elə dondurma kafesində qoyub getdi. Biz o axmaq fikirləri qızın beynindən çıxara bildik. Bu, elə də çətin olmadı, çünki səfeh deyildi.

***

– Mən ömrümdə qısqanclığın nə olduğunu bilməmişdim, ancaq indi bildim…

– Yəqin qısqanmağa adam olmayıb.

***

… maşınların, sünbüllərin dövrəyə aldığı dümağ yazı aydınca oxunurdu: “Kredit bankı – etibarlı bank”. “Etibarlı” sözü “Kredit bankı” sözlərindən üç dəfə böyük idi.

***

Bu – taledir, özü də sənə oxşayır. Nə kədərlidir, nə də dəhşətli. Elə sənin kimidir: cansıxıcı.

***

Daha fantaziyası da korşalmışdı, gerçəklik hər şeyi iflic eləmişdi.

***

– Hamısını unutmuşam. Bu barədə bütün xatirələri sistemli bir şəkildə yaddaşımdan silmişəm. Müharibəni unutmaq lazımdır.

– Elədir… Dul qalanları, yetimləri, o iyrənc şeylərin hamısını yaddan çıxartmaq, gözəl, tərtəmiz bir gələcək qurmaq lazımdır. “Kredit bankı”na inanmaq, müharibəni unutmaq, generalların adlarını yadda saxlamaq lazımdır.

***

Siz gərək düzünü deyəydiniz, müharibəni tərifləyəydiniz, qəzəblə sizə qismət olmayan qalib rolunu axıra kimi oynayaydınız. Ancaq məhz sizin “Modern lirikadan nə gözləyə bilərik?” mövzusunda məruzə deməyiniz tükürpədicidir.

***

Nəyisə dəqiq bilməmək çox pis şeydir.

***

Qadını sevmək yaxşıdır – sənin üçün yox, qadın üçün.

***

Onlar hamısı bir-birinə oxşayır, hazır mallar mağazasındakı paltarlar kimidirlər – bunu istəmirsən, o birini götür. Qatillər heç vaxt qorxunc, dəhşətli görünmür, kiminsə yuxusuna girib onu qorxutmurlar və yaxşı filmlərə çəkilməkçün yararlı deyillər. Belələrinin yeri zəif işıqda çəkilən reklam filmləridir, hamısı da sükan arxasında eşqbazlıq eləmək istəyir.

***

Haynrix mərhəmətli adamlardan qorxurdu. Onlar məktəbdəki müəllimlər kimidir: əvvəl bir neçə gün mərhəmətli olur, sonra nəyəsə qəzəblənir, nə edəcəklərini bilmir, mərhəmətlə qəzəb arasında tərəddüd edir və rollarını unutmuş aktyorlara çevrilirlər. Belələrinə çox da etibar etmək olmazdı.

***

“Biz bu dünyaya niyə gəlmişik?” Qeyri-ixtiyari cavabı xatırladı: Allaha xidmət etmək, onu sevmək və bununla təzədən göylərə qayıtmaq sözləri “hər şeyi” ifadə etmirdi. Cavab suala tam uyğun deyildi və ilk dəfə şüurlu şəkildə buna şübhə etdi.

 

Tərcümə: Vilayət Hacıyev

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram