Annotasiya
“Pilləkəndəki qadın” (almanca “Die Frau auf der Treppe”) – Bernhard Şlinkin 2014-cü ildə işıq üzü görən bu romanı qırx il əvvəl yoxa çıxmış bir tablodan bəhs edir. Bu qəribə hadisə məhəbbət dördbucağındakı qarışıq münasibətlərlə əlaqəlidir. Həmin “dördbucağın” əsas qəhrəmanları tabloda əks olunan gənc qadın və ona aşiq olan üç kişidir – rəsmin sifarişçisi olan tanınmış sahibkar, rəsmin müəllifi məşhur rəssam və sifarişçi ilə icraçı arasında meydana çıxan münaqişəni həll etmək üçün dəvət edilən vəkil.
Karandaşın izi ilə
Gündəlik klişeləri gerçəkliyinə görə sevirik.
***
Gənclərdə elə bir hiss var ki, sanki hər şey – bütün uğursuzluqlar, hətta cinayətlər düzələ bilər. Əgər bu hiss yoxdursa, hadisələr və əməllər yoluna qoyula bilmirsə, deməli qocalırıq.
***
Əvvəllər heç sevməmisiniz, düzdürmü? Yəqin, gənc olmaq üçün qocalmalısınız. Öz qadınınızı tapmaq, itirdiyiniz ananınızı, heç vaxt sahib olmadığınız bacınızı, arzusunda olduğunuz qızınızı geri qaytarmaq üçün. Biz qadınlar həqiqətən seviləndə bunların hamısına çevrilirik.
***
Razılaşarsınız ki, hər şeyin öz yeri var? Bir şey öz yerində olmayanda, dinclik olmayacaq.
***
Romanları sevmirəm, tarix kitablarına üstünlük verirəm. Yenə də real hadisələr insan fantaziyalarından tamam fərqlidir. Tarixi öyrənəndə dahi də olsa, dəlilərin uydurmalarını deyil, real hadisələri öyrənirik. Romanların tarixdən daha maraqlı olduğunu düşünənlər sadəcə öz təxəyyülünü işə sala və real tarixi hadisələri təsəvvür edə bilmir: Sezar Brutu oğlu kimi sevir, o isə Sezarı xəncərlə öldürür; asteklər döyüşməyə macal tapmamış ağların gətirdiyi xəstəliklərdən ölürlər; Berezin çayının yaxınlığında Napoleonun karvanından olan qadınlarla uşaqları ya tapdalayıb qara basdırırlar ya da buzlu suya atırlar. Faciələr və komediyalar, uğurlar və uğursuzluqlar, məhəbbət və nifrət, xoşbəxtlik və kədər – tarix bu mövzuda əliaçıqdır. Romanlar bundan əliaçıq ola bilməz.
***
Həyat yoldaşımın dediyi kimi, xeyrin qarşılığı şər deyil, yaxşı niyyətdir. … Lakin şərin qarşılığı pis niyyət deyil, xeyirdir.
***
Keçmişi dəyişdirə bilməzsən. Bununla çoxdan barışmışam. Sadəcə keçmişi təkrar-təkrar başa düşməmək… Bax, bununla barışmaq çətindir.
***
Bəlkə, həqiqətən şər deməsən xeyir gəlmir. Ya da elə şər deməsən də şər gəlir.
***
Rollar insana müəyyən bir davranış təyin edir, onu fərdilikdən məhrum edir, istifadəsinə imkan yaradır.
***
Ümumiyyətlə itkinin nə olduğunu bilmədən itkini düzgün qiymətləndirmək mümkündürmü?
***
Uzaq məsafədən insanları parçalara ayıran bomba atmaq ən az insanı döymək, ya da vurmaq kimi alçaq hərəkətdir. Bəlkə də daha alçaq hərəkətdir: axı bu cür zorakılıq istənilən insani yaxınlıqdan qaynaqlanan hər hansı duyğuya və ya qadağaya yaddır.
***
Doğrudanmı biz məhz belə kiçik məğlubiyyətlərin öhdəsindən gələ bilmirik? Yenicə alınmış avtomobilin üstündəki kiçik cızıq bizə daha çox təsir edir, nəinki sonrakı daha dərin cızıqlar. Böyük qırıntılarla müqayisədə kiçikləri bədəndən çıxarmaq daha çətindir, bəzən onları iynə ilə çıxarmaq mümkün olmur, özü irinləyib çıxana qədər gözləmək lazım gəlir. Gənc vaxtı üzləşdiyimiz böyük məğlubiyyətlər həyatımızı yeni məcraya sürükləyir. Kiçik məğlubiyyətlə isə bizi dəyişmir, lakin bədəndə qalan tilişkə kimi narahat etməyə davam edir.
***
Atam emalatxanasını böyük fabrikə, mən isə onu konsernə çevirdim. Həyatım müəyyən bir məqsədə tabedir. Nə seçilmiş yolu, nə də qarşıya qoyulmuş hədəfi dəyişməyən görüşlər isə gözəl olsa da, epizod olaraq qalır.
***
Dünyamız daha dəyişmir. Dünyanı dəyişmək istəyən nə faşizm, nə kommunizm – artıq heç bir şey onu təhdid etmir. Soyuq müharibə başa çatdıqdan sonra dünya nizamının alternativi yoxdur. Kapitalizm qanunları ilə yaşamayan ən azı bir ölkənin adını çəkin – çəkə bilməyəcəksiniz, zira çin kommunizmi belə kapitalizmə çevrilib.
***
– Siz qeyri-alternativ yaradıcılıqla məşğul olan rəssam olmaq istəmirdiniz. Əgər dünya öz-özlüyündə təhlil edilə bilən, sabit və qeyri-alternativdirsə, onda bu dünyada yaşayan rəssam başqa cür ola bilməz. O, başqa bir fırıldağa əl ata, başqa bir qalmaqal yarada bilər. Ancaq bu da sadəcə növbəti təkrar olacaq.
– Bəs sizi sıxıcı hissdən nə xilas edəcək?
– Bilmirəm. Atom bombası, yerə düşən meteorit, bizə tanış olan dünyanı məhv edəcək başqa bir fəlakət.
***
Ah, bu qadınlar, onlar həmişə nə hiss etdiyimizi eşitməlidirlər! Özü də eşitmək – başa düşmək bəs eləmir. Orduda olduğu kimi. Əmri dəqiqliklə yerinə yetirməyin kifayət etmir, əlavə olaraq hər səhər sıraya düzlənməli və hərbi vəzifəyə sadiqlik nümayiş etdirməlisən.
***
Ədalət məbədi bir çox insan tərəfindən inşa edilir: biriləri qranit plitələri kəsir, o biriləri fasadı, pərvazları üzləyir, digərləri kilsəni naxış və heykəllərlə bəzəyir. Bu insanların hər biri ədalət məbədinin təmsil etdiyi bir bütöv üçün özünəməxsus şəkildə vacibdir, bu səbəbdən prokuror və vəkilin işi ən az hakimin işi qədər əhəmiyyətlidir. Nikah, əmək və ya icarə müqavilələrinin bağlanması şirkətlərin alqı-satqısı, birləşmə prosedurunu həyata keçirmək qədər önəmlidir. Varlıların vəkili olmaq kasıbların vəkili olmaq qədər vacibdir. Bəli, ədalət məbədi mənsiz yarımçıqdır. O, pərvazsız və ya naxışsız keçinə bilər. Bununla belə, onlar məbədin tərkib hissələridir.
***
İrəli getmək istəyirsinizsə, keçmişi geridə qoymalısınız. Köhnə sevgini və köhnə düşmənçiliyi daim özünüzlə daşıya bilməzsiniz… Köhnə paltarlar kimi bunlar da bir müddət sonra əyninizə dar gələcək. Zamanla kif qoxmağa başlayacaq.
***
Bəzən sizə elə gəlmirmi ki, Allah bizim xoşbəxtliyə həsəd apardığı üçün onu məhv edir?
***
Şəkillər zamanı dayandırmaq üçün mövcuddur.
***
Yorğun gözəllik yenə də gözəllik olaraq qalır.
***
Qocalıqdan şikayətçi deyiləm. Bütün həyatı qarşıda olduğu üçün gəncliyə həsəd aparmıram; Gəncliyimi təkrarlamaq istəməzdim. Ancaq gəncliyimin qısa keçmişinə həsəd aparıram. Cavan olanda keçmişimizi hələ nəzərdən keçirə, təhlil edə bilirik. Ona müəyyən məna biçə bilirik, hərçənd, çox güman bu, hər dəfə fərqli olur. İndi isə geriyə boylananda keçmişdə mənim üçün nəyin yük, nəyin hədiyyə olduğunu, uğura görə ödəməli olduğum bədəlin ədalətli olub olmadığını bilmirəm.
Tərcümə: Lamiyə Göycəyeva