Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Entoni Adin “Heç nədən”

Annotasiya

“Heç nədən” (ingiliscə “Out of Thin Air”) – 1974-cü ildə bu iki şəxs bir-biri ilə əlaqəsi olmayan naməlum hadisələr nəticəsində itkin düşür. Sonra altı nəfər şübhəli qatil və altı hökm meydana çıxır. Entoni Adin 45 il ərzində İslandiyanı təqib edən, qəribə uydurma əhvalata bənzəyən həqiqi cinayət hadisəsi barədə danışır. O, cinayət işinin təfərrüatları ilə yanaşı İslandiyanın füsunkar mənzərəsini də təsvir edir.

Kitabda ölkənin tarixi, landşaftı, qanunları, kütləvi informasiya vasitələri, daxili siyasəti və geosiyasi əhəmiyyəti geniş əksini tapıb. Əsərdə İkinci Dünya müharibəsi, “treska müharibələri”, “soyuq müharibə”, 2008-ci ilin qlobal iqtisadi böhranı və digər dövrlərdə İslandiyanın tam mənzərəsi yaradılır.

Yazıçı cinayət işinin təhqiqatı ilə yaxından tanışlıq imkanı əldə edəndən sonra səylə işləyib, yol verilən səhvləri və məhv olmuş həyatları üzə çıxarıb, cavabsız qalan sualları və hələ də dərc edilməkdə olan xəbər başlıqlarını araşdırıb.

“Heç nədən” ədalət məhkəməsinin nöqsanları barədə şok açıqlamadır, cəmiyyətin bir faciənin prizmasından görünən portretidir, bir cinayət hadisəsinin müəmmalarla dolu maraqlı hekayəsidir.

 

Karandaşın izi ilə

Əhvalat danışmaq və dinləmək həm də sağ qalmağın bir yolu idi.

***

Yəqin, İslandiya sənədli film çəkilişi üçün dünyanın ən rahat yerlərindən biridir. Elektron məlumat bazasında bütün İslandiya vətəndaşlarının, o cümlədən prezident və baş nazirin də telefon nömrəsi var.

***

Evdə çətinliklər var idi. Amma kənardan hər şey yaxşı görünürdü. Kiçik cəmiyyətlərdə həyat belədir. Heç kim işlərin qaydasında olmadığından xəbər tutmamalıdır.

***

Bəlkə də, dünya o qədər də fərqli deyildi, amma biz gənc idik.

***

Erlanın kabus və qorxulu yuxu arasında qoyduğu fərq maraqlı idi. Onun dediyinə görə, qorxulu yuxudan ayılırsan və bunun yuxu olduğunu anlayırsan, kabus isə yuxudan ayıldıqdan sonra da davam edir.

***

Müstəqilliyini əldə etmiş bir ölkə yadların deyil, özünün unikal tarix və mədəniyyətindən bəhrələnməlidir.

***

Birinə qarşı yalan ittiham irəli sürmək onu öldürməyə bərabərdir.

***

Çəmənləri, parkları və pivə barları olmayan bir ölkədə hovuz insanlar arasında ünsiyyət yaradan ictimai məkan sayılır. Yalnız həvəsi olanlar burada üzgüçülüklə məşğul olurlar, islandların əksəriyyəti isə bura işdən sonra dostları ilə görüşməyə, yad adamlarla siyasətdən danışmağa, isti vanna qəbul etməyə və sadəcə, uzanıb səmaya baxmağa gəlirlər. Bir-birini tanımayan adamlar böyük isti vannada birlikdə istirahət etməkdən zövq alırlar. Burada hamı bərabərdir, çünki heç kimin əynində statusundan xəbər verən paltar yoxdur. Siyasətçilər səs toplamaq və yaxud seçicilərin problemlərini dinləmək istəyəndə hovuza gəlirlər. Çimərlik paltarında yad adamla üz-üzə oturmaq, bəlkə də, yöndəmsiz görünür, amma burada bir həqiqət də var: utancaqlıqdan əsər-əlamət yoxdur. Əsas məsələ ünsiyyətdir.

***

Kiçik cəmiyyətdə səfilə çevrilməkdən böyük bədbəxtlik yoxdur.

***

Qanuna əsaslanmaq istəyən bir cəmiyyət hərəkətlərinin səhv olduğunu sübut edən səbəblər yarandıqda onları nəzərdən keçirməyə qadir olmalıdır.

***

1950-ci illərdə Harri Harlou meymunlar üzərində təcrübə aparıb. O, meymunları qaça bilməyəcəkləri xüsusi vertikal kameraya salıb və iki gün sonra heyvanların özlərinə zərər vurduğunu, təlaş içində vurnuxduğunu, qəfəs divarlarına çırpıldığını müşahidə edib. Onlar uzun müddət dərin narahatlıq keçirib. Harlou təcrübədə istifadə etdiyi kameranı “ümidsizlik dərəsi” adlandırıb.

***

1951-ci ildə Monreal MakGill Universitetinin psixoloqu Donald O.Hebb yeknəsəq mühitin insanlara təsirini təhlil edib. O, kollec tələbələri üzərində müşahidə aparıb. Rahat yatağa uzanmış tələbələrin üzlərinə görməyə mane olan plastik maskalar taxıb, hərəkətlərini məhdudlaşdırmaq üçün qollarına uzun torbalar, əllərinə əlcəklər keçirib. Divar arxasından gələn ən zəif səs belə onları narahat etməsin deyə başları altına təyyarələrdə istifadə olunan U-şəkilli balış qoyub. Gün ərzində yalnız nahar gətirildiyi və yaxud tualetə getdikləri zaman başqa biri ilə ünsiyyətdə olublar. Başlanğıcda təcrübə obyektləri vaxtlarını təcrübə, dərslər, şəxsi problemlər haqqında düşünərək keçiriblər. Bəziləri diqqəti dağılana qədər sayıb. Digərləri ağıllarını öz axarına buraxıblar. Sonralar onlardan bir çoxu etiraf edirdi ki, fikirləşməkdən qaçmaq istəyiblər. Bir neçə gün sonra, demək olar ki, tələbələrin hamısında hallüsinasiyalar başlayıb. … Təcrübəni altı həftə davam etdirmək planlaşdırılmışdı, amma tələbələrdən heç biri yeddi gündən çox dözməmişdi.

***

Etiraf yüngülləşmək, ruhun qaranlıqlarını üzə çıxarmaq deməkdir, qəlbə ağırlıq verən bir sirrin ifşasıdır. Əgər insanların özləri haqqında iddialarının doğruluğunu göstərən bir qrafik olsaydı, o zaman bir tərəfdə maddi sərvəd və ya seksual məharət haqqında ağlasığmaz təriflər, digər tərəfdə isə etiraflar durardı və yəqin, qrafikin daha tündrəngli hissəsi etiraflara aid olardı.

***

Yaddaş etibarsızlığının mərkəzində əsas detal – xatırlamamaq durur. Tutaq ki, dostunuz sizə ötən il restorana getməyinizdən danışır, amma siz heç nə xatırlamırsınız. Əvvəlcə siz onun səhv etdiyini düşünürsünüz. Amma o sizə kran suyu verməkdən imtina edən kobud süfrəçini xatırladanda qəflətən xatirələriniz oyanır. Süfrəçinin üzünü, sifariş verdiyiniz yeməkləri və oturduğunuz otağı xatırlayırsınız. Harvard Universitetində psixologiya professoru Deniel L.Şakter yazır ki, zəngin və ətraflı vizual təsəvvür “həqiqi xatirələrin mental əlamətidir”, yaddaşımızda inamı yaradan da budur. Əgər siz “Həqiqətən də, mən evdəydim və televizorda “Highland Games” proqramını seyr edirdim” demək iqtidarında deyilsinizsə, o zaman xatırlamadığınız bir hadisəni inkar etməyə də gücünüz yetmir. İnandırıcı alibi yaratmaq üçün nə vaxtsa xatırlayacağınızı gözləmədiyiniz bir gecənin maraqlı detalını yadda saxlamalısınız.

***

Anonimliyin mümkün olmadığı bir ölkədə nüfuz hər şeydir.

 

Tərcümə: Zümrüd Hüseynova

Qiymətləndirin

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram