Annotasiya
“İzabel üçün. Mandala” (italyanca “Per Isabel. Un mandala“) – dünya şöhrətli italyan yazıçısı Antonio Tabukkinin sonuncu əsəridir. Roman yazıçının ölümündən sonra çap olunub.
Əsərdə itkin düşən İzabel adlı qadın və onun axtarışına çıxan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayəsindən bəhs edilir. Sevdiyi qadını axtardığı müddət ərzində Tadeuş müxtəlif insanlarla rastlaşır, onların dilə gətirdikləri xatirələr sayəsində İzabeli müxtəlif bucaqlardan görmək imkanı əldə edir.
Karandaşın izi ilə
Əziz senyora… Bir nəfər çox, bir nəfər az həbs olunsun, nə fərqi? Penişi həbsxanası siyasi dustaqlarla doludur, bu ölkə yarıhəbsxanadır, əziz senyora.
***
Bu bağça maqnoliya qoxumur. Bu bağçadan işəmək iyi gəlir. Çünki bütün çinlilər ağacların gövdəsinə işəyirlər. Fəvvarənin yanında tikdiyimiz ayaqyoluna getməyə ərinirlər. Ona görə də bu bağçadan işəmək iyi gəlir.
***
– Kitablar yazdım. Budur mənim günahım.
– Yazdıqların əxlaqsız kitablardır?
– Necə yəni əxlaqsız? Əxlaqsız heç nə yox idi, yalnız reallığa qarşı bir qədər kinayə vardı.
– Ana Kilsəmizin qanununa görə kinayə də elə təkəbbür deməkdir və sən də təkəbbür günahına batmısan, ancaq bunu daha yaxşı açıqlamalısan.
***
Qanunlar sərhədlər itən zaman lazım olur.
***
– Oğulu necə sevmək mümkündürsə, mən onu eləcə sevirdim. Siz bilirsiniz, oğulu necə sevirlər?
– Təəssüflər olsun ki, heç vaxt uşağım olmayıb. Ancaq, bəlkə, bunu siz deyəsiniz…
– Canımızdan da artıq, özümüzdən qat-qat artıq… Övladları yalnız belə sevmək olar.
***
Niyə Yer deyilən bu planetdəki həyat mən anlamadığım tərzdə qurulub?
***
– Bilirsiniz, axtarmağın xeyri var.
– Razıyam, axtarmağın xeyri var. Vacib deyil, tapdın, ya tapmadın.
***
Bu bir anarxist tipoqrafiyası idi. Anarxistlərin son broşürlərini, salamat qalmış ucuz kitabçalarını, Pyetro Qorinin nitqlərini, italyan anarxizminin tarixini çap edirdi. Ancaq bəzən nikah dəvatnamələri də çap edirdi. Bilirsiniz, insan yaşamalıdır.
***
Uzaq keçmiş, yaxın keçmiş, indiki zaman, gələcək zaman, məni bağışlayın, ancaq mən zamanları tanımıram, zamanı tanımıram, mənim üçün hamısı eynidir.
***
– Yalnız bir şeyi yaxşı yadında saxla: məni yenidən tapan sən deyilsən. Səni yenidən tapan mənəm. Sən mənim üçün bir araşdırma apardığını düşünürsən. Ancaq sənin araşdırman yalnız özün üçün idi.
– Nə demək istəyirsən, İzabel?
– Demək istəyirəm ki, sən çəkdiyin vicdan əzablarından qurtulmaq istəyirdin. Sənin axtardığın mən deyildim. Özün idin. Özünə bəraət qazandırmaq üçün çıxmışdın bu axtarışa.
Tərcümə: Cəmşid Cəmşidov