Annotasiya
“Martin İden” (ingiliscə “Martin Eden”) – görkəmli Amerika yazıçısı Cek Londonun 1909-cu ildə işıq üzü görən bu romanda sənət adamının faciəli həyatından, uğura gedən çətin yolundan bəhs edilir.
Martin İden dənizçi kimi çörəkpulu qazanır. Günlərin bir günü o, bir tələbəni içkili avaraların əlindən xilas edir. Tələbə minnətdarlıq məqsədi ilə Martini evlərinə nahara dəvət edir. Elə həmin qonaqlıq bu gənc oğlanın bütün həyatını dəyişir. Nahar zamanı ailənin qızına – universitet tələbəsi olan Rufa aşiq olur. Ruf yarıtəhsilli Martinə ingilis dilində gözəl danışmağı öyrədir, onda ədəbiyyata maraq oyadır. Martin öyrənir ki, jurnallar yazıçılara onların əməyi müqabilində yaxşı qonorar verir. Ona görə də qəti qərara gəlir ki, yazıçı olsun və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın.
Karandaşın izi ilə
O, danışıq qabiliyyətinə malik olmadığını böyük bir əzabla dərk edərək qəfildən susdu.
***
Fiziki qüvvə ona həmişə nə isə qaba və alçaq bir şey kimi görünürdü.
***
O, ömründə ilk dəfə olaraq başa düşdü ki, yemək yalnız cismani tələbatın ödənilməsi deyildir. O, əvvəllər yediyinə heç vaxt fikir verməzdi. Bu yeməkdi, vəssalam. Burada, bu stolun arxasında isə o, yeməyin gözəllik duyğusu ilə ahəngdarlığını görürdü. Çünki burada yemək estetik bir vəzifə daşıyırdı. Nəinki yalnız estetik, həm də intellektual bir vəzifə!
***
O, düşünürdü,-Allaha and olsun mən bunlardan pis deyiləm, əgər onlar mənim bilmədiyim çox şeyi bilirlərsə, mən də onlara bəzi şeylər öyrədə bilərəm.
***
Ona demisənmi ki, gecələr kitab oxusa, qaz pulu verməlidir?
***
O, dişlərini təmizləməkdən tutmuş boyunluq taxmağa qədər öz görkəminə aid olan hər şeydə dəyişiklik etməlidir, halbuki nişastalanmış boyunluq taxanda Martin həmişə özünü elə hiss edirdi ki, guya azadlığı əlindən alınmışdır.
***
O, fabrikdə çalışan qadınların, zəhmət çəkməkdən və ev işi görməkdən üzülən qadınların codlaşmış, qabalaşmış əllərinə alışmışdı. Bəli, əlbəttə, o, onların əllərinin nə üçün bu qədər kobud olduğunu başa düşürdü. Qızın əli isə…Ona görə zərif və yumşaqdı ki, zəhmətin nə demək olduğunu bilmirdi, ağdan-qaraya dəymirdi. O, yaşamaq üçün işləmələri lazım gəlməyən adamların olduğunu düşünən kimi aralarındakı uçurum daha da dərinləşdi.
***
Burada hər şey, hətta nəfəs aldığı hava belə iyrənc görünürdü. Bütün bunlar Rufun yaşadığı evdə hökm sürən asayiş və ahəngə bir qədər də yabançıdır! Orada hər şey ülvi və mənəvi mahiyyətdədir; burada isə maddi, kobud maddi mahiyyətdədir.
***
– Sən öz pulunun qədrini bilmirsən.
– Heç nə olmaz, fikir vermə, mənim pullarım öz qədrini bilir.
***
– Mart, nə eləyirsən ki, belə asanlıqla qızların könlünü ovlayırsan?
– Onlarla az maraqlanıram, vəssalam.
***
İstərdim ətrafımda kitablar, tablolar və hər cür qəşəng şeylər olsun, adamlar da sakit və yavaşdan danışsınlar, təmiz geyinsinlər, onların fikirləri də saf, aydın olsun. Bütün ömrüm boyu mənim nəfəs aldığım havaya isə mətbəx iyi, spirt qoxusu, söyüş və mənzil kirayəsi haqqında söz-söhbət qarışmışdır.
***
– Bilirsiniz nə var, mənim ona, sizin mister Betlerə yazığım gəlir. O zamanlar çox cavan olmuş və özü də başa düşməmişdir ki, həmin otuz minin xatirinə özünün bütün həyatını özündən oğurlamışdır. İndi isə həmin otuz mindən heç bir fərəh duymur. Onda dala atdığı on sentə, tutaq ki, uşaqlıqda nabat, ya qoz, ya da balkona bilet ala bilərdisə, indi bu otuz minə onları da ala bilməz.
…
Əgər mister Betler bu məhrumiyyət və məşəqqətlərə qadına məhəbbət xətrinə və ya gözəlliyə məftunluq naminə dözsəydi, Martin onu başa düşərdi.
***
O, indi matrosların danışığındakı yanlışlıqları sezir, sözləri tələffüz edərkən və cümlə qurarkən onların buraxdıqları səhvləri ürəyində düzəldirdi.
***
Şöhrət yaxşı şeydir, lakin Martin bu xəyalları öz ürəyində şöhrət xatirinə deyil, Rufun xatirinə bəsləyib yaşadırdı. O, şöhrət axtaran deyildi, yalnız məhəbbətdən dəli-divanə olmuş bir gəncdi.
***
Martin ara vermədən işləyərək üç günün içərisində oçerkini qurtardı, sonra asan oxunsun deyə, iri-iri hərflərlə, sözləri öz-özünə təkrar edə-edə onun üzünü köçürdü və elə işin bu yerində birdən-birə kitabxanadan aldığı ədəbiyyat dərsliyindən öyrəndi ki, sən demə, dünyada abzaslar və dırnaqlar da varmış! O isə heç bunu ağlına da gətirməmişdir.
***
Əgər o, dalbadal iki dəfə çaşmasaydı, hekayə üç günün içərisində hazır olardı. Üç gündə yüz dollar! Bu qədər pul qazanmaq üçün Martin gərək üç ay dənizləri gəzib dolaşaydı. Əgər yaza bildiyin halda, ağır-əziyyətli matros işinə dözürsənsə, deməli səfehsən.
***
Lakin Martinin gözündə pulun bir o qədər də qiyməti yoxdu. Pulun üstünlüyü yalnız onda idi ki, boş vaxtı olardı, abırlı bir kostyum almağa imkan tapardı.
***
– Yazıçı olacaqsınız-olmayacaqsınız, bunun fərqi yoxdur, lakin siz hökmən oxumalısınız. Hansı sənəti seçirsiniz seçin, sizə təhsil lazımdır, həm də bu təhsil təsadüfi deyil, müntəzəm olmalıdır. Siz gərək məktəbə gedəsiniz.
– Hə…-deyə Martin sözə başladı, lakin qız onun sözünü kəsib dedi:
– Onda da yazıçılığı davam etdirə bilərsiniz.
O, kobud cavab verdi:
– İstər-istəməz davam etdirməli olacağam!
– Axı nə üçün?
Qız Martinə, demək olar ki, narazı halda baxdı: oğlanın inad etməsi, dediyi sözün üstündə durması onun xoşuna gəlmirdi.
– Çünki bunsuz oxumaq da mümkün olmayacaqdır. Axı mən yeməliyəm, kitab almalıyam, geyinməliyəm.
Qız gülə-gülə:
– Mən həmişə bunu yaddan çıxarıram, -dedi. – Anadan var-dövlətlə birlikdə doğulsaydınız, nə yaxşı olardı!
O, cavabında:
– Sağlam olmağı, xəyallar bəsləməyi daha üstün tuturam, gəlir isə olacaqdır. Mən…Xatirinə…Başqa bir şey xatirinə (az qalmışdı desin ki, “sizin xatirinizə”) min cür əməllərdən çıxardım.
***
Mən elmi dəniz xəritələrinin saxlandığı göyərtədəki şturman otağı kimi təsəvvür edirəm. Mən kitabxanaya gələndə bunu həmişə düşünürəm. Müəllimin vəzifəsi öz şagirdini bir-bir bütün xəritələrlə tanış etməkdir. Vəssalam. O, bələdçi kimi bir şeydir: öz başından heç bir şey çıxarda bilməz. O, yeni heç bir şey yaratmır. Xəritələrdə hər şey var. Müəllim isə yeni başlayan şagirdə ancaq nəyin harada yerləşdiyini göstərməlidir ki, o çaşıb yolunu azmasın. Mən isə yolumu azmaram. Mən ölkələrin yerini göstərməyi, təyin etməyi bacarıram.
***
Donanmanın sürəti həmişə ən yavaş gedən gəminin sürətilə ölçülür; hə, deyirəm ki, elə məktəb də bunun kimi. Müəllimlər ayaq saxlayıb geri qalan şagirdləri gözləməlidirlər, mən isə özüm təkbaşına daha tez irəli gedə bilərəm. Tək yola çıxan adam, hamıdan yeyin yeriyib irəliləyir.
***
İnsanın öz düşüncə və duyğularını sözlərdə təcəssüm etdirməyi bacarması, dinləyici və oxucunun başa düşməsi üçün onlarda həmin sözlərin yenidən eyni düşüncə və eyni duyğuya çevrilməsi üçün sözləri yazmağı və ya deməyi bacarması böyük bir məharətdir.
***
Göylərdə müqəddəslərin pak və təmiz olmaları heç də qəribə deyildir. Bunda onların böyük bir xidməti yoxdur. Lakin çirkab arasında yaşayan müqəddəslər isə əsl möcüzədir! Elə bu möcüzə xatirinə yaşamağa dəyər!
***
İyrənc haqsızlıq mühitindən doğan yüksək əxlaqi idealı görmək, böyümək və hələ də çirklə örtülmüş gözlərinlə gözəlliyinin ilk əlamətlərini görmək; zəiflikdən, əxlaqsızlıqdan, miskinlikdən və heyvani kobudluqdan həm qüdrət, həm də mənəvi nəcibliyin doğduğunu görmək lazımdır.
***
O, hər şeyi unudub yenə ruhlandı, ruhlandıqdan sonra isə sanki qəfildən çaxan şimşək işığında olduğu kimi, necə bir heyvana çevrildiyini gördü, – ona görə yox ki, içirdi, ona görə ki, bu cür işləyirdi. Əyyaşlıq səbəb deyil, nəticə idi.
***
Qarışıq, vəfasız dünyanı gəzib dolanan Martin müdrik bir qaydaya alışmışdı: bilmədiyi bir oyunu oynayarkən, heç bir zaman özü başlamazdı.
***
Mənim ilk məhəbbət izharımı daha münasib bir vaxta və daha ləyaqətli bir adamla rastlaşana qədər təxirə salmaq lazım gələcəkdir.
***
Eyni lal nəvazişlər yoxsul fəhlə qadınlara da, yüksək cəmiyyətdən olan qızlara da eyni bir təsir bağışlayır. Güzəranları bir-birinə bənzəməsə də, onlar “qalan cəhətlərdən bir-birinə təndirlər”.
***
Martin isə dedi:
– Üvertura çox xoşuma gəldi, çox gözəldi.
– Doğrudan? Bəs operanın özü necə?
– Operanın özü də, yəni təbii ki, orkestr. Lakin bu gülünc təlxəklər daha az əzilib-büzülsəydilər və ya tamamilə səhnədən çıxıb getsəydilər, lap gözəl olardı.
Ruf eşitdiklərinə inanmırdı, təəccübündən mat qalmışdı. O soruşdu:
– Siz Tetralanini və Barilyonu deyirsiniz?
– Hə, onları da, bütün qalanları da deyirəm.
– Axı onlar böyük artistdirlər!
– Mənim üçün hamısı birdir. Onlar səhnədə səfeh-səfeh əzilib-büzülməklə ancaq musiqini korlayırlar.
…
– Onda mən heç nə qanmıram. Siz bir yandan onların səsinə heyran olursunuz, bir yandan da deyirsiniz ki, onlar musiqini korlayırdılar.
– Elədir ki, var. Mən onlara konsertdə qulaq asmaq üçün çox şeydən keçərdim, lakin orkestr çalırkən onları eşitməmək üçün isə daha çox şeydən keçərdim.
***
Lakin mənim öz rəyim var, odur ki, dünyanın bütün tənqidçilərini bir yerə yığsalar da öz fikirlərimi onların hökmünə tabe etdirmərəm. Bir şey xoşuma gəlmirsə gəlmir, bəs mən nəyə görə özümü elə göstərməliyəm ki, o, əksəriyyətin xoşuna gəlir və ya guya xoşuna gəlir? Mən öz zövqümü dəbə uyğunlaşdırmaq istəmirəm.
***
Martin kitabları oxuduqca öyrəndi ki, iki ədəbi məktəb vardır. Bu məktəblərdən biri insanı nə isə bir ilahi kimi təsvir edir, onun bəşəri təbiətini qətiyyən nəzərə almırdı. O biri isə əksinə, insana yırtıcı bir heyvan kimi baxır, insanın mənəvi irəliləyişini və böyük imkanlarını görmək istəmirdi.
***
Demək olar ki, hər bir adam və cəmiyyətin hər bir zümrəsi mövqe etibarı ilə özündən yüksəkdə duranları yamsılayır. Bəs cəmiyyətdə ən yüksək mövqeləri tutanlar kimlərdir? Avaralar, varlı avaralar.
***
Hər hansı bir işlə məşğul olan adamların yaxşı bildikləri şeylər haqqında onların adətən ümumi təsəvvürləri belə olmur. Bu cür şeylər haqqında söhbətlərə qulaq asmaq onları lap darıxdırır, onlar da deyirlər ki, məclisdə peşədən söhbət etmək ədəbdən kənardır. Məclisdə nədən söhbət etmək lazım gəldiyini də onlar müəyyən edirlər. Yeni operadan, yeni romanlardan, kart oyunlarından, bilyarddan, kokteyllərdən, avtomobillərdən, yaxtalardan, at sərgilərindən, ovdan, forel tutmaqdan və bu kimi şeylərdən danışmaq olar. Fikir verin, yəni avaraların yaxşı bildikləri hər şeydən.
***
Nişastalanmış boyunluq onun gözündə mədəniyyət nişanəsi idi. O bilmirdi ki, universitet diplomu ilə əsl təhsil heç də eyni şey demək deyildir.
***
– Elə bilirəm siz demək istəyirsiniz ki, mister Hepqud səfehdir?
– Sıravi, respublikaçıdan və ya sıravi demokratdan da səfeh deyil. Onların hamısı ya hiyləgər, ya da səfehdirlər, həm də hiyləgər azlığı təşkil edirlər. Yeganə ağıllı respublikaçılar milyonçular və onların şüurlu xidmətçiləridir. Bunlar hardan nə xeyir gəldiyini çox gözəl bilirlər.
***
Düşünməyi bacarmayanlar elə bilirlər ki, düşünürlər və odur ki, doğrudan da düşünə bilən adamların müqəddəratını həll edirlər.
***
Mən isə sizə deyirəm ki, redaktorların heç olmazsa azı doxsan doqquz faizi adicə olaraq bacarıqsız adamlardır. Onlar yazıçı olmaq istəmişlərsə də, bacarmamışlar.
***
Zavallı, kütbeyin kölələr! Bundan sonra təəccüb etməməlidir ki, güclülər dünyanı əllərinə alıb ağalıq edirlər! Kölələr öz kölə təsəvvürlərinin dairəsindən çırpınıb çıxa bilməmişlər.
***
Onu bir zamanlar tutduğu həyat yolu daha cəlb etmirdi. Köhnə dostları ona yabançı idilər. Tərgitdiyi ucuz pivənin dadı kimi köhnə dostları da onun ürəyini bulandırırdılar.
***
Martin əvvəlcə bütün bu səs-küyə qarşı çıxırdı, çünki qəlbində jurnallara və burjua cəmiyyətinə olan qüvvətli kini hələ soyumamışdı, lakin axırda susub təslim oldu, çünki bu, daha az zəhmət tələb edirdi.
***
Bəli, mənim iradəm var, son dəfə qeyrət göstərib varlığımı yox etmək üçün kifayət qədər möhkəm iradəm var.
Tərcümə: İslam İbrahimov
Materialı topladı: Aysel Göycəyeva