Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Ço Nam Ju “1982 təvəllüdlü Kim Ci Yon”

Annotasiya

“1982 təvəllüdlü Kim Ci Yon”(Koreyaca: 82년생 김지영) televiziya proqramlarının keçmiş ssenari müəllifi Ço Nam Junun iki ay ərzində yazıb bitirdiyi və 2016-cı ildə “Minumsu” nəşriyyatı tərəfindən nəşr olunan romanıdır.

Süjet xətti övladı dünyaya gəldiyi üçün iş yerindən ayrılmalı olan və depressiyadan əziyyət çəkən evdar qadının üzərində qurulub. Burada baş qəhrəmanın demək olar hər gün üzləşdiyi seksist davranışa xüsusi diqqət ayırılır.

Roman orta statistik Cənubi Koreya qadınının – Kim Ci Yonun gündəlik həyatından, onun ailə hekayəsindən, doğulmasından, böyüməsindən və yetkinlik dövründən bəhs edir. Kitabda qəhrəmanın problemləri ilə yanaşı, onun tanıdığı başqa qadınların həyat təcrübəsi, hər addımda üzləşdikləri ayrıseçkilik, ictimai təzyiq və onların bunlarla bağlı düşüncələri, reaksiyaları təsvir edilir.

Karandaşın izi ilə

Nədənsə quru süd ona yaman dadlı və şirin gəlirdi. Anası süd tozunu su ilə qarışdıranda Ci Yon yanında oturar, barmağını ağzında yaşlayıb döşəməyə səpələnmiş toza yapışdırar, sonra ləzzətlə sorardı.

***

Öyünlərdə suda qaynadılmış düyüdən adətən əvvəlcə ataya, sonra qardaşa, sonra nənəyə pay çəkilərdi. … Ən gözəl, ən dadlı yeməkləri qardaşına saxlayardılar. … Qardaşın çapstikləri, corabları və uzun şalvarı vardı, olmalı idi, bacıların isə olmasa da, olardı. Əgər evdə iki çətir varsa, birini qardaş, o birini isə ikisi götürərdi. İki yorğan varsa, biri qardaşa verilər, o birini isə qızlar öz aralarında bölüşərdilər. Əgər iki dənə yeməli şey olardısa, yenə də eyni bölgü təkrarlanardı.

***

Belə bir zəmanədə dörd oğlanı böyütmək üçün adamda gərək sarsılmaz əzmkarlıq və iradə olsun. Babaları, yəni atasının atası isə ağappaq, yumşaq, zərif əllərini ağdan-qaraya vurmazmış. Ömrü boyu bircə dəfə də əli torpağa dəyməyib. O, ailəsinə baxmağı nə bacarıb, nə də bunu istəyib. Nənələri isə buna adi hal kimi baxırdı. Ərini ləyaqətli kişi sayırdı, axı ona əl qaldırmır, xəyanət etmirdi.

***

Ci Yonun bacısı Yun Yon doğulanda anası körpəni qucaqlamış, başını yerə dikib ağlamışdı.

– Bağışla, ana, – qayınanasından üzr istəmişdi.

O da gəlininə təskinlik vermişdi:

– Eybi yox, mən incimirəm. İkincisi oğlan olar.

***

***

– Əgər üçüncü də qız olsa, neyləyəcəyik? Sən nə edəcəksən?

Gözləyirdi ki, əri “Belə danışma”, “Qız da övladdır, əlimizdən gələni edərik”, “Oğlan, ya qız, nə fərqi var?!” deyəcək, amma o, kəlmə də kəsmədi.

– De görüm! Neyləyəcəksən? – israrla soruşdu.

Əri axır ki, üzünü divara çevirdi:

– Gecə vaxtı bəd-bəd danışma. Di yat.

***

Tozlu havada işləməkdən bəzi qızlar ağciyər xəstəliklərinə tutulurdu. Yuxuqaçıran həblər atıb üz-gözləri saralmış halda gecə-gündüz işləyirdilər. Aldıqları cüzi maaşı qardaşlarının təhsil xərclərini ödəmək üçün evə göndərirdilər. Oğlan uşağı evin dayağıdır – bütün ailənin müvəffəqiyyəti və xoşbəxtliyi bu fikirdə öz əksini tapırdı. Bu düşüncəyə görə, qızlar könüllü olaraq özlərini qardaşlarına qurban verməli idilər.

***

Bir gün anası ibtidai sinifdə oxuyan Ci Yonun gündəliyində sinif rəhbərinin xəbərdarlığını oxudu, bir qədər susub dedi: “Mən də bir vaxtlar müəllim olmaq istəyirdim”. Ci Yon elə bilirdi ki, ana ancaq ana ola bilər.

***

Qızların daha yaxşı oxuduqlarını, daha sakit və məsuliyyətli olduqlarını bütün uşaqlar bilirdilər, ancaq nədənsə həmişə sinif nümayəndəsi oğlanlardan seçilirdi. Bu qayda təkcə Ci Yonun sinfinə aid deyildi. O illərdə sinif nümayəndəsinin oğlanın olması adi hal idi. Daha sonra Ci Yon orta məktəbdə oxuyanda anası qəzetdə bir xəbər oxumuş və təəccüblənmişdi: – Yazır ki, ibtidai siniflərdə sinif nümayəndəsinin qızlardan seçilməsi halları artıb. Təqribən qırx faizdən çox. Bəlkə də, sənlə Yun Yon böyüyəndə Koreyada prezidentin qadın olacağını da görərsiniz.

***

– Baxın, Seul burdadır. Xəritədə bapbalaca nöqtədir. Nöqtə. Biz burada yaşayırıq, çıqqılı nöqtənin içində. Heç vaxt heç hara getməsəniz də, bilin ki, dünya necə böyükdür.

***

Axşam atası Ci Yonu bərk-bərk danladı: “Niyə hazırlıq kursu uzaqdadır?” “Niyə yad adamlarla danışırsan?” “Niyə qısa yubka geyinirsən?” “Ci Yon, diqqətli ol”, “Abırlı geyin”, “Ağıllı ol”, “Gərək təhlükəli yerlərdən, təhlükəli vaxtlardan, təhlükəli insanlardan uzaq durasan. Əgər görməmisənsə, görüb qaçmamısansa, demək, səhv səndədir”.

***

– Müəllim olmaq istəmirəm.

– Gələcəyini düşün. Qadın üçün müəllimlikdən yaxşı peşə yoxdur.

– Müəllimliyin nəyi yaxşıdır?

– İşdən evə tez gəlirsən. Tətilin var. Asanlıqla məzuniyyət götürürsən. İşləmək istəyən ana üçün bundan yaxşı peşə harda var?!

– Hə, hə. İşləyən ana üçün əla peşədir. Onda təkcə qadın üçün yox, hamı üçün yaxşı peşədir də. Sənin təkcə qız övladın var? Oğluna da belə deyəcəksən? Yoxsa, onu da pedaqojiyə göndərmək istəyirsən?

***

Kim Ci Yon ABŞ, Yaponiya və Çin kimi tanış ölkələrin üstünə, Yun Yon isə Danimarka, İsveç və Finlandiya kimi Şimali Avropa ölkələrinin üstünə ürək yapışdırmışdı. Yun Yondan soruşanda ki, niyə oranı seçib. O da koreyalıların həmin ölkələrdə az olduğunu demişdi.

***

– Sizə neçə dəfə deyərlər? Bu, qadınlar üçün həddindən artıq ağır işdir. Sizin sadəcə dərnəkdə olmağınız bizə güc-qüvvət olur.

– Mən bura kiməsə güc-qüvvət olmağa gəlməmişəm. Gücün yoxdursa, dərman qəbul elə.

***

Gülməlidir, elə deyil? Əvvəlcə ağıllı qadınların yük olduğunu deyirlər. Tamamilə öz gücü ilə, fakültədən heç bir dəstək almadan hüquqa girəndə də afişalar asıb şeypur çalırlar! “Məzunumuz! Fəxrimiz!”

***

Biznesmenin məqsədi qazancdır, minimum xərclə mümkün qədər çox gəlir əldə etmək istədiyi üçün onu da qınamaq olmazdı. Bəs qısamüddətli effektivlik və rasionallığa üstünlük vermək nə qədər düzgündür? Ümumiyyətlə, dünyada düzgün olan nə qalıb? Bu dünyanın sakini olan bizlər nə vaxtsa xoşbəxt ola biləcəyik?

***

Birdən Day Hunun anası Kim Ci Yonun ünvanına təriflər yağdırmağa başladı, halbuki onu iki dəfə görmüşdü. “O qədər təvazökar, mehriban və diqqətlidir ki… Qəhvə içmədiyimi yadında saxlayıb, özü ilə bitki çayı gətirib. Səsimdən soyuqladığımı hiss edib”. Əslində, Ci Yon çayı univermaqda satıcının tövsiyəsi ilə münasib qiymətə almışdı. Soyuqlamağa gəlincə isə, fəsil dəyişəndə çox adamın xəstələndiyini demişdi, səsinin dəyişdiyini heç bilmirdi də. Hər hansı məqsəd güdmədən elədiyi hərəkətlərin müxtəlif cür yozulduğunu görən Ci Yon gərginləşdi.

***

Qanun və institutlar insan dəyərlərini dəyişdirir, yoxsa, əksinə, dəyərlər qanun və institutların dəyişməsinə səbəb olur?

***

Söhbətin əsas mövzusu “Ci Yondan yaxşı xəbər varmı, yoxdursa, səbəbi nədir, hamilə qalmaq üçün neyləyir?” sualları ətrafında dövr edirdi. Ci Yon hələlik uşaq barədə düşünmədiklərini desə də, böyüklər onun hamilə qala bilmədiyi qənaətinə gəldilər və beləcə istintaq davam elədi. “Yaşı ötüb, çox arıqdır, əlləri soyuqdur – yəqin, qan dövriyyəsi yaxşı deyil, çənəsində sızanağın olması uşaqlığının sağlam keçməməsinin əlamətidir…” Axırda bu nəticəyə gəldilər ki, problem qeyd-şərtsiz Ci Yondadır.

***

– Yaxşı, düz deyirsən, ancaq təkcə məhrum olacağın şeyləri fikirləşmə, əldə edəcəyin şeyləri də düşün. Valideynliyin nə qədər əhəmiyyətli və həyəcanlı bir şey olduğunu düşün. Ən pis halda, uşağa baxası adam tapa bilməsək və sən də işdən çıxası olsan, narahat olma, mən hamımızı dolandıraram. Səndən pul qazanmağını istəməyəcəm.

– Bəs sən nədən imtina edəcəksən, oppa?

– Yəni?

– Mənə deyirsən ki, itirəcəyin şeyləri düşünmə. Mən uşaq doğmaqla gəncliyimi, sağlamlığımı, işimi, iş yoldaşlarımı, əlaqələrimi, karyera planlarımı və gələcəyimi itirə bilərəm. Ona görə tez-tez özümdən asılı olmayaraq, itirəcəyim şeylər haqqında düşünürəm, narahat oluram. Bəs sən, uşağa görə, sən özünü nələrdən məhrum edəcəksən?

– Mən? Hə… Mən… Mənim üçün də çox şey dəyişəcək. Dostlarımı artıq tez-tez görə bilməyəcəm, çünki evə erkən gəlməli olacağam. Yeməkli iş toplantılarına getdiyimə və işdən gec çıxdığıma görə xəcalət çəkəcəyəm. İşdən yorğun-arğın gəlib evdə sənə kömək etmək asan olmayacaq. Üstəlik, bilirsən, artıq mənim həyat yoldaşımla yanaşı bir də körpəm olacaq. Ailə başçısı olacağam! Ailəyə baxmaq böyük məsuliyyətdir. Ci Yon bu sözlərə emosional reaksiya verməmək üçün özünü güclə saxladı. Öz həyatının hansı istiqamətdə dəyişəcəyi məchul qalsa da, ona nisbətən ərinin saydıqları xırda şeylər kimi görünürdü.

– Haqlısan. Övlad böyütmək sənə də asan olmayacaq. Ancaq, bilirsən, mən sən məndən pul tələb edirsən deyə işləmirəm. İşin özündən, pul qazanmaqdan xoşum gəldiyi üçün işləyirəm.

***

– Mən yanındayam, həmişə köməyə hazıram.

– Daha bəsdir! “Kömək edəcəyəm” deməkdən yorulmadın! Ev işlərində “kömək” edirsən. Uşağa baxmağa “kömək” edirsən. Mənə iş tapmağa “kömək” edirsən. Məgər bu sənin evin deyil? Evin işinin sənə aidiyyatı yoxdur? Uşaq sənin uşağın deyil? Mən işləsəydim, pulumu ancaq özümə xərcləyəcəkdim? Niyə elə hey “kömək, kömək” deyirsən? Nə minnət qoyursan? Məgər başqasının işini görürsən?

***

– Keçmişdə arvadlar paltarları taxtalarda döyəcləyir, ocaqda qaynadırdılar. Yeri süpürüb silirdilər. Onların nə paltaryuyanı, nə də tozsoranı vardı. Ah, bu müasir qadınlar! Siz nədən şikayət edirsininz?

Axı çirkli paltar özü gəlib maşına girmmir, su özü dolmur, yuyucu toz özü tökülmür, yuyulduqdan sonra özü paltaryuyandan çıxaraq zivəyə sərilmir. Tozsoran yaş və quru bezlə təkbaşına döşəmədə gəzmir, yeri özü silmir. Kirlənmiş döşəmə əsgisini özü yuyub asmır! Ömründə heç paltaryuyan, ya da tozsoran görüb, görəsən, bu həkim?

“Keçmişdə həkimlər bir kartoçka tapmaq üçün uzun müddət şkaflarda eşələnirdilər, qeydlər aparır, resepti əllə yazırdılar. İndiki zamanda həkimlərin nə çətinliyi var ki? Keçmişdə ofis işçiləri müdirə imzalatmaq üçün əllərində kağızlarla o yan-bu yana qaçırdılar. İndiki zamanda ofis işçilərinin nə çətinliy var ki? Keçmişdə əkinçilər toxumu əlləri ilə əkib sünbülü oraqla yığırdılar. İndiki zamanda əkinçilərin nə çətinliyi var ki? Axı buna görə kimsə onları qınamır. Fiziki əməyin tətbiqini azaltmaq üçün hər sahədə texnologiya inkişaf edib. Lakin insanlar, nədənsə, eyni şeyin ev işlərinə də aid olduğunu qəbul etmək istəmirlər. Ci Yon evdar qadın olandan sonra ev işləri haqda fikirlərin ziddiyyətli olduğunu gördü. Bəziləri bunu “bekarçılıq” deyə kiçildir, bəziləri isə “həyatın mənası” deyib ucaldır, lakin heç kim onun maddi dəyərini təyin etməyə çalışmır. Çünki bir şeyin maddi dəyəri ölçülərsə, demək, onu kimsə ödəməli olacaq.

***

Əslində, statistikaya görə, evdə iki yaşına qədər uşağa baxan ana özünə sutkada dörd saat on dəqiqə, o yaşda uşağını körpələr evinə göndərən ana isə dörd saat iyirmi beş dəqiqə vaxt ayıra bilir ki, bu da aralarında cəmi on beş dəqiqə fərq olduğunu göstərir. Bu o deməkdir ki, uşaq körpələr evində olsa belə, ana dincələ bilməz. Yeganə fərq ondadır ki, birində ev işlərini uşaqla, o birində tək görür.

 

Tərcümə: Cavid Həsənov

3 (60%) 3 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram