Annotasiya
“Oğlum bu dünyanın quruluşu haqqında nələri bilməlidir” (isveç dilində “Saker min son behöver veta om världen”) – Fredrik Bakman atalıq sevinci haqqında hələ blogger olduğu dövrdən yazmağa başlayıb. Müəllif bu əsərinin janrını da “genişləndirilmiş bloq” kimi təyin edir.
Körpə oğluna müraciət edən Bakman futboldan, “Ikea” mağazasından, kompüter oyunlarından, xeyir-şər dilemmasından, musiqidən və bu kimi başqa-başqa mövzulardan bəhs edir. O, eyni zamanda atalıq təcrübələrini özünəməxsus ironik bir dildə, gülməli üslubda təsvir edir.
Karandaşın izi ilə
Nəzərə al: diqqətinə çatdırmaq niyyətindəyəm ki, ümumiyyətlə valideyn olmaq kənardan göründüyü kimi əyləncəli deyil. Bir çox şeyi yadda saxlamaq lazım gəlir. Bələmə çantaları. Uşaq oturacaqları. Lay-laylar. Ehtiyat əlcəklər. Kakaşka. Əsas məsələ kakaşkadır. Daim çoxlu kakaşla ilə qarşılaşmalı olursan. Şəxsi qəbul etmə. Körpəsi olan istənilən adamdan soruş. Körpənin, eləcə də sənin ilk ilin kakaşka ətrafında dövr edib. Kaka elədi. Eləmədi. Oy, nə qədər elədi. Kakaşkanın iyi. Kakaşkanın həsrəti. Heç təsəvvür belə edə bilməzsən ki, kakaşka yolu gözləməyə valideynlərin nə qədər vaxtı gedir.
***
Pampers dəyişmək mənim Vyetnam müharibəmə çevrilib.
***
Biz bir şeydən – səhv etməkdən qorxuruq. Yaşıdlarım böyüdü, ən yaxşı halda bir neçə sahədə mütəxəssis oldu. Nəsə olsa, həmişə internet-mağaza, onlayn-konsultant, şəxsi məşqçi və “Apple Support” var. Heç özümüz anlamağa çalışmırıq, dərhal mütəxəssisə zəng edirik.
***
Sadəcə biz sizi sevirik. Hər şeyə yalnız bununla cavab tapmaq olar. Biz istəyirik ki, siz bizdən daha yaxşı olasınız. Əgər uşaqlarımız bizdən yaxşı olmasalar, onda bütün bunun nə mənası var? İstəyirik ki, siz bizdən daha mehriban, daha ağıllı, daha mərhəmətli, daha səxavətli və daha fədakar olasınız.
***
Sizə cinsi neytral rənglərdə “super nəfəs alan” funksional geyim alırıq.
***
Uşaq sahibi olmaq boşqab dükanında malvuran fəhləni idarə etməyə oxşayır. Gipsə salınmış ayaqlarla. Tərs taxılmış balaklavada. Sərxoş vəziyyətdə. Ancaq biz artıq qərar vermişik. Lənət şeytana! Çünki ən yaxşı valideyn olmaq istəyirik. Ona görə də hər şeyi “Google” edirik.
***
Uşaq poliklinakasındakı tibb bacıları “təlim” sözünü sevmirlər.
***
Axının əksinə hərəkət etmə. Düz sözümdür. Səni sevirəm və bunu dönə-dönə təkrarlamağa hazıram, ancaq “Ikea”da axının əleyhinə hərəkət etməyə cəhd belə etsən, səni artıq heç kim xilas edə bilməz. Bildiyin kimi, orada yerə oxlar çəkilib – məqsəd anarxiyaya yol verməməkdir. “Ikea”da alıcılar bir istiqamətdə hərəkəti dayandırsalar, xaos başlayacaq, başa düşürsən? Və tanıdığımız sivilizasiya apokalipsisdə deyildiyi kimi zülmətə və cəhənnəm alovuna qərq olacaq.
***
Bu, parkinqdə başqasının yerinə girməyə oxşayır. Kimin ürəyi istəsə, səni vurub öldürə bilər. Qaydalar belədir.
***
Ancaq görürsən ki, yaşımızın üstünə yaş gəlir. Sən də yaşlanacaqsan. Onda başqa məsələləri də başa düşəcəksən. Məsələn, həyatında baş verən bütün yaxşı şeylər gec-tez səni məcbur edəcək ki, yolunu “Ikea”dan salasan.
***
Böyüyəcəksən. Məktəbə gedəcəksən. Günlərin bir günü evə qayıdıb bəyan edəcəksən ki, daha oxumaq niyyətində deyilsən, çünki özünü “tamamilə musiqiyə həsr etmək və qrup yaratmaq” qərarına gəlmisən. Ya da bar açmaq. Ya da Taylandda sörferlər üçün mağaza. Qaşlarına pirsinq edəcəksən və dalına əjdahalı döymə çəkdirəcəksən. Normaldır. Yeniyetməlik dövründə axmaqlıq etmək normaldır. Yeniyetmənin işi budur.
***
Həyat daha çox mübarizə aparmağa dəyər şeylərlə bağlı seçimdir. Qulağında sırğa elə: bu, özünü ən çox “Ikea”-da göstərir.
***
“Mətbəx əşyaları və məişət texnikası” şöbəsində rəmzi mənalar axtarmaq bizim üçün bir növ milli idmana çevrilmişdi. “O, tutqun şüşələrlə istəyir! Deməli, mənim HİSSLƏRİMƏ l-a-q-e-y-d-d-ir!” “Aaa! O, tozağacı örtüklü siyirməli paltar şkafı istəyir. Təsəvvür edirsən? Tozağacı! Bəzən mənə elə gəlir ki, tamam yad bir insanla yaşayıram!”
***
“Qarderob və saxlama sistemləri” bölməsində ətrafa göz gəzdirəndə mebelə fikir vermə. Başqa bir şey barədə düşün: öz cır-cındırını səninlə eyni şkafda saxlamağa hazır olan birini tapa bilmisən. Özü də əlini vicdanına qoy, cır-cındırın kifayət qədərdir.
***
Bacardığında mehriban, lazım olduqda sərt ol.
***
Beləliklə, dondurma çubuqlarını qabından çıxarıb boşqaba düzürsən. “Football Manager”-də altı-yeddi oyun üçün dondurucuya qoyursan. Kianu Rivz bütün rollarında necə donuq sifət çıxarıbsa (“Matris”in birinci və üçüncü seriyası xaric), dondurmalar da soyuducudan çıxanda elə donmuş vəziyyətdə olmalıdır.
***
Futbol oynamaq oynamamaqdan daha asandır.
***
Əslində futbol oynamaq da vacib deyil. İzləmək kifayətdir. Sadəcə dostlarla bir yerdə olmaq üçün. Həmin dəstədə olduğunu hiss etmək üçün. Bu o demək deyil ki, başqa işlərlə məşğul olmaq pisdir. Rəqslə, ya da başqa bir şeylə. Mən sadəcə səni özünü yad hiss etmək kimi dəhşətli bir duyğudan qorumaq istəyirəm. Bu, heç kimə sevinc bəxş etmir. Təəccüblənəcəksən, lakin sevgi haqqında bilməli olduğun əsas şey bu ola bilər. Özünü böyük bir şeyin parçası kimi hiss etməyin necə vacib olduğunu bilmək, izqoya çevrilməmək.
***
Yox, bilirəm ki, hər uşağın həyatında elə bir məqam yetişir ki, o, atasının superqəhrəman olmadığını görür. Mən axmaq deyiləm. Sadəcə həmin məqamın mümkün olduğu qədər gec gəlməsini istəyirəm.
***
Səni sevdiyimi söyləməkdən qorxmuram. Ancaq qalan hər şeydən çox qorxuram. Həyatındakı yerimi itirəcəyim gündən qorxuram. Çünki yalnızlıqdan çox qorxuram. Öz yalnızlığımdan.
***
Xaos nəzəriyyəsi
MƏN. Yeri gəlmişkən, bu zərb-məsəli bilirsən? “Özümü valideyndən daha çox nəzarətçi kimi hiss edirəm”?
HƏYAT YOLDAŞIM. Belə zərb-məsəl yoxdur.
MƏN. Heyf.
***
Anan ilə ailə həyatımız
Giriş kursu
Oğlan bir qız görür. Qız ayaqqabı görür. Ayaqqabılar başqa ayaqqabıları görür. Oğlan zirzəmidəki şkafı boşaldır. Şkafa ayaqqabılar doldurulur. Oğlan şkafı boşaldır. Ayaqqabılar şkafa doldurulur. Qız qonaq otağından girir, qarderobdan çıxır. Qızla oğlanın uşağı olur. Qız uşaq ayaqqabısı görür. Oğlan hetçbek görür. Qız ticarət mərkəzi görür. Oğlan qapının ağzında dayanır. Oğlan köhnələri atmayana qədər qıza yeni ayaqqabı almağa icazə vermir. Qız oğlanın ayaqqabılarını atır.
***
Təxminən eyni hadisə idman zalında da baş verir. Məşq zamanı ağac videosu qoşurlar, guya meşədə qaçırıq. Bəli, indi ağlından nələrin keçdiyini bilirəm: “Niyə elə meşədə qaçmırıq?” Belə düşünməyin yaxşıdır. Amma sənin xəbərin yoxdur. İdman zalına rahat şəkildə gedib çatdığımız şosseni çəkmək üçün meşəni qırıblar – burada başa düşülməyəsi nə var ki? Hə, ağlından nəyin keçdiyini yenə bilirəm: “Meşəni qırmaq nəyə lazım idi?” İlahi, səncə, biz nə etməliydik? Axı meşə YOLDA bitmişdi.
***
Uşaq sahibi olana qədər bütün valideynlərin superqəhrəman olduğuna inanırsan. Güman edirsən ki, bəli, uşaqlarla çətindir, amma sakit bir əminlik var. Bilirsən ki, təbiət birtəhər bunu özü yoluna qoyacaq. Radioaktiv mamaça səni dişləyəcək və ya qapalı hərbi xəstəxanada ayılıb polad kimi skeletə sahib olduğunu görmək üçün qəribə “qəzaya” düşəcəksən. Bu və ya başqa bir şəkildə hər şey öz-özünə düzələcək.
***
Heç ağlınızın ucundan belə keçməyibmi ki, uşağınız dahi deyil, siz özünüz ağacdələnsiniz?!
***
Bəzi valideynlər övladlarının söyləyəcəyi ilk sözlərin hansı sözlər olduğunu əvvəlcədən bildiklərini iddia edirlər. Şəxsən mən qorxmağa başlamışam ki, sənin ilk sözlərin bu ola bilər: “Ən zəif bənd sizsiniz. Əlvida!”
***
Belə qəbul edilib ki, məhz ata oğluna kişi olmağın mənasını izah etməlidir. Bilmirəm. Həmçinin qəbul edilib ki, kişilərin əksəriyyəti gec-tez öz atalarına oxşayırlar. Ümid edirəm, belə deyil.
***
Hər iki baban hələ “Google” olmadığı bir dövrdə özlərinə ev tikiblər. Miqyası təsəvvür edirsən? Onlar insan deyil, orduda istifadə edilən, canlı İsveçrə bıçaqlarıdır.
…
Onlar vergi bəyannamələrini özləri doldura, mikrodalğalı sobanı düzəldə, çadır qura və “Ford Escort”-un yağını dəyişdirə bilirlər. Bu kişilər təbiəti ram ediblər. Sivilizasiyanın başlanğıcında sağ qalıblar. Gözdən-qulaqdan uzaq bir yerdə. Onlar “wi-fi” olmadan böyüyüblər. Təsəvvür edirsən? Onların uşaqlığı “Robinzon Kruzo”dan bir fəslə oxşayır.
***
Gender fərqinin olmamasında israr edən bir cəmiyyət üçün biz bu fərqlərin nədən ibarət olduğunu hərtərəfli ayırd etməyə həddindən artıq çox vaxt sərf edirik. Çalış, başını itirmə. Qonşu supermarketdə məhsulların yeri növbəti dəfə dəyişdiriləndə insan özünü necə hiss edirsə, bu, ondan daha pis hissdir. Ya da “Sağ qalmaq” serialının birinci mövsümündə olduğu kimi. Ağ ayı görünür və qəhrəmanların hamısı xorla ah-vay edirlər: “OY, BU NƏDİR BELƏ?” Bilirəm, hələ əsarət və seqreqasiyanın nə olduğunu başa düşməliyəm. Hər gün öyrənirəm. Çünki savadlı, işi olan ağdərili heteroseksual, Qərbi Avropadan olan bir kişiyəm. Bütün kainatda əsarət və seqreqasiya mövzusunda məndən daha az bilikli ikinci orqanizm yoxdur.
***
Mən əlimdən gələni etdim ki, sənə güclü qadınlardan qorxmamağı öyrədim. Rastıma çıxan ən güclü qadınla evləndim. Dünya daim insani keyfiyyətlərin, istedadların və xarakter xüsusiyyətlərinin “kişi” və “qadın” olmaqla iki yerə ayrıldığını aşılayacaq. Nə deyə bilərəm? Yəqin ki, əlbəyaxa döyüşdə mən ananı məğlub edərdim. Ancaq bu, ayı ilə qorillanın davası olmazdı. Bu, qorilla ilə koalanın davası olardı.
***
Kişiliyin cinsi oriyentasiya ilə təyin olunduğunu iddia edənlərə qulaq asma. Kişi olmağın nə demək olduğunu həqiqətən başa düşmək istəyirsənsə, geyinib-soyunma otağının ortasında, reqbi üzrə Uels millisinin önündə gey olduğunu elan edən Qaret Tomasdan soruş. Ola bilsin, dünya haqqında çox şey bilmirəm, lakin onu bilirəm ki, həmin otaqda ondan kişi adam olmayıb.
***
Sənə dedim: “Pultu gətir”. Sən də gətirdin. Bunu yaş yarımlığında öyrəndin. On bir yaşımda labradorum var idi. Bu gün sən həqiqətən onu keçdin. Məncə, bunu qeyd etməliyik.
***
Anana kobudluq etmədiyin, öldürmədiyin, oğurluq etmədiyin, “Mançester Siti”yə azarkeşlik etmədiyin və başqa dəhşətli əməllər törətmədiyin müddətcə mənim heç vecimə deyil ki, sən əxlaq prinsiplərini hansı mənbədən alırsan – sədr Maonun qırmızı kitabındanmı yoxsa şirin qoğal qutusundan.
***
Bilirəm ki, bir neçə ildən, ya da təxminən həmin vaxtdan sonra danışmağı öyrənəcəksən, ardınca kifayət qədər tez bir zamanda istənilən şərhimin səndə “Niyə?” sualına səbəb olduğu inkişaf mərhələsinə qədəm qoyacaqsan. Artıq indidən sənə deyə bilərəm ki, yüz haldan doxsan beşində sənə eyni cavabı verəcəm: “Çünki insanlar gicbəsərdir”.
***
Salfetin üstünə tüpürürük.
Uşağın üzünü salfetlə silirik.
Bizbirbaşa uşağa tüpürmürük.
Bağışlayın.
***
Striptizyorlar və narkodilerlərin belə iş saatı kimi nəzərdən keçirmədiyi bir vaxtda özünü ifadə etmək ehtiyacı duyursansa, ən azından “CAPS LOCK” ilə qışqırmasan super olar.
***
“Alatoranlıq”dan olan vampirlər indi atanı görsəydilər, Edvarda belə deyərdilər: “Onu dişləmə, nəsə yaxşı görünmür”.
***
Şalvarsız basıb özümüzü yeni divanda otursaq, vanna otağının döşəməsinə yaş dəsmal qoysaq, xalçaya mayonez töksək və ya çantasına dondurma düşürsək, anan bizim üstümüzə qışqıra bilər. Ancaq o, bizə görə qaçan antilop sürüsünün qarşısında dayanar. Biz də buna ayaq uydurmalıyıq. Hər gün. Çünki o, yanımızda olduğu müddətdə sənin bütün həyatın başdan-ayağa bazar səhəri olacaq.
***
Kranları parıltısı görmə qabiliyyətinə təhlükə yaradana qədər diş pastası ilə sürtürəm.
***
“Bircə dava çıxartma”.
Bircə. Dava. Çıxartma.
Necə bir insan olmalısan ki, Yeni ildə mağazanın bağlanmasına beş dəqiqə qalmış sevgilini belə bir şərtlə naringi dalınca göndərəsən?
***
Yaxşı valideyn olmaq çətindir. Sınaq və səhv metodu ilə hərəkət etməli olursan. Mənim vəziyyətimdə ikincisi üstünlük təşkil edir.
***
Ancaq məsələ ondadır ki, indiki zəmanədə uşaqlar sadəcə uşaq deyil, identiklik göstəricisidir. Niyə belə olduğunu heç kim bilmir. On min il cinsi maarifçilik və birdən bizim nəslimiz dərk edir ki, doğum evindən körpə deyil, lənətə gəlmiş Stenli kuboku çıxarır. Sanki bizdən əvvəl heç kim nəslini artırmayıb.
***
Sanki dinozavrların belə tab gətirmədiyi bu planetdə yalnız paltaryuyan maşın sayəsində sağ qalmışıq.
***
İnsan uşaq sahibi olduqdan sonra uşaqlarla maraqlanmağa başlayır. Belə bir iddia ilə çıxış edənlərə inanma. Yalandır.
***
Sadəcə demək istəyirəm ki, çölə çıxmadan öncə uşağı geyindirmək prosesi yaxşıcana sabunlanmış və xalapeno bibəri ilə bəslənmiş meymunu hokkeydə qapıçı uniformasına soxmağa oxşayır. Üstəlik, Helsinkiyə yola düşən kruiz gəmisinin barında onu sombrero geyinmiş kök alman kobud şəkildə təhqir edib.
***
Bu dünyanın quruluşu haqqında bilməli olduğun əsas şeylərdən biri budur: hansı qrupda olursan ol, istər uşaq meydançası olsun, istərsə də mənzərəli reklam agentliyi, orada həmişə yerdə qalan hər kəsi güclülər və zəiflər olmaqla iki kateqoriyaya ayıran insanlar tapılacaq. Kateqoriyalar arasında daha onlarla insan qalacaq. Ən təhlükəliləri onlardır. Çünki onlar iyerarxiya nərdivanından düşməkdən dəhşət qorxurlar. Həmin onluğun içərisində hər kəs yuxarıdan aşağıya vurur, çünki başqa cür bacarmır. Onlar həmişə zəifləri küncə sıxışdırmağa bəhanə tapacaqlar.
***
Sənə bir şeyi izah etmək istərdim: bəzən vuran deyil, vurmayan güclü olur.
***
Qəhrəman qalib gələcəyini və ya məğlub olacağını bilmədən davaya atılan deyil. Qəhrəman qalib gələcəyini bilə-bilə davadan imtina edəndir.
***
Şon Maykl Keynin də qorxaq olduğu üçün onlara qoşulacağını düşünürdü. Qorxaqlar həmişə elə düşünürlər ki, əgər onların sayı çoxdursa və qurban bir nəfərdirsə, onda heç kim onu qorumağa cürət etməyəcək. Təəssüf ki, Şon Maykl kimiləri tez-tez haqlı çıxırlar, – səni aldatmayacam. Ona görə qorxaqların sayı belə çoxdur, çünki onlar tez-tez qalib gəlirlər.
***
İnan mənə, dünyada pisliyin mövcud olmadığını iddia edərək sənə yalan söyləmək niyyətində deyiləm. Şər mövcuddur. Bəzən adama elə gəlir ki, bu dünya anlaşılmaz, böyük, amansız şər ilə ağzınadək doludur. Zorakılıq, ədalətsizlik, acgözlük və kor qəzəblə. Ancaq bu dünyada başqa şeylər də var. O cümlədən xırda-para şeylər. Xeyirxah yad adamlar var. İlk baxışdan məhəbbət. Sədaqət və dostluq. Bazar axşamı əl-ələ tutduğun insan. Qovuşan iki qardaş. Başqaları qorxanda ayağa qalxan qəhrəmanlar. E4 şossesinə dönəndə tıxacda sənə yol verən, əlli yaşlı “Saab” sürücüsü Yay gecələri. Uşaq gülüşü. Çizkeyk. Edə biləcəyin yeganə şey tərəfini seçməkdir. Kimin dəyirmanına su tökəcəyini müəyyənləşdirməkdir.
***
Həyat belə bir şeydir. O, səndən onu da, bunu da tələb edəcək. Sən dürüst, cəsarətli və ədalətli olmalısan. Sevməli və sevilməlisən. Müvəffəqiyyətsiz olmalısan. Səhnədən getməlisən. Zəfər çalmalısan. Özündə güc tapmalısan. Başını itirməlisən.
***
Musiqi qrupu insanın nəyinə lazımdır? Bunu hamı başa düşmür. Ad çəkməyəcəm. Həm ona görə ki, heç kimi barmaqla göstərmək istəmirəm, həm də ona görə ki, sən artıq ananın adını bilirsən.
***
Əlbəttə, bəzən davaya birlikdə gedəcək və səninlə Şimal qütbünə yola düşəcək dosta ehtiyacın olur. Ancaq daha çox çərşənbə axşamları burger yemək üçün “Maks”-a getməyə lazım olur. Çərşənbə axşamları vüqarlı tənhalıqda “Maks”-da təkbaşına oturmaq elə də əyləncəli deyil.
***
Böyüdükcə insanın fərqli dostları olur. Bəziləri ilə tennis oynayırsan, bəziləri ilə bayram qeyd edirsən, o biriləri ilə şəhərdə dolaşırsan və ya davaya gedirsən.
***
Keçən il E. ilə Estersund yaxınlığında İtterondakı yolkənarı restorana getdik. İsveçin ən böyük burgerlərini orada satırlar. 4,3 kiloqramlıq burgerlər olur. Otuz yaş böhranını insanlar müxtəlif yollarla həll edirlər. Kimsə Himalaya dırmaşır, kimsə Şimal qütbünü keçir, kimsə döyüş sənətinə həvəs göstərir. Bəs E. ilə mən? Həmin burger bizim Everestimiz oldu.
***
Ümumiyyətlə, dost yaxşı şeydir. Bunu Frodo da bilirdi. Xan Solo da. Hi-Men və Maverik də. Kitab şkafının yerini dəyişəndə zəng edə biləcəyin bir adam lazımdır. Ya da “Zlatana müdafiədə oynamağa imkan versəydilər!” demək istədiyin biri. Ya da: “”Taxt-tac oyunları”nı yaxşı keyfiyyətdə haradan yükləyə bilərəm, bilmirsən?” Ya da: “Ata olacam”.
***
Anan Tehranda doğulub. Mən Skone vilayətindənəm. Onun boyu 159, mənimki 187 santimetrdir. Mən əllərim cibimdə, səndələyə-səndələyə, o isə rəqs edə-edə yaşayır. O, bu dünyada ən çox rəqs etməyi sevir, mən isə zəngli saatın çıqqıltısında belə ritmi tuta bilmirəm. Bizim haqqımızda çox şey deyiblər, amma “bir-birləri üçün yaradılıblar” kəlməsini heç vaxt eşitməmişəm.
***
Yemək haqqında düşünmək, yeməyi xəyal etmək, yemək əldə etmək, yemək sifariş etmək, yeməyi gözləmək, yeməkdən danışmaq, yemək çatışmazlığı barədə məsələ qaldırmaq. Həyatımda heç vaxt menyuya göz atanda ən dadlı yeməyin hansı olduğu ilə maraqlanmamışam. Məni ən çox porsiyalar maraqlandırır. Nə vaxtsa avtobioqrafiya yazsam, həmin əsər “Aclıq: həyat tərzi” adlanacaq.
***
Mən sadədil, yöndəmsiz, ağ-qarayam. Bütün rənglərimi ondan almışam.
***
Anan həyatda heç nəyi rəqs qədər sevmir. Ancaq o, elə bir kişi seçib ki, onunla rəqs etmək həyati təhlükə daşıyır. O, məni seçib. Sonra sən dünyaya gəldin. Sən musiqini sevirsən. Və onunla rəqs edirsən. Məndən əbədi davam edəcək bir anı seçməyi təklif etsələr, bu anı seçərdim. Məhəbbət haqqında bundan artıq sənə heç nə deyə bilmərəm.
***
Ümid edirəm sözlərə aşiq olarsan. Bu, heç bir şeyə bənzəmir.
***
Saysız-hesabsız cəhdlərimlə sənə yaxşı təsir bağışlamaqdan başqa yanında heç bir qəbahətli işim olmayıb.
Tərcümə: Lamiyə Göycəyeva