Annotasiya
“Gecəyarısı uşaqları” (ingiliscə “Midnight’s Children“) – əslən Hindistandan olan britaniyalı yazıçı Salman Rüşdinin 1981-ci ildə çapdan çıxan sayca ikinci romanıdır. Kitab yazıçıya Buker mükafatı ilə yanaşı, dünya şöhrəti də gətirib.
Əsərdə 1910-1976-cı illərdə Hindistan və Pakistanda baş verən mühüm tarixi hadisələrə toxunulur. Hadisələr baş qəhrəman Salem Sinayın dili ilə verilir.
Bu roman postkolonial ədəbiyyata və magik realizm janrına klassik nümunədir.
Karandaşın izi ilə
Bir etiraf etməliyəm: bu dünyada mənasızlıq qədər qorxduğum heç nə yoxdur.
***
Həyatımızda mühüm nə baş verirsə, çox vaxt bizsiz olur.
***
Kəşmirlinin əlinə tüfəng ver, güllə açılsa da, sırf təsadüf olacaq; onun cəsarəti çatmayacaq tətiyi çəkməyə.
***
Otaqdan bir qucaq it tükü yığdı; nə qədər bit öldürdü, çatlamış gözün xalı üstünə tökülən qırıntılarını toplayandan sonra, universitetin təsərrüfat işlərini idarə edən şəxsə dedi ki, belə şeylər bir də təkrar olunsa, gərək, maaşını artırsınlar. Bu qadın yəqin optimizm azarının sonuncu qurbanıdı. Amma yaman tez sağaldı, çünki rəisi çox azğın adam idi – onu elə həmin dəqiqə işdən qovdu.
***
…gözləri o qədər zəif idi ki, ömrü qısa addımlarla keçirirdi.
***
– …və bir də, Aliyə o qədər ağıllıdır ki, bütün işləri onsuz da yağ kimi gedəcək.
– Amma, hər necə olsa, kitaba ərə getmək olmur axı.
***
Axı, ərə getməyə, başqasının iradəsinə tabe olmağa kimin həvəsi var ki? Mənimki yoxdur və heç vaxt ola bilməz.
***
acqarına açılan səhər qədər uzun, saymazyana uydurulmuş yalan kimi arıq
***
Etiraf edin ki, biz o qədər də pis deyildik – sizin üçün yollar saldıq. Məktəblər, dəmiryolu; parlament sistemi yaratdıq – bunlar hamısı çox faydalı şeylərdir. Nə qədər ki, ingilis sizi öz himayəsinə götürməmişdi, Tac-Mahal gözünüz görə-görə dağılırdı.
***
Anam onun barəsində həmişə deyirdi ki, Lila yaxşı arvad olmaq üçün həddindən artıq gözəldir.
***
Mari, sənin heç nədən xəbərin yoxdur, indi külək şimaldan əsir və özüylə ölüm gətirir. Bu müstəqillik yalnız varlılar üçündür, yoxsulları isə məcbur edəcəklər ki, bir-birini milçək kimi əzsinlər. Pəncabda, Benqaliyada… hər yanda qiyam var, kasıb kasıba qənim kəsilib. Bax, belə bir azardır onlarınkı; köhnə dəbdir – çox görmüşük…
***
Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, vaxt da Bombeyin elektrik təchizatı kimi dəyişkəndir, sabit deyil.
***
Əgər bizim üçün “dünən” sözü ilə “sabah” sözü eyni mənanı daşıyırsa, deməli, vaxtın yiyəsi deyilik.
***
Gör, özümüzlə dünyaya nə qədər insanlar və anlayışlar, imkanlar və məhdudiyyətlər gətiririk!
***
Cəmi bir həyatı başa düşmək üçün siz bütün dünyanı udmalısınız.
***
Əgər qaynaşan insan sürüləri arasında şəxsiyyət olaraq qalmaq istəyirsənsə, ancaq qroteskə yuvarlanmaq lazımdır.
***
Hindistan – yeni mif; sərhədləri daxilində hər şeyin mümkün olduğu kollektiv fantaziya; güc baxımından yalnız digər iki miflə: Pul və Tanrı ilə müqayisə oluna biləcək bir nağıl…
***
Doktor Narlikar uşaqsevən deyil, amma çox təcrübəli ginekoloqdur. Boş vaxtlarında camaat qarşısında çıxışlar edir, pamfletlər yazır, hamiləlik əleyhinə həblərdən istifadə etmədiyinə görə millətin başına ağıl qoyur: “Doğuşa nəzarət, bir nömrəli vəzifədir! Gün gələcək, bunu sizin boş kəllənizə yeridəcəm və işsiz qalacam”.
***
Gecəyarısının uşaqları zəmanənin övladları idi, yəqin başa düşürsünüz ki, onları tarixin özü doğmuşdu. Belə şeylər olur. Xüsusilə də, özü arzu, yaxud yuxu kimi bir şey olan bir ölkədə…
***
Mən də öyrəndim və bu, həyatımın ilk dərsi idi: heç kim dünyaya daim açıq gözlə baxa bilməz.
***
Avropalıları hindli qiyamından həmişəki kimi hindilər xilas edir.
***
Sağaltmaq mümkün olmayan bir şeyə ancaq dözmək qalır.
***
İndi geriyə uşaq gözümlə baxanda, hər şeyi əla görürəm – qəribədir, əgər çalışsan, gör nə qədər şeylər xatırlayarsan. Budur, görürəm: qızmar yay günəşinin altında qaniçən kərtənkələ kimi qızınan şəhər. Bizim Bombey: o, bir ələ bənzəyir, amma əslində ağızdır, daim açıq olan ağız, daim ac ağız; bura bütün Hindistandan axışan bütün ərzaqları və istedadları udan ağız. Daim sümürəm, filmlərdən safari-köynəklərdən və balıqdan savayı heç nə istehsal etməyən ecazkar bir zəli…
***
O vaxtlar qəhrəman-sevgililərlə birinci gözəllərin ekranda bir-birinə toxunması qadağan idi, qorxurdular ki, onların arasında baş verənlər hind gənclərini pozar… amma “Sevgililər” başlayandan otuz üç dəqiqə sonra premyeraya gəlmiş camaat heyrətdən sakitcə uğuldadı: ekranda Piya ilə Nayyar bir-birinə yox, cürbəcür əşyalara toxunurdular. Piya adi almanı özünün gözəl ağzı, dolu, rəngli dodaqlarıyla şəhvətlə öpüb Nayyara ötürürdü, o isə ehtiraslı kişi ağzını həmin almanın əks tərəfinə söykəyirdi. Bu, necə deyərlər, dolayı öpüş üslubunun yaranışı idi – və bu öpüş müasir kinoda rast gəldiklərimizdən qat-qat kamil idi və incə, nisgilli bir erotika ilə dolu idi!
***
Radioda nəhayət, qatilin adını elan etdilər. Nathuram Qodse.
“Allaha şükür, – Əminə səsini ucaltdı. – Müsəlman deyil!”
***
1956-cı ilin yayında, dünyada çox şeyin məndən böyük olduğu zamanlarda bacım Mis Meymunun ayaqqabıları yandırmaq kimi qəribə bir adəti yarandı. Naser Süveyş kanalında gəmiləri batırıb dünyanın hərəkətini yavaşıdaraq, onu Ümid burnu ətrafına istiqamətləndirəndə, mənim bacım da ətrafındakı insanların hərəkətini məhdudlaşdırmağa çalışırdı.
***
Sükutun da əks-sədası var və o istənilən səsdən daha cingiltili, daha sürəkli ola bilər.
***
Paltar dolabından kənardakı həyata uyğunlaşmamaq, ancaq o dolabın içində oturanda üstünlüyə çevrilir. Yalnız siz orda oturduğunuz müddətcə belədir…
***
Uşaqlar yemək, yaşamaq üçün yer, cibxərcliyi, uzun-uzun tətillər, sevgi alır, – bütün bunlar zahirən havayı verilir və azyaşlı başıboşların çoxu hesab edir ki, bunu elə-belə, dünyaya gəldikəri üçün verirlər. “Marionet deyiləm mən”, – sinif yoldaşlarım oxuyurdu, amma mən, Pinokkio əzalarımı hərəkətə gətirən ipləri yaxşı görürdüm. Valideynlər öz xeyrini güdür – yüz faiz elədir. Onlar mənim gələcək əzəmətimdən misilsiz gəlirlər gözləyirdi.
***
Anam vaxtından qabaq qocaldı – ailəmizin bütün qadınları kimi.
***
“Bəlkə sən insana vurulandan sonra qadına dönmüş su pərisisən; ona görə hər addımın sənə dəhşətli acılar gətirir, elə bil ülgücün üstündə gəzirsən…” Anamın dodağı qaçdı, amma gülmədi.
***
Bütün sirlər adamın içində çürüyür; nəyisə gizlədirsənsə, danışmırsansa, qarnın ağrımağa başlayır!
***
İsti iqlimdə hər şeydən yaxşı bitən bax, bunlardır: fantaziyalar, yalanlar və şəhvət.
***
Uşağın istənilən fiziki, yaxud əqli özünəməxsusluğunun ailə üçün ləkə sayıldığı bir ölkədə üzümdəki adangəlmə xallara, xiyar buruna və əyri ayaqlara öyrəşib məndə hansısa başqa, daha utandırıcı cəhətlər görməkdən imtina edirdilər; mən isə öz tərəfimdən heç vaxt sol qulağımdakı, karlığın müjdəçisi olan cingiltidən, yaxud arabir peyda olan ağrıdan danışmırdım. Mən öyrəndim ki, sirr saxlamaq həmişə pis bir şey deyil.
***
Fikir vermisinizsə, amerikalılara sərhəd ona görə lazımdır ki, onu genişləndirsinlər.
***
Hindistanda bizlər avropalıların təsiri altına həmişə asanlıqla düşürük… Evinin bura gəldiyi cəmi bir neçə həftə idi, mən isə qızın xoşuna gəlsin deyə, artıq Avropa ədəbiyyatına uymuşdum, onları təqlid etməyə çalışırdım. “Məktəbdə “Sirano”nu ixtisarlarla səhnəyə çıxarmışdıq; üstəlik, “Klassiklər illüstrasiyalarda” adlı komiksləri də oxumuşdum. Bir şeyi səmimi etiraf etməyə dəyər. Avropadan gələn hər şey Hindistanda əttökən şəkildə təkrar olunur…
***
Öz strategiyanızı nə qədər diqqətlə qursanız belə, qadınlar bir zərbə ilə bütün planlarınızı məhv etməyə qadirdir.
***
Reallığın özündə metafora ola bilər; bu onun reallığını azaltmır.
***
Lakin atamın ailədən get-gedə uzaqlaşmasının ən üzücü əlaməti bu idi ki, gecələr bizə həmişəki nağıllarını nadir hallarda danışırdı; danışanda da elə sevinmirdik, çünki pis uydururdu onları, maraqlı çıxmırdı. Süjetlər həminki idi: şahzadələr-cinlər-qanadlı atlar, sehrli ölkələrdə macəralar, amma indi atamızın bigənə ahəngində biz hərəkətdən qalmaqda olan paslanmış təxəyyülün cırıltısını eşidirdik.
***
Atam tam tənhalığa qərq olmuşdu – bu, əhalisi çox olan ölkəmiz üçün o qədər qeyri-adi şey idi ki, anormal sayıla bilərdi.
***
Əxlaq, mülahizə yürütmək bacarığı, xarakter… hər şey yaddaşdan başlanır…
***
Yaddaş xüsusi bir şeydir. O seçir, istisna edir, dəyişir, şişirdir, kiçildir, mədh edir, həm də alçaldır; və axırda öz reallığını yaradır – hadisələrin ziddiyyətli, lakin əlaqəli versiyasını; və ağlı başında olan heç bir insan başqasının versiyasına özününkündən artıq inana bilməz.
***
Onlar debatlarımızda, bir qayda olaraq, dinmirdilər – elə bil, qonaqlığa gəlmiş kasıb qohumlar idilər.
***
Yeniliklərin tilsimi bitəndən sonra, arxasınca mütləq bir darıxdırıcılıq, sonra da nizamsızlıq, ikitirəlik gəlir.
***
Yox, ay varlı balası; heç bir üçüncü prinsip yoxdur; yalnız pul-və-yoxsulluq, var-və-yox, sağ-və-sol var; yalnız mən-bütün-dünyanın-əleyhinəyəm var! Dünya ideyalardan ibarət deyil, ay varlı balası; dünya növbənöv xəyalpərəstlərin, onların bivec xəyallarının yeri deyil; dünya, ay balaca Burnufırtıqlı, şeylərdən ibarətdir; bu dünyanı idarə edənlər şeylər və onları düzəldənlərdir; Birlaya, Tataya bax, hakimiyyəti olan hər kəsə fikir ver – əşyaları onlar düzəldir. Ölkəni əşyalara görə idarə edirlər, adamlara görə yox. Amerika ilə Rusiya bizə əşyalara görə yardım yollayır; beş yüz milyon insan isə aclıq, səfalət içindədir. … Üçüncü prinsip varsa, onun adı uşaqlıqdır. Lakin uşaqlıq məhv olur; daha doğrusu, onu məhv edirlər.
***
Biri vardı, biri yoxdu, bir zamanlar Radha və Krişna, Rama və Siti, Leyli və Məcnun; habelə (Qərb də bizə yad deyil axı) Romeo və Cülyetta, Spenser Treysi və Ketrin Höpbörn vardı. Dünya sevgi dastanlarıyla doludur və bütün sevgililər hansı mənadasa özlərindən əvvəlkilərin avatarlarıdır.
***
Bütün ədəbi janrlar kimi bioqrafik əsərlərdə də əslində, təsvir olunanlardan çox, müəllifin öz oxucusunu inandıra bildiyi şeylər önəmlidir…
***
Mən də elə bir ölkədə yaşayırdım ki, orada tanrıların sayı əhalinin sayı ilə rəqabətə girir; odur ki, istər-istəməz insanda klaustrofobiya yaradan tanrı qələbəliyinə qarşı qalxmış ailəm inancları deyil, biznes etikasını qəbul etmişdi.
***
Tələbə yoldaşlarım da bu ölkədə nümayişlərə çıxıb daha sərt islami quruluş tələb etməklə, özlərini yer üzünün bütün tələbələrinə zidd aparırdılar, çünki onlar az-deyil-daha-çox-qayda istəyirdilər.
***
Mayor Lətifin qızlarını – Səfiyəni, Rafiyəni və daha beş başqa “fiyəni” mənim bacım Fufiyələr adlandırmağa başladı; atalarına isə əvvəl-əvvəl Fufiyələrin atası, daha sonra isə fəxri rütbə kimi, Fuf əmi dedik.
***
Bombey kinosunun sevimli fəndini qatacam: təqvim – səhifələrini küləyin sürətlə çevirdiyi təqvim – bu o deməkdir ki, illər bir-birini əvəz edir.
***
Kiçik adamların məğlub olduğu yerdə dünyanın böyükləri həmişə təntənə edir.
***
Fikirlər ağrı gətirəndə ən yaxşı vasitə hərəkətdir…
***
Bəzən köhnə dostların görüşməsi dağın dağa rast gəlməsindən daha çətin olur.
***
Yaxşı, onda, mən kiməm, nəyəm? Cavab: mən qarşımdan keçən hər şeyin cəmi, yekunuyam; nə olmuşamsa, nə görmüşəmsə, nə eləmişənsə hamısının; mənimlə nə ediblərsə, hamısının. Mən – dünyada varlığımın təsir etdiyi; varlığının mənə təsir etdiyi istənilən şəxs, istənilən şeyəm. Mən, mən olmayandan sonra baş verəcək; mən olmasaydım, baş verə bilməyəcək hər şeyəm. Və bu mənada, mən heç də xüsusi bir fenomen deyiləm: istənilən “mən” – artıq altı yüz milyondan çox olan bizlərdən olan hər kəsin içində belə bir çoxluq var.
***
…yoxsulluqdan adam içinə çıxmağa təzəcə nail olmuş bambılılara xas sonsuz nifrətlə…
***
Turistlərdən biri mənə dedi ki, Hindistan həqiqətən maraqlı ənənələri olan heyrətamiz ölkədir və əgər burada məni daim hind yeməkləri yeməyə məcbur etməsəydilər, hər şey həqiqətən əla olardı.
***
Uşaqlar, siyasət, hətta ən yaxşı zəmanələrdə belə, murdar şeydir.
***
“Konfrans başqa cür düşünülüb; bilirsən, nəzərdə tutulur ki… necə deyim… bərabər insanların ittifaqı olmalıdı; elə bir ittifaq ki, hər kəs fikrini sərbəst söyləyə bilsin…” Başımın içindən fınxırmaya bənzər bir səs gəldi: “Sənin dediklərin boş-boş şeylərdir. Belə banda işə yaramaz. Bandanın başçıları olmalıdır. Mənə bax, – bu yerdə təşəxxüsündən yenə şişdi – artıq iki ildir ki, burada, Matunqda özümə dəstə yığmışam. Səkkiz yaşından başçılıq edirəm. Mənim sözümdən böyük uşaqlar da çıxmır. Necədir?” Maraqlandım; pis bir şey nəzərdə tutmadan soruşdum: “Sənin dəstən nəylə məşğuldur – qaydalarınız, qanunlarınız varmı?” Şivanın qəhqəhəsi qulağımda səsləndi… “Var, ay varlı balası, qayda var, tək bircə dənə qaydamız var: mən nə deyirsəmsə, hamı onu eləyir, yoxsa bax, bu dizlərimin arasında sıxıb poxlarını çıxararam!” “Məsələ bundadır ki, biz dünyaya hansısa bir məqsəd üçün gəlmişik, bir düşün, elə deyil? Daha doğrusu, biz dünyaya nə üçünsə gəlmişik, bir səbəb olmalıdır, razısan? Mən də bu qərara gəldim ki, o səbəbi, həyata nə məqsədlə gəldiyimizi aydınlaşdırmağa çalışaq, sonra da ömrümüzü ona çatmağa sərf edək…” “Qulaq as, varlı balası, – Şiva səsini başına atdı, – sənin qandığın bir şey yoxdur! Nə məqsəd, hə? Bu sarsaq dünyada nəyin səbəbi var ki, yara? Hansı səbəbdən sən varlısan, mən yoxsul, hə? Adamlar hansı səbəbdən ac qalır? Allah bilə bu ölkədə neçə milyon axmaq-avara yaşayır, sən də hansısa məqsəddən danışırsan! Gör sənə nə deyirəm: gərək, imkan düşən kimi, çalışıb yağlı tikə qoparasan; gözün dolusu istifadə edəsən ondan, sonra gəbərəsən! Bu da sənin üçün həm məqsəd, həm səbəb, ay ana uşağı!”
***
Çox ağrılı bir şeydir. Nikbinlik yenə çiçək verir – elə bil, peyin qalağında qızılgül koludur: bunu xatırlamaq ağrılıdır. Hə, bu da axırı… qalanı yadımdan çıxıb. Yox! Belə olmaz, olmaz… yaxşı, onda qoyun, yadıma salım yenə… dəmir çubuqlardan, qandallardan, kündələrdən, falaqqalardan; dəriyə yaxınlaşdırılan şamdan daha pisi nəydi? Dırnaqların çıxarılmasından da, aclıqdan da pisi? Dul Arvadın ən incə, ən qəliz fəndini açım: o bizə əzab vermək yerinə, ümid verdi. Bu isə o deməkdir ki, əlimizdə tutub almaq mümkün olmayan nəsə yenə qalırdı – yox, “nəsə” yox, yer üzündə ən gözəl şey idi o! Ektomiya (məncə, yunan dilindəndir) – kəsmək. Bu sözə tibb elmi cürbəcür sözönü qoşur: appendektomiya, tonzillektomiya, mastektomiya, tubektomiya, vazektomiya, testektomiya, histerektomiya. Salem deyirdi ki, kəsmələrin bu kataloquna tamamilə pulsuz, havayı, elə-belə bir bənd də əlavə etsin; lakin bu sonuncu terminin tibbə aidiyyatı olsa da, o daha çox, tarixə aiddir: Sperektomiya – ümidin kəsilməsi.
***
Ali məxluq roluna iddialı olan kəsin ən çox çəkindiyi şey potensial ilahilərdir.
***
…kütlələrin şəfaverici adsızlığında əridilər…
***
Məhəbbət yer üzündə Bombey filmlərindən başqa, heç də hər yerdə, hər şeyə qələbə çalmır; “küff-filfilonun” öhdəsindən hansısa mərasimlə gələ bilməzsən; nikbinlik isə sadəcə, xəstəlikdir.
***
Şəhərin yüksək zövqlü kosmopolit gəncliyi qarşısında ikibaşlı bir problem dururdu: spirtli içkilər yasaq olan bir ştatda necə içəsən; qızlara ən yaxşı Avropa ənənələrinə uyğun necə girişəsən; yəni eləsən ki, baxanda cin də iyrənsin, şeytan da; amma kimsə bilməsin? Çünki bütün şərqlilər kimi, sən də açıq qalmaqaldan çəkinirsən…
***
Turşuya qoymaq ölümsüzlük verməkdir; axı son nəticədə, balıq, tərəvəzlər, meyvələr sirkə-ədəva qarışında üzür; ilkin daddan yüngülcə yayınma, axı o qədər də mühüm bir şey deyil, düz demirəm? Sənətin incəliyi bundadır ki, dad hissiyatının intensivliyini, dərəcəsini, dəyişəsən, növünü yox; ən başlıca məsələ (mənim otuz və daha bir bankamdakı kimi) ona cizgilər, forma – daha doğrusu, məna verməkdir. (Mən sizə artıq demişəm ki, mənasızlıqdan necə qorxuram). Bəlkə də dünya nə vaxtsa, mənim turşuya qoyulmuş tarixçəmdən dadacaq. Kiməsə çox acı, gözdən yaş çıxaracaq qədər iti qoxulu görünəcək onlar, buna baxmayaraq, ümid edirəm ki, onlarda həqiqətin əsl dadının qorunub-saxlandığını söyləmək mümkün olacaq… axı onlar, hər şeyə rəğmən, sevgidən doğulub.
***
Mən gecənin qoynunda yalan nitqlər eşidirəm – nə istəsən, o da olacaqsan – yalanların ən böyüyü…
***
Sındırılmış adam parçalanır, çünki mənim içimdə çox, həddindən ziyadə çox adam yaşayırdı; həyat sintaksis deyil, onun üzvlərinin sayı çox da ola bilər… və nəhayət, hardasa saatın zəngi vurur, on iki zərbə və azadlıq.
Tərcümə: İlqar Əlfioğlu