Annotasiya
“Miras və vəsiyyatnamə” (norveçcə “Arv og miljø“) – İyirmi ildən sonra atası öldüyü üçün Berqlot yenidən ailəsi ilə görüşməli olur. Üç bacı və bir qardaş vəsiyyətnaməyə görə bir masa ətrafında toplaşırlar. Onlar mirasın ədalətsiz bölündüyünü hesab edirlər. Lakin münaqişə göründüyündən daha dərindir. Niyə ata kiçik övladlarına daha çox pay qoyub, böyükləri isə demək olar mirasdan məhrum edib? Berqlot və qardaşının günahı nədir?
Viqdis Hyortun bu romanı müasir Norveç ədəbiyyatında yeni bir hadisə sayılır. Əsərdəki Skandinaviya ab-havası oxucunu valeh edir, amansız süjeti isə şoka salır. Yazıçı böyük cəsarət tələb edən, çoxlarının üstündən sükutla keçdiyi bir mövzuya – ailədaxili zorakılıq mövzusuna toxunub.
Karandaşın izi ilə
Bu dünyada heç kəs öz həyatını yenidən yaşaya bilməz, heç kəs də verdiyi qərarları təkrar etmək gücünə malik deyil.
***
Hər birimiz istəyirik ki, atamız bizi görsün, varlığımızı hiss etsin, bütün məsələlər bundan ibarətdir. … Bəli, ata tərəfindən sevilmək, daha çox diqqət tələb etmək oğul üçün ən vacib şeydir.
***
Axı gecə vaxtı yazılan məktublar özündə doğrunu daha çox ehtiva edir. Mən bu gün həm də onu bildim ki, həqiqəti demək heç də həmişə lazım deyil, onu deməklə həm də özümü cəzalandıra bilərəm.
***
Hər şey öz yerini tutur. Baş verən heç bir şey həyatda izsiz qalmır…
***
Həyatda elə münaqişələr, problemlər var ki, həll oluna bilmir, insanın həyatının sonuna kimi onu tərk etmir. Elə şeylər var ki, insan onu danışa bilmir, ürəyi qan ağlasa da, açıb-ağartmır, müzakirəyə çıxarmır.
***
Freyd yazır ki, bəzən insanın özünü gücsüz və aciz hiss etməsi tam təbii bir prosesdir. Ancaq heç də hamı gücsüzlüyünü, acizliyini, köməyə ehtiyacı olduğunu açıb-ağarda bilmir, özündə o gücü tapmır. İnsan hər zaman özünü hər bir işin, çağırışın öhdəsindən gələ biləcək qədər qüdrətli sayır, əksi olduqda isə bunu qəbul etmək istəmir. Həyatın hansısa mərhələsində köməyə ehtiyac duymaq ağrılı bir prosesə çevrilir.
***
Nəyisə itirmək insanı öz qüvvələrini daha tez səfərbər etməyə məcbur edir. Pulsuzluq, çətin, çıxılmaz vəziyyət də insanı bacarıqlı, qabiliyyətli edir. Təzyiq altında olmaq, özünü alçalmış saymaq da insanın qabiliyyətini artırır. Adam gərək bunları unutmasın. Hətta bəxti gətirib işləri yağ kimi getsə də, keçmiş uğursuzluqları, itkiləri yaddan çıxartmaq olmaz!
***
İnsan övladının ən ümdə vəzifəsi yaşamağı öyrənməkdir.
***
Onu həm sadəlövh, həm də təcrübəsiz olduğuna görə günahsız saymaq olardı. Kişilərin də çoxu elə təcrübəsiz, sadəlövh qadınlara üstünlük verir, onlara vurulur. Uşaq düşüncəli, sadə qadınlar daha tez ələ alına bilir, ram edilir. Belə qadınlar, adətən, ərlərinə heyran olurlar, sədaqətli olurlar, ərlərindən asılı olurlar, onlara istehzayla yanaşmırlar, cavab qaytarmırlar. Anam uşaq kimi təcrübəsiz idi və elə uşaq kimi qalmağa da üstünlük vermişdi. Əksinə, böyüməyi, yetkinləşməyi seçsəydi, bu zaman həqiqət qarşısıalınmaz olardı. Anam əksər kişilərin arzuladığı bir qadın obrazı idi.
***
Axı müharibələr tarixi də göstərir ki, keçmişə laqeyd qalmaq, onu palazın altına dürtmək, münaqişələrin səbəblərini unutmaq olmaz. Keçmişini unutmaq əslində gələcəyini unutmaq deməkdir. Bütün tarix, yaşananlar masa üstünə qoyulmalı və dərk edilməlidir.
***
Atam kartı çevirdi, bu, məhz qara ürək idi, elə sevindim ki! Atamdan mənə miras qalacaq qara ürək!
***
Larous Mementoya görə, valideynlərimizdən biri öləndə onun acısı canımızdan düz on səkkiz ay çıxmır. Amma Roland Bartez “Kədərin gündəliyi” əsərində bu faktı təkzib edərək yazır ki, zaman kədər qarşısında acizdir. O, acını kədəri bizə unutduracaq qədər güclü deyil. Kədər bitmir! Bartesə görə, zaman kədəri yuyub aparmır, o, kədərdən heç də güclü deyil. Zaman sadəcə kədəri, acını qismən azalda bilir.
***
Tove Ditlevsenin şeirində balaca bir qızcığaz toxunulması qadağan edilən böyük, bahalı güldana toxunur. Bu güldan əsl incəsənət əsəri idi. Buna icazə verilməsə də, qız bu qadağaya qarşı çıxmaq istəyir. Axır ki, qız güldanı qaldırır və onun üçün sonsuzluğa bərabər olan bir neçə saniyə ərzində bu incəsənət əsərini əlində saxlayır. Güldan böyük və ağır, qız isə balaca və zəifdir. İndi onun əlindən alıb sındırmaq çox böyük fəlakət olardı. O, bu anda bir səs eşidir: – İndi özünlə baş-başasan, nə istəsən edə bilərsən! – Qız bu zaman güldanı əlindən buraxır və dünya vahiməli və dəhşətli bir məkana çevrilir, döşəmə isə minlərlə qırıntıyla örtülür. Bu qırıqlar daha heç vaxt əvvəlki kimi bütöv və gözəl ola bilməz. Bunu görən gözəl mələklər ağlamağa başlayırlar. Bəlkə, elə dünya əvvəldən sevincdən uzaq, vahiməli bir məkan olub? Amma qızcığaz bunu başa düşmək üçün mütləq güldanı sındırmalıydımı?
***
Amma heç təsəvvürümə də gətirə bilməzdim ki, bir ömrün yalanları insan həyatının dərinliklərinə bu qədər nüfuz edə bilər. Təsəvvürümə də gətirə bilməzdim ki, siz bir insanın həyatını alt-üst etmiş hadisənin açılmaması, kiminsə uydurduğu yalanın tarixə elə belə də gömülməsi, üstünün açılmaması üçün ciddi-cəhdlə mübarizə apara bilərsiniz.
***
Filosof Arne Yohan Vetlesen demişdi ki, zəiflik, barışıq müharibələrdən sonra cəlladdan da, qurbandan da eyni dərəcədə çox güc tələb edir.
***
Vudi Allenin “Ərlər və arvadlar” tamaşasına baxanda Bo mənə dedi: – Fikir verirsən, onun yazdığı əksər əsərlərdə, xüsusən də Mia Farrounun baş rolda oynadığı əsərlərdə, qadınlar guya ki, ətraflarındakı insanlara münasibətdə son dərəcə qayğıkeş, həlim və humanist təsvir olunurlar. Vudi Alenin bir çox əsərində qadınlar barışıq tərəfdarı, münaqişələri çözməyə çalışan insan kimi tamaşaçı qarşısına çıxır. Onlar heç zaman ucadan danışmırlar, başqaları səslərini başına atıb hirsindən dəli olmaq həddinə çatanda da təmkinli davranır, qarşısındakını da özünü ələ almağa və sakitliyə çağırırlar. Belə bir fikir yaranır ki, bu qadınlar özləri haqqında deyil, başqaları, yaxınları, doğmaları haqqında düşünürlər. Belə qadınlara qarşı çıxmaq və onlarla razılaşmamaq mümkün deyil. Axı onlar kənardan mehriban, nəzakətli, səbirli, sülhsevər insan təsiri bağışlayırlar. Belə qadınlar, həm də, bir qayda olaraq, öz məqsədlərinə çata bilirlər. Arzularına, istəklərinə isə müxtəlif yollarla çatırlar. Bu yazıçının fikrincə, belə qadınlarda qayğıkeşlik pərdəsi altında efefktiv məqsədyönlülük, qadın hökmranlığı gizlənir.
***
Axı hədiyyətlər bir tərəfdən nemətdirsə, digər tərəfdən də lənətdir.
***
Sibile Bedfor əsərlərindən birində yazır ki, biz cavanlığımızda həyatın mənasını tam başa düşmürük, qısa müddətda daha çox şey əldə etməyə çalışırıq, həyatımızın bu hissəsinə sınaq kimi baxırıq. Hesab edirik ki, bu, növbəti, daha ciddi mərhələyə keçid ərəfəsində bizə yaradılmış sınaqdır. Bir gün də ayılıb görürük ki, bu sınaq deyilmiş, cavanlıq da bir mərhələ, həyatın əsas hissələrindən biriymiş. Tamaşanın özü elə cavanlıq imiş.
***
Ağrı-acı adamı nəzakətli etmir. O, insanı daha da yaramazlaşdırır. Həyat haqqında ən pis mübahisələr, əlbəttə, uşaqlar arasında edilən və ya uşaqcasına edilən mübahisələrdir. Bir qayda olaraq, insanın daxilində yığılmış kin-küdurət insanı mənən şikəst edir, hisslərini korlaşdırır. Təzyiqə məruz qalan insan əlinə imkan düşən kimi başqa birisini təzyiqə məruz qoyur və bundan ləzzət alır. Acı çəkən həm özü bu acıyla yaşayır, yanır, həm də çox zaman başqasını yandırmağa çalışır.
***
Ən çətin vəziyyət münaqişə tərəflərindən birinə yox, hər ikisinə simpatiya bəslənəndə yaşanır. Ən böyük çətinlik münaqişə tərəflərinin hər ikisinin özünü qurban kimi qələmə verdiyi an başlayır.
***
Təəccüblü deyil ki, bəşər övladının maarifpərvər, ziyalı, mədəni təbəqəsi müharibənin yaratdığı reallığı başa düşür və ona qarşı çıxır. Bəzi insanlar öz güclərini şişirdi və uydurduqları miflərə daha çox inanırlar. Bu zaman rəqiblər alçaldılır və əslində olduqlarından daha zəif təsəvvür edilirlər.
***
Yadımdadır, biz evdə dalaşanda anam deyərdi: – Siz dörd uşaq evdə bir-birinizlə dil tapa bilmirsiniz. Elə ona görə Yer kürəsini müharibələr bürüyüb.
***
Təkcə bizim yada salmaqdan vaz keçməyimizlə və ya unutmağa çalışmağımızla bu xoşagəlməz hadisələr tarixin yaddaşından silinirmi? Əksinə, belə hadisə və əhvalatlar onları unutmağa çalışdıqca, tarixin yaddaşına gömməyə cəhd etdikcə daha da aktuallaşır, bizi daha çox incidir, qəlbimizdə daha dərin izlər buraxır. Onsuz da onlar həyatın müəyyən mərhələsində hansısa yolla üzə çıxır və mütləq canımızı acıdır, günümüzü göy əskiyə düyünləyir. Məgər inkar etmək, rədd etmək, görməzdən gəlməklə insan fəlakətləri, tarixi, ağrını azalda, unuda bilərmi?
***
Hesab edirəm ki, insan həyatı romana bənzəyir, kitabın səhifələri bir-bir geridə qaldıqca, hətta əsərin özü həddən artıq darıxdırıcı olsa belə, hadisələrin nə ilə bitəcəyini gözləyirik. İnsan da belədir. Maraqlı və ya darıxdırıcı olmağından asılı olmayaraq uzun müddət təmasda olduğun insanın sonrakı taleyi, başına gələnlər adamda maraq oyadır.
***
Axı həmişə ölülərin sözləri daha ağır və daha inandırıcı olur. Həm də adamın ölülərə dirilərdən daha çox yazığı gəlir.
***
Mənim varlığım nəyinsə yaşaması, həyatla mücadiləsiydi. Bu isə məsuliyyət demək idi. Deməli, mənim yaşamağım, nəfəs alıb-verməyim tək mənə lazım deyilmiş.
***
Niyyətini bildiyin adamla münasibət qurmaq asandır. Lakin niyyətləri bəlli olmayan, qeyri-səmimi, olduqları kimi görünməyən insanlrla münasibət qurmaq, hərəkətlərini proqnozlaşdırmaq çətin olur. Mindilli, gündə bir cildə girən, danışığıyla əməlləri üst-üstə düşməyən insanlar daha təhlükəli olur.
***
Yaşantılarımızla heç nə olmamış kimi davranmaq, onu keçmişdə qoyub nikbin-nikbin irəli boylanmaq heç də asan deyil.
***
Xəyanət edən gəlir, əməllərini etiraf edir, göz yaşlarında boğulur, peşman olduğunu dönə-dönə vurğulayır və bağışlanmasını istəyir. Xəyanətə məruz qalan isə soyuqqanlı şəkildə, halını belə pozmadan kənara çəkilir və bir zamanlar ona xəyanət etmiş adamın hönkürtüsünə, etiraflarına baxır. O, nə yalvarışları qəbul edir, nə də ki, xəyanət edəni bağışlamır.
Tərcümə: Anar Rəhimov