Annotasiya
“İnci xanım” (yaponca “Shinju Fujin 真珠夫人“) – tanınmış yapon yazıçısı Kikuçi Kanın (1881-1948) ən məşhur romanlarından biridir. Yazıçı XX əsrin başlanğıcında yapon cəmiyyətinə cəsarətlə meydan oxuyan qadın obrazı yarada bilib. Yapon ədəbiyyatında cinsi bərabərsizlik mövzusuna müraciət edən ilk ədib Kikuçi olmasa da, onun yaratdığı obraz daha iradəli və intellektual alınıb.
Əsrlər boyu formalaşmış adət-ənəyə əsasən, qadın evin təsərrüfat işlərini idarə etməli və uşaqları böyütməlidir. Onun davranışı isə sərt əxlaq normaları ilə tənzimlənir. Bu, xüsusilə Şərqi Asiya ölkələrində, o cümlədən Yaponiyada daha aydın görünür. “İnci xanım” romanının süjeti də məhz ona görə təəccüb doğurur ki, əsərin qəhrəmanı özünə və bütün cəmiyyətə qadının daha çox şeyə qadir olduğunu sübut etmək istəyir. Çətin vəziyyətə düşən xanım Ruriko taleyin mərhəmətinə təslim olmur, onunla döyüşə atılır, bütün gözəlliyini, hiyləgərliyini, cazibədarlığını işə salır, azadlığı və hüquqları uğrunda mübarizə aparır.
Karandaşın izi ilə
Kimsə demişdi ki, dəqiq yadımda deyil kim, istədiyin kimi yaşamaq eqoizm deyil, eqoizm başqasına yaşamağı öyrətməkdir.
***
Bütün həyatını həsr etdiyin iş boş bir illüziyaya çevrilir. İnsan mənəviyyatını heç bir şey bunun qədər korlaya bilməz.
***
– Bəs siz qadın qəhrəman haqqında nə düşünürsünüz?
– Sözsüz, onu çox xoşlayıram. Məncə, sevgilini öldürmək, sevgilin vəfasız olsa belə, zorakılıq, özbaşınalıqdan başqa bir şey deyil. Kişi üçün gah bir qadını, gah başqa bir qadını sevmək təbii hal hesab edilir, ancaq qadın belə hərəkət edəndə, onu dərhal qınayırlar və mühakimə etməyə başlayırlar. Ona görə Karmeni öldürən Xose məndə böyük bir qəzəb oyadır.
***
Bundan sonra Sinyitiro ortaq dil tapdıqlarını hiss etdi. İnsanları sənət və ədəbiyyat söhbətləri qədər yaxınlaşdıran başqa bir şey yoxdur. Bu insanlar bir-birlərinə yad olsalar belə.
***
Vicdan?! Bu, kasıbların malıdır, hətta bunu pulla varlılara satmağa çalışırlar! Dəfələrlə olub ki, bu malı almışam. Təəssüf ki, özümdə belə bir mal yoxdur! Yadınızdadırsa sizə bir dəfə demişdim ki, pulun varsa, vicdansız da yaxşıcana yaşamaq mümkündür. Vicdan kompas kimi bir şeydir. Yelkənli gəminin və ya beş yüz, maksimum min tonluq gəminin ona ehtiyacı var. Ancaq otuz-qırx min tonluq hərbi gəmilər kompassız da işinin öhdəsindən yaxşı gəlir. Deməli, mən hərbi gəmiyəm və kompasa ehtiyacım yoxdur.
***
Kişi qadınla məzələnə bilər, qadın isə yox! Bu cür paradoksal əxlaq qaydası, sırf kişi qaydası ilə ölüm-dirim mübarizəsi aparmaq qərarına gəlmişəm. Dövlət də bu dəhşətli qaydanın tərəfindədir! Hətta qanunla mühafizə olunan kişinin qadınları təhqir edə bildiyi xüsusi evlər var. Müasir mütəfəkkirlər, bəşəriyyətin ideoloqları isə sakitcə oturub baxırlar. Ancaq qadından dürüst və təvazökar olması, kişiyə hörmət etməsi tələb olunur. Bu tələblərdə yalnız və yalnız özbaşınalıq, kobud kişi eqoizmi görürəm.
***
Kişilərə lağ etmək! Qadınların kişilərlə oynamasının bu qədər təhlükəli olduğunu düşünürsünüz? Buna görə kişiləri kobud eqoist hesab edirəm. Əgər əsl kişi qəzəbinin onun hissləri ilə oynayan qadınları yer üzündən silməli olduğunu fikirləşirsinizsə, onda müasir kişilərin əksəriyyəti əsl qadın qəzəbi ilə yer üzündən silinməyə layiqdir! Safqəlbli arvadınınızın qabağında utanmırsınız? Elə hey məni vicdanlı olmağa çağırırdınız, indi isə mən sizi vicdanınızın səsinə qulaq verməyə dəvət edirəm! Qadın kişinin hissləri ilə oynayanda, kişi onu insafsız işvəkar, vampir adlandırır, bir sözlə, hər vasitə ilə təhqir edir. Məsələn, məni danlayanda hiddətdən gözünüz belə qaralmışdı! Ancaq görün, kişilər qadınların hissləri ilə necə oynayır! Qadınlar onlara eyni dönüklük və yelbeyinliklə cavab vermirlər. Kişi qadınla oynamaqla onun həm qəlbini, həm bədənini, həm təmiz adını, həm namusunu ləkələyir! Hamı özünü elə aparır ki, guya kişilər tərəfindən alçaldılıb, təhqir olunduğu üçün ruhu zəhərlənən bu qədər qadını görmür.
***
Bu dünyada ən qeyri-müəyyən şey qızılla möhkəmlənməyən ədəb qaydalarıdır. Şəxsi mənfəət güdməmə, düzlük, əxlaq gözəl anlayışlardır, di gəl ki, təkcə etibarlı iqtisadi zəmanətlə. Pulsuz bunların hamısı boş sözlərdir.
***
Özünü aşiq kimi göstərmək yalan danışmağa oxşayır! Həqiqətən hiss edilməyən sevginin zahiri təzahürü ürəkbulanmasına səbəb olur.
***
Doğrudanmı, yoldan keçən istənilən yaramaz yalnız pulu olduğu üçün sizi təhqir edə, bununla yanaşı cəzasız qala bilər, qanun isə onun tərəfində olacaq? Doğrudanmı, belə bir şey mümkündür?
***
Qadın kişi üçün deyil, özü üçün yaradılıb.
***
O, düşməninin riyakarlığını, yalanlarını zəhərləmək istəyirdi… bu zaman özünün də zəhərləndiyinin fərqinə varmırdı.
***
Zəmanə dəyişir, insanlar dəyişir. İndi müxtəlif nəslin nümayəndələrini yalnız qan bağları birləşdirirdi.
***
Güclü və mətanətli atasının ruhdan düşdüyünü, düz otuz il ərzində yanan ideallar odunun yoxsulluqdan necə söndüyünü görmək Rurikoya ağır gəlirdi.
***
Həm insan sevincinə, həm insan dərdinə laqeyd zaman isə dayanmırdı, axıb gedirdi.
***
Ancaq xanım Rurikonun gözəlliyini mədh edən və cidd-cəhdlə davranışını qınayan sərt tənqidçilər bu qadının ürəyini bilmirdilər. Onu yalnız iki nəfər tanıyırdı: Naoya və Minako. Qoy bütün dünya onu qınasın. Ancaq onu – kökündən qoparılan pion kimi tələf olan bu qadını ən yaxın, ən sevimli iki nəfərin başa düşdüyünü bilmək böyük xoşbəxtlik idi.
***
İyirmi ildən sonra yüksək bədii dəyəri olduğunu düşündüyünüz müasir əsərlərin hamısı ən adi əsər kimi qəbul ediləcək. Ədəbiyyatı dövrdən kənarda nəzərdən keçirmək olmaz.
***
Ruhu öldürülən bütün qadınların qisasını almaq istəyirəm.
***
Bir kişi və iki qadın, bir qadın və iki kişi – qədim zamanlardan bəri bu zəmində o qədər faciə baş verib ki…
***
Qoy bilsin ki, pulun gücü fikirləşdiyi kimi böyük deyil! Dünyada pulun gücü çatmadığı çox şey var! O başa düşməlidir ki, həqiqət qanundan güclüdür, ilahi ədalət pulu külə çevirə bilər.
Tərcümə: Lamiyə Göycəyeva