Annotasiya
“Tələ” (ingiliscə “The Mousetrap”) — Aqata Kristinin 1952-ci ildə qələmə aldığı iki hissəli detektiv pyesdir. Tamaşa elə həmin il Londonda səhnəyə qoyulub və bu günə qədər səhnə həyatını uğurla davam etdirir. Pyes həmçinin gözlənilməz sonluğu ilə məşhurdur.
Gənc cütlük kiçik pansiyon işlətməyə başlayır. Fəaliyyətlərinin ilk günü eyni damın altında ən müxtəlif insanlar bir araya gəlir. Hava şəraitinə görə qonaqlar mehmanxananı tərk edə bilmir, onların bütün dünya ilə əlaqəsi kəsilir. Elə bu vaxt qətl hadisəsi baş verir.
Karandaşın izi ilə
KRİSTOFER: Məncə, insanlar çox maraqlı məxluqdurlar.
MOLLİ: Maraqlısı da var, qeyri-maraqlısı da.
KRİSTOFER: Razı deyiləm sizinlə. Hamısı maraqlıdır, çünki heç vaxt yəqin bilmək olmur qarşıdakı adam nə adamdır, onun fikri, məqsədi nədir.
***
KRİSTOFER: Onu da deməliyəm ki, xanımız da olduqca nəzakətlidir.
CAYLS (soyuq tərzdə): Yox əşi?
MOLLİ: Güldürməyin bizi siz allah.
KRİSTOFER: Budur əsl ingilis qadını: tərif eşidən kimi pörtdü. Başqa ölkələrdəki qadınlar tərifi adi söz kimi qəbul edirlər, İngiltərədə isə ərlər öz arvadlarının güzəranını göy əskiyə bükürlər. İngilis ərləri çox geridə qalıblar.
***
XANIM BOYL: Elanı oxuyanda məndə tamamilə başqa təsəvvür yaranmışdı. Elə bildim ki, buranın rahat qiraət otağı var, çoxlu adam olacaq, səmimi söhbətlər eləyəcəyil, kart, loto oynayacağıq.
MAYOR METKAF: Peşəkar qeybətçi arzusu.
***
XANIM BOYL: Doğru deyiblər: aşağı təbəqəli adamlar məsuliyyətsiz olurlar.
XANIM KEYSUEL: Zavallı aşağı təbəqə. Acından bağırsaqları guruldayır.
XANIM BOYL: Siz görürəm, sosialistsiniz?
XANIM KEYSUEL: Əfsus ki, yox. Mən qırmızılardan deyiləm, açıq çəhrayıyam. Siyasətlə o qədər də maraqlanmıram – axı, xaricdə yaşayıram.
XANIM BOYL: Güman edirəm, xaricdə yaşamaq daha asandır.
***
MOLLİ: Deyirlər, guya uşaqlıq insan ömrünün ən vacib dövrüdür.
XANIM KEYSUEL: Bunu kim deyir? MOLLİ: Psixoanalitiklər.
***
Bəlkə dünyanın işi belədir, hamı bir-birinə yaddır və heç kesə etibar etmək olmaz?
Tərcümə: Şaiq Cabiroğlu