Annotasiya
Elinor Porter “Pollianna” (ingiliscə “Pollyanna“) – Amerikalı yazıçı Elinor Porterin 1913-cü ildə işıq üzü görən bestseller romanıdır. Klassik uşaq ədəbiyyatı nümunəsi hesab edilir.
Atası öldükdən sonra yetim qalan Pollianna ciddi və zəhmli xalasının evinə köçür. Evdə sərt qaydalar və qadağalar hökm sürür. Ancaq qız atasının ona öyrətdiyi oyunu yaddan çıxarmayıb: istənilən şəraitdə sevinməyi bacarır, həyatsevərliyini itirmir. Məhz xeyirxahlığı, mehribanlığı və yaxşı əməlləri sayəsində şəhər sakinlərinin rəğbətini qazanır, ətrafdakıları da öz nikbinliyinə yoluxdurur.
Əsərin motivləri əsasında bir çox teleserial və film çəkilib. Hətta qəhrəmanın adı psixologiya elminə prinsip kimi düşüb. Bu fenomenə görə, beyin xoşagəlməz məlumatlarla müqayisədə müsbət hadisələri, xoş xəbərləri daha dəqiq və keyfiyyətli emal edir.
Karandaşın izi ilə
Əzizim, yadında saxla ki, var-dövlətlə öyünmək olmaz.
***
– Bax, belə edərik: səhər yeməyindən saat doqquza qədər otağını səliqəyə salacaqsan. Saat doqquzdan onun yarısına kimi hər səhər mənə ucadan kitab oxuyacaqsan. Çərşənbə və şənbə günləri onun yarısından saat ikiyə qədər Nensidən yemək bişirməyi öyrənəcəksən. O biri günlərdə isə həmin vaxtdan tikməyi öyrənmək üçün istifadə edərik. Əlbəttə ki, yaxın günlərdə sənin üçün musiqi müəllimi tapmağa çalışacağam. Musiqi ilə günün ikinci yarısında məşğul ola bilərsən.
– Amma Polli xala! Polli xala! Bəs mən nə vaxt yaşayacağam? Siz mənə heç vaxt qoymadınız ki…
– Yaşamaq? Başa düşmürəm, sən nəyi nəzərdə tutursan, mənim balam? Tanrı bizi öz yanına aparana qədər hamımız yaşayırıq. Nə işlə məşğul olduğundan asılı olmayaraq, sən də yaşayırsan.
– Hə. əlbəttə, Polli xala! Əlbəttə, məşğəllələrdəki vaxtda da nəfəs alacaq və hərəkət edəcəyəm. Amma bu o demək deyil ki, mən yaşayacağam. Məsələn, axı yatanda da nəfəs alıram, amma yaşamıram. Polli xala, “yaşamaq” deyəndə mən məhz istədiyimi eləməyi nəzərdə tuturam. Yəni, həyətdə oynamağı, özüm üçün oxumağı, qayalara dırmaşmağı, Nensi ilə, ya da bağda yaşlı cənab Tom ilə söhbət etməyi, yaxud da dünən keçdiyim gözəl küçələrdəki evlər və sairə barəsində hər şeyi öyrənməyi… Mən bunları “yaşamaq” adlandırıram, Polli xala. Təkcə nəfəs almağı yox.
***
Elə yaşamaq olar ki, borc hissi bizə sevinc gətirsin?
***
– Pollianna, onların elə gözəl adları var ki… Sənin də xoşuna gələcək. Qardaşımın adı Elcernondur, bacılarımın adları isə Florabel ilə Esteldir. Amma mən… Nensi adından zəhləm gedir!
– Bunu necə dilinə gətirə bilirsən? Axı Nensi sənin öz adındır. Onu sevməmək olar?
– Nə olsun ki, öz adımdır? Onlarınkı qədər gözəl deyil. Bilirsən, axı mən ailənin ilk övladıyam. Mən doğulanda anam hələ roman oxumağa başlamamışdı. Sonra isə kitabları oxuyanda bu gözəl adları tapmışdı.
***
– Missis Snouya qulaq assan, bu dünyada heç nə düzgün getmir. Hətta həftənin günləri də yerində deyil. Bazar ertəsi günü bazar gününün bitməsindən şikayətlənir, ona xaş aparsan, o dəqiqə deyəcək ki, könlünə toyuq əti düşüb, toyuğa da bişirəndə quzu şorbasından dəm vurur.
– Nə məzəli qadınmış. Nensi, bu sözlərdən sonra onu görməyi lap çox istəyirəm. Axı heç başqalarına oxşamır. Adamların başqalarına oxşamaması isə çox maraqlıdır!
***
Mənzərələrin divarlardan asılması əvəzinə, pəncərələrdən görünməsi daha yaxşıdır.
***
– Çünki yas mərasimində sevinməli bir şey yoxdur.
– Bizi dəfn eləmədiklərinə görə sevinə bilərik.
***
Bəzən həkimlərin də dirçəlmək üçün xəstələr kimi dərmana ehtiyacları olur.
***
İlk dövrlərdə Pollianna üçün məktəbin, yoxsa məktəb üçün Polliannanın gözlənilməz sürpriz olduğunu demək çətindir.
***
– Cənab Tom! Cənab Tom! Bilirsiniz nə olub? Min il də fikirləşsəniz ağlınıza gəlməz! Min ildə fikirləşsəniz!
– Onda fikirləşməyəcəyəm. Axı uzağı on ildən o yana keçmərəm. Yaxşısı budur, sən mənə de görüm, nə olub?
***
Sonra Polli xala bacısı qızına bir yazıq yaşlı ledi barəsində danışdı. Cəmi iki dişi qalsa da, qarı nənə sevinməyə səbəb tapmışdı: “Nə yaxşı ki, onlar bir-birinin yanındadırlar, dişləyə bilirəm!”
Tərcümə: Zeynəb Azadlı-Rüstəmli